Məhkəmə qərarları › İş №2-1(112)-3573/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3573/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3573/2022 06.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Ağamirzəyeva (Vəkilova) Təranə Tofiq qızının cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövləq qulluqçusunun ailə üzvü kimi əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiya məbləğinin ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinə dəqiqləşmə verərək ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin 28 iyun 2018-ci il tarixdən (adi qaydada ailə başçısının itirməyə görə ödənilmiş məbləğlər çıxılmaqla) ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə eyni zamanda, iddiaçının iddia tələbinə dəqiqləşmə verərək İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin faktiki hallarından görünür ki, iddiaçı atası T.Vəkilovun vəfatı ilə əlaqədar ailə başçısının itirilməsi ilə bağlı pensiya alır. Lakin, iddiaçı həmin pensiyanın məbləğindən narazıdır. Belə ki, iddiaçı hesab edir ki, atasının işlədiyi vəzifələr dövlət qulluğu vəzifəsi olsa da cavabdeh bunu nəzərə almamışdır. Cavabdeh isə iddiaçının atasının işlədiyi vəzifələrin dövlət qulluğu vəzifəsi olmadığını, onun dövlət qulluqçusu statusuna malik olmaması nəzərə alınmaqla təyin olunan pensiyanın qanuni və əsaslı olduğu mövqeyindədir. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi aşağıdakı səbəblərdən əsassız olmaqla iddianın təminini istisna edən halların mövcud olmaması kimi qiymətləndirilməlidir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: -23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun (01 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiya): -3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. -5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslər öz arzuları ilə yalnız bir pensiya təyin edilir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: “Dövlət qulluğu haqqında” Qanunun 17.1-ci maddəsinə görə, dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 4-cü bəndinə əsasən, dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın:

6. əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Qeyd olunur ki, 1991-ci il oktyabr 18-i tarixinədək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahı”na əsasən aparılır. Bununla əlaqədar müvafiq sorğu ilə X2 müraciət edilmiş və məktuba cavab nəzərə alınmaqla da müəyyən edilmişdir ki, T.B.Vəkilovun xx.xx.1953-cü ildən vəfat etdiyi tarixədək, yəni xx.xx.1967-ci il tarixədək çalışdığı vəzifələr dövlət qulluğu vəzifələridir. Nəzərə alınmalıdır ki, X3 tərəfindən məhkəmə icraatı zamanı təqdim olunmuş sorğuya cavab məktubu hər hansı şübhə doğurmur. Belə ki, məlum olduğu kimi X3 dövlət qulluğu sahəsində fəaliyyət göstərən, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, həmçinin dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanlarını keçirən və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edən publik hüquqi şəxsdir. (Azərbaycan Respublikasının X3 publik hüquqi şəxsin Nizamnaməsi) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyta keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmn etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1999/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında analoji iş üzrə də vətəndaşın dövlət qulluğuna aid olan iş stajının müəyyən edilməsi X1 məktubu əsasında mümkündür.

Göründüyü kimi iddiaçının atasının xx.xx.1953-xx.xx.1967-ci il tarixədək dövlət qullu vəzifələrində stajı olmuşdur ki, həmin staj nəzərə alınmaqla iddiaçıya dövlət qulluqçusunun ailə üzvü kimi pensiya təyin edilməsi üçün yetərlidir. Bu zaman dövlət qulluğu stajının hazırda qüvvədə olan qanunvericilikdən fərqli olaraq 15 il olmaması da vəziyyəti iddiaçının ziyanına şərh edilməsinə səbəb olmur. Belə ki, hal-hazırda qüvvədə olmayan qanunvericilik normalarından görünür ki, iddiaçının hazırkı tələblə bağlı müraciət etmək hüququnun mövcud olduğu dövrdə şəxsə dövlət qulluqçusunun ailə üzvü kimi pensiya təyini ilə bağlı 15 illik şərt mövcud olmamışdır. xx.xx.2005-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.2007-ci il tarixdə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun -5.1.müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və azı 5 il dövlət qulluğunda çalışmış dövlət qulluqçusunun pensiya almaq hüququ vardır. (28 iyul 2005-ci il tarixədək olan redaksiyada) -5.1.Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır.(28 iyul 2005ci il tarixdən sonra dəyişiklik) 5.1.Pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: 5.2.1."Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; 5.2.2. 1991-ci il oktyabrın 18-dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; 5.2.3. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti, 5.3.Dövlət qulluqçusunun qulluq stajı Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır 5.4. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçusunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada müavinət almaq hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: -12. Yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: kişilər—60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda; qadınlar—55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: (xx.xx.2018-ci il tarixədək olan dəyişikliyə qədər) -23.1.Dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. -23.2.Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 5 il qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiya): -7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. -20.1.7. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr -20.11.1-ci maddəsinə əsasən, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla, dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında müəyyən edilir. -20.11.3-cü maddəsinə əsasən, dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Eyni zamanda, nəzərə alınmalıdır ki, T.Vəkilovun vəfat etdiyi tarixdə qüvvədə olmuş 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanunu və SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydalarının tələbləri də iddiaçıya pensiya təyininə əsas verir. İddiaçı tələbində həmçinin, ödənilməmiş pensiya məbləğinin 28 iyun 2018-cil tarixdən hesablanıb və bu zaman adi qaydada ailə başçını itirməyə görə ödənilmiş məbləğin nəzərə alınmaqla ödənilməsini də xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İş materiallarında olan xəbərnamənin surətindən görünür ki, iddiaçının cavabdehə müraciəti 07 iyul 2021-ci il tarixdə cavabdehə çatsa da, iddiaçı 27 iyun 2021-ci il tarixli əks olunmuş ərizə ilə cavabdehə konkret olaraq 28 iyun 2021-ci il tarixdə müraciət etmişdir. Bu səbəbdən də ödənilməmiş pensiya məbləği məhz həmin tarixdən əvvəlki 3 il nəzərə alınmaqla ödənilməlidir. Təbii ki, bu zaman iddiaçı pensiya ödənilən şəxs olduğundan həmin ödənilən məbləğlər nəzərə alınmadan məhz ödənilməmiş məbləğlər ona həmin tarixdən ödənilməlidir.

Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. İddiaçı Ağamirzəyeva (Vəkilova) Təranə Tofiq qızına dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin 28 iyun 2018-ci il tarixdən (adi qaydada ailə başçısının itirməyə görə ödənilmiş məbləğlər çıxılmaqla) ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar