Məhkəmə qərarları › İş №2-1(112)-3573/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3573/2020

01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3573/2020 01.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X4, Üçüncü şəxsin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı Bakı şəhəri 7 saylı uşaq poliklinikası üçüncü şəxs qismində cəlb edilməklə “507 manat məbləğində kompensasiyanın cavabdeh tərəfindən ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səhiyyə Nazirliyinin və onun tabeliyində olan Bakı şəhəri 7 saylı uşaq poliklinikasının hərəkətsizliyi və səhlənkarlığı nəticəsində sağlamlığı məhdud uşağın 2 ay və 18 gün müavinətdən məhrum edilməsi səbəblərindən Səhiyyə Nazirliyinin maliyyə hesabından 507 manat məbləğin kompensasiya tutularaq uşağın müavinət hesabına köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3573/2020 saylı, 11.03.2020-ci il tarixli qərardadı ilə Bakı şəhər 7 saylı uşaq poliklinikası üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının himayəsində sağlamlığı məhdud uşaq var. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən uşağa hər ay 200 manat məbləğində müavinət ödənilmiş, lakin 2019-cu ilin iyun ayında müavinətin ödənişi dayandırılmışdır. Səbəbi odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 8 saylı Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) verdiyi rəyin vaxtının 2019-cu ilin may ayında bitməsidir. Yyenidən TSEK-dən keçmək üçün 2019-cu ilin iyul ayında Bakı şəhəri 7 saylı uşaq poliklinikasına marüciət olunmuş, uşağı təkrar müayinə edəcək və psixiatrik klinikaya göndəriş yazan həkim psixiatrın 2 ay (iyul-avqust) məzuniyyətdə olduğu üçün baş həkimə müraciət etməli olmuşdur. Lakin baş həkimdə məzuniyyətdə olduğu üçün onun müavininə müraciət olunmuşdur. Baş həkimin müavini isə iddiaçıya kömək edə bilməyəcəyini və baş həkimin iyul ayının axırında məzuniyyətdən qayıdacağını deyərək ona müraciət etməyini bildirmişdir. İddiaçı 2019-cu ilin iyul ayının axırıncı günlərində baş həkimin qəbulundan olmuş. Lakin uşağa baxan həkim psixiatrın 2 aylıq (iyul, avqust) məzuniyyətdə olduğunu əsas gətirərək yalnız sentyabr ayında həkim psixiatrın iştirakı ilə bu məsələnin həll oluna biləcəyini bildirmiş. Hətta baş həkimdən Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən digər uşaq poliklinikalarına göndərişin yazılması xahiş olunmuş, lakin heç bir tədbir görülməmişdir. Sonra bu məsələ ilə əlaqədar iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət etmişdir. Nazirlik tərəfindən iddiaçıya bildirilmişdir ki, uşaqları müayinə edən həkim psixiatrların məhdud sayda olduğunu əsas gətirərək, iddiaçıya köməklik göstərilməmişdir. Yəni uşağı müayinə edən psixiatr həkimin yalnız 2019-cu ilin sentyabr ayında işə çıxacağından sonra həll olunacağını bildirmişdilər. Göründüyü kimi, Nazirliyin nümayəndələri belə bu məsələyə laqeyd yanaşaraq heç bir köməklik etməmişdirlər. Nəticədə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və 7 saylı uşaq poliklinikasının hərəkətsizliyi və səhlənkarlığı nəticəsində 2 ay (iyul, avqust) və sentyabr ayın bir qismini (18 gün) əhatə edən dövrdə uşağa verilməli olan aylıq müavinətlərdən məhrum edilmişdi. Halbuki, həmin vəsait uşağın müalicəsi üçün faydalı olardı. Səhiyyə Nazirliyinin və 7 saylı uşaq poliklinikasının hərəkətsizliyi və səhlənkarlığı nəticəsində sağlamlığı məhdud uşağın hüquqları pozulmuşdur. Qeyd edilənlərə əsasən, dəymiş ziyan məbləği cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. İş üzrə bir sıra prosedur hərəkətlər edildikdən sonra məhkəmə hazırlıq icraatının növbəti iclası 01 sentyabr 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi İ.Hacıyev iddia tələbinə etiraz edərək bildirmişdir ki, hazırki iddia tələbi Səhiyyə Nazirliyinə qarşı yönəldilə bilməz. Belə ki, sağlamlıq imkanları məhdud uşağlara müavinatın verilməsi tibb müəssisəsinin göndərişi əsasında həyata keçirilir. Bu səbəbdən iddiaçı müvafiq olaraq hazırki iddia tələbi ilə tibb müəssisəsinə, yəni 7 saylı uşaq poliklinikasına qarşı iddia ilə müvafiq məhkəməyə müraciət etməlidirlər. Odur ki, cavabdeh iddia tələbinin mümkünsüz sayılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi S.Niyazova iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı özü şəxsən yenidən müayinədək keçməkdən imtina etdiyi və keçməyəcəyini bildirərək onsuz forma 88 yazılmasını tələb etmişdir. İddiaçı tibb işçisi tərəfindən səhlənkarlığın və ya hərəkətsizliyin nədən ibarət olmasını qeyd etməmişdir. İddiaçı 2019-cu ilin iyun ayı üzrə hər ay ödənilən 200 manat müavinəti ala bilmədikdə ƏƏSMN müraciət etdikdən sonra aydın olub ki, müavinətin dayandırılma səbəbinin əlillik müddətini bitməsini ilə əlaqədardır. İddiaçı poliklinikaya müraciət edən zaman, ona 17.02.2008-ci il təvəllüdlü sağlamlıq imkanları məhdud övladına yenidən forma 88 verilməsi üçün xəstəxanaya göndəriş verilməli olduğunu və müalicə aldığı tibb müəssisəsinin epikriz təqdim olunduqdan sonra yenidən forma 88 doldurularaq ƏƏSMN TSEK göndəriş verilə bilər. Lakin, iddiaçı buna etiraz edərək, poliklinikanı tərk etmiş, sonradan epikrizsiz göndərişin verilməsinin mümkün olmadığını dərk etdikdən sonra poliklinikaya xəstəlik tarixçəsindən çıxarış təqdim etmişdir. Çıxarış təqdim olunduqdan sonra poliklinika tərəfindən forma 88 doldurularaq ƏƏSMN TSEK göndərmişdir. Göründüyü kimi, forma 088 verilməsinin gecikdirilməsinə səbəb vətəndaşın səhlənkarlığı olmuşdur. İddiaçı iddia ərizəsində inzibati aktın qəbul nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmamasına iddianın mümkünlüyü ilə deyil, əsaslığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslıq mərhələsində) yoxlanılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan: - AZ-İİ № 080083 saylı doğum haqqında şəhadətnamədən görünür ki, 17 fevral 2008-ci il təvvəllüdlü X1 valideyinləri – İddiaçı və X2r. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 8 saylı Tibbi Sosial Ekspert Komissiyasının 23 may 2016-cı il tarixli məlumatından görünür ki, X3 23 may 2016-cı il tarixdə təkrar müayinədən keçmişdir. Diaqnoz: Demensiya epilepsiya; növbəti müayinə tarixi: 23.05.2019-cu il tarix göstərilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 15 oktyabr 2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən əlilliyə görə sosial müavinət əlillik müddətinə təyin olunur. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, X3 23 may 2016-cı il tarixdə təkrar müayinədən keçmişdir. İmbesillik dərəcəsində ağıl zəifliyin, nitq və davranış pozuntusunun, uşaq doğulandan xəstə olamsı, əqli inkişafdan kəskin geri qalması, nitqin pozulması, yaddaş və intelektin kəskin aşağı olması, təfəkkürü ləng və konkret olması, Maraq dairəsi məhdud olması, yaşıdları iləünsiyyət qura bilməməsi, özünə qapanması, qısa müddətli göz kontaktın yaranması, uşaqda tez-tez qıcolma tutmaların olması, davranışın pozulması, əsəbi, narahat olması, özünü idarə edə bilməməsi, kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromların olması, aktivlik və diqqət pozuntusu, uşaq autizmi, kanner sindromun, spesifik pozuntusunun olması diaqnoz bölməsində göstərilmiş və əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti 17.09.2022-ci il tarixə müəyyən olunmuşdur. İşin hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehin və üçüncü şəxsin hərəkətləri nəticəsində, 2 ay 18 gün üçün ödənilməmiş sosial müavinətin əvəzi olaraq kompensasiyanın ödənilməsini tələb edir. İlk öncə məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddihüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Başqa sözlə desək, iddiaçının hüquqlarının pozulma ehtimalı yarandığı anda, iddiaçı həmin hüquqlarının müdafiəsi və ya bərpası üçün müvafiq olaraq cavabdeh qismində inzibati orqanı göstərək iddia ilə məhkəməyə müraciət edir. Zəruri olan hal isə ondan ibarətdir ki, Məhkəmə irəli sürülmüş tələb üzrə inzibati orqanın cavabdehlik daşıyıb-daşımamasını müəyyən etməlidir. Bunun üçün Məhkəmə ilkin olaraq sosial müavinətinin hansı xüsuslar və sənədlər əsasında həyata keçirildiyi müəyyən edilməlidir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları əmək qabiliyyəti olmayan şəxslər hesab edilir. Həmin Qanunun 7.0.4-cü maddəsinə əsasən, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlara müavinət təyin edilir. Həmin Qanunun 9.1.3-cü maddəsinə əsasən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Səhiyyə Nazirliyinin 10 iyun 2011-ci il tarixli, 59 saylı əmri ilə təsdiq olunmuş “Poliklinikanın (poliklinika şöbəsinin) psixiatriya kabineti haqqında müvəqqəti Əsasnamənin 1ci bəndinə əsasən, polinklinikanın (poliklinika şöbəsinin) psixiatriya kabineti ambulatorpoliklinika yardım göstərən tibb müəssisəsinin (şöbəsinin) struktur bölməsidir. Həmin Əsasnamənin 6.11-ci və 6.12-ci bəndlərinə əsasən, psixi pozuntuları olan xəstələrə əmək qabiliyyəti olmamaq vərəqələrinin verilməsi; əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərilməli xəstələrin HMK-na təqdim edilməsi psixiatriya kabinetinin vəzifələrinə aiddir. Şərh olunan qanun və normativ aktların normalarına görə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət təyin olunur və həmin müavinətin ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Lakin, müavinət təyin edilməzdən əvvəl, uşağın sağlamlıq imkanlarının məhdud olub-olmaması araşdırılır. Bunun üçün ilkin olaraq, əlillik əlamətləri olan uşağın əlillik dərəcəsinin müəyyən edilməsi məqsədi ilə vətəndaşın qeydiyyatı üzrə müvafiq tibb müəssisəsi (poliklinika) tərəfindən Tibbi Sosial Ekspert Komissiyasında ünvanlanan göndəriş verilir, həmin göndəriş əsasında Azərbaycan Respuklikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən uşağın əlillik dərəcəsi müəyyən edilir, əlillik müəyyən edildiyi təqdirdə isə həmin qərar aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir. İddiaçı hazırki iddia tələbi üzrə cavabdeh qismində Azərbaycan Respublikası Səhiyyə Nazirliyini göstərsə də və 2 ay 18 gün üçün müavinətin əvəzi olaraq 507 manat məbləğində kompensasiyanın ödənilməsini tələb etsə də, Məhkəmə hesab edir ki, yaranmış mübahisə ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi cavabdehlik daşımamalıdır. Belə ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, uşağın əlillik dərəcəsinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə göndərilməli olan göndəriş Azərbaycaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən deyil də, məhz aidiyyəti tibb müəssisəsi tərəfindən verilir. Hazırki, mübahisə üzrə poliklinikanın nəznində olan psixiatriya kabinetinin həkiminin məzuniyyətdə olması və poliklinika tərəfindən göndərişin verilməməsi halında, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin hər hansı bir təqsirli hərəkəti və vəzifələrini icra etməməsi halı olmamışdır. Belə olan halda, Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arsında hüquqi mübahisə yaranmış və iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması halı aşkar olunmamışdır. Məhkəmə tibb müəssisələri ilə bağlı aşağıdakiları qeyd edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi haqqında Əsasnamənin 8.5-ci bəndinə əsasən, müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş dövlət nəzarətini, o cümlədən səlahiyyətləri daxilində dövlət səhiyyə sisteminə daxil olan qurumların fəaliyyətinə, tibb təhsilinə, tibb sahəsində elmi tədqiqat işlərinə rəhbərliyi və nəzarəti, uşaqların icbari dispanserizasiyanın həyata keçirilməsinə nəzarəti, qeyri-dövlət müəssisələrinin fəaliyyətinə nəzarəti və dövlət sanitariya-epidemioloji nəzarətini həyata keçirmək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifələrinə aid edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2016-cı il tarixli, 125 saylı Qərarı ilə təsdiq olunmuş “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibbi müəssisələrinin nümunəvi nizamnaməsi”nin 1.1-ci bəndinə əsasən, bu Nümunəvi Nizamnamə ”Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə, 46-cı maddəsinin altıncı hissəsinə və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələrinin fəaliyyətini tənzimləmək üçün onların nizamnamələrinin hazırlanması və dövlət qeydiyyatından keçirilməsi məqsədi ilə hazırlanmışdır. Həmin Nizamnamənin 1.2-2-ci bəndinə əsasən, müəssisə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra publik hüquqi şəxs statusunu əldə edir. Həmin Nizamnamənin 1.3-cü bəndinə əsasən, müəssisə publik hüquqi şəxsdir və müstəqil balansa, istifadəsində olan, müvafiq olaraq, dövlət və ya bələdiyyə əmlakına, xəzinə və bank hesablarına, üzərində öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. “Publik hüquqi şəxslər haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Məhkəmə qeyd etmək istəyir ki, tibbi müəssisələri, yəni poliklinikaların fəaliyyətinə nəzarət Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilsə də, poliklinika öz müstəqil balansına, əmlaka, bank hesablarına və s. malikdir. Həmçinin, poliklinika – publik hüquqi şəxs statusuna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı Bakı şəhəri 7 saylı uşaq poliklinikası üçüncü şəxs qismində cəlb edilməklə “507 manat məbləğində kompensasiyanın cavabdeh tərəfindən ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar