Məhkəmə qərarları › İş №2-1(112)-3597/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3597/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3597/2024 01.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ əmək pensiyasının yenidən hesablanması və s” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və s” dair qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 14 iyul 1994-cü il taridən vergi orqanlarında işə başlamış, 2015-ci ilin dekabr ayından dövlət qulluqçusu kimi pensiya çıxmışdır. Sonradan "xxxx" MMC-də baş mühasib vəzifəsində işləməyə başlamış, sonradan isə "xxxx" MMC-də direktor vəzifəsində çalışmışdır. Nəticədə onun pensiya fonunda 8246,16 manat məbləğ yığılmışdır. Buna uyğun olaraq, pensiyanın artırılması üçün cavabdehə müraciət edilmiş, lakin əsassız olaraq müraciət təmin edilməmişdir. Eyni zamanda, artıq pul vəsaitinin ödənilməsi barədə cavab verilmişdir. Cavabdeh qanunsuz və əsassız olaraq nəzərə alınmalı faiz göstəricisində qanunun qüvvəsini geriyə tətbiq etmiş, onun vəziyyətini ağırlaşdırmışdır. Etiraz onunla əsaslandırılmışdır ki, 11 noyabr 2015-ci il tarixdə orta aylıq əmək haqqının 597,18 manat təşkil etməsinə əsaslanılaraq 20 il 8 ay 17 gün qulluq illəri nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi-477,74 manat məbləğində əmək pensiyası hesablanmışdır. Müvafiq Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qulluq staşına uyğun olaraq əmək pensiyasının yenidən hesablanması zamanı orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 67 faiz tətbiq edilmişdir. Müvafiq Fərmanın tələbinə əsasən 01 yanvar 2020-ci il tarixinədək vaxti ilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (969,55 manat) ilə 1 yanvar 2020-ci il tarixindək sonrakı orta aylıq əmək haqqının (974,86 manat) arasındakı fərq məbləğinin (5,31 manat) 67 faizi-3,56 manat 1 yanvar 2020-ci il tarixinədək hesablanmış pensiyanın (727,22 manat) əlavə olunmaqla əmək pensiyası 730,78 manat məbləğində hesablanmalı olduğu halda 20 iyul 2020-ci il-31 dekabr 2022-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına hər ay 895,37 manat məbləğ köçürülmüşdür. Buna görə də həmin dövr üzrə 4836,83 manat artıq pul vəsaiti ödənilmişdir. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, 01 yanvar 2023-cü il tarixindən əmək pensiyası 922,03 manat məbləğində hesablanmalı olduğu halda, 01 yanvar 2023-19 iyul 2023-cü il tarixləri arasındakı dövr ərzində hər ay 1129,69 manat məbləğində köçürülmüşdür. Bu səbəbdən həmin dövr üzrə 1373,24 manat artıq pul vəsaiti ödənilmişdir. Bundan əlavə, əmək pensiyası təyin edildikdən sonra fərdi hesabın sığorta hissəsində qeydə alınmış sığorta kapitalına örə pensiya yenidən hesablanaraq 20 iyul 2023-cü il tarixindən 1036,56 manat məbləğində müəyyən edilmişdir. Bna görə də iddiaçıya iyul (12 gün üçün) və avqust ayları üzrə ümumilikdə 1437,81 manat pul vəsaiti ödənilməli olduğu halda 1566,99 manat məbləğində pul vəsaiti ödənilmişdir. Nəticədə həmin aylar üzrə iddiaçıya 129,18 manat artıq pul vəsaiti ödənilmişdir. Ümumilikdə iddiaçıya son üç il üzrə, ümumilikdə 6339,25 manat artıq pul vəsaiti ödənilmişdir, Eləcə də 2022-ci il üzrə 197,51 manat maddi yardım üzrə artıq pul vəsaiti ödənilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə vermişdir. Məhkəmə ərizəni iddia tələbi “6339,25” manat pul vəsaitinin tutulmasının cavabdehə qadağan edilməsi, pensiya çıxdıqdan sonra 6 il ərzində yığılmış sığorta kapitalı nəzərə alınmaqla əmək pensiyasının “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2491 nömrəli 5 fevral 2021-ci il tarixli Sərəncamı nəzərə alınmaqla orta aylıq əmək haqqının ümumi artım tempinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən (67 faiz) əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi və cavabdehin 06 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi” formasında başa düşülməklə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir İş materiallarında olan: 08 sentyabr 2023-cü il tarixli cavabdehin məktubunda qeyd edilmişdir ki, 11 noyabr 2015-ci il tarixdə orta aylıq əmək haqqının 597,18 manat təşkil etməsinə əsaslanılaraq 20 il 8 ay 17 gün qulluq illəri nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi-477,74 manat məbləğində əmək pensiyası hesablanmışdır. Müvafiq Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qulluq staşına uyğun olaraq əmək pensiyasının yenidən hesablanması zamanı orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 67 faiz tətbiq edilmişdir. Müvafiq Fərmanın tələbinə əsasən 01 yanvar 2020-ci il tarixinədək vaxti ilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (969,55 manat) ilə 1 yanvar 2020-ci il tarixindək sonrakı orta aylıq əmək haqqının (974,86 manat) arasındakı fərq məbləğinin (5,31 manat) 67 faizi-3,56 manat 1 yanvar 2020-ci il tarixinədək hesablanmış pensiyanın (727,22 manat) əlavə olunmaqla əmək pensiyası 730,78 manat məbləğində hesablanmalı olduğu halda 20 iyul 2020-ci il-31 dekabr 2022-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına hər ay 895,37 manat məbləğ köçürülmüşdür. Buna görə də həmin dövr üzrə 4836,83 manat artıq pul vəsaiti ödənilmişdir. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, 01 yanvar 2023-cü il tarixindən əmək pensiyası 922,03 manat məbləğində hesablanmalı olduğu halda, 01 yanvar 2023-19 iyul 2023-cü il tarixləri arasındakı dövr ərzində hər ay 1129,69 manat məbləğində köçürülmüşdür. Bu səbəbdən həmin dövr üzrə 1373,24 manat artıq pul vəsaiti ödənilmişdir. Bundan əlavə, əmək pensiyası təyin edildikdən sonra fərdi hesabın sığorta hissəsində qeydə alınmış sığorta kapitalına örə pensiya yenidən hesablanaraq 20 iyul 2023-cü il tarixindən 1036,56 manat məbləğində müəyyən edilmişdir. Bna görə də iddiaçıya iyul (12 gün üçün) və avqust ayları üzrə ümumilikdə 1437,81 manat pul vəsaiti ödənilməli olduğu halda 1566,99 manat məbləğində pul vəsaiti ödənilmişdir. Nəticədə həmin aylar üzrə iddiaçıya 129,18 manat artıq pul vəsaiti ödənilmişdir. Ümumilikdə iddiaçıya son üç il üzrə, ümumilikdə 6339,25 manat artıq pul vəsaiti ödənilmişdir, Bakı Vergilər Departamentinin məktubunda qeyd edilmişdir ki, iddiaçı 14 iyul 1994cü il tarixdən 11 noyabr 2015-ci il tarixədək vergi orqanlarında çalışmışdır. Əmək pensiyasının hesablanması barədə 06 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, 20 iyul 2023-cü il tarixdən 1036,56 manat pensiya ödənilməli olması qərara alınmışdır. Qərarda artıq ödənilmiş məbləğlə bağlı da qeydiyyat aparılmışdır. Əvvəlki pensiya məbləği 922,03 manat olmuşdur. Hesablamaya əsas yığılmış kapitala görə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi ilə bağlı olmuşdur. İşin faktiki hallarından da göründüyü kimi iddia bir hissədə cavabdehin istinad etdiyi artıq ödənildiyi qeyd edilən “6339,25” manat pul vəsaitinin tutulmasının cavabdehə qadağan edilməsi ilə əlaqədardır. Belə ki, cavabdeh hesab edir ki, iddiaçıya son üç il üzrə ümumilikdə 6339,25 manat (yuxarıda qeyd edildiyi kimi 4836,83+1373,24+129,18) manat artıq pul vəsaiti ödənilmişdir. İş materiallarından da göründüyü kimi həmin artıq ödəməyə cavabdehin istinadı məhz cavabdeh tərəfindən hesablamanın səhv aparılması ilə əlaqədar olmuş, nəticədə də artıq ödəmənin yarandığına istinad edilmişdir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun: Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Qeyd olunan hal isə pensiya orqanına artıq ödənildiyi ehtimal edilən məbləğin məhkəmə qaydasında geri tələb edilməsinə dair iddia qaldırılmasına əsas verir. Lakin, məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı hazırkı iddia tələbi ilə pul tutulmalarının aparılması ilə bağlı cavabdehin hərəkətlərini mübahisələndirir və tələb bir hissədə pul məbləğinin tutulmasının qadağan edilməsi ilə bağlıdır, məhkəmə cavabdehin iddiaçıdan pul məbləğinin tutulması ilə bağlı hərəkətlərinin qanuni olub-olmamasına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsi ilə tələb olunan yeni məhkəmə mübahisəsinin yaranmaması, prosessual qənaət prinsipləri nəzərə alınmaqla qiymətləndirməsini zəruri sayır və ümumilikdə iddia tələbinin göstərilən qadağan etmənin tətbiq edilməsinin qanuni olub-olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Yuxarıda qeyd edildiyi kimi hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı tələbin qanuniliyi baxımından həll edici əhəmiyyət daşımasa da pensiya təyini qərarının və faktiki xarakterli hərəkətlərinin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır. Aydın məsələdir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edib-edə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair məhkəməyə müraciət oluna bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır ki, iddiaçının cavabdehdən asılı olmayan hallar nəticəsində əmək pensiyası artıq ödənilmişdir ki, məhkəmə hesab edir ki, iddiaçıdan ödənişin tutulmasına əsas yarada bilməz. Belə ki, əmək pensiyasının artıq ödənilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi iddiaçı etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun tutulması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə və ya faktiki xarakterli hərəkət qanunsuz əlverişli hərəkət hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq pulun tutulması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, Adıçəkilən Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi inzibati orqan tərəfindən səhv hesablama nəticəsində artıq pensiya ödənilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yol verilməzdir. Göründüyü kimi əmək pensiyasının artıq hesablanması şəxsin ziyanına şərh olunacağı halda belə, həmin hərəkətin əlverişli hesab edilməsi xarakteri aradan qalxmır və hazırkı faktiki hallar nəzərə alınmaqla iddiaçının etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı tələb təmin edilməlidir. Dəqiqləşdirilmiş iddia tələbindən göründüyü kimi iddia digər hissədə iddiaçı pensiya çıxdıqdan sonra 6 il ərzində yığılmış sığorta kapitalı nəzərə alınmaqla əmək pensiyasının 2491 nömrəli Sərəncama əsasən orta aylıq əmək haqqının ümumi artım tempinə uyğun olaraq 2017-ci ilin 01 iyul tarixə təyin edilmiş əmək pensiyalarının qulluq stajınanının yenidən hesablanması qaydasının 2.3-cü bəndinə uyğun olaraq (67 faiz) əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi və cavabdehin 06 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi ilə əlaqədardır. Nəzərə alınmalıdır ki, Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə – pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir. Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində bəzi kateqoriyadan olan şəxslərin əmək pensiyası hüququnun yaranmasında və hesablanmasında müəyyən güzəştlərin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sadalanaraq, iddiaçının kateqoriyasında olan şəxslər də belə hüquqa malik şəxslərin dairəsinə aid edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsində isə əmək pensiyası təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydası müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Qeyd edilməlidir ki, Qanunun həm 9.6, həm də 37.3.1-ci maddələrinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. Qulluq illərinə əlavənin hesablanması qaydası isə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. İstinad olunan normadan görünür ki, şəxsə ödənilən qulluq stajına görə əlavənin məbləği iki halda yenidən hesablana bilər, hansı ki, bu zaman birinci halda qulluq illərinə görə əlavənin məbləği azaldılır, ikinci halda isə artırılır:

1. əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə - bu zaman qulluq illərinə görə əlavənin məbləği artım qədər azaldılır;

2. həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı artırıldıqda – bu zaman qulluq illərinə görə əlavənin məbləği artıma uyğun olaraq artırılır. Birinci hal, yəni əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən həyata keçirilir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilir. İndeksləşdirmə Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi daşımaqla istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq üçün vətəndaşların pensiya gəlirini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Qanunun 6.2.-ci maddəsinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Göründüyü kimi qulluq illərinə əlavə də indeksləşdirmə kimi bəzi kateqoriya şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşımaqla büdcədən həmin şəxslərə ödənilən əlavə təminatdır. Məhz buna görədir ki, həm Qanunun 29.2-ci maddəsinə, həm də Qaydanın 2.1-ci maddəsinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirildikdə və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılmaqla yenidən hesablanması nəzərdə tutulmuşdur. Bu zaman iki dövlət təminatının eyni anda tətbiq edilməməsi, təminatın eyni səviyyədə saxlanmasının həyata keçirilməsi üçün qanunverici birbaşa olaraq əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi və ya belə bir indeksləşdirmə nəticəsində yaranacaq yenidən hesablanma nəticəsində artırılmış məbləğin qulluq stajına görə əlavədən çıxılmasını təsbit etmişdir. Şəxsin qulluq stajına görə əlavəsinin məbləğinin yenidən hesablanmasının ikinci halı isə şəxsin işləmiş olduğu vəzifə üzrə aylıq əmək haqqının artırılması ilə bağlıdır. İşdən görünür ki, iddiaçı işləyən əmək pensiyaçı kimi toplanmış pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmişdir. Məhkəmə bu zaman onu da nəzərə alır ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya kapitalını fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsait təşkil edir, hansı ki, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Sosial sığorta haqqında” Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Qanunun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: pensiya yaşına çatmaq;... Qanunun 6-cı maddəsinə əsasən sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdir. Bunlara aşağıdakılar aiddir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları... Əsasnamənin 3-cü hissəsinə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüquqi yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçı pensiya təyin edildikdən sonra işləmiş və pensiya kapitalının formalaşdırılması üçün onun aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqqı hesablanmışdır. İddiaçıya pensiya təyin edildiyindən hazırkı halda sığorta hadisəsi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən onun əmək pensiyasının yenidən hesablanması hüququnun yaranması təşkil edir ki, istinad olunan normalara əsasən sığorta hadisəsi baş verdikdə şəxsin sığorta ödəməsini, yəni onun fərdi hesabında toplanan pensiya kapitalını almaq hüququ vardır. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq ona pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ mövcuddur. Bu yenidən hesablanma əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı olmadığından iddiaçı pensiya yenidən hesablanarkən qulluq stajına görə əlavələrin məbləğinin azaldılmaması da nəzərə alınmalıdır. Hesablama qaydasına münasibətdə də məhkəmə hesab edir ki, 67 faizlə bağlı şərtin tətbiqinə münasibətdə də tələb qanuni və əsaslıdır. Belə ki, mübahisəli məsələyə dair həmin dövr üzrə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”-nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əməkhaqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə – orta aylıq əməkhaqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Qeyd olunan səbəbdən də iddiaçının 20 il 8 ay 17 gün qulluq illərinə görə əmək pensiyasının hesablanması üçün vaxtı ilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan faiz dərəcəsi 67 faiz təşkil etməlidir. Həmçinin, nəzərə alınmalıdır ki, “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2491 nömrəli 5 fevral 2021-ci il tarixli Sərəncamı da əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmalıdır. Adıçəkilən Sərəncamın:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2021-ci il 1 yanvar tarixinə 2020-ci il üzrə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin müəyyən etdiyi: 1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci il 1 yanvar tarixinədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin; 1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2021-ci il 1 yanvar tarixinədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin təmini əsasında əmək pensiyasının yuxarıda göstərilən mövqe nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmalı olması cavabdehə həvalə edildiyindən, əmək pensiyasının iddiaçıya münasibətdə yenidən hesablanması barədə mübahisələndirilən qərarının ləğvi zərurəti yaranmışdır. Qərarın ləğvi ilə bağlı, həmçinin nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun: 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Məhkəmə hesab edir ki, inzibati prosessual qanunvericiliyin adıçəkilən tələbləri nəzərə alınmaqla mövcud, mübahisələndirilən inzibati aktın ləğv edilməsi, eləcə də inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati orqan tərəfindən əsaslandırımış əmək pensiyasının yenidən hesablanması barədə, məhkəmənin istinad etdiyi faktiki və hüquqi hallar, eləcə də hüquqi mövqe nəzərə alınmaqla qərarın qəbul edilməsi zəruridir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında 06 sentyabr 2023-cü il tarixli qərar ləğv edilsin. İddiaçı pensiya çıxdıqdan sonra 6 il ərzində yığılmış sığorta kapitalı nəzərə alınmaqla əmək pensiyasının “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2491 nömrəli 5 fevral 2021-ci il tarixli Sərəncamı nəzərə alınmaqla orta aylıq əmək haqqının ümumi artım tempinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”-nın 2.3-cü bəndi də nəzərə alınmaqla (67 faiz) əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar