Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3597/2025 12.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 2 ünvanında olan fərdi yaşayış evinin yerləşdiyi 843.3 kv.m sahədən ibarət torpaq sahəsi üzərində hər birinin ½ hissədə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1962-ci il tarixdə tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, 843.3 kv.m sahədən ibarət torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi Səttar Əliyevə məxsus olmuşdur. Fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, lakin, torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin fərdi yaşayış evi 17 mart 2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mərhum qardaşları X2, qardaşları vəfat etdikdən sonra vərəsəlik qaydasında anaları X5 adına, anaları rəhmətə gedəndən sonra vərəsəlik qaydasında onların adına rəsmiləşdirilmişdir. Həmin ünvanda yerləşən 843.3 kv.m sahədən ibarət torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tairxli məktubu ilə imtina edlmişdir. Hesab edirlər ki, cavabdehin imtinası əsassız və qanunsuzdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı1 ünvan 2 ünvanında olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********55 xaricolma nömrəli məktubla cavab verilmişdir. İddiaçı2 iddia tələbi ilə bağlı İdarəyə rəsmi müraciəti daxil olmamışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən texniki pasportla faktiki torapq sahəsi arasında perimetrik ölçü fərqi olmaqla sahənin bir hissəsi yüksək gərginlikli elektrik xətinin mühafizə zonasında yerləşir. Ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədaar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış sorğuya cavab olaraq 13-13/2-1/06-10888/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, sözügedən ünvan 6kV-luq hava elektrik xəttinin mühafizə zonasında yerləşir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən yerli baxış zamanı məlum olmuşdur ki, texniki pasporta əsasən A yaşayış evinə bitişik əlavə sahə tikilmiş, həyət tikililəri sökülmüş və torpaq sahəsində yeni həyət tikililəri inşa edilmişdir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçılar iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçıların müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-38855202 **********55 nömrəli məktubla imtina edilmişdir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşıınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 232.90 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə ½ hissədə İddiaçı1, ½ hissədə İddiaçı2 məxsusdur. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0.0285 ha təşkil edir.
9. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfinədn 3-21-3-30/2-51013/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla ünvan 2 ünvanına dair arxiv sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
10. xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əsasən müəyyən edilmişdir ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki sahəsi 843.3 kv.m təşkil edir. Torpaq sahəsinin bir tərəfi yol, qalan tərəfi qonşudur. Texniki pasporta əsasən A yaşayış evinə bitişik əlavə sahə tikilmiş, həyət tikililəri sökülmüş və torpaq sahəsində yeni həyət tikililəri inşa olunmuşdur. Yaşayış evi 1 mərtəbəli, 6 yaşayış otağından ibarətdir. Küçə tərəf daş hasardan 0.5 kv.m kənara 6 minlik elektrik xətti keçir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
12. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
15. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
16. Məhkəmə işdə iştirak edən iddiaçıların izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
17. Belə ki, işin hallarınının məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli fərdi yaşayış evi və onun altında yerləşən torpaq sahəsi X8 məxsus olmuş, onun adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1962-ci il tarixli texniki pasport tərtib edilmişdir. Texniki pasportda torpaq sahəsinin həyətyanı ölçüsü 843.3 kv.m göstərilmişdir. S.Əliyevin vəfatından sonra həmin ünvanda yerləşən fərdi yaşayış evi vərəsəlik hüququ haqqında şəhadətnaməyə və bağışlama müqaviləsinə əsasən X6 adına qeydiyyata alınmış və sonuncu tərəfindən həmin əmlak AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X1. X3 vəfatından sonra isə xx.xx.2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən fərdi yaşayış evi anası X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sonuncunun vəfatından sonra isə xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən fərdi yaşayış evi ½ hissədə iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
18. Göründüyü kimi, fərdi yaşayış evi üzərində iddiaçıların hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, torpaq sahəsi üzərində nə iddiaçıların, nə də, əvvəlki mülkiyyətçilərin hüquqları qeydiyyata alınmamışdır. İddiaçılar bununla bağlı cavabdehə müraciət etsələr də, cavabdeh tərəfindən müraciətlərinin təmin edilməsindən elektron kadastr məlumatına əsasən texniki pasportla faktiki torpaq sahəsi arasında perimetrik ölçü fərqi olmaqla sahənin bir hissəsinin yüksək gərginlikli elektrik xətinin mühafizə zonasında yerləşməsinə istinad edilməklə imtina edilmişdir. Halbuki, cavabdeh İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş müayinə aktında torpaq sahəsinin texniki pasportla faktiki sahəsi arasında perimetrik ölçü fərqinin olması ilə bağlı hər hansı bir qeyd aparılmamışdır. Bundan əlavə, cavabdeh tərəfindən imtinanın əsaslarında texniki pasporta əsasən A yaşayış evinə bitişik əlavə sahənin tikilməsinə, həyət tikililərinin sökülməsinə və torpaq sahəsində yeni həyət tikililərinin inşa edilməsinə istinad edilmişdir ki, məhkəmə cavabdehin bu dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıların artıq fərdi yaşayış evi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və fərdi yaşayış evi üzərindəki hüquqların qeydiyyatı ilə bağlı məsələ hazırki məhkəmə mübahisəsinin predmetini təşkil etmir.
19. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, cavabdehin imtinasının digər əsasında torpaq sahəsinin yüksək gərglinlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsinə istinad edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, həmin torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi iddiaçıların mübahisəli torpaq sahəsi üzərində hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz.
20. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2024-cü il 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”in 1.4-cü bəndinə əsasən Bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər.
22. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonasına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.
23. Məhkəmə iddiaçıların tələbinin hüquqi əsası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair - üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunmuşdur.
24. İşin hallarından göründüyü kimi, mübahisəli fərdi yaşayış evinin ilkin sahibi olmuş mərhum X7 fərdi yaşayış evi üzərində hüquqları qeydiyyata alınmış, o, evin sahibi kimi tanınmış və texniki inventarlaşdırma orqanı tərəfindən həmin evə dair texniki pasport tərtib edilmiş, texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüsü göstərilmişdir. Lakin, sonradan fərdi yaşayış evi satılsa da, cavabdeh qurum tərəfindən digər mülkiyyətçilərin, o cümlədən, iddiaçıların adına həmin torpaq sahəsi fərdi yaşayış evi ilə birlikdə vahid əmlak şəklində qeydiyyata alınmamışdır.
25. Göründüyü kimi, iddiaçılar sözügedən ünvanda yerləşən fərdi yaşayış evi üzərində istər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsində nəzərdə tutulan, istərsə də, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri mövcud olmuşdur.
26. Beləliklə göründüyü kimi, mübahisəli fərdi yaşayış evi qanuni əsaslarla iddiaçının mərhum atasının və sonradan onun ailəsinin istifadəsində olmuşdur.
27. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinasının və etirazının əsasını təşkil edən dəlillər əsassız hesab edilməklə iddiaçının mərhum atasının sözügedən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları yaranmış hesab olunmalıdır.
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
29. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün qanunvericiliyin tələbləri tam təmin edildiyindən, iddiaçıların sözügedən torpaq sahəsi üzərindəki mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
32. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında olan fərdi yaşayış evinin yerləşdiyi 843.3 kv.m sahədən ibarət torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin ½ hissədə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva