Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-358/2025 28.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2009-cu ildə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının kəsilməsini (dayandırılması) və son 3 ildə ödənilmiş pensiyanın geri tələb edilməsini nəzərdə tutan qərarın ləğv edilməsi, pensiyanın ödənişinin bərpa edilməsi və pensiyanın qanunsuz kəsildiyi dövrdən onun bərpa olunmasınadək ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra tələbinin dəyişdirilməsi barədə ərizələr təqdim edərək, cavabdehin “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3- 3-10764/2023 nömrəli və “Dövlət Sosial X4 rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-10765/2023 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1959-cu il tarixində anadan olmuşdur. 1976-1981-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış, bütün əmək fəaliyyətini (27 il) neft sənayesi sahəsində həyata keçirmişdir. Əmək fəaliyyətinə xx.xx.1980-ci il tarixində o dövrdə Rusiya SSR-in Yamalo-Nenetsk muxtar dairəsinin Numqi şəhərində (bu ərazilər şimal qütb dairəsindən şimala doğru yerləşdiyi üçün Uzaq Şimal- “Крайный Север” adlandırılırdı) başlamış və 3 il Uzaq Şimala bərabər hesab edilən Aqansk şəhərində neft-kəşfiyyat ekspedisiyasında geoloq və baş mühəndis işləmişdir. Azərbaycana qayıtmış və uzun müddət (1985-97-ci illərdə) Dövlət Neft Şirkətində, ondan sonra isə (1997-2007-ci illər) X1 (“Kaspian sea” LTD) şirkətində geoloq, geoloji şöbənin müdiri, geoloji kəşfiyyat idarəsinin rəis müavini, o cümlədən Xəzər dənizində qaz hasilatında ən böyük yataq olan Şahdəniz yatağı üzrə sualtı əməliyyatların planlaşdırılması üzrə qrup rəhbəri və baş geoloq vəzifələrində çalışmışdır. Dövlət Neft Şirkətində işlədiyi dövrdə (1985-97-ci illərdə - cəmi 12 ilə yaxın) bütün fəaliyyəti dənizlə əlaqəli olmuşdur. İddiaçı xx.xx.1985-ci il tarixində “Xəzərneftqazgeofizkəşfiyyat” geofizika trestində geoloq vəzifəsinə qəbul olunmuş və xx.xx.1985-ci il tarixinədək (4 ay 4 gün) həmin vəzifədə çalışmışdır. xx.xx.1985-cı il tarixində “Xəzərqazmaneftqazsənaye” İB-nin Xüsusiləşdirilmiş X2 kəşfiyyat qazma idarəsinə geoloq vəzifəsinə işə qəbul olunmuş və xx.xx.1986-ci il tarixinədək (3 ay 15 gün) həmin vəzifədə çalışmışdır. xx.xx.1986-cı il tarixindən həmin idarədə bilavasitə Şelf-3 və Şelf-5 yarımdalma X5 geoloq vəzifəsinə keçirilmiş və xx.xx.1995-ci il tarixinədək (9 il 6 ay 20 gün) həmin vəzifələrdə çalışmışdır. xx.xx.1995-ci il tarixində həmin idarədə (Xüsusiləşdirilmiş X2 kəşfiyyat qazma idarəsi) geoloji şöbənin müdiri vəzifəsinə keçirilmiş və xx.xx.1996-ci il tarixinədək (1 il 4 ay 1 gün) həmin vəzifədə çalışmışdır. xx.xx.1996-cı il tarixində “Xəzərqazmaneftqazsənaye” İB-nin Neft və qaz yataqlarının geoloji kəşfiyyatı şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmiş və xx.xx.1997-ci il tarixədək (8 ay 13 gün) həmin vəzifədə çalışmışdır. xx.xx.1997-ci il tarixindən xx.xx.2007-cı il tarixinədək (9 il 10 ay 18 gün) X1 (“Kaspian si” LTD) şirkətində geoloq və geologiya geofizika qrupunun rəhbəri vəzifələrində çalışmışdır. 2009-cu ildə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq, 1997-ci il tarixinə həm ümumi (20 il), həm də güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı (10 il) toplandığı üçün həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yaşa və staja görə tələbləri nəzərə alınmaqla, ona 50 yaşdan pensiya təyin edilmiş və hər zaman vaxtı-vaxtında ödənilmişdir. Yeganə gəlir mənbəyi aylıq pensiyadır. Aprel ayından pensiyası kəsilmiş, bundan sonra X6 tərəfindən ona pensiya hüququnun olmadığı və pensiyanın səhvən təyin edildiyi bildirilmiş, habelə guya artıq ödənilmiş 269.368,96 manat pensiya məbləğinin geri qaytarılması ilə bağlı Mərkəzi Filialın xx.xx.2023 tarixli 3-17-1-1/2-Q-196161/2023 nömrəli məktubu göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki,“Vətəndaşların pensiya təminatı haqqında" Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) Neft-qaz və qaz kondensatının hasilatı bəndinin (2) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları (1100000b— 17541) vəzifələri nəzərdə tutulmuşdur. Araşdırma zamanı, iddiaçıya vaxtilə pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə adıçəkilən şəxsin X9 Trestinin “Bayıl Limanı” X8 İdarəsinin Geoloji şöbəsində xx.xx.1985-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində geoloq, “Şelf-3" YÜQQ-da xx.xx.1986-xx.xx.1991 -ci il tarixləri arasındakı dövr ərzində böyük geoloq, geoloq, “Şelf-5” YÜQQ-da xx.xx.1991-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində geoloq və həmin müəssisənin Geoloji şöbəsində xx.xx.1995-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində rəis vəzifələrində işlədiyinin qeyd olunduğu müəyyən edilib. Bununla əlaqədar olaraq Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən İddiaçı iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, adıçəkilən müssisədə xx.xx.1986-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi vəzifələrin güzəştli şərtlə pensiya hüququ verən iş olduğu, vaxtilə ona dair verilmiş arayışda da qeyd edildiyi kimi güzəştli iş stajının 9 il, 6 ay, 20 gün təşkil etdiyi öz təsdiqini tapmışdır. Bu fakt “X9” tresti tərəfindən birgə Aktla təsdiq edilib. Göstərilən uyğunsuzluğa baxmayaraq, İddiaçı Fondun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2009-cu il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilib. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri də nəzərə alınmaqla İddiaçı xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 269368,96 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçıya pensiya təyin edildiyi xx.xx.2009-cu il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.1997-ci il tarixdə dəyişiklik edildikdən sonra 2000-ci ilin avqustun 1-dək yaş hədləri hər il 6 ay artırılmış, xx.xx.2000-ci ildən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə kişilər-52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ayını zərərli işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olmuşlar. İşdə olan Dövlət Sosial X4 rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2010-cu il tarixli 4049 nömrəli qərarından görünür ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddələrinə müvafiq olaraq 1 nömrəli Siyahı görə xx.xx.2009-cu il tarixdən ömürlük pensiya təyin edilmişdir. Cavabdehin “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli 3- 17-1/3-3-10764/2023 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2009-cu ildə təyin edilmiş pensiya xidməti araşdırma nəticəsində dayandırılmışdır. Cavabdehin Dövlət Sosial X4 rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-10765/2023 nömrəli qərarından görünür ki, vətəndaş İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci, 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmiş, adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılmış və ona artıq ödənilmiş pensiyanın məbləği müəyyən edilmişdir. Qərara əsasən xx.xx.2020xx.xx.2023-cü illərdə 268368,96 manat artıqödəmə müəyyən edilmişdir. İddiaçı hazırda cavabdehin bu qərarlarının ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, işdən görünür ki, cavabdeh iddiaçıya təyin edilmiş əmək pensiyasını ləğv edərkən onun güzəştli iş stajının 10 ildən az, 9 il, 6 ay, 20 gün təşkil etdiyinə istinad etmişdir. Belə ki, işdə olan “X9” trestinin xx.xx.2024-cü il tarixli iş stajı haqqında arxiv arayışından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı “Bayıl Limam” X8 İdarəsində işləmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “X9” tresti yaradılmışdır və “Bayıl Limanı” X8 İdarəsi trestin tabeliyinə verilmişdir. SOCAR-ın xx.xx.2012-ci il tarixli 65 saylı əmri ilə “Bayıl Limanı” DKQİ-nin adı dəyişdirilərək “Xəzər” X8 İdarəsi adlandırılmışdır. xx.xx.2012-ci il tarixdən SOCAR-ın 101 saylı və “X9” trestinin strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2012-ci il tarixli 82 saylı əmrinə əsasən “Xəzər” X8 İdarəsi ləğv edilib və onun arxivi “Sahil” Qazma İşləri İdarəsinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Sahil“ Qazma İşləri İdarəsi ləğv edilmiş və “Bulla, 8 Mart, Ümid" İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “X9“ trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********00040020A00070 saylı əmrinə əsasən “Bulla, 8 Mart, Ümid“ İstehsalat bölümləri hal-hazırda “Sahil” İstehsalat bölümü kimi fəaliyyət göstərir:
1. xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək -“Bayıl Limanı” X8 İdarəsi -Geoloji şöbəyə geoloq vəzifəsinə işə qəbul edilib;
2. xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək “Şelf-3” X11 böyük geoloq vəzifəsinə keçirilib;
3. xx.xx.1988-ci ildən xx.xx.1991-ci ilədək “Şelf-3” X11 ikinci kateqoriyalı geoloq vəzifəsinə keçirilib;
4. xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək “Şelf-5” X11 ikinci kateqoriyalı geoloq vəzifəsinə keçirilib;
5. xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək Geoloji şöbənin rəisi vəzifəsinə keçirilib;
6. xx.xx.1996-cı ildə Azərbaycan Respublikası ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad edilib. Ümumi iş stajı: 11 il, 02 ay, 06 gün. Güzəştli iş stajı: 09 il, 06 ay, 20 gün. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdq ******* b)- 17541 kodu ilə geoloqlar vəzifəsi 09 il, 06 ay, 20 gün güzəştli iş stajı təşkil edir. Həmçinin işdə olan xx.xx.2023-cü il tarixli caavbdehin və “X9“ trestinin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, “X9“ trestində saxlanılan “Bayıl Limanı” X8 İdarəsinin işçilərinə dair arxiv sənədlərdə İddiaçı qeyd olunan müəssisədə işləməsi faktı əmrlər kitabında öz təsdiqini tapdı. Həmçinin adıçəkilən şəxsin qeyd olunan müəssisədə işlədiyi dövrə dair (xx.xx.1985-xx.xx.1996) güzəştli iş stajının dəqiqləşdirilməsi zamanı işlədiyi dövrlərin xx.xx.1986-xx.xx.1988; xx.xx.1988-xx.xx.1995 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verdiyi məlum oldu. Vaxtilə onun adına verilmiş xx.xx.2009-cu il tarixli 29-03/212 saylı arayışda qeyd olunduğu kimi güzəştli iş stajı 9 il 6 ay 20 gün təşkil edir. Məhkəmə bununla bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Həmin normaya əsasən qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. İddiaçının pensiya işindən görünür ki, inzibati orqan ilk dəfə iddiaçıya xx.xx.2010-cu ildə güzəştli şəertlərlə yaşa görə əmək pensiyası təyin etmiş, sonrakı dövrdə ayrı-ayrı qərarları ilə pensiyanı yenidən hesablamışdır. İddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın ləğvinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl, 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Bundan əlavə, işdə olan “X9” trestinin xx.xx.2024-cü il tarixli arayışına əsasən iddiaçının güzəştli iş stajı 9 il 6 ay 20 gün təşkil etsə də, işdə olan “X9” trestinin “Bayıl Limanı” X7 İdarəsinin xx.xx.2009-cu il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1995-ci ildən xx.xx.1998-ci ilədək “Xəzərqazmaneftqazsənaye” İstehsalat Birliyinin Xüsusiləşdirilmiş X2 Kəşfiyyat Qazma İdarəsində Geoloji şöbənin rəisi vəzifəsində işləyib. İdarə hal-hazırda “Bayıl Limanı” X8 İdarəsinin balansındadır. Geoloji şöbənin rəisi vəzifəsi bilavasitə dəniz şəraitində quyuların qazılmasında, mənimsəməsində və sınaqdan çıxarılmasında mədən geofiziki təqdim etmə keyfiyyətinə və quyuların tikintisi prosesi zamanı yeraltı sərvətlərin mühafizəsi qaydalarına riayət edilməsinə geoloji nəzarəti həyata keçirir. Həmçinin qazma zamanı karotaj işlərinin aparılmasında iştirak edir. Həmçinin “X9” trestinin xx.xx.2024-cü il tarixli əmək haqqı barədə arxiv arayışından görünür ki, iddiaçı 1996-cı ilin yanvar, mart, aprel, may, iyun, iyul aylarını dəniz şəraitində işləmişdir. Arayışa əlavə edilmiş əmək haqqı barədə qəbzlərdən görünür ki, iddiaçıya yanvar, fevral, mart, aprel, may, iyun 1996-cı il tarixlərdə ödənilən əmək haqqına dənizə görə əlavə ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na əsasən kod 1100000a—17531- quyularda geofiziki tədqiqat işlərini icra edən mədəngeofiziki partiyaların və dəstələrin fəhlələri: karotaj stansiyasının qaldırıcı maşinistləri, karotajçılar, özühərəkətedən karotaj stansiyasının motorçuları, partladıcılar güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. Məhkəmə qeyd edir ki, işin yuxarıda qeyd olunan halları ilə iddiaçının yanvar-iyun 1996-cı illərdə dənizdə işləməsi, bu zaman karotaj işlərinin aparılmasında da iştirak etməsi öz təsdini tapdığından, onun həmin işlərdəki fəaliyyətini yuxarıda qeyd edilən kodda göstərilən vəzifəyə aid etmək mümkündür. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə cavabdeh inzibati orqanın qanunvericiliklə üzərinə düşən vəzifələri icra etmədən iddiaçının hüquqlarına müdaxilə edən qərar qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 10764/2023 nömrəli qərarı və “Dövlət Sosial X4 rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-10765/2023 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova