Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3587/2024 21.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddiaçıya əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ.Mübahisənin predmeti
1. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun illərdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir. Bu günə kimi onkoloji xəstəliyi ilə bağlı daim ciddi həkim nəzarətindədir. İddiaçı barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qeydiyyatda olduğu poliklinika vasitəsi ilə əlillik dərəcəsinin müəyyən edilməsi məqsədi ilə forma 88 saylı bildirişi göndərilməsinə baxmayaraq bu günə kimi ona əlillik təyin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, Bakı şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir.Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 708 nömrəli Qərar qəbul edilmişdir. Həmin qərarda “Xarici qulağın göbələk mənşəli ikitərəfli xroniki ekzeması. Residiv gedişli ikitərəfli xarici otit” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi Xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstə obyektiv vəziyyətinin müayinəsi zamanı başağrı, başgicəllənmə, əsəbilikdən şikayətlənmişdir. Anamnestik məlumatlarda 2009-cu ildən xəstə olduğunu, hərbi xidmət dövründə başağrıları ilə bağlı dəfələrlə hospitallarda stasionar müalicələr aldığını, 2 dəfə onikibarmaq bağırsağın onkoloji xəstəliyi ilə əlaqədar əməliyyat keçirdiyini bildirmiş, lakin tibbi sənədləri yerli TSEK-ə təhvil verdiyindən komissiya üzvlərinə təqdim edə bilmədiyini qeyd etmişdir. Halhazırda medikamentoz preparatlardan “Kardiomaqnil” qəbul etdiyini ifadə etsə də, digər dərmanların adlarını söyləyə bilməmiş, xatırlamamışdır. Müayinə zamanı qarının ön divarında orta və aşağı orta laparotomiyanın, solda stomanın ləğvindən sonrakı çapıq toxumalar izlənmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız müşahidə edilmişdir. Nevroloji statusda 12 cüt kranial sinirləri tərəfindən patologiya aşkarlanmamış, “Romberq” vəziyyətində dayanıqlı olmuş, yuxarı və aşağı ətraflarda reflekslər canlı alınmış D=S, əzələ gücü və tonus norma daxilində olmuş, iflic, parez, atrofiya, hipotrofiya aşkarlanmamışdır. M.Ə.Əfəndiyev adına X3 xx.xx.2023-xx.xx.2023-cü il tarixli çıxarışında diaqnoz “Keçirilmiş otoqen mənşəli meninqoensefalitin qalıq əlamətləri (2008), Sol tərəfli hemiparez, hipertenzion sindrom, koordinator pozulmalarla" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İİ.İddianın növü və mümkünlüyü
4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 33.1.Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2.Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 35.1.Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 6.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir və müraciəti təmin edilməmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 8.Məhkəmə iş materiallarında olan: Cavabdehin xx.xx.2023-cü il taixli, 3-17-4/3-3-3979/2023 nömrəli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün agentliyə göndərilmişdir.Vətəndaşın müraciəti əsasındqa əlavə əyani müayinə aparılarkən müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli, 708 nömrəli qərar verilmişdir.Həmin qərarda “Xarici qulağın göbələk mənşəli ikitərəfli xroniki ekzeması.Residiv gedişli ikitərəfli xarici otit” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı başağrı, başgicəllənmə olduğunu, hərbi xidmət dövründə baş ağrıları ilə bağlı dəfələrlə hospitallarda stasionar müalicələr aldığını, 2 dəfə onikibarmaq bağırsağın onkoloji xəstəliyi ilə əlaqədar əməliyyat keçirdiyini bildirmiş, lakin tibbi sənədləri yerli TSEK-ə təhvil verdiyindən komissiya üzvlərinə təqdim edə bilmədiyini qeyd etmişdir.Hal-hazırda medikamentoz preparatlardan “Kardiomaqnil” qəbul etdiyini ifadə etsə də digər dərmanların adlarını söyləyə bilməmiş, xatırlamamışdır.Müayinə zamanı qarnın ön divarında orta və aşağı laparotomiyanın, solda stomanın ləğvindən sonrakı çapıq toxumalar izlənmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız müşahidə edilmişdir.Nevroloji statusda 12 cüt kranial sinirləri tərəfindən patologiya aşkarlanmamışdır. ”Romberq” vəziyyətində dayanıqlı olmuş, yuxarı və aşağı ətraflarda reflekslər canlı alınmış D=S, əzələ gücü və tonus norma daxilində olmuş, iflic, parez, atrofiya, hipotrofiya aşkarlanmamışdır.M.Ə.Əfəndiyev adına X3 xx.xx.2023-xx.xx.2023-cü il tarixli çıxarışında diaqnoz “Keçirilmiş otogen mənşəli meninqoensefalitin qalıq əlamətləri (2008).Sol tərəfli hemiparez, hipertenzion sindrom, koordinator pozulmalarla” kimi qeyd olunsa da klinik olaraq öz təsdiqini tapmamışdır.Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir.Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir; Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2008-ci il tarixli qərarına əsasən iddiaçı 1992-ci ildə Xətai RHK tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilə qədər N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik “Xarici qulağın göbələk mənşəli ikitərəfli xroniki ekzeması” və xx.xx.1995-ci ildən xx.xx.1995-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik diaqnoz “Residiv gedişli ikitərəfli xarici otit” “Xəstəlikdir,Hərbi xidmət dövründə alınmışdır” müəyyən edilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin arayışına əsasən iddiaçıya xx.xx.2010cu ildə, xx.xx.2009-cu ildə, xx.xx.2012-ci ildə, xx.xx.2013-cü ildə, xx.xx.2014-cü ildə ikinci dərəcəli əlillik hərbi xidmət dövrü ilə əlaqədar təyin edilmişdir, əmək qabiliyyətinin olmaması qeyd edilmişdir, xx.xx.2015-ci, xx.xx.2016-cı ildə 2-dərəcəli əlillik təyin edilmişdir, diaqnoz “Keçirilmiş otogen mənşəli meninqoensefalitin davamlı qalıq əlamətləri.Sol ətrafların hemiparezi, əlillik təyin edilməsi meyarları “2.2.12.Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki toksikasiya və ya qan dövranı pozğunluqları mənşəli) kəskin nəzərə çarpan vegetativ əlamətlərə keçən funksional“ göstərilmişdir; Milli Onkologiya Mərkəzinin tərtib etdiyi ambulator kartdan çıxarışa əsasən iddiaçıya “C18.7-Siqmavari bağırsağın bədxassəli yenitörəməsi pTxN0M0 Mərhələ bilinmir G2” diaqnozu qoyulmuşdur, diaqnoz qeydi kimi “S-vari bağırsağın karsinoması.Cərrahi əməliyyat Hartman tipli əməliyyat (ŞOD 06.2010) Rekonstruktiv əməliyyat.Kolostomanın ləğvi (09.2010)” qeyd edilmişdir.Diaqnozun ilk dəfə qoyulduğu tarix xx.xx.2010-cu il göstərilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 tərəfindən məhkəmənin təyin etdiyi məhkəmə tibbi ekspertizasının keçirilməsinin nəticəsinə dair təqdim edilmiş 403/2024 nömrəli rəyinə əsasən “iddiaçının adına müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, B00095588NEP saylı, Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Mərkəzi sinir sisteminin iltibahı xəstəliklərinin nəticələri, keçirilmiş otogen mənşəli meninqoensefalitin qalıq əlamətləri, hərəkətin və yerişin pozulması, hemiplegiya, sol tərəfli hemiparez, xoşxassəli kəllədaxili hipertenziya, hipertenzion sindrom, koordinator pozulmalarla, essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İİ mərhələ, digər daimi ağrı, daimi ağrı sindromu, bədxassəli yenitörəmənin cərrahi yolla çıxarılmasından sonra müayinə, S-vari bağırsağın karsinoması cərrahi əməliuyyatdan sonrakı hal” diaqnozu ona stasionarda müalicəsi zamanı anamnestik, klinik və laborator-instrumental müayinələrin əsasında təyin edilmişdir.
Məhkəmənin mövqeyi 9.”Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0-cu maddəsinə əsasən bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, Həmin Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən,əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Həmin Qanunun 3.5-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. Həmin Qanunun 3.6-cı maddəsinə əsasən əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 10.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” qaydasının 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Həmin Meyarların 2.1-ci bəndinə əsasən insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir:3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz;3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz;3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Həmin Meyarların 3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Həmin Meyarların 14.2.4-cü bəndinə əsasən bağırsağın bədxassəli törəməsi C17-C21, 6.6.1.1-ci bəndinə əsasən ümumən hərəkətin mülayim pozulması, 6.5.1-ci bəndinə əsasən serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) G81-G83, 6.5.1.6-ci bəndinə əsasən əhəmiyyətli təzahür edən tetraparez, əhəmiyyətli təzahür edən triparez, hemiplegiya, triplegiya, tetraplegiya (əzələ gücünün 1 bala qədər azalması, müstəqil yerdəyişmənin, əllərdən istifadə etmək qabiliyyətinin qeyri-mümkünlüyü, yatağa məhkum olma); 6.4.1.2-ci bəndinə əsasən birtərəfli zədələnmə; ayağın və (və ya) biləyin deformasiyası ilə mülayim hemiparez əlilliyin təyinatına əsas verən xəstəliklər – meyarlardır; 12.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 13.İşin faktiki hallarından göründüyü kimi iddiaçıya tibb müəssisələri tərəfindən “Mərkəzi sinir sisteminin iltibahı xəstəliklərinin nəticələri, keçirilmiş otogen mənşəli meninqoensefalitin qalıq əlamətləri, hərəkətin və yerişin pozulması, hemiplegiya, sol tərəfli hemiparez, xoşxassəli kəllədaxili hipertenziya, hipertenzion sindrom, koordinator pozulmalarla, essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İİ mərhələ, digər daimi ağrı, daimi ağrı sindromu, bədxassəli yenitörəmənin cərrahi yolla çıxarılmasından sionra müayinə, S-vari bağırsağın karsinoması cərrahi əməliyyatdan sonrakı hal” xəstəlikləri müəyyən edilmişdir.
14. Cavabdeh inzibati orqan iddiaçının yuxarıda qeyd edilən xəstəliklərinin olması kimi iddiaçının xeyrinə olan halları araşdırmadan əlillik müəyyən edilməsindən qanunsuz olaraq imtina edilməsi haqqında qərar qəbul etmiş və iddiaçıya əlillik təyin etməmişdir, halbuki həmin xəstəliklər zamanı əlilliyin təyinatı yuxarıda istinad edilən qanunvericilik aktlarında nəzərdə tutulmuşdur, cavabdeh əlilliyin təyinindən imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı xəstəliklərinə dair sənədləri təqdim etməmişdir, halbuki cavabdeh özü imtina qərarında qeyd edir ki, “Müayinə zamanı qarının ön divarında orta və aşağı orta laparotomiyanın, solda stomanın ləğvindən sonrakı çapıq toxumalar izlənmişdir”, yəni iddiaçının məruz qaldığı qarın boşluğunda aparılması aşkar görünən cərrahiyyə əməliyyatlarını görmüşdür, habelə iddiaçının xəstəlikləri, diaqnozları barədə geniş məlumat elektron qaydada göndəriş şəklində tibb müəssisəsi tərəfindən cavabdehə təqdim edilmişdir İddiaçı hətta həmin əməliyyatlara dair sənədləri təqdim etmədiyi (təqdim edə bilmədiyi) halda zərurət yaranarsa cavabdeh inzibati orqanın həmin məlumatları tibb müəssisələrindən toplamaq vəzifəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gəlirdi, lakin cavabdeh həmin vəzifəsini yerinə yetirməmiş, çoxsaylı xəstəliklərdən əziyyət çəkən, cavabdehdə müayinə aparılan zaman qarının ön divarında orta və aşağı orta laparotomiyanın, solda stomanın ləğvindən sonrakı çapıq toxumalar izlənmiş iddiaçı ilə bağlı hərtərəfli araşdırma aparmamış, formal yanaşma nümayiş etdirmiş və bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini, nəticədə sosial təminat almaq hüququ olan Azərbaycan Respublikasının vətəndaşının hüquqlarını pozmuşdur. 15.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən - 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 16.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 17.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiаçı İddiaçı iddiası təmin edilməli və ona əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. 18.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci,33-ci, 35ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova