Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3583/2022 08.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «cavabdehin qərarının ləğv edilməsi, iddiaçıya əmək pensiyasının əyani ali təhsil və müddətli hərbi xidmət müddətləri sığorta stajına daxil edilməklə yenidən hesablanması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «cavabdehin qərarının ləğv edilməsi, məktubunun əsassız hesab edilməsi, iddiaçıya əmək pensiyasının əyani ali təhsil və müddətli hərbi xidmət müddətləri nəzərə alınmaqla yenidən hesablanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı 26 aprel 2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək ərizəsində ona əyani ali təhsil və müddətli hərbi xidmətdə olduğu müddətlər nəzərə alınmadan 31 avqust 2013-cü il tarixdə yaşa görə əmək pensiyasının təyin edildiyini bildirmiş və həmin dövrlər nəzərə alınmaqla əmək pensiyası məbləğinin yenidən hesablanmasını xahiş etmişdir. Müraciətə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 3 iyun 2021-ci il tarixli **********5 nömrəli, 4 oktyabr 2021-ci il tarixli **********5 saylı məktubları ilə cavab verilmişdir. Sonuncu məktuba əlavə edilmiş 22 sentyabr 2021-ci il tarixli **********7 saylı qərarla 31 avqust 2013-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilərkən əyani təhsil və hərbi xidmət müddəti nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək 25 il 6 ay sığorta stajına və həmin tarixdən 1 may 2009-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 210.87 manat pensiya kapitalına əsasən yaşa görə əmək pensiyasının yenidən hesablanaraq 1 oktyabr 2021-ci il tarixdən 259,78 manat təyin edildiyi, xidməti yoxlama aparılarkən ilkin təyinat zamanı (23 fevral 2013-cü il tarixdən) sosial sığorta stajının 17 il olduğu halda 28 il 7 ay qeydə alınmaqla hesablandığı üçün pensiya məbləğinin artıq hesablanaraq ödənilməsinin aşkar edildiyi, bu əsasla da mübahisə edilən qərarla pensiya məbləği dəyişdirilərək 31 avqust 2013-cü il tarixdə 129,66 manat əvəzinə 144,95 manat, 31 dekabr 2013-cü il tarixdə 144,66 manat əvəzinə 159,95 manat, 31 dekabr 2014-cü il tarixdə 145,73 manat əvəzinə 161,38 manat, 31 dekabr 2015ci il tarixdə 146,37 manat əvəzinə 162,23 manat, 1 yanvar 2016-cı il tarixdə 148,22 manat əvəziunə 164,72 manat, 31 dekabr 2016-cı il tarixdə 158,22 manat əvəzinə 174,72 manat, 31 dekabr 2017-ci il tarixdə 164,20 manat əvəzinə 182,75 manat, xx.xx.2018-ci il tarixdə 173,55 manat əvəzinə 193,17 manat, 31 dekabr 2018-ci il tarixdə 186,63 manat əvəzinə 193,17 manat, 30 sentyabr 2019-cu ildə 192,23 manat əvəzinə 198,97 manat, yəni 23 fevral 2013-cu il tarixdən 1 oktyabr 2019-сu il tarixədək olan müddət ərzində ona artıq ödənilmiş 1.142,87 manat vəsait aylıq pensiyasından tutularaq cavabdehin hesabına bərpa olunacağı bildirilmişdir. Həmin qərar dərhal icraya yönəldilərək əmək pensiyasından tutulmaya yönəldilmişdir. İddiaçı cavabdehin istinad etdiyi qərarı ilə razı deyil və hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli, mübahisə həll edilənədək qərarın icrası dayandırılmalıdır. Belə ki, cavabdeh yuxarıda qeyd olunan qərarla və həmin qərara istinadən əsaslandırdığı 4 oktyabr 2021-ci İİ tarixli **********5 saylı məktubunda 31 avqust 2013-cü il tarixdə ona yaşa görə əmək pensiyası təyin edərkən əyani təhsil və hərbi xidmət müddəti nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək 25 il 6 ay sığorta stajı və 1 yanvar 2006-cı il tarixdən 1 may 2009-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 210.87 manat pensiya kapitalına əsasən yaşa görə əmək pensiya yenidən hesablanaraq 1 oktyabr 2021-ci il tarixdən 259,78 manat təyin edildiyini, xidməti yoxlama aparılarkən ilkin təyinat zamanı (23 fevral 2013-cü il tarixdən) sosial sığorta stajının 17 il olduğu halda 28 il 7 ay qeydə alındığına dair gəldiyi nəticə düzgün hesalamalar aparılmadan müəyyən edilməsi iddia ərizəsinə əlavə edilmiş əmək kitabçalarında əksini tapmış əmək stajı ilə təsdiq olunur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş əmək kitabçalarına görə 31 avqust 2013-cü il tarixdə ona yaşa görə əmək pensiyası təyin edilərkən hesablanmış ümümi əmək stajı 28 il 7 ay olmuş və həmin staja 19 mart 1977-ci il tarixdən 7 may 1979-cu il tarixədək müddətli hərbi xidmətdə olmağı və 2 iyul 1971-ci il tarixdən 10 iyul 1974-cü il tarixədək Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun əyani şöbəsində əyani təhsil almağı nəzərə alınmamışdır. Həqiqətən də, onun (iddiaçının) 1977 – 1979-cu illərdə hərbi xidmətdə olmağı və 1971 – 1974-cü illərdə əyani təhsil almağı iddia ərizəsinə əlavə edilmiş hərbi biletlə və Azərbaycan Texniki Universitetin 23 iyun 2021-ci il tarixli 580 saylı arayışı ilə təsdiqini tapır. «Əmək pensiyaları haqqında» Qanunun tələblərinə görə əmək pensiyaları hesablanarkən ümümi əmək stajına vətəndaşın əyani təhsil aldığı və müddətli hərbi xidmətdə olduğu müddətlər də nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmədən Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 22 sentyabr 2021-ci il tarixli **********7 saylı qərarının ləğv edilməsi, həmin qərara istinadən verilmiş 4 oktyabr 2021-ci il tatixli **********5 saylı məktubun əsassız hesab edilməsi, iddiaçıya əmək pensiyasının əyani ali təhsil və müddətli hərbi xidmət müddətləri nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondu həmin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 2 fevral 2022-ci il tarixli məktubunda (yazılı etirazda) bildirilir ki, «Əmək pensiyaları haqqında» Qanununun 7-ci maddəsinə əsasən 23 fevral 2013-cü il tarixdən İddiaçı yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının müraciəti və təqdim olunan sənədlər əsasında əyani təhsil və hərbi xidmət müddəti nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək 25 il 6 ay sığorta stajı və 1 yanvar 2006-cı il tarixdən 1 may 2009-cu il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 210.87 manat pensiya kapitalına əsasən ona yaşa görə əmək pensiyası yenidən hesablanaraq 1 oktyabr 2021-ci il tarixdən 259.78 manat məbləğində təyin edilmişdir. Xidməti yoxlama zamanı məlum olmuşdur ki, ilkin təyinat zamanı (23 fevral 2013-cü il tarixdən) iddiaçının sosial sığorta stajı 20 il 8 ay olduğu halda, 28 il 7 ay qeydə alınaraq hesablandığından, pensiyanın məbləği artıq hesablanmışdır. Nəticədə əmək pensiyasının məbləği 23 fevral 2013-cü il tarixdən 1 oktyabr 2019-cu il tarixədək 1.142.87 manat artıq hesablanıb ödənilmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qərarı ilə təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmiş və 22 aprel 2021-ci il tarixli “təhsil illəri nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması” barədə müraciətinə əsasən yasa görə əmək pensiyasının məbləği təqdim olunan sənədlər əsasında aşağıda verilmiş cədvələ uyğun olaraq yenidən hesablanmışdır: 23 fevral 2013cü il tarixdən 31 avqust 2013-cü il tarixədək – hesablanmayadək 144,95 manat, hesablanmadan sonra 129,66 manat, 1 sentyabr 2013-cü il tarixdən 31 dekabr 2013-cü il tarixədək – hesablanmayadək 159,95 manat, hesablanmadan sonra 144,66 manat, 1 yanvar 2014-cü il tarixdən 31 dekabr 2014-cü il tarixədək – hesablanmayadək 161,38 manat, hesablanmadan sonra 145,73 manat, 1 yanvar 2015-ci il tarixdən 31 dekabr 2015-ci il tarixədək – hesablanmayadək 162,23 manat, hesablanmadan sonra 146,37 manat, 1 yanvar 2016-cı il tarixdən 31 yanvar 2016-cı il tarixədək – hesablanmayadək 164,72 manat, hesablanmadan sonra 148,22 manat, 1 fervral 2016-cı il tarixdən 31 dekabr 2016-cı il tarixədək – hesablanmayadək 174,72 manat, hesablanmadan sonra 158,22 manat, 1 yanvar 2017-ci il tarixdən 31 dekabr 2017-ci il tarixədək – hesablanmayadək 182,75 manat, hesablanmadan sonra 164,20 manat, 1 yanvar 2018-ci il tarixdən 22 aprel 2018-ci il tarixədək – hesablanmayadək 193,17 manat, hesablanmadan sonra 173,55 manat, 23 aprel 2018-cü il tarixdən 31 dekabr 2018-ci il tarixədək – hesablanmayadək 139,17 manat, hesablanmadan sonra 186,63 manat, 1 yanvar 2019-cu il tarixdən 30 sentyabr 2019-cu il tarixədək – hesablanmayadək 198,97 manat, hesablanmadan sonra 192,23 manat, 1 oktyabr 2019-cu il tarixdən 31 dekabr 2019-cu il tarixədək – hesablanmayadək 200 manat, hesablanmadan sonra 200 manat, 1 yanvar 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək – hesablanmayadək 233,20 manat, hesablanmadan sonra 233,20 manat, 1 yanvar 2021-ci il tarixdən 30 sentyabr 2021ci il tarixədək – hesablanmayadək 259,78 manat, hesablanmadan sonra 259,78 manat. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 22 senrtabr 2021-ci il tarixli **********7 nömrəli qərarına əsasən 23 fevral 2013-cü il tarixdən 1 oktyabr 2019-cu il tarixədək artıq ödənilmiş 1.142.87 manat vəsait bölünərək iddiaçının aylıq əmək pensiyasından tutulmaqla DSMF-nin hesabına bərpa olunacaqdır. «İnzibati İcraat haqqında» Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 69.1-ci maddəsinə əsasən inzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65, 67 və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Sözügedən Qanunun 63.4-cü maddəsinə əsasən inzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 4 oktyabr 2021-ci il tarixli **********5 nömrəli məktubu ilə vətəndaşa pensiya məbləğinin dəyişdirilməsi barədə məlumat verilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 39.1-ci maddəsinə uyğun olaraq artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Sözügedən Qanunun 39.2-ci maddəsinə əsasən bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, əmək pensiyaçısına ödənilməli olan məbləğin 20 faizindən artıq ola bilməz. Eyni zamanda Qanunun 39.4-cü maddəsinin tələbinə uyğun olaraq borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Hazırda iddiaçının 259.7846 manat yaşa görə əmək pensiyası məbləğindən 47.62 manat məbləğində tutulma həyata keçirilməklə iddiaçıya ödənilən məbləğ 212.1646 manat təşkil edir. «İnzibati icraat haqqında» Qanunun 82.1 və 82.2-ci maddələrinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. «İnzibati icraat haqqında» Qanunun 82.3-cü maddəsinə əsasən tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi üçün nəzərdə tutulmuş şərtlərə əməl edilmiş, yəni, borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati akt qəbul edilərək ona rəsmi olaraq ünvanlanmış; pul tələblərinin ödənilməsi üçün müəyyən olunmuş icra müddəti bitmiş; borcluya ünvanlanmış xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclu ödəməni həyata keçirməmişdir. «İnzibati icraat haqqında» Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. «İcra haqqında» Qanunun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qərar qəbul edilərkən «İnzibati icraat haqqında» Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin «Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» 30 dekabr 2019-cu il tarixli, 912 nömrəli Fərmanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Göstərilənlərə və İPM-in, Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin və X7 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X4”nin müvafiq müddəalarına əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdehin qərarının ləğv edilməsi, iddiaçıya əmək pensiyasının əyani ali təhsil və müddətli hərbi xidmət müddətləri sığorta stajına daxil edilməklə yenidən hesablanması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (maddə 14.1). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (maddə 14.3). İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. «İnzibati icraat haqqında» Qanunun 2-ci maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir (maddə 2.0.6). Əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır (maddə 2.0.10). Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir (maddə 21.1). Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur (maddə 21.2). Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 241.). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş tələblərinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 25 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, iddiaçı X3 iddiasında cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “əmək pensiyası məbləğinin dəyişdirilməsi və artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” 22 sentyabr 2021-ci il tarixli **********7 nömrəli qərarını mübahisələndirir (ləğvini arzulayır) və 1 yanvar 2006-cı il tarixədək təhsil aldığı və hərbi xidmətdə olduğu dövrlər sosial sığorta stajına daxil edilməklə ona əmək pensiyasının yenidən hesablanmasını tələb edir. İlk növbədə məhkəmə qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı işin halları ilə bağlı isə qeyd olunan yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı DSMF orqanı qərar qəbul edərək iddaçının əmək pensiyasının məbləğini dəyişdirilmişdir. Məhkəmə mübahisənin bu halı ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan qərarı qəbul edərkən apardığı inzibati icraata iddiaçını cəlb etməli, onu bu barədə məlumatlandırmalı və onun dinlənilmə hüququnu təmin etməkli idi. Lakin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, cavabdeh inzibati orqan bu hərəkətləri etməmiş və nəticədə «İnzibati icraat haqqında» Qanunun 11, 21, 24-cü maddələrinin tələblərini pozmaqla qərar qəbul etmişdir. Həmçinin qərarın “artıq ödənilmiş pensiya məbləğinin tutulması” hissəsinə gəldikdə, məhkəmə qeyd edir ki, iddiaçı qanunla qorunan etimad hüququna malik olduğundan, inzibati orqan qeyd etdiyi müvafiq səbəblə iddiaçıya ödənilmiş pensiya məbləğinin qaytarılmasını tələb edə bilməz və onun tutulması barədə qərarın qəbulu «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.5-ci maddəsinə görə yolverilən deyil. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 22 sentyabr 2021-ci il tarixli **********7 nömrəli qərar müvafiq inzibati icraatı apararkən qanunçuluq və etimadın qorunması prinsiplərini gözləmədən qəbul edildiyindən, iddia “cavabdehin 22 sentyabr 2021-ci il tarixli **********7 nömrəli qərarının ləğv edilməsi” hissəsində əsaslı sayılır. İddianın digər, yəni “iddiaçıya əmək pensiyasının əyani ali təhsil və müddətli hərbi xidmət müddətləri sığorta stajına daxil edilməklə yenidən hesablanması” hissəsinə gəldikdə isə, qeyd olunmalıdır ki, «Əmək pensiyaları haqqında» Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: - (21.2.3) müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: - “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; - “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının təhsili barədə təqdim etdiyi diplomda və hərbi xidməti barədə hərbi biletində göstərilən məlumatların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, habelə məhkəmə icraatında da bununla əlaqədar xüsusat mövcud olmadığından, bu məlumatları daşıyan sənədlər kimi həmin diplom və hərbi bilet mötəbər hesab olunur. Məhkəmə vurğulayır ki, hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununun müddəaları təhsil illərinin sığorta stajına daxil edilməsini nəzərdə tutmasa da, 2006-cı ilin yanvar ayının 1-dən qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsi həmin müddəti də iş stajına daxil edir. Hərbi xidmət dövrünün sosial sığorta stajına daxil olması hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 21.2-ci maddəsində də təsbiq olunmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, İddiaçı təhsil aldığı və hərbi xidmət dövrlər sözügedən Qanunun qüvvədə olduğu dövrdən əvvələ təsadüf etsə də, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi həmin müddəanın iddiaçının təhsil illərinə münasibətdə tətbiqini yolverilən edir. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının müvafiq təhsil illəri və hərbi xidmət dövrü sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanmaması qanuna, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 11, 13, 16, 58-ci maddələrinə ziddir və onun hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “əmək pensiyası məbləğinin dəyişdirilməsi və artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” 22 sentyabr 2021-ci il tarixli **********7 nömrəli qərarı ləğv edilməli və İddiaçı ali təhsil və hərbi xidmət müddəti onun sosial sığörta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “əmək pensiyası məbləğinin dəyişdirilməsi və artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” 22 sentyabr 2021-ci il tarixli **********7 nömrəli qərarı ləğv edilsin. İddiaçı ali təhsil və hərbi xidmət müddəti onun sosila sığörta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3583/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3583/2022
08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver