Məhkəmə qərarları › İş №2-1(112)-3598/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3598/2024

23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3598/2024 23.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları. İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 1ndə yerləşən 0,07 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib olunmasını xahiş etmişdir. İdarə xx.xx.2023-cü il tarixli məktub ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, torpaq sahəsinə dair təqdim edilmiş cizgidə istinad, məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bundan sonra iddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ndə yerləşən 0,07 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib olunması və döngə nöqtələrinin koordinatlarında yaranmış uyğunsuzluğun aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək, məhkəmədən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz olunmasını, iddia tələbinin isə “ünvan 1ndə yerləşən 0,07 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib olunması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması” kimi müəyyən olunmasını xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, ünvan 1ndə yerləşən 0,07 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib olunması və döngə nöqtələrinin koordinatlarında yaranmış uyğunsuzluğun aradan qaldırılması ilə bağlı cavabdehə müraciət olunmuş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və qeyd etmişdir ki, torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədi olan Sabunçu Rayon İcra Hakimiyyətinin 1414 saylı, xx.xx.2000-ci il tarixli sərəncamına dair tərtib edilmiş yerləşmə cizgisində dəqiq istinad, məsafələr və perimetrik ölçülər qeyd edilmədiyindən torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən faktiki göstərilən torpaq sahəsi ilə onun mülkiyyətində olan torpaq sahəsinə dair ilkin tərtib edilmiş JN-11224H saylı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamənin baza məlumatı arasında perimetrik ölçü və konfiqurasiya fərqləri mövcuddur. Həmçinin, İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi ümumi ərazi daxilində və sıx yaşıllıq ağacları olan zolağın daxilində yerləşir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə dair plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan: -Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 1414 №-li, xx.xx.2000-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ünvanında yerləşən 0,07 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Milvari Balabəy qızına ayrılmışdır. -JN-11224H Kod 00500076 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 1414 №-li, xx.xx.2000ci il tarixli Sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ünvanında yerləşən 0,07 ha torpaq sahəsi Milvari Balabəy qızının mülkiyyətinə vermişdir. AN-İ № ******* nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, XXX Milvari Balabəy qızı ünvan 1 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi İddiaçı satmışdır. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli **********64 nömrəli sorğuya cavab məktubundan görünür ki, sözügedən torpaq sahəsi faktiki olaraq 0.092 ha təşkil edir. Sahə üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahəyə dair cizgidə istinad, istinad məsafəsi göstərilməmişdir. Bu səbəbdən göstərilən yerləşmə yeri ilə üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı hazırda ünvan 1ndə yerləşən 0,07 ha torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Göründüyü kimi, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr mülkiyyət hüququnun dövlət qeydiyyatına alınma əsaslarından biri qismində çıxış edir ki, AN-İ № ******* nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında XXX Milvari Balabəy qızı ünvan 1 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi İddiaçı satmışdır. İddiaçı hazırda torpaq sahəsinin mülkiyyətçisidir. Adıçəkilən Qanunun: 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 9.2. Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın: 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin: 2.1. Mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. 2.3. Mərzçəkmə işləri aşağıdakı hallarda aparılır: 2.3.1. yerquruluşu işləri aparılan zaman torpaq sahələrinin sərhədləri yerdə (naturada) müəyyən ediləndə və bərkidiləndə; 2.3.2. qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslər tərəfindən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqlar ilk dəfə əldə edildikdə; 2.3.3. torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; 2.3.4. hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda; 3.1. Mərzçəkmə işləri aşağıdakı mərhələlər üzrə aparılır: 3.1.1. hazırlıq işləri; 3.1.2. texniki layihə; 3.1.3. torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mərzçəkmə işləri aparılması barədə məlumatlandırılması; 3.1.4. torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsi, razılaşdırılması və mərz nişanlarının basdırılması; 3.1.5. mərz nişanlarının koordinatlarının, onların arasındakı məsafələrin müəyyən edilməsi və sahələrin hesablanması; 3.1.6. torpaq sahəsinin mərzçəkmə planının tərtib olunması; 3.1.7. mərzçəkmə qovluğunun hazırlanması və təqdim edilməsi. 5.3. Fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada (hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri istisna olmaqla) yeni torpaq sahələri əldə edildikdə, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda, torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə, habelə fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaqlarda, həyətyanı sahələrdə, fərdi bağların altındakı torpaq sahələrində mərzçəkmə işləri müvafiq ərizə (sifariş və ya tapşırıq) əsasında yerinə yetirilir və bu hallarda texniki layihə hazırlanmır. 5.4. Torpaq sahəsinin mərzçəkmə işlərinin texniki layihəsi Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri tərəfindən təsdiq olunur. Qanunvericiliyin tələbindən də göründüyü kimi torpaq sahəsinə müvafiq texniki sənədlərin hazırlanması cavabdehin vəzifəsidir və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair çıxarışın verilməsi ilə yanaşı həmin texniki sənədlərin dövlət rüsumu və xidmət haqqı ödənilmək şərti ilə şəxsə təqdim edilməsi zəruridir. Cavabdeh isə iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasını həyata keçirərək çıxarış təqdim etsə də, mərzçəkmə qaydalarını müfəssəl tənzimləyən yuxarıda qeyd olunan texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadan texniki sənədlərin verilməsini həyata keçirməmişdir. Halbuki, yuxarıda qeyd olunan normaların tələbindən də göründüyü kimi Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Nə qədər ki, mülkiyyət hüququna dair qeyd və onu təsdiq edən çıxarış qüvvədədir həmin sənədə uyğun texniki sənədlərin tərtib edilməsi və iddiaçıya təqdim edilməsi də zəruridir. Əks halda həmin torpaq sahəsinə sərəncam verilməsinə yönələn hər hansı hərəkətlərin edilməsi mümkün olmazdır ki, mülkiyyət hüququnun mühüm tərkib hissəsi olan sərəncam vermə hüququnun realizəsindən əks halda söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Beləliklə nə qədər ki, mülkiyyət hüququna dair qeyd qüvvədədir həmin qeydə uyğun texniki sənədlər də tərtib edilməlidir. Həmin qeyd cavabdeh tərəfindən ləğv edilmədiyindən texniki sənədlərin verilməsindən imtina sərəncam hüququnun, beləliklə də mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olur. Uyğunsuzluğun mövcudluğu müəyyən edilsə də cavabdeh nəzərə almamışdır ki, cavabdeh həmin uyğunsuzluğu müəyyən etməklə kifayətlənməməli, həmin uyğunsuzluğun aradan qaldırılmasına yönələn hərəkətlər etməklə, uyğunsuzluğun aradan qaldırılmaqla texniki sənədləri təqdim etməlidir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı ünvan 1ndə yerləşən 0,07 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib olunması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar