Məhkəmə qərarları › İş №2-1(112)-3586/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3586/2020

16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3586/2020 16.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 (mütəxəssis, Bakı şəhəri, H.ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı əmək pensiyasının bərpa edilməsi və yaranmış fərqin ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 25 sentyabr 1993-cü ildən 30 avqust 2003-cü ilə qədər 59 saylı Texniki Peşə Məktəbində texniki işçi vəzifəsində işlədiyi dövrü sosial sığorta stajına daxil etməklə xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının bərpa edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1957-ci ildə Ağdaş rayonunda doğulmuşdur. O, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilə qədər 2 №-li Bakı Tikiş Fabrikində tikişçi, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilə qədər Yuri Qaqarin adına Pioner və məktəblilər Sarayında komendant, xx.xx.1977-ci ildən xx.xx.1986-cı ilə qədər Nizami adına Azərbaycan Dövlət Ədəbiyyatı Muzeyində, xx.xx.1986-cı ildən xx.xx.1993-cü ilə qədər “Azərxalça” İstehsalat Birliyində sarıyıcı, xx.xx.1993-cü ildən xx.xx.2003-cü ilə qədər 59 №-li Texniki Peşə Məktəbində texniki işçi vəzifəsində işləmişdir. Ona cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bir müddət həmin pensiyanı almış, daha sonra isə ona məlum olmayan səbəblərdən pensiyası dayandırılmışdır. Bununla bağlı olaraq DSMF-nin Nərimanov rayon Şöbəsinə xx.xx.2019cu il tarixdə ərizə ilə müraciət etmişdir. Ərizəsinə cavab olaraq ona bildirilmişdir ki, Azərbaycan Respublikası ƏƏSMN-nin X2 və Audit şöbəsinin araşdırması zamanı xx.xx.1993-cü ildən xx.xx.2003-cü ilə qədər 59 №-li Texniki Peşə Məktəbində texniki işçi vəzifəsində işlədiyi dövrdə sosial sığorta ayırmalarını müəyyən etmək mümkün olmadığından xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası dayandırılmışdır. Hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əmək kitabçasında olan məlumatlara əsasən işlədiyi iş yerləri dövlət müəssisələri olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1-ci bəndinə əsasən xx.xx.2006-cı ilədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi hazırda qüvvədə olan Qaydalarda da xx.xx.2006-cı ilə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Bundan başqa “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelinl-dən qüvvəyə minir. Göründüyü kimi qanunvericiliklə həmin müəssisə də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. Bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən onun pensiya hüququ pozulmuşdur. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 və audit şöbəsinin araşdırması nəticəsində vətəndaş İddiaçı əmək kitabçasında qeyd edilən xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək 59 saylı Texniki Peşə məktəbində işlədiyi dövrdə sosial sığorta ayırmalarını müəyyən etmək mümkün olmadığından əmək pensiyası təyin olunması üçün tələb olunan 25 il sosial sığorta stajının olmaması səbəbindən xx.xx.2019cu il tarixdən əmək pensiyası dayandırılmışdır. Nəticədə 2715.22 manat vəsait artıq ödənilmişdir. Bu barədə vətəndaşa məlumat verilmişdir. İddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1.1-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı hesab olunur. Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsili sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 23 avqust tarixli116 nömrəli qərarı ilə 59 №-li peşə məktəbi ləğv edilmişdir. Lakin İddiaçı 59 №li texniki peşə məktəbində xx.xx.1993-cü il tarixindən xx.xx.2003-cü il tarixədək işlədiyini iddia edir. 59 №li Texniki peşə məktəbi 1996-cı il tarixdə ləğv olunduğu halda İddiaçı 2003-cü il tarixədək orada işləməsi mümkünsüzdür. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). İddiaçı nə azı 25 il sığorta stajına malik olduğuna, nə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə DSMF Nərimanov rayon xidmət nümayəndəliyinin imtinası əsaslıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsidövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Ağdaş rayonu Ləki kəndində anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək 2 saylı Tikiş fabrikində tikişçi, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Y.Qaqarin adına Pioner və məktəblilər sarayında komendant, xx.xx.1977-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Nizami adına Azərbaycan Dövlət Muzeyində, xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək “Azərxalça” İstehsalat Birliyində sarıyıcı, xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək 59 saylı Texniki Peşə məktəbində təsərrüfat şöbəsində texniki işçi vəzifəsində işləmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin xx.xx.2019-cu il tarixdən ona təyin edilmiş əmək pensiyası dayandırılmışdır. İddiaçı əmək pensiyasının bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, **********2 saylı məktubla bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 və audit şöbəsinin araşdırması nəticəsində əmək kitabçasında qeyd edilən xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək 59 №li Texniki Peşə məktəbində işlədiyi dövrdə sosial sığorta ayırmalarını müəyyən etmək mümkün olmadığından əmək pensiyası təyin olunması üçün tələb olunan 25 il sosial sığorta stajının olmaması səbəbindən xx.xx.2019-cu il tarixdən əmək pensiyası dayandırılmışdır. Nəticədə 2715.22 manat vəsait artıq ödənilmişdir. Həmin məbləğ dövlət nəfinə keçirilməsi, əks halda məhkəməyə müraciət olunacaqdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırması dövründə İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək 59 saylı Texniki Peşə məktəbində işləməsinə dair müvafiq əmrlərin surəti sorğu əsasında Azərbaycan Respublikası Milli Arxiv İdarəsindən və Azərbaycan Respublikası Təhsil Nazirliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş 15 may 2020-ci il tarixli, 5/743 saylı məktubdan görünür ki, 59 saylı Texniki Peşə Məktəbinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 01 iyun 2020-ci il tarixli, 05-25-18/12 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 avqust 1996-cı il tarixli 116 nömrəli qərarı ilə 59 nömrəli Peşə Məktəbi ləğv edilmişdir. Bununla bağlı məhkəməyə təqdim edilmiş “Azərbaycan Respublikasında ilk peşəixtisas təhsili sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 avqust 1996-cı il tarixli, 116 saylı qərarının 1-ci bəndindən görünür ki, peşə məktəbi və peşə litseyinin nümunəvi Əsasnaməsinə uyğun olaraq, Təhsil Nazirliyinin təqdim etdiyi “Peşə məktəbi və peşə litseyi statusu verilən təhsil müəssisələrinin siyahısı” (əlavə 1), “Ləğv edilən peşə məktəblərinin siyahısı” (əlavə 2), “Birləşdirilən peşə məktəblərinin siyahısı” (əlavə 3) təsdiq edilmişdir. Həmin qərar əsasında təsdiq edilmiş 2 nömrəli Əlavədən görünür ki, ləğv edilən peşə məktəblərinin siyahısında Bakı şəhəri üzrə 59 saylı peşə məktəbi də göstərilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı 25 sentyabr 1993-cü ildən 30 avqust 2003-cü ilə qədər 59 saylı Texniki Peşə Məktəbində texniki işçi vəzifəsində işlədiyi dövrün sosial sığorta stajına daxil etməklə xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının bərpa edilməsini və yaranmış fərqin ödənilməsini tələb edir. İddiaçıya məxsus əmək kitabçasında iddiaçının həmin dövr üzrə 59 saylı Texniki Peşə Məktəbində texniki işçi vəzifəsində işlədiyi göstərilsə də, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 avqust 1996-cı il tarixli 116 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı əsasında 59 nömrəli Peşə Məktəbinin ləğv edildiyi müəyyən edilmişdir. Belə olan halda iddiaçının 23 avqust 1996-cı il tarixdən sonrakı dövr üzrə orada işləməsi mümkün deyildir. İddiaçının xx.xx.1996-cı il tarixdən 30 avqust 2003-cü il tarixədək 59 saylı Texniki Peşə Məktəbində texniki işçi vəzifəsində işlədiyi dövr sosial sığorta stajına daxil edilmədikdə onun əmək kitabçası ilə ümumi iş stajı 20 il 01 ay 08 gün təşkil edir. Belə olan halda iddiaçının əmək stajı ona yaşa görə pensiya təyin edilməsi üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə nəzərdə tutulan tələblərə cavab vermir və cavabdeh tərəfindən haqlı olaraq ona təyin edilmiş əmək pensiyası dayandırılmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin qeyd hissəsini nəzərə alaraq məhkəmə qeyd edir ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün 01 iyul 2018-ci il tarixdən 30 iyun 2019-cu il tarixədək qadınların yaş həddi 61 yaş olmuşdur. İddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla, xx.xx.2018-ci il tarixdə 61 yaşı tamam olmuşdur. İddiaçının Qanunun tələbinə əsasən yaş ilə əlaqədar uyğunsuzluğu olmasa belə, lakin onun minimum sosial sığorta stajının olması müəyyən edilmədiyindən, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə onun yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırılmasının əsaslı olduğu, həmin pensiyanın bərpa edilməsi üçün əsaslar olmadığı müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar