Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3595/2021 13.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X1 (Ünvan: Bakı şəhəri 9-ce mkr., Cavadxan küşəsi ev 4, mənzil 74; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Mərkəzi Bankının hüquq departamentinin məsləhətçisi) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Mərkəzi Bankına 3-cü şəxslər - "Finca-Azerbaijan" X2 Bank Kredit Təşkilatı və "xxxx" Bank Olmayan Kredit Təşkilatı qarşı “kompensasiya” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı problemli kreditlərin həlli ilə bağlı kompensasiya məbləğinin iddiaçıya ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı (münasibəti) xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə "Finca-Azerbaijan" X2 Bank Kredit Təşkilatı və "xxxx" Bank Olmayan Kredit Təşkilatı 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və "xxxx" BOKT MMC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə görə 1.590,95 manat, "xxxx" QBKT MMC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə görə 704,47 manat kompensasiya məbləğinin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi oxunması qərara alınmışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı xx.xx.2014-cü ildə “BOKT” "xxxx"MMCdən 9000 (doqquz min) ABŞ dolları Kredit götürmüşdür. Həmin ərizəyə əlavə edilmiş Borcalanın hesabından Çıxarışdan görünür ki, bütün borc məbləğini devalvasiyaya uyğun şəkildə artıqlaması ilə ödəmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına uyğun olaraq iddiaçı artıq ödənilmiş kompensasiya alacaq şəxslərin siyahısına daxil edilmədiyi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh ona ünvanladığı cavab məktubunda kredit valyutasının məhkəmə ekspertizası yolu ilə müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İddiaçı cavabdeh təşkilatın imtinasını əsassız hesab edir. Belə ki, həmin ərizəyə əlavə edilmiş sənədlərdən göründüyü kimi onun götürdüyü kredit məbləği üzrə kompensianın ödənilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsiri altına düşür. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə ərizə təqdim edərək məhkəmə iclaslarına onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" QBKT MMC ilə bağlanmış kredit müqavilələrinin hansı valyutada rəsmiləşdirilməsi, habelə həmin müqavilələr üzrə devalvasiya dövrlərinə qalıq qalan əsas borcların göstərilməməsi səbəbindən vətəndaşın adı bu hissədə Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Məhkəmə tərəfindən kredit təşkilatlarına edilmiş sorğular nəticəsində əldə edilən müvafiq sənədlərə əsasən müəyyən edilir ki, İddiaçı ilə "xxxx" QBKT MMC arasında xx.xx.2015-ci il tarixində 1.500 ABŞ dolları və 1.500 manat olmaqla 2 kredit müqaviləsi bağlanmışdır. Bunlardan birinci müqavilə üzrə iddiaçının ikinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixinə) əsas kredit borcu 1.429,00 ABŞ dolları təşkil etmişdir. xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə görə sonuncuya 9.000,00 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçının bu müqavilə üzrə birinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixinə) 6.890,08 ABŞ dolları, ikinci devalvasiya gününə isə 3.079,70 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. İddiaçıya kredit təşkilatı tərəfindən kredit borcu üzrə 789,75 ABŞ dolları (1.342,57 manat) güzəşt edildikdən sonra müqavilə üzrə öhdəliklər xx.xx.2015-ci il tarixində tam şəkildə icra edilmişdir. Qeyd edilməlidir ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının (Qayda) 3.3-cü bəndinə əsasən devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Beləliklə, yuxarıda göstərilənləri, habelə Fərmanın 1.1-ci və 1.2-ci bəndlərini nəzərə alaraq İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona "xxxx" BOKT MMC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə görə 1.590,95 manat, "xxxx" QBKT MMC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə görə 704,47 manat kompensasiyanın hesablanmasına etiraz edilmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən yazılı münasibətdə qeyd edildiyi kimi iddianın təmin edilməsi barədə qərar qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. 3-cü şəxs "Finca-Azerbaijan" X2 Bank Kredit Təşkilatı iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, Təşkilatla İddiaçı arasında 23 oktyabr 2015-ci il tarixində illik 23.55 % faizlə 18 ay müddətinə 1500 ABŞ dolları (min beş yüz dollar) və 1500 AZN (min beş yüz manat) məbləğində kreditin verilməsilə bağlı müqavilə bağlanmışdır. Həmçinin, müştəri barəsində borc tələbilə məhkəməyə müraciət edilmiş və həmin şəxs barəsində Ağdam Rayon Məhkəməsinin 21 yanvar 2017-ci il tarixli 2(13)- 669/2017 saylı və 07 dekabr 2016-cı il tarixli 2(13)-7197/2016 saylı məhkəmə əmri mövcuddur. Qeyd olunanları nəzərə alaraq, bildirirlər ki, məhkəməyə müraciət edilərkən həmin sənədlərin əslləri Ağdam Rayon Məhkəməsinə təqdim olunmuşdur. Hazırda, İddiaçı Təşkilata hər iki kredit üzrə əsas qalıq borcu müvafiq olaraq 527.37 ABŞ dolları (beş yüz iyirmi yeddi dollar otuz yeddi sent) və 416 AZN (dörd yüz on altı manat) məbləğindədir. Müştərinin kredit ödənişləri üzrə silinmə aparılıb-aparılmaması ilə bağlı olaraq isə, bildirirlər ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq edilmiş Qaydalar əsasında bank olmayan kredit təşkilatlarının (BOKT) müştərilərinə kompensasiya verilməsi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən olunur və kompensasiya Azərpoçt tərəfindən ödənilir. Beləliklə, qeyd olunan prosesdə, yəni müvafiq kompensasiyanın düşüb-düşmədiyinin müəyyən edilməsində və ödənilməsində bank olmayan kredit təşkilatı olaraq Təşkilatın hər hansı hüququ və funksiyası müəyyən edilməmişdir. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş 3cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, İddiaçı ilə "Finca-Azerbaijan" X2 Bank Kredit Təşkilatı arasında xx.xx.2015-ci il tarixli **********1389 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin Müqaviləyə əsasən "Finca-Azerbaijan" X2 Bank Kredit Təşkilatı 18 ay müddətinə 1500 ABŞ dolları məbləğində krediti İddiaçı ayırmışdır. İş materiallarından görünür ki, İddiaçı ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı arasında xx.xx.2014-cü il tarixli L-AG-0026858-F saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin Müqaviləyə əsasən "xxxx" Bank Olmayan Kredit Təşkilatı 24 ay müddətinə 9000 ABŞ dolları məbləğində krediti İddiaçı ayırmışdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi. Həmin Fərmanın 2-ci bəndində qeyd edilmişdir “Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.” Məhkəmə sadalanan qanunvericilik aktlarının müddəalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının xx.xx.2015-ci il tarixli **********1389 saylı kredit müqaviləsinə əsasən "Finca-Azerbaijan" X2 Bank Kredit Təşkilatından 18 ay müddətinə 1500 ABŞ dolları məbləğində və xx.xx.2014-cü il tarixli L-AG-0026858-F saylı kredit müqaviləsinə əsasən "xxxx" Bank Olmayan Kredit Təşkilatından 24 ay müddətinə 9000 ABŞ dolları məbləğində kredit götürməsi iş materialları ilə öz təsdiqini tapdığından, həmçinin iddiaçının götürdüyü kreditin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşdüyündən hazırkı iddia əsaslıdır və təmin olunmalıdır. Odur ki, cavabdeh inzibati orqanın imtinasını iddiaçının qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və "xxxx" BOKT MMC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə görə 1.590,95 manat, "xxxx" QBKT MMC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə görə 704,47 manat kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və "xxxx" BOKT MMC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə görə 1.590,95 manat, "xxxx" QBKT MMC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə görə 704,47 manat kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-3595/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3595/2021
13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver