Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3584/2024 23.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə (üçüncü şəxs X2) qarşı “qeydin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə qarşı “qeydin bərpa edilməsi”barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X2 ilə 18 aprel 2007-ci il tarixdə nikaha daxil olmuş, nikahları Şərur rayonu Ələkli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən 03 nömrəli akt qeydi ilə qeydə alınmış, şəhadətnamə verilmişdir. Buna əsasən şəxsiyyət vəsiqəsində də soyad dəyişikliyi etmişdir. Şəhadətnamənin əslini itirdiyi üçün təkrar verilməsi üçün aidiyyəti quruma müraciət etmiş, lakin müraciətin təminindən əsassız olaraq imtina edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə edərək X2 ilə bağlanılmış nikaha dair 18 aprel 2007-ci il tarixli 3 nömrəli nikah akt qeydinin bərpa edilməsi və buna dair nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçının əvvəlki soyadı Seyidova olmuşdur. Surəti olan nikah haqqında şəhadətnamədən görünür ki, X2 ilə X4 arasında nikah 03 nömrəli 2007-ci il tarixdə qeydə alınmışdır. Arayışdan görünür ki, X4 və X2 arasında nikah akt qeydi aşkar edilməmişdir. Nümayəndəliyin arayışından görünür ki, nümayəndəlikdə 2008-ci il tarixdən əvvəl bağlanılmış nikah qeydiyyatı mövcud olmamışdır. Cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, akt qeydinin mövcud olduğunu təsdiq edən kifayət qədər əsaslar mövcud olmadığından müraciətin təminindən imtina edilmişdir. Ərizə icraata qəbul edilmişdir. Doğum haqqında şəhadətnamələrdən görünür ki, X5 və X1 atası X3, anası İddiaçıdır. İddiaçının şəxsiyyəti ilə əlaqədar elektron məlumat bazasından çıxarışlardan görünür ki, iddiaçının 13 may 2003-cü il tarixli şəxsiyyət barədə məlumatlarında soyadı Seyidova olmuş, ailə vəziyyəti subay olmuş, sonradan verilən sənədlə soyad Məmmədovaya dəyişdirilmiş, ailə vəziyyəti evli kimi göstərilmişdir. Cavabdehin 19 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının soyad dəyişikliyi ilə akt qeydi aşkar edilməmişdir. Ərizədən görünür ki, üçüncü şəxs M.Məmmədov nikah haqqında şəhadətnamənin verilməsinə etiraz etmədiyini bildirmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların: 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 14-cü bəndinə əsasən İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir; 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Qanunvericiliyin tələbindən də göründüyü kimi nikah haqqında akt qeydi də daxil olmaqla aktların itirilmiş qeydlərinin inzibati məhkəmə icraatı qaydasında bərpası yalnız o hallarda mümkündür ki, müvafiq qeydin, eləcə də nikah haqqında akt qeydinin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olmuş olsun. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası, həmin sənədlərin mövcud olmaması səbəbindən mümkün olmadıqda isə doğum haqqında vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göründüyü kimi, iş üzrə inzibati məhkəmə icraatı qaydasında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdeh qeydiyyat şöbəsinə həvalə edilməsi üçün nikah haqqında akt qeydinin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər mövcud olmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə də nikah haqqında akt qeydinin mövcud olduğunu təsdiq edən sənədlər kifayət qədərdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əvvəlki soyadı Seyidova olmuş, ailə vəziyyəti subay kimi göstərilmiş, lakin bərpasını tələb etdiyi nikah akt qeydinin əsasında duran nikaha daxil olduğu tarixdən sonra isə ərinin soyadını qəbul etmiş, eləcə də ailə vəziyyəti evli kimi göstərilmişdir ki, göstərilən hal, məhkəmə hesab edir ki, iddianın təmini üçün əsasların mövcud olduğunun sübut edən hallardan biridir. Eyni zamanda, iş materiallarından da göründüyü kimi iddiaçı və üçüncü şəxslərin övladlarının doğum haqqında şəhadətnamələri ilə iddiaçı və üçüncü şəxsin nikah münasibətlərində olması halı öz təsdini tapmışdır ki, Rusiya Federasiyasına təqdim edilən sənədlərdən də göründüyü kimi iddiaçı və üçüncü şəxs arasında nikah qeydiyyata alınmışdır. Nümayəndəliyin arayışından da göründüyü kimi aktla bağlı qeydiyyatın aparılmaması 2008-ci il tarixdən əvvəlki tarixə ümumiyyətlə nikah akt qeydləri ilə bağlı məlumatın saxlanılmaması ilə əlaqədar olmuşdur ki, məhkəmə hesab edir ki, həmin hal da iddianın təmini baxımından iddiaçının xeyrinə şərh edilməlidir. Eyni zamanda, iddiaçı tərəfindən əslini itirildiyindən yalnız surəti təqdim edilmiş nikah haqqında şəhadətnamədən də göründüyü kimi sənədin surət də olsa itirilmiş əslindən fərqli olmasına əsas yaratmayan şəhadətnamə həqiqətən də mövcud olmuş, nikah qeydə alınmışdır ki, göstərilən hallar itmiş qeydin bərpası üçün əsas yaradır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx xxxxxx 1986-cı il təvvəllüdlü İddiaçı ilə 14 iyul 1984-cü il təvəllüdlü X2 arasəmda bağlanılmış nikaha dair Şərur rayonu Ələkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 18 aprel 2007-ci il tarixli 3 nömrəli nikah akt qeydinin bərpa edilməsi və buna dair nikah haqqında şəhadətnamənin iddiaçıya verilməsi öhdəliyi 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-3584/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3584/2024
23.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver