Məhkəmə qərarları › İş №2-1(112)-3574/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3574/2025

25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3574/2025 25.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə (üçüncü şəxslər X17, X12 Alaaddin, X6, X22 və X21) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək X22 və X15 qeydiyyat ünvanlarının ünvan 1 ünvana dəyişməklə iddiaçıya məxsus Biləcəri qəs, hərbi şəhərcik, ev 3, mənzil 7 ünvanda qeydiyyatdan çıxarılmasını və Artamanova Evelina, X1 qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı yaşayış sahəsinin mülkiyyətçisidir. O, qızı E.Akçurina həmin mənzildə yaşayırlar. Üçüncü şəxslər də onun yaşayış yeri ünvanı üzrə qeydiyyatdadır ki, həmin şəxslər iddiaçı hesab edir ki, qeydiyyatdan çıxarılmalıdır. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlardan görünür ki, üçüncü şəxslərdən bəziləri eyni ünvan üzrə qeydiyyatdadır. Kitabçadan görünür ki, ünvan 2 ünvanı üzrə Artamonov Nikolay, Vera, Evelina da mənzil üzrə icarədar və ailə üzvləri kimi göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin məktubunda qeyd edilmişdir ki, üçüncü şəxslərin istifadə hüququ qeydə alınmamışdır. Mənzilə dair qovluqda olan sənədlərdən görünür ki, Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsinin sənədləri əsasında sonda İddiaçı Aleksandrovanın adına mənzil keçirilmişdir. Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil İstismar Hissəsi 8 nömrəli Mənzil İstismar Sahəsinin məktubunda qeyd edilir ki, Qulu Rzayeva, Vəfa Rzayeva ünvan 3 ünvanda yaşayırlar. Məlum olmayan səbəblərdən onlar hərbi şəhərcik, ev 3, mənzil 7 ünvanı üzrə qeydiyyata düşüblər. Hərbi şəhərcik, hərbi tikinti ev 3, mənzil 7 ünvanının maliyyə şəxsi hesab vərəqəsi Qulu Rzayevin adına dəyişdirilmişdir. Mənzil İstismar İdarəsinin 31 may 2023-cü il tarixli məktubundan görünür ki, X14 Biləcəri qəs, Hərbi şəhərcik, ev 3, mənzil 7 ünvanda yerləşən xidməti mənzilin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Binəqədi Rayon Polis İdarəsinə ünvanlanan ərizədən görünür ki, X14 ərizə ilə müraciət edərək V.Rzayeva və V.Rzayevin həmin mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, ərizədə qeyd edilmişdir ki, 1991-ci il tarixdən sonra həyat yoldaşı ilə birlikdə Biləcəri qəs, hərbi şəhərcik, ev 3, mənzil 7 ünvanına köçmüş, yaşamışdır. 1979-cu il təvəllüdlü Evelina Artamanova onun qızıdır və həmin mənzildə pasport qeydiyyatındadır. Cavabdehin 02 dekabr 2021-ci il tarixli məktubunda qeyd edilir ki, V.Rzayeva və Q.Rzayev hərbi şəhərcik, hərbi tikinti, ev 3, mənzil 7 ünvanda yaşasa da, hərbi şəhərcik ev 3, mənzil 7 ünvanda qeydiyyatdadırlar. Mənzil İstismar Sahəsinin arayışında qeyd edilir ki, ev 3, 7 saylı mənzil iki mərtəbəli binada 1 və 2-ci mərtəbədə yerləşən fərqli mənzillərə verilmişdir. Birinci mərtəbədə yerləşən mənzil iddiaçı və onun qızı qeydiyyatdadır. İkinci mərtəbədə yerləşən mənzildə isə E.Artomonova, X24 qeydiyyatdadır. V.Rzayeva və Q.Rzayev hərbi şəhərcik ev 3, m 7 ünvanda qeydiyyatda olsa da, faktiki hərbi tikinti ev 3, mənzil 7 də yaşayırlar. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İlk olaraq qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur ki, məhkəmə hesab edir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə məntiqi nəticə etibarı ilə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması (ümumiyyətlə heç bir zaman mövcud olmaması və ya əvvəllər mövcud olmuş hüququn sonradan itirilməsi) müəyyən edildikdə də münasibət bildirilə bilər. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir. AR MM-nin 2.5-ci maddəsinə görə əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallarda mülki hüquq normalarının inzibati münasibətlərdə tətbiqi mümkün hesab edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının Vİİİ hissəsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin öz səlahiyyətlərinə aid edilən məsələlərə dair Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə qərarları inzibati münasibətlərdə mülki hüquq normalarının tətbiqinə səlahiyyət yaradır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarından göründüyü kimi müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Lakin, qeyd olunmalıdır ki, üçüncü şəxslər Qulu Rzayev və Vəfa Rzayevanın iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi ünvan üzrə qeydiyyatdan çıxarılması tələbi, onun həmin ünvandan qeydiyyatdan çıxarılması ilə yanaşı, eləcə də onun qeydiyyat ünvanında qeydiyyatın səhv edilməsi səbəbindən dəyişiklik edilməsini də ehtiva etməkdədir. Nəzərə alınmalıdır ki, yaşayış yeri üzrə qeydiyyat ünvanı hərbi şəhərcik ev 3, mənzil 7 olan Q.Rzayev və V.Rzayevanın həqiqətən də iddiaçınının mülkiyyətində olan həmin ünvanda yerləşən mənzilə hər hansı aidiyyəti yoxdur, həmin yaşayış sahəsinə dair hər hansı hüquqları mövcud olmadığından həmin şəxslərin qeydiyyatdan çıxarılması həyata keçirilməli idi, polis orqanı isə həmin halı nəzərə almamışdır. Lakin, işin faktiki halları ilə də müəyyən edilir ki, göstərilən ünvana qeydiyyata həmin şəxslərin alınması zamanı polis orqanı səhvə yol vermiş, adıçəkilən şəxslərin faktiki yaşayış yeri, onun ünvanı ilə, iddiaçının mülkiyyətində olduğu yaşayış yerinin ünvanını qarışdırmışdır. Halbuki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi adıçəkilən 2 üçüncü şəxs Biləcəri qəsəbəsi, hərbi şəhərcik ev 3, mənzil 7 ünvanında yox, faktiki olaraq hərbi şəhərcik, hərbi tikinti, ev 3, mənzil 7 ünvanında yaşayırlar və qeydiyyat ünvanı da məhz həmin ünvan olmalıdır. Odur ki, məhkəmənin də hüquqi yardımı, eləcə də üçüncü şəxslərin də iradəsinə uyğun olaraq iddia tələbində dəqiləşmə edilərək həmin şəxlərin yaşayış yeri üzr qeydiyyat ünvanında hərbi tikinti, ev 3, mənzil 7 ünvanına dəyişdirilməsi və bunun nəticəsində iddiaçıya məxsus yaşayış yerinin qeydiyyat ünvanında həmin şəxslərin çıxarılması tələbi ilə müraciət edilmişdir ki, məhkəmə hesab edir ki, həmin tələb təmin edilməlidir. Məhkəmə iddia tələbinin təmin edilməyən hissəsi, X7 və onun övladı X1, yəni eyni ünvan göstəricinə malik digər yaşayış sahəsinə aid şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaması ilə bağlı isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 1.4-cü bəndinə görə ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. Həmin Qaydaların: -3.7-ci bəndinə görə daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri); 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi; 3.7.5. daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmamasına dair qeyd; 3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə). -3.8-ci bəndinə əsasən daşınmaz əmlak obyektinin ünvanının bu qaydaların 3.7.4-cü bəndində göstərilən rekvizitinin (ünvan nömrəsinin) müəyyənləşdirilməsi Komitə tərəfindən bu Qaydalara uyğun olaraq həyata keçirilir. -3.9-cu bəndinə əsasən çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir. -3.11-ci bəndinə görə çoxmənzilli binaların hər bir mənzilinə, qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilir. Çoxmənzilli binaların hər bir mənzilinə və qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilərkən mərtəbəlilik nəzərə alınır. Bu zaman nömrələmə giriş qapısının yerləşdiyi mərtəbədən başlanır. Hər bir mənzilin və qeyri-yaşayış obyektinin tərkib hissəsinin ünvan nömrəsi binanın və ya qeyriyaşayış obyektinin girişinin, həmin mərtəbənin və mənzilin nömrəsindən ibarət olur. Çoxmənzilli binanın hər bir mənzilinə ünvan nömrələrinin alınması həmin binanın sifarişçisi və ya mülkiyyətçisi tərəfindən təmin edilir. -4.2-ci bəndinə görə dövlət orqanları və bələdiyyələr, hüquqi və fiziki şəxslər bu qaydalara uyğun olaraq, rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməlidirlər. Bu Qaydalara uyğun olaraq daşınmaz əmlak obyektlərinə ünvan verilməsi və ya ünvanın dəyişdirilməsi barədə məlumat 7 gün müddətində Komitə tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilir. Daşınmaz əmlak obyektinin ünvanı dəyişdirildikdə, Komitə obyektin mülkiyyətçisinə bu barədə məlumat verir. Hazırkı işdən müəyyən olunur ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi həmin üçüncü şəxslər iddiaçı ilə eyni ünvan göstəricilərinə malik başqa daşınmaz əmlakların istifadəçiləridir. Məhkəmə mülkiyyət hüququnun toxunulmazlığı prinsipindən, eləcə də gözlənilən mülkiyyət hüququnun realizəsinin təmin edilməsi baxımından çıxış edərək hesab edir ki, hazırkı iddia tələbi əsaslı hesab edilə bilməz. Nəzərə alınsa ki, iddiaçı ilə üçüncü şəxslər ayrı-ayrı əmlakların istifadəçisi olsalar da eyni ünvan göstəricilərinə malikdirlər. Belə olan halda iddiaçılar onunla bərabər istifadəçi statusunda olan, fərqli daşınmaz əmlaklar olsa da, lakin eyni ünvan göstəricilərinə hüququ olan başqa bir istifadəçini həmin ünvan üzrə qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı hesab edilə bilməz. Belə ki, iddiaçı eyni binanın 1-ci mərtəbəsində, adıçəkilən üçüncü şəxslər isə 2-ci mərtəbəsində yerləşən eyni ünvan verilsə də, fərqli mənzillərin istifadəçiləridir və məhkəmə hesab edir ki, hazırkı inzibati mübahisənin həlli üçüncü şəxslərin qanuni əsaslarla yaşadığı yaşayış sahəsi üzrə ünvan göstəricilərinin eyniliyi səbəbindən həmin ünvandan qeydiyyatdan çıxarılması ilə həll edilməməlidir Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1700/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Həmin ünvanda yerləşən digər bir ev X8 aid olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş evdir. Həmin evdə X9, X10 və X18 qeydiyyatdadırlar. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2007-ci il tarixli qətnaməsi ilə X4 gəlini X5 və nəvəsi X11 həmin evə istifadə hüquqları tanınmış, onlar həmin evə köçürülmüş və ünvan üzrə qeydiyyata alınmışdırlar. Göründüyü kimi, həmin şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, X8 aid fərdi yaşayış evində qeydiyyatdadırlar. Belə olan halda, həmin şəxslərə münasibətdə də iddiaçı iddia tələbində haqlı hesab edilə bilməz.apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, eyni ünvan göstəricisinə malik X3 adına xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsi, eləcə də X8 aid dövlət reyestrində qeydiyyata alınmamış əmlakın olması iddiaçının eyni ünvan, lakin müxtəlif evlərdə yaşayan və qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququnu istisna edir. Məhkəmə tərəf və üçüncü şəxslərə müxtəlif yaşayış sahələrinə eyni ünvanın verilməsi ilə bağlı halın aradan qaldırılması ilə bağlı aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə müraciət etmək hüququ izah edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. X22 və X15 qeydiyyat ünvanlarının ünvan 1 ünvana dəyişməklə İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanda qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar