Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3584/2021 16.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «cavabdehin hərəkətləri qanunsuz sayılmaqla iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi zamanı müvafiq dövrdə yaranmış fərq məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «cavabdehin hərəkətləri qanunsuz sayılmaqla iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi zamanı müvafiq dövrdə yaranmış fərq məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirlir ki, iddiaçı (İddiaçı) xx xxxxx 1965-ci il tarixdə Qubadlı rayonunda doğulmuşdur. Qubadlı Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmaqla 1 mart 1992-ci il tarixdən 23 yanvar 1996-cı il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçı 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərə qatılmış və döyüş bölgəsində hərbi xidmət keçərkən 6 avqust 1992-ci il tarixdə yaralanmışdır. Belə ki, mərmi partlaması zamanı çoxsaylı yaralar və xəsarətlər almış və Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2011-ci il tarixli qətnaməsinə əsasən onun ərizəsi təmin edilməklə Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi xidməti vəzifələrini yerinə yetirərkən 6 avqust 1992-ci il tarixdə yaralanması faktı təsdiq edilmişdir. 8 dekabr 2011-ci il tarixli SQ MTE müayinə sənədi ilə aldığı xəsarətlər təsdiq olunmuşdur. Bununla bağlı Mərkəzi Hərbi- Həkim Komissiyası ona qərar vermiş və həmin qərarda göstərilmişdir ki, «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır». AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirıiyinin 1 iyun 2011-ci il tarixli qərarına əsasən ona hərbi əlil kimi əmək pensiyası təyin olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçının Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinə qarşı sığorta pulunun ödənidlməsi tələbinə dair iddiası təmin edilməklə 2-ci qrup Qarabağ müharibəsi əlili kimi 6.600 manat məbləğində pulun tutularaq ona verilməsi qət edilmişdir. İddiaçı 20 sentyabr 2007-ci il tarixdən 31 may 2011-ci il tarixədək 2-ci qrup əlil kimi DSMF Qubadlı rayon şöbəsindən pensiya almış və aldığı pensiyanın ümumi məbləği 4.693,87 manat təşkil etmişdir. Lakin 4 may 2011-ci il tarixdə o, ərizə verərək 2-ci qrup hərbi əlil kimi pensiyanın təyin edilməsini xahiş etmişdir. Bundan sonra, 1 iyun 2011-ci il tarixdən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlilliyə görə təminat xərcliyinin (427,25 manat) 80 faizi miqdarında – 341,80 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdeh təşkilata ərizə ilə müraciət edərək 20 sentyabr 2007-ci il tarixdən 31 may 2011-ci il tarixədək olan dövrdə aldığı pensiya ilə ona 2-ci qrup hərbi əlil kimi təyin edilməli olan əmək pensiyası arasındakı fərqin də hesablanaraq adına olan karta yüklənməsini xahiş etmişdir. Lakin ona 8 dekabr 2020-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Həmin imtinanı cavabdeh təşkilat onunla əsaslandırmışdır ki, onun fərqin ödənilməsini istədiyi (20 sentyabr 2007-ci il tarixdən 31 may 2011-ci il tarixədək olan) dövr 3 ildər artıq dövrü əhatə etdiyindən, həmin müddətə əmək pensiyasının yenidən hesablanması və fərqin ödənilməsi mümkün deyildir. Cavabdehin bu hərəkətləri qanunsuz hesab edilməli və həmin fərq məbləği ona ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60, 71-ci maddələrinə, «Əmək pensiyaları haqqında» AR Qanununun 20.16, 31, 32-ci maddələrinə, İPM-in 2,2, 14, 35-ci maddələrinə əsaslanaraq, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilməklə iddiaçıya 20 sentyabr 2007-ci il tarixdən 31 may 2011-ci il tarixədək olan dövrdə aldığı pensiya ilə 2-ci qrup hərbi əlil kimi təyin edilməli olan əmək pensiyası arasındakı fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənələrin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. Məlum olduğu kimi, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2 və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən AR Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. AR Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»na əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İlkin olaraq iddiaçıya DSMF-nun Qubadlı rayon şöbəsindən İİ qrup əlilliyə görə (əlilliyin səbəbi: ümumi xəstəlik) 2001-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. İddiaçı sonradan 18 mart 2011-ci il tarixdə TSEK-na müraciət etmiş və əlilliyin səbəbi dəyişdirilərək “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” sözləri ilə əvəz edilmişdir. O, daha sonra AR Müdafiə Nazirliyinə müraciət edərək “məlumat vərəqi”nin İdarəyə göndərilməsini xahiş etmişdir. İddiaçının adına pensiya təyinatı ilə bağlı AR Müdafiə Nazirliyi tərəfindən “məlumat vərəqi” İdarəyə daxil olmuş və «Əmək pensiyaları haqqında» AR Qanununun 20.16.1-ci maddəsinə əsasən İİ qrup əlilidə görə 18 mart 2011-ci il tarixdən əmək pensiyası təyin edilmişdir (əlilliyin səbəbi: Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar). AR Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş «Tibbi sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul etdiyi tarixdən hesablanır. Bu səbəbdən də, iddiaçıya pensiya təyinatı 18 mart 2011-ci il tarixdən “məlumat vərəqi”nə əsasən yenidən hesablanaraq hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X3 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlilliyi olan şəxslər aşağıdakı kateqoriyalara bölünürlər: (11.2.1) müharibə ilə əlaqədar əlilliyi olan şəxslər – əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; (11.2.2) hərbi qulluqçular sırasından digər əlilliyi olan şəxslər – əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Həmin Qanunun 20.16-cı maddəsinə əsasən bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: (20.16.1) müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin – 100 faizi, müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərə – 80 faizi, müharibə ilə əlaqədar İİİ dərəcə əlilliyi olan şəxslərə – 55 faizi; (20.16.2) İ dərəcə əlilliyi olan digər şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə) müvafiq təminat xərcliyinin – 60 faizi, İİ dərəcə əlilliyi olan şəxslərə – 55 faizi, İİİ dərəcə əlilliyi olan şəxslərə – 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin 4.1-ci bəndinə əsasən şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Əsasnamənin 4.16-cı bəndinə əsasən TSEK 2 iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə «Əlilliyin qiymətləndirilməsi Qaydası» təsdiq edilmiş və «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarının 1 – 4-cü hissələri ləğv edilmişdir. Hazırkı işin hallarına görə iddiaçıya əlilliyə görə əmək pensiyası onun əlilliyinin müəyyən olunduğu tarixdən (2007-ci ildən) təyin olunmuş, sonradan əlilliyin səbəbi dəyişdirilmiş (2011-ci ildə) və bununla bağlı əmək pensiyası yenidən hesablanaraq ödəniş davam etdirilmişdir. Lakin iddiaçı bununla razılaşmır və 2007 – 2011-ci illər üzrə yaranmış fərq məbləğinin ona ödənilməsini də tələb edir. Qanunvericilik hərbi qulluqçuya əlilliyə görə əmək pensiyasını əlilliyin onun xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və ya xəsarət nəticəsində yaranması ilə şərtləndirir. Odur ki, əlilliyə əmək pensiyası hüququ əlillik təyin olunquqda yarandığından, hazırkı iddiaçının əlilliyinin səbəbi 31 may 2011-ci il tarixdə dəyişdirildikdən sonra sonuncu hala uyğun pensiya məbləğini tələb etmək hüququ da həmin tarixdən yaranır. Belə olan halda, məhkəmə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinasını qanuna zidd qiymətləndirmir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «cavabdehin hərəkətləri qanunsuz sayılmaqla iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi zamanı müvafiq dövrdə yaranmış fərq məbləğinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «cavabdehin hərəkətləri qanunsuz sayılmaqla iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi zamanı müvafiq dövrdə yaranmış fərq məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3584/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3584/2021
16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver