Məhkəmə qərarları › İş №2-1(112)-3594/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3594/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3594/2025 12.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyəm müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov və M.Qaşqay küçələrinin kəsişməsində 987-ci məhəllədə inşa edilmiş yüksək mərtəbəli çoxmənzilli yaşayış binasında yerləşən, sahəsi 180 kv.m olan üç otaqlı, 111 saylı mənzilə dair paylı mülkiyyət olaraq X1 3/4 payda və X3 ¼ payda müvafiq qeydiyyatın aparılması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov və M.Qaşqay küçələrinin kəsişməsində 987-ci məhəllədə inşa edilmiş yüksək mərtəbəli çoxmənzilli yaşayış binasında yerləşən, sahəsi 180 kv.m olan üç otaqlı, 111 saylı mənzili mərhum qızı X7 əvəzi ödənmək (alqı-satqı) yolu ilə pulunu tam ödəməklə "xxxx" Mənzil-Tikinti Kooperativindən almışdır. Bu barədə xx.xx.2016-cı il tarixli müqavilə bağlanmış, maliyyə arayışı verilmişdir. Qızı Bəyim xx.xx.2021-ci ildə vəfat etmişdir. Qızı Ayla adlı azyaşlı qızı qalmışdır və onunla birlikdə həmin mənzili miras əmlak olaraq qəbul etmiş və adlarına şəhadətnamə almışlar. Ayla onunla yaşayır və himayəsindədir. Bakı şəhər 50 saylı Notariat ofisinin xüsusi notariusu K.Rəhmanovun xx.xx.2023-cü il tarixli 2V-163 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov və M.Qaşqay küçələrinin kəsişməsində 987-ci məhəllədə inşa edilmiş yüksək mərtəbəli çoxmənzilli yaşayış binasında 18-ci mərtəbədə yerləşən, sahəsi 180 kv.m olan üç otaqlı, 111 saylı mənzilə dair ödənilmiş pula onun 3/4 payda və nəvəsi X2 1/4 payda hüquqları tanınmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə mənzilə dair tikinti kooperativi ilə müqavilə bağlanmış və adlarına maliyyə arayışı verilmişdir. Əmlak illərdir sərəncamlarındadır, təmir edib orada yaşayırlar. Onun barəsində heç bir məhkəmə mübahisəsi yoxdur, üçüncü şəxslərin iddiasından azad əmlak hesab olunur. Mövcud qanunvericiliyi və «Daşınmaz əmlakın Dövlət reyestri» haqqında qanunun 2-ci maddəsini və digər müddəalarını rəhbər tutaraq qeydiyyat orqanına müraciət etmiş və əmlakın rəsmi qeydiyyatının aparılmasını xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi 3-21-3-30/2-M 0947- 8/24 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda “Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov və Akademik M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında inşa edilmiş yaşayış binasının 111 saylı mənzili (paylı) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli xx.xx.2024-cü il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, yuxarıda qeyd etdiyi mənzilə dair qəbul aktı mövcuddur. Mənzil illərdir istifadələrindədir və təmir edilmişdir. Hazırkı vəziyyətdə onun tələb olunan bütün hüquqi sənədləri qanuni olaraq hazırlayaraq müvafiq orqana təqdim etsə də, ərazi idarəsi tərəfindən əsassız olaraq, yəni, yuxarıda qeyd olunan Qanunun 15-ci maddəsində “Hüquqların dövlət qeydiyyatından imtina” olunmasını özündə əks etdirən müddəaların məzmumunda göstərilən heç bir əsaslar olmadan ona imtina olunmuşdur. Məhz bu səbəbdən qanunsuz olaraq ona imtina olunduğu üçün hüquqlarının məhkəmə müdafiəsi zərurəti yaranmşdır.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin iddiaçının təqdim etdiyi sözügedən mənzilə dair "xxxx" MTK tərəfindən verilmiş “mənzil tikintisi haqqında” müqavilə və maliyyə arayışı əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəzərdə tutulmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, mənzil 18 mərtəbəli binanın 18-ci mərtəbəsində yerləşməklə faktiki ölçüsü 164.9 kv.m-dır. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

5. İddiaçı tərəfindən etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq «Bakı şəhəri Nəsimi rayonu H.Ələsgərov və M.Qaşqay küçələrinin kəsişməsində 987-ci məhəllədə inşa edilmiş yüksək mərtəbəli çoxmənzilli yaşayış binasında yerləşən, sahəsi 180 kv.m olan üç otaqlı, 111 saylı mənzilə dair paylı mülkiyyət olaraq X1 ¾ payda və X3 ¼ payda müvafiq qeydiyyatın aparılması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulması barədə” barədə Qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından müəyyən olunur ki, cavabdeh orqan iddiaçının müraciətinə münasibətdə ziddiyyətli mövqe nümayiş etdirməklə faktiki əsassız imtina vermişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi 3- 21-3-30/2-M 0947-8/24 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda yazır ki, “Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov və Akademik M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında inşa edilmiş yaşayış binasının 111 saylı mənzili (paylı) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir..”. Lakin müəyyən olunmuşdur ki, bina təhvil verilmiş və müvafiq orqanlar tərəfindən istismara qəbul edilmişdir. Hətta təsdiqlənmşdir ki, binadan bir beçə mənzil dövlət qeydiyyatına alınmaqla cıxarışlar da verilmişdir. Digər bir tərəfdən bu qəbildən olan mübahisəli işlərlə əlaqədar məhkəmə orqanlarında formalaşmış mövqe də mövcuddur. Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. AR Ali Məhkəməsinin 2-1(102)-1842/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1783/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı çox vacib, eyni zamanda preyudisial əhəmiyyətli qərarlardır. "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov və M.Qaşqay küçələrinin kəsişməsində 987-ci məhəllədə yerləşən yüksək mərtəbəli çoxmənzilli yaşayış binasının təhvil verilməsi barədə Dövlət aktı vardır. Ona görə də mübahisə predmeti olan mənzilinin qeydiyyatının aparılmasından imtina əsassız hesab olunmalıdır.

6. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli mənzil tikintisi haqqında müqaviləsində qeyd edilmişdir ki, "xxxx" MTK ilə ¾ payda İddiaçı və ¼ payda X4 arasında Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov və M.Qaşqay küçələrinin kəsişməsində 987-ci məhəllədə yerləşən ünvanda "xxxx" MTK tərəfindən inşa edilən binanın 18-ci mərtəbəsində 111 nömrəli mənzili payçının mülkiyyətə verilməsinə dair müqavilə bağlanılmışdır.

7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2024cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov və M.Qaşqay küçələrinin kəsişməsində 987-ci məhəllə ünvanında olan yüksəkmərtəbəli, yaşayış binasının 18-ci mərtəbəsində yerləşən, sahə 180 kv.n olan 3 otaqlı 111 nömrəli mənzil ¾ payda İddiaçı və ¼ payda X4 məxsusdur.

8. Məhkəmənin sorğusu əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş, 2019cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına xx.xx.2020-ci il tarixli 358 nömrəli icazə qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişməsində 987-ci məhəllə, 1 girişli, zirzəmili, 16 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına icazə verilmişdir.

9. Məhkəmənin sorğusu əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Yanında Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 3-35/2-1845/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu H.Ələsgərov və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının eskiz layihəsində 18-ci mərtəbə qeyd olunmamışdır.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə işə onların nümayəndələrin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

11. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

12. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

15. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

16. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

17. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

18. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

19. Odur ki, iddia mümkündür.

III. Məhkəmənin mövqeyi

20. Mənzil-tikinti kooperativlərində olduğu kimi, hazırkı halda da iddiaçının mərhum qızı X7 onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzilin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MTK ilə bağlanmış müqaviləyə əsasən iddiaçının mərhum qızı yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçının mərhum qızı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir.

21. İddiaçının mərhum qızının vəfatından sonra Bakı şəhər 50 saylı Notariat ofisinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov və M.Qaşqay küçələrinin kəsişməsində 987-ci məhəllədə inşa edilmiş yüksək mərtəbəli çoxmənzilli yaşayış binasında 18-ci mərtəbədə yerləşən, sahəsi 180 kv.m olan üç otaqlı, 111 saylı mənzilə dair iddiaçının 3/4 payda və nəvəsi X2 1/4 payda hüquqları tanınmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə mənzilə dair tikinti kooperativi ilə müqavilə bağlanmış və adlarına maliyyə arayışı verilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.6-cı maddələrinin hazırkı iddiaya tətbiq edilməli olduğunu hesab edir.

22. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdən yaşayış binasının istismarına icazə verilmişdir.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd;

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

25. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

26. Cavabdeh orqan imtinanın əsası olaraq qeyd etmişdir ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir.

27. Məhkəmə tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanlanaraq Bakı şəhəri Nəsimi rayonu, H.Ələsgərov və M.Qaşqay küçələrinin kəsişməsində 987-ci məhəllə yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən 111 saylı mənzilin (18-ci mərtəbə) binanın eskiz layihəsində nəzərdə tutulubtutulmaması, o cümlədən yaşayış binasının istismarına icazə verilərkən həmin icazə sənədində nəzərə alınıb-alınmamasına dair məlumatların təqdim edilməsi tələb olunmuşdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə ünvanlanan cavab məktubunda bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının eskiz layihəsində 18-ci mərtəbə qeyd olunmamışdır.

28. Məhkəmə nəzərə alır ki, iddiaçının nümayəndəsi (vəkili) etiraz təqdim edərək bildirilmişdir ki, iş materiallarından müəyyən olunur ki, bina təhvil verilmiş və müvafiq orqanlar tərəfindən istismara qəbul edilmişdir. Hətta təsdiqlənmişdir ki, binadan bir neçə mənzil dövlət qeydiyyatına alınmaqla cıxarışlar da verilmişdir.

29. Bununla bağlı məhkəmə qeyd edir ki, çoxmənzilli yaşayış binasının istismarına xx.xx.2020ci il tarixli 358 nömrəli icazədə Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişməsində 987-ci məhəllə, 1 girişli, zirzəmili, 16 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına icazə verilmişdir. Lakin "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının eskiz layihəsində və istismara icazədə 18-ci mərtəbə qeyd olunmamışdır.

30. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbinin predmeti olan mənzil binasının eskiz layihəsində qeyd edilmədiyindən, 16 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına icazə verildiyindən, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” yoxdur.

31. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar