Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3583/2023 23.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 39 ünvanında yerləşən 4.800 kv.m torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 12 fevral 2007-ci il tarixli 6 saylı qərarı ilə Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında yerləşən İddiaçı adına 4.800 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin ünvanda uzun müddətdir ki, bütün kommunal xidmətlər abunəçi kimi İddiaçı adına qeydiyyatdan keçmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında X7 tərəfindən kod açılaraq nəzarət-kassa aparatı quraşdırılmış və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən texniki şərt verilərək yol çəkilmişdir. Lakin həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün, o müəyyən çətinliklərlə üzləşir və qanuni istifadəsində olan əmlakla bağlı hüquqlarından tam şəkildə istifadə edə bilmir. Ona görə də, həmin ünvanda yerləşən 4.800 kv.ç torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Müraciət üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 25 noyabr 2021-ci il tarixli **********33 saylı cavab məktubu ilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının qeyri-mümkün olması qeyd edilmişdir. Göstərilənlərə əsaslanaraq, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 39 ünvanında yerləşən 4.800 kv.m torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzəqrinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmənin 14 fevral 2023-cü il tarixli qərardadı ilə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi əsl cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış iddiaya qarşı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 48 sot torpaq sahəsi və üzərindəki 625 kv.m mülklə bağlı hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 20 noyabr 2021-ci il tarixli ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş və sözügedən qeyri-yaşayış binasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa 25 noyabr 2021-ci il tarixli məktub ünvanlanmışdır. Göründüyü kimi, iddia tələbi ilə müraciət arasında uyğunsuzluq mövcuddur. Belə ki, müraciətdə daşınmaz əmlakın ünvanı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 kimi qeyd olunsa da, iddia tələbində ünvan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 39i kimi göstərilmişdir. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən 18 avqust 2023-cü il tarixdə ünvana keçirilən texniki baxış zamanı müəyyən edilmişdir ki, faktiki göstərilən torpaq sahəsi Xəzər dənizi ilə Salyan şossesi arasında olan, bir hissəsi relyefli, üç tərəfdən hasara alınmış ərazinin bir hissəsini təşkil edir. Faktiki göstərilən sahə Xəzər dənizindən 40 – 65 metr aralı məsafədə yerləşir. Həmçinin, elektron kadastr baza məlumatlarına əsasən şərti olaraq göstərilmiş 4.800 kv.m torpaq sahəsi Salyan şossesinin dəniz tərəfdən yolun kənarına (kənar xəttə) yaxın hissədə yerləşir və iddia olunan torpaq sahəsinin 2.600 kv.m hissəsi Xəzər dənizinin mühafizə zonasına düşür. Habelə elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla məqsədli təyinatı yol, infrastruktur sahələri kimi göstərilmişdir. Elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi dövlət mülkiyyətindədir, bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin, cizgidə coğrafi istinad məlumatları, ölçülər və məsafələr qeyd edilməmişdir. Bundan başqa iddia olunan torpaq sahəsinə digər şəxs X2 Əmlak Məsələləri Dövlət Xidmətinin müraciətləri daxil olmuşdur. Bundan əlavə iddia olunan torpaq sahəsindən qaz xətti keçir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.9.2, 8.0.10.1-ci maddələrinə, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 4.0.1, 6.5-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 8 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.1-ci maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları»nın 2.7-ci bəndinə, İPM-in 35.1-ci maddəsinə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. Məhkəmənin qərardadı ilə iddia “torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianın əsassız olduğunu bildirdi və onun təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 bildirdi ki, müvafiq torpaq sahəsi ilə bağlı 2019-cu ildə İdarəyə müraciəti olmuşdur. Lakin həmin torpaq sahəsinə heç bir iddiası yoxdur, ərizənin geri götürülməsini istəmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: (158.1.1) girov hüququ; (158.1.2) əmlakdan istifadə hüququ; (158.1.3) servitutlar. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Səbail Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir. İnzibati orqan tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, “torpaq sahəsi üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Səbail rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik normalarının tələbləri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları həmin əmlaklara hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas kimi müəyyən edir. Bundan başqa qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə görə inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 64.4-cü maddəsinə görə etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Cavabdeh tərəf iddiaya qarşı yazılı etirazında nəticə etibarı ilə iddianın mümkün sayılmamasını tələb etsə də, iddiaya qarşı dəlilləri aşağıdakılardır: 1) İddia tələbi ilə müraciət arasında uyğunsuzluq mövcuddur – müraciətdə daşınmaz əmlakın ünvanı Salyan şossesi 32 kimi qeyd olunsa da, iddia tələbində ünvan Salyan şossesi 39i kimi göstərilmişdir. 2) Təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir; 3) sözügedən qeyri-yaşayış binasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir; 4) Faktiki göstərilən torpaq sahəsi Xəzər dənizi ilə Salyan şossesi arasında olan, bir hissəsi relyefli, üç tərəfdən hasara alınmış ərazinin bir hissəsini təşkil edir. Faktiki göstərilən sahə Xəzər dənizindən 40 – 65 metr aralı məsafədə yerləşir. Elektron kadastr baza məlumatlarına əsasən şərti olaraq göstərilmiş 4.800 kv.m torpaq sahəsi Salyan şossesinin dəniz tərəfdən yolun kənarına (kənar xəttə) yaxın hissədə yerləşir və iddia olunan torpaq sahəsinin 2.600 kv.m hissəsi Xəzər dənizinin mühafizə zonasına düşür; 5) Elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla məqsədli təyinatı yol, infrastruktur sahələri kimi göstərilmişdir; 6) Elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi dövlət mülkiyyətindədir, bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin, cizgidə coğrafi istinad məlumatları, ölçülər və məsafələr qeyd edilməmişdir; 7) İddia olunan torpaq sahəsinə digər şəxs X2 müraciətləri daxil olmuşdur; 8) İddia olunan torpaq sahəsindən qaz xətti keçir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin müvafiq məktubu ilə iddia olunan torpaq sahəsinin ünvanının Bakı şəhəri, Salyan şossesi 39 olması və müvafiq sənədləşmədə səhvən Salyan şossesi 32 göstərilməsi bildirilmişdir. Bundan başqa, iddia olunan sahənin cizgisi mövcuddur və mübahisəyə həmin cizgidə əks olunmuş koordinatlar üzrə torpaq sahəsinə münasibətdə qiymət verilməlidir. Məhkəmənin iş üzrə 14 fevral 2023-cü il tarixli qərardadı ilə məhkəmə ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: - (1-ci sual) Bakı şəhəri Səbail Bələdiyyəsinin 12 fevral 2007-ci il tarixli 06 nömrəli qərarına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 39 ünvanında yerləşən 4.800 kv.m torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi; - (2-ci sual) Bakı şəhəri Səbail Bələdiyyəsinin 12 fevral 2007-ci il tarixli 06 nömrəli qərarına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 39 ünvanında yerləşən 4.800 kv.m torpaq sahəsinin məqsədli təyinatının müəyyən edilməsi; - (3-cü sual) Bakı şəhəri Səbail Bələdiyyəsinin 12 fevral 2007-ci il tarixli 06 nömrəli qərarına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 39 ünvanında yerləşən 4.800 kv.m torpaq sahəsinin ayrılan dövrdə Səbail bələdiyyəsinin mülkiyyətində olan, habelə Bakı ŞİH-in 31 avqust 2000-ci il tarixli 812 nömrəli sərəncamı ilə adışəkilən bələdiyyəyə ayrılması nəzərdə tutulan ərazi hüdudlarında, habelə yolun mühafizə zolağında yerləşib-yerləşməməsinin müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2023-cü il tarixli 10/2123 nömrəli ekspert rəyinin “Tədqiqatın nəticələri” hissısində aşağıdakılar qeyd olunmuşdur: - (1-ci sual üzrə) Bakı şəhəri Səbail Bələdiyyəsinin 12 fevral 2007-ci il tarixli 6 nömrəli qərarına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 39 ünvanında yerləşən 2.464 kv.m torpaq sahəsinin hüdudları müəyyən edilərək rəyə əlavə olunmuş sxemdə göstərilmişdir; - (2-ci sual üzrə) Bakı şəhəri Səbail Bələdiyyəsinin 12 fevral 2007-ci il tarixli 6 nömrəli qərarına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 39 ünvanında yerləşən 2.464 kv.m torpaq sahəsinin Mərkəzə təqdim edilmiş elektron baza məlumatlarına (kadastrportali.az) əsasən “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olduğu müəyyən edilmişdir; - (3-cü sual üzrə) Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, 19-cu maddəsinin 4-cü bəndini, 33-cü maddəsinin 3-cü bəndini, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq tələblərini və Səbail bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisini nəzərə alaraq, İddiaçı ayrılmış torpaq sahəsinin həmin torpaq sahəsi ayrılan zaman Bakı ŞİH-in 31 avqust 2000-ci il tarixli 812 nömrəli sərəncamı ilə Səbail Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşdiyi və hal-hazırda iddiaçının istifadəsində olan 2.464 kv.m torpaq sahəsinin yolun mühafizə zonasına düşmədiyi müəyyən edilmişdir. Həmçinin ekspert rəyinin “Tədqiqat prosesinin təsviri” hissısində qeyd olunur ki, İddiaçıya (X4) məxsus torpaq sahəsinin Xəzər dənizinin və yolun mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Həmin torpaq sahəsinin mühafizə zonalarına düşməyən hissəsi 2.464 kv.m təşkil edir. Hal-hazırda faktiki olaraq iddiaçı 2.464 kv.m torpaq sahəsindən istifadə edir. İş materiallarında olan iclas protokolundan görünür ki, iş üzrə əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hazırkı iş üzrə müvafiq qərardad üzrə rəy vermiş eksperti (Məmmədov T.S.) suallara cavab olaraq bildirmişdir ki, iddiaçı X4 məxsus torpaq sahəsinin 2.464 kv.m hissəsi Xəzər dənizinin və həmin ərazidəki yolun mühafizə zonasına düşmür. Göründüyü kimi, məhkəmə icraatında tədqiq olunmuş 21iyun 2023-cü il tarixli ekspet rəyi ilə mübahisə obyekti olan torpaq sahəsinin ayrılan dövrdə bələdiyyə mülkiyyətində olması təsdiqlənir, habelə 2.464 kv.m torpaq sahəsinin ətrafdakı müvafiz yolun və Xəzər dənizinin mühafizə zonalarına düşməsi təkzib olunur. Həmçinin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olması müəyyən edilir. Məhkəmə hazırkı iş üzrə ekspert rəyi ilə razılaşmamaqla bağlı hər hansı xüsusat müəyyən etməmişdir. Odur ki, ekspert rəyi də mötəbər sübut qismində qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, Bakı şəhəri Səbail bələdiyyəsinin 12 fevral 2007ci il tarixli 06 nömrəli qərarına münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı həmin qərarla ayrılmış sahənin 2.464 kv.m hissəsinə münasibətdə etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 12 fevral 2007-ci il tarixli qərar geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından Bakı şəhəri Səbail Bələdiyyəsinin 12 fevral 2007-ci il tarixli 06 nömrəli qərarı mötəbər sübut kimi qiymətləndirilməlidir. Bakı şəhəri Səbail Bələdiyyəsinin 12 fevral 2007-ci il tarixli 06 saylı qərarının qəbulu üzrə inzibati icraat zamanı alqı-satqı aktının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməməsi yekun inzibati akt kimi 12 fevral 2007-ci il tarixli 06 nömrəli qərarın hüquqi qüvvəsinə təsir etmir. Eləcə də nəzərə alınmalıdır ki, toprpaq sahəsindən qaz xəttinin keçməsi onun üzərində hüququn reyestrdə qeydiyyata alınmasına mane ola bilməz. Çünki, qaldırılan məsələ torpaq sahəsindəki tikililərlə bağlı deyil, mübahisə yalnız torpaq sahəsinə hüquqla bağlıdır. Digər fiziki şəxs X2 müraciətlərinə gəldikdə isə, qeud olunmalıdır ki, torpaq sahəsi ilə bağlı digər şəxsin müraciətinin daxil olması qanuni istifadəçinin, mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Digər tərəfdən də, məhkəmə icraatında şahid qismində çıxış edən X2 hazırkı mübahisə predmeti olan torpaq sahəsinə iddiasının olmadığını bildirmişdir. Odur ki, məhkəmənin qənaətinə görə Bakı şəhəri Səbail bələdiyyəsinin qərarı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 39 ünvanında yerləşən 2.464 kv.m torpaq sahəsinin İddiaçı ayrılmasını təsdiq edən hüquqmüəyyənedici sənəd kimi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə uyğun olaraq iddiaçının ona istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması üçün əsasdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qismən (yəni, 2.464 kv.m torpaq sahəsinə münasibətdə) qanunsuz sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi xəzər dənizinin və müvafiq yolun mühafizə zonalarına düşən 2.336 kv.m torpaq sahəsinə münasibətdə əsassızdır və rədd edilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 39 ünvanında yerləşən 2.464 kv.m torpaq sahəsi üzərində İddiaçı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrl və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 39 ünvanında yerləşən 2.464 kv.m torpaq sahəsi üzərində İddiaçı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrl və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3583/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3583/2023
23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver