Məhkəmə qərarları › İş №2-1(112)-3585/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3585/2021

08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3585/2021 08.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı (3-cü şəxs Tovuz rayon İcra və Probasiya Şöbəsi olmaqla) “müraciətə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati mübahisəyə dair işə hazırlıq icraatı mərhələsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı (3-cü şəxs Tovuz rayon İcra və Probasiya Şöbəsi olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 10 fevral 2020-ci il tarixli şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, 10 fevral 2020-ci il tarixli şikayət ərizəsinə cavab verməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməs barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 08 iyul 2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə tərəfindən lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbi baxımından məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq 14 iyun 2021-ci il tarixdə iddiaçıya məktub ünvanlanaraq, nümayəndəsi olduğu tələbkar X2 adından Bakı şəhəri Tovuz rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli 2(062)-1545/2019 saylı məhkəmə əmrinin icra edilməməsi ilə bağlı cavabdeh orqana müraciət edərkən iddianı X2 adından deyil, öz adından qaldırdığı, buna müvafiq olaraq dəqiqləşdirilmiş iddia ərizəsi ilə (iddiaçı düzgün qeyd olunmaqla) məhkəməyə müraciət edilməsi izah edilsə də, lakin iddiaçı tərəfindən hər hansı müvafiq hərəkət edilməmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məhkəmə qərarının icra edilməməsi barədə şikayət ərizəsi ilə müraciət edərək məhkəmə qərarının icra edilməsinə köməklik göstərməsini xahiş etmişdir. Lakin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi şikayət ərizəsinə cavab verilməsini təmin etməyib. Aşağıda göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin şikayət ərizəsinə cavab verməməsi qanunsuz və əsassız hesab edilməli və şikayət ərizəsinə cavab verməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 57-ci madddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası qanununun 10.1 -ci maddəsinə əsasən bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cümaddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isəən geci 30 iş günü müddətində baxılır. Həmin qanunun 10.5-ci maddəsinə əsasən bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır. Həmin qanunun 12.2-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər. İşin faktiki hallarından göründüyü kimi, yerli icra qurumu tərərəfındən məhkəmə qərarı icra edilməyib. Yerli icra qurumu məhkəmə qərarının icra edilməsi barədə müraciətlərini cavablandırmayıb, həmçinin məhkəmə qərarının icra edilməsi üçün zəruri tədbirlər görülməsini təmin etməyib. Bununla əlaqədar olaraq cavabdeh təşkilata şikayət ərizəsi ilə müraciət etmiş, lakin cavabdeh təşkilat müraciətin cavablandırılmasını təmin etməmişdir. Cavabdeh təşkilatın müraciəti cavablandırmaqdan imtina etməsi «Vətəndaşların müraciətləri haqqında» qanunun, «Dövlət qulluğu haqqında» qanununun 18.0.5-ci, «Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat»ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli fərmanının 3-cü və “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cu il 24 noyabr tarixli 4 nömrəli fərmanının 7ci bəndinin tələblərinə ziddir. Odur ki, cavabdeh təşkilatın yazılı müraciəti cavablandırmaqdan imtinası qanunsuz və əsassız hesab edilməli, aidiyyəti vəzifəli şəxslərin məsuliyyəti müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən iddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 10 fevral 2020-ci il tarixli şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, 10 fevral 2020-ci il tarixli şikayət ərizəsinə cavab verməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktubda qeyd edilmişdir ki, ərizəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə X2 adından nümayəndə qismində müraciət etmiş, hazırkı iddia da həmin şəxsin pozulduğu iddia olunan hüquqlarının müdafiəsi üçün onun adından qaldırıla bilərdi. Buna baxmayaraq iddia İddiaçı adından qaldırılmışdır. Cavabdeh bildirir ki, müraciət müəllifinin eyni məzmunlu ərizəsinə İcra Baş İdarəsi tərəfindən 17.02.2020-ci il tarixli, 04/11-1429 nömrəli məktubla Şəmkir regional ədliyyə İdarəsinə göndərilmiş və sonuncu tərəfindən ərizəçiyə müvafiq cavab verilmişdir. (surəti əlavə olunur). Bu baxımdan da iddia əsassızdır. Göstərilənlərə əsasən cavabdeh iddianın qeyri-mümkün olduğu qənaətində olduğunu bildirmişdir. Məhkəmə işin hallarını və iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. İddia ərizəsinin mahiyyətindən aydın olur ki, hazırkı iş üzrə İddiaçı məhkəmədə öz adından iddia qaldıraraq, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 10 fevral 2020-ci il tarixli şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, 10 fevral 2020-ci il tarixli şikayət ərizəsinə cavab verməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən cavabdehə ünvanlanan şikayət ərizəsindən görünür ki, iddiaçı Tovuz rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli 2(062)- 1545/2019 nömrəli məhkəmə əmrinə əsasən nümayəndəsi olduğunu hesab edən İddiaçı, X2 borclu X1 1662 (min altı yüz altmışiki) manat məbləğində pulun alınaraq kreditor X3 ödənilməsi barədə məhkəmə əmrinin icra edilməməsi barədədir. Şikayət ərizəsinin məzmunundan da görünür ki, İddiaçı cavabdeh orqana müraciəti X2 pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsi barədədir. Halbuki, işin hallarından müəyyən edilir ki, X4 tam fəaliyyət qabiliyyətlidir və öz adından məhkəmədə sərbəst şəkildə iddia qaldırmaq hüququna malikdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, qeyd olunan iddia, tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Bu isə inzibati prosessual qanunvericiliyə uyğun deyil və məhkəmə tərəfindən iddiaçının belə bir iddia qaldırması üçün subyektiv hüququnun olmaması kimi qiymətləndirilir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə ünvanlanan 15 mart 2021-ci il tarixli məktubda İcra baş İdarəsi tərəfindən 17 fevral 2020-ci il tarixli, 04/11- 1429 №li məktub əsasında Şəmkir regional ədliyyə idarəsinə göndərildiyi və sonuncu tərəfindən ərizəçinin eyni məzmunlu ərizəsinə baxılaraq müvafiq cavab verildiyi bildirilmişdir. Sözügedən məktub qoşma olaraq əlavə edilmişdir. Odur ki Məhkəmənin mövqeyinə görə hazırkı halda iddiaçının mövcud iddia tələbi ilə bağlı subyektiv hüquququnun olacağı təqdirdə belə, cavabdeh orqan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iddia tələbi ilə bağlı iddiaçının məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcud deyil, eyni zamanda cavabdeh orqan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi iş materialları ilə müəyyən edilmədiyindən iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı (3-cü şəxs Tovuz rayon İcra və Probasiya Şöbəsi olmaqla) “müraciətə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına tərəflər şikayət verə bilərlər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar