Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3573/2023 04.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasına kifayət qədər əsaslar olduğundan iddiaçının hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respulikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddiaçı iddia tələbini 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi kimi dəqiqləşdirmşdir. İddia tələbinin dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1957-ci ildə Bakı şəhərində doğulmuşdur. 1974-cü ilin may ayından əmək fəaliyyətinə başlamışdır və 01 sentyabr 1994-cü ildən bu günə kimi “Neft Daşları" NQÇİ-nin qaz kompressor sahəsinin Qaz Xidməti sahəsində qazın yığılması üzrə operator vəzifəsində işləmişdir. İşə qəbul olunduğu vaxtdan iddiaçının iş stajı ümumilikdə 28 ildən çoxdur. İddiaçının əmək fəaliyyəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir. Buna görə də güzəştli şərtlərlə pensiya təyinatı üçün müvafiq icra orqanına müraciət etmişdir. Lakin müvafiq icra orqanı-xüsusi şərtlərlə təyinat idarəsi güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyinatından imtina etmişdir. İmtinanın səbəbi onunla əsaslandırılır ki iddiaçının işlədiyi vəzifə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən sahəyə adi deyildir. Lakin işlədiyi “Neft Daşlan” NQÇİ-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, iddiaçının işlədiyi vəzifə separatorlara, qaz kəmərlərinə, qazpaylayıcı qurğulara və qaz təsərrüfatı başqa obyektlərinə xidmət edilməsi, neftin qaz yığma şəbəkəsinə qarşısının alınması, qaz kəmərlərində hidrat və maye tıxacların əmələ gəlməsinə qaz kəmərlərinin sahələrində təzyiqin enib düşməsinin artmasına qarşı, qazın texnoloji itkilərinin azaldılması üçün profilaktik tədbirlərin həyata keçirilməsi, qaz axınlarının başqa texnoloji xəttə keçirilməsi, tərkibində kükürd qazının olmasını müəyyən etmək üçün qaz nümunəsi götürülməsi, aparatların və qaz kəmərlərinin divarının qalınlığının və izolyasiyasının keyfiyyətinin müəyyən edilməsi, telemexanika sisteminin hava və kabel xətlərinin işə yararlı vəziyyətdə saxlanılması, metalın korroziyası ilə mübarizə işlərinin aparılması, qaz kəmərlərinin şurflarla tədqiqi, xidmət edilən avadanlıq və aparatların cari təmirinin aparılması, avadanlıq və qaz kəmərlərinin işləməsi, qazın istehsalı və istifadə edilməsi, qazın texnoloji itkilərinin uçotu üzrə qeydiyyat jurnalının aparılması olmuş və həmin vəzifələr də güzəştli şərtlərlə pensiya almağa uyğundur. İddiaçı bildirir ki, imtina əsassızdır. Belə ki, çalışdığı vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,vəzifələrin və göstəricilərin siyahısına” tamamilə uyğundur.
4. Cavabdehin 21 dekabr 2022-ci il tarixli yazılı etirazında bildirilmişdir ki, xx.xx.1957-cl il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdehin xx.xx.2022ci il tarixli **********4 nömrəli məktubuna əsasən, iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortolunanların üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqlarının 90 faizinin və xüsusi hesabındakı vəsaitin qeydə alındığı subhesabdır. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmai məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bəndində (10.2) -susuzlaşdırıcı və duzlaşdırıcı qurğuların operatorları; -layların hidravlik parçalanması üzrə operatorlar; -neft və qaz hasilatı üzrə operatorlar; -quyuların tədqiqatı üzrə operatorlar; -quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar; -laylarda təzyiqin saxlanması üzrə operatorlar; -quyuların yeraltı təmiri üzrə operatorlar; -quyuların kimyəvi təmizlənməsi üzrə operatorlar; -neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçiçilingərlər vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və qazçıxarma idarəsinin İddiaçı dair 22 iyul 2022-ci il tarixli PUX-02/135 nömrəli arayışında iddiaçının xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Qaz kompressor sexində qaz mühərrikli kompressorların təmirçi-çilingəri vəzifəsində, xx.xx.1994- cü il tarixindən bugünədək isə Qaz kompressor sahəsinin Qaz xidmət sahəsində qazın yığılması üzrə operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Cavabdeh qeyd edir ki, M.X. Qurbanovun işlədiyi vəzifələr yuxarıda qeyd olunan siyahının Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10) bölməsinin Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10.2) bəndində nəzərdə tutulan vəzifələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etirazda iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməsi xahiş edilmişdir.
5. İddiaçının cavabdehə ünvanlanmış 25 avqust 2022-ci il tarixli müraciətinə 13 oktyabr 2022-ci il tarixində cavab olaraq etirazda göstərilən səbəblərlə oxşar şərtlər bildirilərək güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir.
6. İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür.
7. İddiaçının stajına aşağıdakı qeyd edilən dövr daxildir: -xx.xx.1974-xx.xx.1974, xx.xx.1974-xx.xx.1975, xx.xx.1976-xx.xx.1978 (həqiqi hərbi xidmət), xx.xx.1980-xx.xx.1980, xx.xx.1980-xx.xx.1982, xx.xx.1985-xx.xx.1987, xx.xx.1987-xx.xx.1988, xx.xx.1988-xx.xx.1989, xx.xx.1989-xx.xx.1992, xx.xx.1992xx.xx.1993, xx.xx.1993-xx.xx.1994, xx.xx.1994-xx.xx.2014 (57 yaşının tamam olduğu ilə qədər).
8. “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və qazçıxarma idarəsinin verdiyi xx.xx.2022-ci il tarixli arayışında bildirilir ki, “Neft Daşları” NQÇİ-nin Qaz kompressor sahəsinin Qaz xidmət sahəsinə qazın yığılması üzrə operator peşəsində işləyən, İddiaçı: xx.xx.1994-xx.xx.1994-cü illərdə Qaz Kompressor sexində qaz mühərrikli kompressorların təmirçi çilingər peşəsində işləyib – 03 ay, xx.xx.1994-cü il tarixində hal-hazıra qədər Qaz kompressor sahəsinin Qaz xidmət sahəsində qazın yığılması üzrə operator peçəsində işləyir.
9. Məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq, “Azneft” İstehsalat Birliyi ildirmişdir ki, “İş stajı haqqında" arayışlardakı qeydlərdən müəyyən olunur ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı Azneft" İB-nın ‘Neft Daşları” Neft və Qazçıxarma idarəsinin Qaz kompressor sexində 01.06 1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək qaz mühərrikli kompressorların təmirçi çilingəri, Qaz kompressor sahəsinin Qaz xidmət sahəsində xx.xx.1994-cü il tarixdən xx.xx.2022-ci il tarixədək qazın yığılması üzrə operator peşələrində işləmişdir. İddiaçı qeyd olunan tarixlərdə işlədiyi qaz mühərrikli kompressorların təmirçi çilingəri və qazın yığılması üzrə operator peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 №-lı Siyahılarında “Neftin qazılması və hasilatı, neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölmələrinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölmələnndə və “Ümumi peşələr” bölmələrində nəzərdə tutulmuş peşələrlə eynilik təşkil etmir. Həmçinin məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq, sorğuya əlavə edilmiş “İş stajı haqqında” arayışlardakı qeydlərdən müəyyən olunur ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı “Azneft" İB-nin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin Qaz kompressor sahəsinin Qaz xidmət sahəsində xx.xx.1994-cü il tarixdən xx.xx.2022-ci il tarixədək qazın yığılması üzrə operator peşəsində işləmişdir. Yeni sorğu məktubu ilə əlaqədar olaraq bilidirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156-cı maddəsinin 2-ci hissəsinə əsasən və X7 Sorğu Kitabçasının tələblərinə uyğun olaraq, peşə və vəzifənin adı istehsalatda faktiki yerinə yetirilən işin xüsusiyyəti nəzərə alınmaqla qüvvədə olan Vahid X1 əsasən müəyyən edilir. Qaz kompressor sahəsində qazın yığılması üzrə operatorun əmək funksiyaları əsasən aşağıdakılardan ibarətdir: Separatorlara, qaz kəmərlərinə, qaz bölüşdürücü qurğulara və qaz təsərrüfatının başqa obyektlərinə xidmət edilməsi; Separatorlarda maye səviyyəsinə nəzarət edilməsi; Avadanlıq və aqreqatların cari təmirində iştirak edilməsi, nasaz siyirtmələrin dəyişdirilməsi; Qaz qurğularının texniki sazlığının təyin edilməsi; Neftin qaz yığma şəbəkəsinə keçməsinin qarşısının alınması, qaz kəmərlərində hidrat və maye tıxacların əmələ gəlməsinə, qaz kəmərlərinin sahələrində təzyiqin enib-düşməsinin artmasına qarşı, qazın texnoloji itkilərinin azaldılması üçün profilaktik tədbirlərin həyata keçirilməsi; Qaz axınlarının başqa texnoloji xəttə keçirilməsi. Xidmət edilən avadanlıq və aparatların cari təmirinin aparılması; Qrup qurğularına, separasiyanın son pillələrinə, yığım məntəqələrinə və əmtəə parklarına xidmət edilməsi; avtomatlaşdırılmış avadanlığın qoyulmuş texnoloji prosesin iş rejiminə salınması; Qaz analizatorları tətbiq etməklə hava nümunəsi götürülməsi və onun qazlılığının müəyyən edilməsi. Neft və qazçıxarma sahələrində neft və qaz hasilatı üzrə operatorun əmək funksiyaları əsasən aşağıdakılardan ibarətdir: Bütün hasilat üsulları üzrə neft, qaz, qaz kondensatını çıxarma texnoloji prosesinin aparılması, qazın tutulması, quyuların aramsız işinin təmin edilməsi, qazın hazırlanması və nəqli, qrup ölçü qurğularının, yüksək sıxıcı və kompressor stansiyalarının və s. neftmədən avadanlığının fasiləsiz işinin təmin edilməsi; Nəzarət-ölçü cihazlarının köməyi ilə cürbəcür texnoloji parametrlərin ölçülməsi; Quyuların işinin parametrlərinin çıxarılması və verilməsi, avtomatika və telemexanika vasitələrinin işinə nəzarət edilməsi; Quyuların tədqiqində iştirak edilməsi; Bütün hasilat üsulları üzrə neft, qaz, qaz kondensatını çıxarma texnoloji prosesinin aparılması, quyuların iş rejiminin saxlanılması və yaxşılaşdırılması üçün geoloji- texniki tədbirlərin həyata keçirilməsi; Yüksək məhsuldarlıqlı elektrik dalma nasos qurğularının mənimsənilməsi və iş rejiminə qoyulması; Quyuların yeraltı və əsaslı təmirdən sonra qəbul edilməsində iştirak etmək; Quyuların tədqiqata hazırlanması, nəzarət-ölçü cihazlarının köməyi ilə avtomatika və telemexanika vasitələrinin yerüstü və yeraltı avadanlıqların nasazlıqlarının müəyyən edilməsi; Yerli avtomatikanın nasaz bloklarının dəyişdirilməsi və xırda təmir işlərinin aparılması. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi neft və qaz hasilatı üzrə operatorun əsas əmək funksiyası bilavasitə neft və qaz quyularına xidmət etməkdir. Eyni zamanda qazın yığılması üzrə operatorun əmək funksiyasında nəzərdə tutulan işlərin bir qismi neft və qaz hasilatı üzrə operatorun da əmək funksiyasına daxildir. Qaz kompressor sahəsində işləyən qazın yığılması üzrə operator isə bilavasitə neft və qaz quyularına xidmət etmir.
10. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq iş şəraitini məhkəməyə bildirmək üçün içərisində iş şəraiti ilə bağlı videoqeyd olan disk təqdim etdi.
11. Şifahi dinləmələr zamanı (məhkəmənin baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
12. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
14. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.
15. Məhkəmənin qeyd edilən qənəati həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. -Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
16. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa.
17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).
19. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər üçün yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 50, qadınlarda 45 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 52, qadınlarda 50) və iş stajı (kişilərdə az 20 il, bu müddətin azı 10 ili əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 7 il 06 ayını ili əmək şəraiti xüsusilə zərərli və ağır olan olmalıdır); xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.
20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.
21. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 nömrəli Siyahısı” (bundan sonra 1 və 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.
IV.Qeyd edilənlərin hazırki işə tətbiqi
22. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.
23. İddiaçı 1957-ci il təvəllüdlüdür. Odur ki, onun xx.xx.2014-cü il tarixədək əmək stajı nəzərə alınmalıdır. Əmək kitabçasına əsasən iddiaçının xx.xx.2014-cü il tarixədək əmək stajı 34 il 6 ay 1 gündür.
24. Əmək şəraiti ağır və zərərli işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.
25. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bəndində (10.2) neft və qaz hasilatı üzrə operatorlar peşəsi nəzərdə tutulmuşdur.
26. “Azneft” İstehsalat Birliyinin sorğuya cavab məktubundan aydın olur ki, neft və qaz hasilatı üzrə operatorun əsas əmək funksiyası bilavasitə neft və qaz quyularına xidmət etməkdir. Eyni zamanda qazın yığılması üzrə operatorun əmək funksiyasında nəzərdə tutulan işlərin bir qismi neft və qaz hasilatı üzrə operatorun da əmək funksiyasına daxildir. Qaz kompressor sahəsində işləyən qazın yığılması üzrə operator isə bilavasitə neft və qaz quyularına xidmət etmir. İddiaçı isə qaz kompressor sahəsində qazın yığılması üzrə operator vəzifəsi həyata keçirdiyinə görə güzəştli iş stajı yoxdur.
27. Həmçinin, iddiaçının təqdim etdiyi videoqeyddən də aydın olur ki, iddiaçının vəzifə təlimatları “Azneft” İstehsalat Birliyinin təqdim etdiyi sorğuya cavab məktubundakı məlumatlar ilə eynilik təşkil edir.
28. Odur ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün güzəştli iş stajı mövcud deyil.
29. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. İddiaçı xx.xx.1957-ci ildə anadan olub və 57 yaşının tamam olduğu tarixə güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malik deyil. Odur ki, iddiaçının 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlər yaşa görə pensiya təyin edilməsindən cavabdehin imtinası qanunsuz hesab edilə bilməz.
30. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim ediliyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva