Məhkəmə qərarları › İş №2-1(112)-3598/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3598/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3598/2023 06.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməyən pensiya məbləğinin ödənilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx xxxx 1956-cı il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyasına çıxmaq hüququnun təmin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əməkivə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filalına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1956-cı ildə anadan olmuş, hal-hazırda yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir. Lakin 180 manat məbləğində yaşa görə sosial müavinət alır. İddiaçı DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etsə də, ona qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmiş və əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Cavabdeh iddiaçının 1973-cü ilin sentyabr ayından, 20 avqust 1976-cı ilədək (2 il, 11 ay, 6 gün), Azərbaycan Respublikası Yerli Sənaye Nazirliyinin Metalloplastmas zavodunda və 01 sentyabr 1976-cı ildən 12 fevral 1977-ci ilədək (5 ay, 11 gün) Bakı Dövlət Universitetində, müxtəlif vəzifələrdə işlədiyi ümumilikdə, 3 il, 4 ay,16 gün stajını nəzərə almaq istəmir. Qeyd olunanlara əsasən iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiasını əsassızdır və təmin edilməməlidir. İddiaçı 08 iyul 2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Ərizəçinin müraciətinə aidiyyəti üzrə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən baxılmış və iddiaçıya ünvanlanmış cavab məktubunda qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı iddiaçının əmək kitabçasında olan xx.xx.1991-ci il tarixindən xx.xx.1997-ci il tarixədək “Monolit" kiçik müəssisəsindəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Beləliklə iddiaçının təqdim etdiyi əmək kitabçası hərbi biletin surətinə və digər sənədlərə əsasən əmək kitabçasında və hərbi biletinin surətinə əsasən ümumi sığorta stajının xx.xx.2006-cı il tarixinədək 22 il 9 ay 3 gün olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Belə olan halda, iddiaçı qanunvericiliklə tələb olunan 25 il sığorta stajına və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır. Göstərilənləri və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsini, İPM-in 47-ci maddəsini əsas götürməklə iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq aşağıdakı məzmunda cavab verilmişdir: “Təqdim etdiyiniz əmək kitabçanıza və hərbi biletinizin surətinə əsasən, ümumi sığorta stajınız xx.xx.2006-cı il tarixinədək 22 il 9 ay 3 gün olmaqla tələb edilən müddətdən (25 ildən) azdır. Eyni zamanda, 22 il 9 ay 3 gün sığorta stajınıza uyğun fərdi hesabın sığorta hissəsində pensiya kapitalı 17337.07 manat olmaqla qanunvericilikdə tələb olunan 28800 manat pensiya kapitaldan azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Sizin müraciətinizə əsasən bildiririk ki, təqdim etdiyiniz əmək kitabçanızda qeyd olunmuş xx.xx.1991-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək “Monolit" kiçik müəssisəsindəki əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. X2 və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən əmək kitabçanızda qeyd olunan xx.xx.1991-ci il tarixindən xx.xx.1997-ci tarixinədək işlədiyiniz “Monolit” kiçik müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin dövrlərin sosial sığorta stajının araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, sizə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Xəzər RPİ tərəfindən verilmiş, AZE seriyalı, 0******* №li şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. - xx.xx.1997-ci il tarixdən doldurulmağa başlamış iddiaçının ИТ-İ 2060343№li əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Azərbaycan SSR Nazilər Soveti yanında Quraşdırma və xüsusi tikinti işləri üzrə “Azərquraşdırma” idarəsinin mexanika və nəqliyyat şöbəsində mühəndis işləmişdir. xx.xx.1977-ci il tarixdə hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1979-cu il tarixdən xx.xx.1990-cı il tarixədək Baş İdarənin İstehsalat İdarəetmə İdarəsində mühəndis, iqtisadçı, böyük mühəndis, rəis müavini vəzifələrində işləmişdir (Baş İdarənin İstehsalat İdarəetmə İdarəsinin adı sonradan Azərbaycan SSR Quraşdırma və Xüsusi tikinti işləri Nazirliyi, daha sonra Azərbaycan SSR Quraşdırma və xüsusi tikinti işləri Nazirliyinin Bakı “Ərzaqquraşdırma” idarəsinə çevrilmişdir). xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Usluqa” Kooperativində sədr, xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Monolit” KM-də müdir, xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək “Azərelektroişıq” İB-nin Kommersiya Şöbəsində rəis müavini vəzifələrində işləmişdir. - H3 №3561107 saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq verilmiş: - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin məktubundan görünür ki, “Monolit” KM-in arxiv sənədləri AR Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubundan görünür ki, Metalloplastmas zavodu barədə dövlət əmlakının registrində qeydiyyat aparılmamışdır. - Dövlət Vergi Xidmətinin məktubundan görünür ki, “Monolit” KM adlı hüquqi şəxslərin sayı çox olduğundan sorğu olunan hüquqi şəxsi müəyyən etmək mümkün olmamışdır. - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məktubundan görünür ki, Metal-plastik məmulatı zavodu (sonradan “Bərdə Metalplastik" ASC, ünvan: ünvan 2sonradan “Metal və X3” Zavod, ünvan: AZ1029, Bakı şəhəri, Nərimanov rayonu, X4, ev 1) isə 12 sentyabr 1996-cı il tarixlərindən Azərbaycan Respublikasının statistik vahidlərin dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçı Azərbaycan Respublikası Yerli Sənaye Nazirliyi Metalloplastmas zavoduna 1-ci dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilməsi barədə xx.xx.1973-cü il tarixli, §16, 112 №-li, Alüminium qablar sexinə 1-ci dərəcəli (klepşik) vəzifəsinə keçirilməsi barədə xx.xx.1974-cü il tarixli, 98 №-li və işdən azad edilməsi barədə xx.xx.1976-cı il tarixli, §10, 89 №-li əmrlərinin təsdiq olunmuş ksero surətləri məhkəməyə təqdim edilmişdir. - Bakı Dövlət Universitetinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş arxiv arayışından görünür ki, Universitetin arxiv sənədlərinə əsasən İddiaçı 1976-cı il 06 sentyabr tarixli 31 ok/n nömrəli əmrə əsasən, 1976-cı il 01 sentyabr tarixdən 5 nömrəli yataqxanaya mərtəbə növbətçisi vəzifəsinə qəbul edilmiş, 1976-cı il 06 noyabr tarixli, 149 ok/n nömrəli əmrə əsasən 1976-cı il 09 noyabr tarixdən dülgər vəzifəsinə keçirilmiş, 1976cı il 23 noyabr tarixli, 175 ok/n nömrəli əmrə əsasən 1976-cı il 16 noyabr tarixdən xarici tələbələr üzrə dekanlıqda tədris ustası vəzifəsinə keçirilmiş, 1977-ci il 15 fevral tarixli 70/n nömrəli əmrə əsasən 1977-ci il 12 fevral tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, iddiaçının təqdim etdiyi hərbi biletin və əmək kitabçasının surətlərinə əsasən hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 22 il 9 ay 3 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH- yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T-gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay). Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sözügedən şəxsin əmək pensiyasının məbləği aşağıda göstərilən qaydada hesablanmışdır: 2006-cı il tarixinədək 22 il 9 ay 3 gün sığorta stajına əsasən fərdi hesabının sığorta hissəsidə qeydə alınan kapital: (22+(9+3/30 gün)/12ay)x306=6964,05. Həmçinin, xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 6964,05 manat pensiya kapitalının yaşa görə əmək pensiyası hüququ yarandığı xx.xx.2021-ci il tarixə indeksləşdirilmiş məbləği 17343,31 manat təşkil edir. İşin hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmiş, pensiya təyin edilməsi üçün ümumi sığorta stajının tələb olunan həddən (25 il) az, eyni zamanda pensiya kapitalının tələb olunan həddən (28800 manat) aşağı olduğu əsas gətirilmişdir. İddiaçı işlədiyi illərin sığorta stajına daxil edilməməsindən narazıdır və hazırkı ilə iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun: - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. - Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: - qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması işin mübahisəsiz halıdır. İddiaçı mübahisə açmasa belə, məhkəmə araşdırması ilə iddiaçının fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyasının təyin edilməsinə imkan verən pensiya kapitalının da toplanmadığı müəyyən edilmişdir. İşin yeganə mübahisəli məqamı iddiaçının sosial sığorta stajı ilə bağlıdır. Belə ki, cavabdeh iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1991-ci il tarixindən xx.xx.1997-ci tarixinədək (5 il 11 ay 25 gün) “Monolit” kiçik müəssisəsində işlədiyi dövrü həmin müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığına görə, eyni zamanda iddiaçının əmək kitabçasında əksini tapmayan, lakin arxiv arayışı ilə təsdiq olunan Yerli Sənaye Nazirliyinin Metalloplastmas zavodunda xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixədək (2 il, 11 ay, 6 gün) və xx.xx.1976-cı ildən xx.xx.1977-ci il tarixədək (5 ay, 11 gün) Bakı Dövlət Universitetində müxtəlif vəzifələrdə işlədiyi dövrü sığorta stajına hesablamamışdır. Cavabdeh iddiaçının 22 il, 9 ay, 3 gün ümumi sığorta stajının olduğu qənaətinə gəlmişdir. Məhkəmə qeyd edir ki, 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydalarından: Bənd 117 “q”. Arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Göründüyü kimi, istinad edilən qanunvericilik aktlarında “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında da müəyyən edilməsinin mümkünlüyü təsbit edilmişdir. Bu baxımdan, hazırkı iddiaçının Bakı Dövlət Universitetində və Metalloplastmas zavodunda işlədiyi, ümumilikdə 3 il, 4 ay, 16 gün müddət müvafiq arayışlarla təsdiqləndiyindən onun ümumi iş stajına daxil edilməlidir. Belə olan halda, cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı (22 il 9 ay 3 gün) ilə arxiv arayışlarına əsasən müəyyən edilmiş staj toplandıqda iddiaçının qanunla tələb olunan 25 ildən artıq sığorta stajı mövcud olur (22 il, 9 ay, 3 gün + 3 il, 4 ay, 16 gün = 26 il, 1 ay, 19 gün). Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövr üzrə stajı nəzərə alınmasa belə, 25 il sığorta stajına malik olduğu müəyyən edildiyindən ona yaşa görə əmək pensiyası təyinatından imtina edilməsi ilə bağlı cavabdehin imtinası qanuni sayıla bilməz. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli və iddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar