Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3575/2024 13.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı “əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsistemindən çıxarılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı “əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsistemindən çıxarılması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin ləğv olunması ilə əlaqədar adı çəkilən Cəmiyyətlə İddiaçı arasında bağlanmış və hələ də “Əmək və məşğulluq” altsistemində aktiv olaraq göstərilən 18 sentyabr 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi, bu xitama dair bildirişin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təsis edilmiş və qanuni təmsilçisi (direktoru) olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) 11 may 2023-cü il tarixdə ləğv edilmiş və Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Hazırda başqa bir müəssisə ilə əmək münasibətlərinə daxil olmaq istəsə də, “Əmək və məşğulluq” altsistemində hələ də onun əsas iş yeri olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilir və bu səbəbdən əmək münasibətlərinə daxil olmaq istədiyi müəssisə ilə əsas iş yeri üzrə əmək müqaviləsi bağlanması mümkün olmur. Halbuki adı çəkilən Cəmiyyət artıq ləğv olunmuş və bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 11 may 2023-cü il tarixli, **********267500 saylı “Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında” **********69 saylı Bildiriş təqdim olunmuşdur. Yuxarıda adı çəkilən Bildiriş ilə birlikdə iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin artıq ləğv olunduğu bildirilmiş və aktiv olaraq göstərilən əmək müqaviləsinin ləğv edilməsinin təmin edilməsi X3 Xidmətindən xahiş olunmuşdur. X3 Xidməti 12 sentyabr 2023-cü il tarixli, 3-17-5/2-Q-34992/2023 saylı məktubla ona bildirmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin "Əmək və məşğulluq” altsisteminə daxil edilməsi X2 səlahiyyətləri xaricindədir və məsələ ilə bağlı rayon (şəhər) məhkəməsinə müraciət edilməli, X3 Xidməti üçüncü şəxs qismində işə cəlb edilməlidir. X3 özünün üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı mövqeyini bildirsə də, cavabdeh qismində kimin cəlb edilməli olması ilə bağlı heç bir mülahizə irəli sürə bilməmişdir. Odur ki, iddiaçı tərəfindən xüsusi icraat qaydasında ərizə ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğv olunması ilə əlaqədar adı çəkilən Cəmiyyətlə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin qüvvədən düşməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(001)- 6298/2023 saylı qərardadı ilə ərizənin icraata qəbul edilməsindən imtina edilmiş və inzibati məhkəmə icraatı qaydasında məsələnin həll edilməli olduğu qeyd edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, “işin hallarından görünür ki, işəgötürən hüquqi şəxs artıq ləğv olunmuşdur və arzu olunan hüquqi nəticə “Əmək və Məşğulluq” altsistemindən formal qeydiyyatın inzibati orqan tərəfindən silinməsidir; Yəni əmək münasibətlərinə xitam verilmiş olması, qüvvədə olan əmək müqaviləsinin olmaması mübahisə doğurmur. Məsələ sadəcə Əmək Məcəlləsinin 74.1-1 -ci maddəsi ilə yalnız fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə münasibətdə inzibati orqanın səlahiyyətlərinin təsbit edilmiş olmasıdır. Lakin nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsi inzibati orqanın üzərinə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmaq öhdəliyi qoymuşdur. Bununla yanaşı həmin qanunun 15-ci maddəsində formal tələblərdən sui-istifadə inzibati orqanlara qadağan edilmişdir”. Göründüyü kimi, məhkəmə qərardadında da qeyd edilmişdir ki, inzibati orqan formal tələblərdən sui-istifadə edərək əmək müqaviləsinin sistemdən silinməsini təmin etmir, bununla da qanunsuzluğa yol verilir. Məhkəmə qərardadını aldıqdan sonra iddiaçı tərəfindən təkrarən cavabdeh orqana müraciət edilərək, "xxxx" MMC-nin ləğv olunması ilə əlaqədar adı çəkilən Cəmiyyətlə onun arasında bağlanmış və hələ də “Əmək və məşğulluq” altsistemində aktiv olaraq göstərilən 18 sentyabr 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinin, bu xitama dair bildirişin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsinin təmin edilməsi xahiş edilmişdir. Lakin cavabdeh 03 noyabr 2023-cü il tarixli, 3-17-5/2-Q-44359/2023 saylı məktubu ilə iddiaçının müraciətini təmin etməkdən yenidən imtina etmişdir. Məktubda hər hansı hüquqi əsas göstərilə bilməmişdir. Qeyd edilən qanunsuzluğun davam etməsi onun hüquqlarının və qanuni mənafeyinin kobud pozuntusudur. Belə ki, qanuni təmsilçisi olduğu hüquqi şəxsin ləğv olunmasına baxmayaraq, hələ də “Əmək və məşğulluq” altsistemində həmin hüquqi şəxsin direktoru olaraq əmək müqaviləsinin aktiv statusda görülməsi səbəbi ilə neçə müddətdir ki, heç bir müəssisə ilə əmək münasibətinə daxil ola bilmir. Bununla da öz halal əməyi ilə, zəhmətilə ala biləcəyi qazancdan, gəlirdən məhrum olmuş, inzibati orqan da bu hərəkətsizliyinə davam edərək onu maddi və mənəvi olaraq tamam əlverişsiz vəziyyətə salır. Digər tərəfdən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ASAN İmza ləğv olunduğundan və ASAN İmzanın bərpası mümkün də olmadığından (Müəssisəyə məxsus ASAN İmzanın bərpa edilməsi üçün təsis sənədlərinin təqdim olunması tələb olunur, hazırki halda isə müəssisə ləğv olunduğuna görə təsis sənədlərinin təqdim edilməsi mümkün deyildir), iddiaçı tərəfindən "Əmək və məşğulluq” altsisteminə daxil olunaraq əmək müqaviləsinə xitam verilməsinin təmin edilməsi mümkün deyildir. Odur ki, indiki halda aktiv olaraq göstərilən əmək müqaviləsinin “Əmək və məşğulluq” altsistemindən silinməsi ixtiyarı yalnız və yalnız cavabdeh orqana məxsusdur ki, o da bu səlahiyyətindən istifadə etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında, iddiaçının “İddiaçı barəsində “Əmək və məşğulluq” altsisteminə xx.xx.2021-ci il tarixdə daxil edilmiş və hazırda qüvvədə olan əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsistemindən çıxarılması (ləğv edilməsi) öhdəliyinin X3 Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair təqdim edilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddia ərizəsindən göründüyü kimi İddiaçı qızı ilə "xxxx" MMC-nin arasında xitam verilməmiş əmək müqaviləsi mövcuddur. Belə olan halda iddiaçı ilk növbədə işəgötürənlə arasında bağlanmış 18 sentyabr 2021-ci il tarixli, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə, bu mümkün olmadıqda isə aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında ümumi səlahiyyətli məhkəmələrə müraciət etməlidir. Buna baxmayaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı tələb fərdi əmək mübahisəsi olduğu və bu mübahisə mülki xarakter daşıdığı halda iddiaçı qeyd olunan mübahisə ilə bağlı inzibati məhkəməyə müraciət etmiş bununla da, məhkəmə aidiyyəti normaları pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin birinci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respbulikası Qanununun 20-ci maddəsinə əsasən rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Digər bir məsələ isə iddiaçının öz iddia tələbində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini cavabdeh kimi göstərərək, işəgötürənlə arasında bağlanmış 18 sentyabr 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbidir ki, qeyd olunan tələb maddi normalara ziddir və əsassızdır. Xidmətin hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamış, iddia ərizəsində göstərilən tələb Xidmətin səlahiyyətlərinə aid deyildir və belə bir vəzifə Xidmətin üzərinə qoyula bilməz. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti (bundan sonra - Xidmət) mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər (bundan sonra - işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bununla yanaşı əmək müqaviləsinə xitam verilməsi və ya əmək müqaviləsininin xitam verilməsi barədə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi kimi öhdəliklərinin Xidmətin üzərinə qoyulması tələbi qanunvericiliyinin tələblərinə uyğun deyil. İddiaçının adına qüvvədə olan, xitam verilməmiş əmək müqaviləsi mövcud olduğu məlumdur. Həmin müqavilə işəgötürən ilə işçi arasında müvafiq qaydada xitam verilməli və bundan sonra əmək müqaviləsinə xitam verilməsi barədə elektron sistemdə işəgötürən tərəfindən müvafiq qeydlər aparılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əsasında xitam verilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 06 iyun tarixli 183 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.2-ci bəndinə əsasən, bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri isitisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlərtərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməlidir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanları və iddiaçının tələbinin Xidmətin səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - "xxxx" MMC-nin təsisçisinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, MMC-nin təsisçisi İddiaçı nizamnamə kapitalında pay haqqı 100%-dir. "xxxx" MMC-nin Cəmiyyətin Nizamnaməsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59.2.1-ci maddəsi əsas alınaraq və müəyyən edilmiş digər qaydalara uyğun olaraq ləğv edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin “Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında” **********69 nömrəli xx.xx.2023cü il tarixli Bildirişindən görünür ki, xx.xx.2021 tarixdə ********** № ilə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Ləğv prosesindədir) xx.xx.2023 tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidmətinin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, adınıza aktiv əmək müqaviləsinin olması barədə 05 sentyabr 2023-cü il tarixli müraciətinizə X3 Xidmətində baxılmışdır. Məlumat üçün bildiririk ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi X3 Xidmətinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin "Əmək və məşğulluq” altsisteminə daxil edilməsi üçün əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələn başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X3 Xidmətinə həvalə edilməlidir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)- 6298/2023 saylı qərardadından görünür ki, maraqlı şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə ərizəçi İddiaçı “əmək müqaviləsinin qüvvədən düşməsi faktının müəyyən edilməsi” barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Qərardadda qeyd edilmişdir: “Belə ki, məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə müəyyən edilir. Halbuki işin hallarından görünür ki, işəgötürən olan hüquqi şəxs ləğv olunmuşdur və arzu olunan hüquqi nəticə “Əmək və Məşğulluq” altsistemindən formal qeydiyyatın inzibati orqan tərəfindən silinməsidir. Yəni əmək münasibətlərinə xitam verilmiş olması, qüvvədə olan əmək müqaviləsinin olmaması mübahisə doğurmur. Məsələ, sadəcə Əmək Məcəlləsinin 74.1-1-ci maddəsi ilə yalnız fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə münasibətdə inzibati orqanın səlahiyyətlərinin təsbit edilmiş olmasıdır. Lakin nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsi inzibati orqanın üzərinə işin düzgün həili üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırma aparmaq öhdəliyi qoymuşdur. Bununla yanaşı həmin qanunun 15-ci maddəsində formal tələblərdən sui-istifadə inzibati orqanlara qadağan edilmişdir (qərardadın 3-cü səhifəsinin sonuncu abzası).” - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidmətinin xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir: “Sizin əmək qanunvericiliyi ilə bağlı müraciətinizə X3 Xidmətində baxılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1.1-ci hissəsinə əsasən aşağıdakı hallar fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır: 1) fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; 2) fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə; 3) fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə; 4) Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 06 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə yə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən bildiririk ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. İşəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən düşmüş hesab edilməli və əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsistemində qüvvədən salınması hüququ X3 Xidmətinə həvalə edilməlidir.”
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdeh inzibati orqanın səlahiyyətinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğunu və iddiaçının ünvanını (ünvan 1 ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. İddiaçının hüquqi marağı və məqsədi “Əmək və Məşğulluq” altsistemindən əmək müqaviləsi bildirişinə dair formal qeydiyyatın inzibati orqan tərəfindən silinməsidir. İşin faktiki hallarından görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə ********** nömrəli ilə qeydiyyata alınmış, daha sonra isə xx.xx.2023-cü il tarixdə həmin MMC ləğv edilərək Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi İddiaçı olmuşdur. İddiaçı barəsində əmək müqaviləsi bildirişi "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş və halhazıradək həmin müqavilə sistemdə aktiv olaraq görünür. Göründüyü kimi, iddiaçı təsisçi və qanuni təmsilçi olduğu müəssisənin direktoru təyin edilməsinə dair əmək müqaviləsini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmiş, lakin müəssisənin ləğv edilməsi ilə əlaqədar həmin müqaviləyə xitam verilməmiş və bu barədə müvafiq bildirişi "xxxx" MMC adından elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etməmişdir. Beləliklə də, müəssisənin ləğv edilməsinə baxmayaraq elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş müqavilə aktiv olaraq qalmışdır.
Hazırki iş üzrə iddia tələbindən görünür ki, iddiaçı onun barəsində “Əmək və məşğulluq” altsisteminə xx.xx.2021-ci il tarixdə daxil edilmiş və hazırda qüvvədə olan əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsistemindən çıxarılması (ləğv edilməsi) öhdəliyinin X3 Xidmətinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Həmin əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsistemindən çıxarılması (ləğv edilməsi) ilə bağlı iddiaçı cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin "Əmək və məşğulluq” altsisteminə daxil edilməsi üçün əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələn başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X3 Xidmətinə həvalə edilməlidir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, cavabdehin imtina məktubunda qeyd edildiyi kimi, iddiaçı müvafiq tələblə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi isə xx.xx.2023-cü il tarixli 2(001)-6298/2023 saylı qərardadı ilə əmək münasibətlərinə xitam verilmiş olması, qüvvədə olan əmək müqaviləsinin olmamasının mübahisə doğurmaması səbəbi ilə ərizəçi İddiaçı “əmək müqaviləsinin qüvvədən düşməsi faktının müəyyən edilməsi” barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçı yenidən cavabdehə müraciət etsə də, cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubunda göstərdiyi dəlilləri xx.xx.2023-cü il tarixli məktubunda təkrarlamışdır. Göründüyü kimi, cavabdeh göstərilənlərə, yəni iddiaçının müvafiq tələblə Binəqədi Rayon Məhkəməsinə müraciət etməsinə, həmin məhkəmənin qanuni qüvvəyə minmiş qərardadının olmasına baxmayaraq iddiaçının adına aktiv olan əmək müqaviləsi bildirişini “Əmək və məşğulluq” altsistemindən çıxarmaqdan imtina edir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya əsassız olaraq imtina cavabı verilməsi nəticəsində iddiaçının adına hazırda xitam verilməyən (formal xarakter daşıyan) qüvvədə olan əmək müqaviləsi bildirişi mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əsasında xitam verilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 06 iyun tarixli 183 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.2-ci bəndinə əsasən, bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri isitisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməlidir. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi və bu barədə müvafiq bildirişin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi işəgötürənin səlahiyyətinə aiddir. Hazırkı halda isə işəgötürən "xxxx" MMC-nin ləğv edilməsi səbəbi ilə bu mümkün olmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-6298/2023 saylı qərardadı ilə ərizəçi İddiaçı “əmək müqaviləsinin qüvvədən düşməsi faktının müəyyən edilməsi” barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyindən, həmin qərardad qüvvədə olduğundan, həmçinin qüvvədə olan həmin qərardadla əmək münasibətlərinə xitam verilmiş olması, qüvvədə olan əmək müqaviləsinin olmaması müəyyən edildiyindən və bu halın məhkəmə qaydasında müəyyən olunması preyudisial əhəmiyyət daşıdığından cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı barəsində “Əmək və məşğulluq” altsisteminə xx.xx.2021-ci il tarixdə daxil edilmiş və hazırda qüvvədə olan əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsistemindən çıxarılması (ləğv edilməsi) öhdəliyi X3 Xidmətinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində “Əmək və məşğulluq” altsisteminə xx.xx.2021-ci il tarixdə daxil edilmiş və hazırda qüvvədə olan əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsistemindən çıxarılması (ləğv edilməsi) öhdəliyi X3 Xidmətinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev