Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3597/2021 19.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçının xidməti barədə yeni məlumat vərəqinin tərtib edilərək aidiyyəti quruma göndərilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xidmət müddətinin yenidən hesablanması, xidmət müddətinin 2011-ci ilin may ayından və xidmətin 1 ayı 2 ay kimi hesablanaraq güzəştli şərtlərlə pensiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində göstərilir ki, iddiaçı (İddiaçı) ehtiyatda olan polkovnik-leytenant kimi N nömrəli hərbi hissə komandirinin əmrindən N may 2011-ci il tarixli 133 saylı çıxarışa əsasən, 0062-ci haubitsah artilleriya divizionunun komandiri, AR Müdafiə Nazirinin 30 aprel 2011-ci il tarixli 0145 nömrəli əmri ilə 1-ci haubitsah artilleriya divizionunun komandiri vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilərək, 1-ci haubitsah artilleriya divizonunun komandiri vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirliyi Hərbi Hissəsinin 006 saylı Arayışına əsasən o, N may 2011-ci il tarixdən 05 iyul 2013-cü il tarixədək 1-ci haubitsah artilleriya divizonunun komandiri vəzifəsində xidmət etmişdir. Həmin vaxt 1-ci haubitsah artilleriya divizonu müvafiq hərbi hissənin müdafiə zolağında (Alıxanlı yaşayış məntəqəsində) əsas atəş mövqeyi tutaraq döyüş növbətçiliyi aparmışdır. Buna baxmayaraq, onun xidmət ili 2012-ci ilin yanvar ayından hesablanmaqla pensiya təyin edilərək ödənilmişdir. Halbuki, AR Nazirlər Kabinetinin 631 saylı Qərarına əsasən xidmət ili 2011-ci ilin may ayından xidmətin 1 ayı 2 ay sayılmaqla güzəştli şərtlərlə pensiya təyin edilərək ödənilməli idi. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsinə 3 sentyabr 2020-ci il tarixdə yazılı şəkildə müraciət etsə də, bu günədək ərizəyə rəsmi cavab verilməmişdir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60, 72-ci maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 4, 149, 150-ci maddələrinə, İPM-in 2, 33-cü maddələrinə əsaslanaraq, iddiaçının xidmət müddətinin yenidən hesablanması, xidmət müddətinin 2011-ci ilin may ayından və xidmətin 1 ayı 2 ay kimi hesablanaraq güzəştli şərtlərlə pensiyanın ödənilməsi öhdəliyinin cavabdeh AR Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsinin məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirilməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə yazılı ərizə təqdim etmiş və ərizədə iddianın dəyişdirilərək «iddiaçının müvafiq artilleriya briqadasının 1-ci haubitsalı artilleriya divizionunda 7 may 2011-ci il tarixdən 31 dekabr 2011-ci il tarixədək olan xidmət müddətinin 1 gününün 2 gün kimi sayılmaqla bu barədə yeni məlumat vərəqinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti qurumuna göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunması xahiş olunmuşdur. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Cavabdeh AR Müdafiə Nazirliyinin nümayəndəsi məhkəməyə aşağıdakı məzmunda iddiaya qarşı yazılı eturaz təqdim etmişdir: - İddiaçı Cəmaləddin oğlunun iddiası əsassız hesab edilir. Belə ki, «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdət artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» AR Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1993-cü il tarixli Qərarının (Azərbaycan Respublikası Prezidentinin 122 nömrəli 13 sentyabr 2004-cü il tarixli Fərmanı qüvvəyə minənədək) qüvvədə olmuş 2-ci hissəsinin "a" bəndinin birinci və ikinci abzaslarının müddəalarına, habelə "Azərbaycan Ordusunun döyüş şəraitində olan hərbi hissə və bölmələrinin tərkibinin müəyyənləşdirilməsi haqqında" Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrlərinə əsasən 01 yanvar 1992-ci il tarixdən 13 sentyabr 2004-cü il tarixədək olan müddət ərzində Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrlərində Azərbaycan Ordusunun döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi hissə və bölmələrində xidmət müddətinin bir günü üç gün kimi, 13 sentyabr 2004-cü il tarixdən 01 dekabr 2020-ci il tarixədək olan dövrdə isə xidmət müddətinin bir günü iki gün kimi sayılır. Ehtiyatda olan polkovnik-leytenant İddiaçı Cəmaləddin oğlu 16 sentyabr 1994-cü il tarixdən 17 iyul 1998-ci il tarixədək Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində kursant kimi, 17 iyul 1998-ci il tarixdən N aprel 2020-cı il tarixədək Azərbaycan Ordusunda müəyyən hərbi hissələrdə, habelə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində zabit kimi, ümumilikdə təqvim hesabı ilə 25 il 06 ay 26 gün həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin 0135 nömrəli N dekabr 2004-cü il tarixli, 0129 nömrəli 21 dekabr 2005-ci il tarixli, 0140 nömrəli 04 dekabr 2006-cı il tarixli, 0113 nömrəli 11 dekabr 20N-ci il tarixli, 01N nömrəli 27 dekabr 2008-ci il tarixli, 089 nömrəli 08 dekabr 2009-cu il tarixli, və 099 nömrəli 14 dekabr 2010-cu il tarixli əmrlərinə əsasən İddiaçı döyüş şəraitində olan müvafiq hərbi hissələrdə N aprel 2005-ci il tarixdən N yanvar 2011-ci il tarixədək 05 il 08 ay 21 gün xidmət müddəti, habelə 11 iyul 2016-cı il tarixdən 6 avqust 2016-cı il tarixədək müvafiq hərbi hissədə N gün ezam müddəti güzəştli qaydada, bir gün iki gün kimi sayılmışdır. Lakin, Müdafiə nazirinin 0108 nömrəli 17 dekabr 2011-ci il tarixli əmrinə əsasən müvafiq hərbi hissənin yalnız 1-ci haubitsalı artilleriya divizionu 1 yanvar 2012-ci il tarixdən döyüş şəraitində hesab edildiyindən, İddiaçı həmin hərbi hissədə N yanvar 2011-ci il tarixdən 5 iyul 2013-cü il tarixədək xidmətdə olduğu dövrdə onun xidmət illərinin güzəştli qaydada (bir gün iki gün kimi) sayılması iddiaçının 1-ci haubitsalı artilleriya divizionuna 7 may 2011-ci il tarixdən, yəni təyin olunduğu gündən deyil, məhz 1 yanvar 2012-ci il tarixdən 5 iyul 2013cü il tarixədək olan 01 il 06 ay 04 gün müddət üçün tətbiq edilmişdir. Bu səbəbdən, İddiaçı N nömrəli hərbi hissənin 1-ci haubitsalı artilleriya divizionunda N may 2011-ci il tarixdən 31 dekabr 2011-ci il tarixədək xidmətdə olduğu N ay 24 gün müddət bir qat sayılmışdır. Belə ki, AR Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1993-cü il tarixli Qərarının 2-ci hissəsinin on səkkizinci abzasının müddəalarına müvafiq olaraq döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət gününün iki xidməd günü kimi hesablanması AR Müdafiə Nazirliyinin qərarı əsasında həyata keçirilir. Müdafiə Nazirliyi isə həmin hərbi hissənin 1-ci haubitsalı artilleriya divizionunu N may 2011-ci il tarixdən 31 dekabr 2011-ci il tarixədək olan dövrdə döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən bölmə kimi hesab etməmişdir. Nəticədə, İddiaçı xidmət illəri: təqvimlə – 25 il 06 ay 26 gün, xidmət illərinə güzətli qaydada əlavə olan müddət – N il 03 il 20 gün, ümumi xidmət illəri isə 32 il 10 ay 16 gün təşkil edir. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının təmin olunmaması məhkəmədən xahiş edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarlnı araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.5-ci maddəsinə görə təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. AR Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 23 noyabt 1992-ci il tarixli 631 nömrəli qərarının 2-ci bəndinin “b” yarımbəndinin on birinci hissəsinə görə döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. AR Nazirlər Kabinetinin 27 avqust 20N-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 2-ci bəndində göstərilir ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin Qaydaların 3-cü bəndinə görə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. İş materiallarında olan ASAN-2 Xidməti tərəfindən 1 mart 2016-cı il tarixdə verilmiş AZE seriyalı******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, 1 avqust 1977-ci il tarixdə Qazax rayonunun Şıxlı kəndində doğulmuş İddiaçı yaşayış yeri ünvan 1 ünvanıdır. İş materiallarında olan Müdafiə Nazirliyinin müvafiq Hərbi hissəsinin 13 avqust 2020-ci il tarixli 1618 nömrəli arayışında aşağıdakılar bildirilir: - Mayor İddiaçı Cəmaləddin oğlu 7 may 2011-ci il tarixdən 5 iyul 2013-cü il tarixədək 1-ci hautbitsalı artilleriya divizionu komandiri vəzifəsində xidmət edib. Həmin vaxt 1-ci hautbitsalı artilleriya divizionu müvafiq hərbi hissənin müdafiə zolağında (Alxanlı yaşayış məntəqəsində) əsas atəş mövqeyi tutaraq döyüş növbətçiliyi aparmışdır. İş materiallarında olan AR Müdafiə Nazirliyinin müvafiq hərbi hissə komandirinin N nömrəli 7 may 2011-ci il tarixli əmrindən çıxarışdan görünür ki, həmin əmrdə mayor İddiaçı Cəmaləddin oğlunun müvafiq (1-ci) haubitsalı artilleriya divizionunun komandiri, AR Müdafiə Nazirinin 30 aprel 2011-ci il tarixli 0145 nömrəli əmri ilə digər (2-ci) haubitsalı artilleriya divizionunun komandiri vəzifəsinə işlərini və vəzifələrini təhvil vermiş hesab edilməsi və həmin haubitsalı artilleriya divizionunun komandiri vəzifəsinin icraasına başlanması nəzərdə tutulmuşdur. İş materiallarında olan AR Müdafiə Nazirliyinin müvafiq hərbi hissə komandirinin N nömrəli 5 iyul 2013-cü il tarixli əmrindən çıxarışdan görünür ki, həmin əmrlə mayor İddiaçı Cəmaləddin oğlu 1-ci artilleriya divizionunun komandiri, AR Müdafiə nazirinin 18 iyun 2013-cü il tarixli 0239 nömrəli əmri ilə N saylı hərbi hissənin 2-ci artillleriya divizionunun komandiri vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş, xidmətini davam etdirmək üçün Gəncə şəhəri müvafiq hərbi hissəyə getmiş hesab edilmiş, 5 iyul 2013-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Xətai rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh inzibati orqana iddiaçının müvafiq müraciəti ünvanlandığından və müraciətin daxil olduğu 3 sentyabr 2020-ci il tarixdən 35 gündən artıq müddət keçdikdən cavabdehdən cavab alınmadığından iddiaçı hazırkı tələblə məhkəməyə iddia ərizəsi təqdim etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, inzibati mübahisə hərbi qulluqşu və müvafiq inzibati orqan arasında əvvəllər mövcud olmuş xidməti münasibətlərdən yarandığından, ona baxılmasında İPM-in 8.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri (Bakı şəhərinin Xətai rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmə vurğulayır ki, İddiaçı Cəmaləddin oğlunun 7 may 2011-ci il tarixdən 31 yanvar 2011-ci il tarixədək xidmət etdiyi hərbi hissənin həmin dövrdə “döyüş şəraiti”ndə hesab edilmədiyi cavabdeh AR Müdafiə Nazirliyinin iddiaya qarşı yazılı etirazında birbaşa göstərilmiş, iddiaçı tərəfindən təqdim olunmuş 13 avqust 2020-ci il tarixli 1618 nömrəli arayışda isə, “yaşayış məntəqəsində hərbi hissənin müdafiə zolağında əsas atəş mövqeyi tutaraq döyüş növbətçiliyi aparmışdır” qeyd olunmaqla bildirilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının həmin dövrdə xidmət etdiyi hərbi hissə AR Müdafiə Nazirliyinin qərarı ilə döyüş şəraitində sayılan hərbi hissələrin siyahısına aid edilməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh AR Müdafiə Nazirliyi tərəfindən iddiaçıya aid məlumat vərəqəsində onun 7 may 2011-ci il tarixdən 31 yanvar 2011-ci il tarixədək xidmət etdiyi dövrün AR Nazirlər Kabinetinin 23 noyabt 1992-ci il tarixli 631 nömrəli qərarının 2-ci bəndinin müddəaları üzrə “bir xidmət günü iki xidmət günü” kimi hesablanmaması qanuna zidd qiymətləndirilə bilməz. Odur ki, İddiaçı Cəımaləddin iddiası əsassızdır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçının xidməti barədə yeni məlumat vərəqinin tərtib edilərək aidiyyəti quruma göndərilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçının xidməti barədə yeni məlumat vərəqinin tərtib edilərək aidiyyəti quruma göndərilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3597/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3597/2021
19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver