Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3600/2020 27.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X1 (Ünvanı: Bakı şəhəri, Ə.Cavad küçəsi ev 179; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun məhkəmələrlə mübahisə idarəsinin məsləhətçisi) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “müavinət təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddiaçının dövlət qulluqçusu kimi axırıncı əsas vəzifəsi üzrə dövlət məvacibinin 15 faizi miqdarında hər ay ödənilməklə ona ömürlük müavinət təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 1993-cü il tarixli, 408-nömrəli Fərmanı ilə Zəngilan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. Xahişi əsasında Azərbaycan Respublikası Prezidentinin 16 may 1995-ci il tarixli, 328-nömrəli Fərmanı ilə Zəngilan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad olunmuşdur. O, pensiya yaşına çatmasına baxmayaraq dövlət qulluğu vəzifəsində minumum quılluq stajına (15 il) və dövlət qulluqçusu kimi əmək pensiyası almaq hüququna malik olmadığına görə ona qövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi mümkün olunmamışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.1-ci maddəsinə əsasən dövlət qulluqçularına ömürlük müavinət “Dövlət qulluğu haqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələr tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum quılluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda müavinət təyin olunur. “Dövlət qulluğu haqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə - dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minumum 15 il qulluq stajı tələb olunur. “Dövlət qulluğu haqında” Azərbaycan Respublikası Qanunun 23.3-cü maddəsinə görə - dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minumum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində minumum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında” Azərbaycan Respublika Prezidentinin 22 oktyabr 2003-cü il tarixli, 936 nömrəli Fərmanına əsasən dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minumum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına axırıncı əsas vəzifəsi üzrə dövlət məvacibinin 15 faizi miqdarında ömürlük müavinət təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 fevral 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində minumum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydasının 6-cı bəndinə əsasən müavinət dövlət qulluqçusunun yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına hər ay ödənilir. Qeyd olunan qanunlara görə ona dövlət qulluqçusu kimi axırıncı əsas vəzifəsi üzrə dövlət məvacibinin 15 faizi miqdarında hər ay ödənilməklə ömürlük müavinət təyin olunmalıdır. Ona görə də o, ərizə ilə cavabdeh orqana mürəciət etmiş, lakin cavabdeh orqan **********5 nömrəli, 30 yanvar 2020-ci il tarixli məktubu ilə onun ərizəsini təmin etməkdən imtina etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki,“Sosial müavinətlər haqqında” Qanunun 7.0.1-ci maddəsində “dövlət qulluqçularına ömürlük müavinət - "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda” müəyyən olunmuşdur. Həmçinin “Dövlət qulluğu haqqında” Qanunun 23.3-cü maddəsinə görə “müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. Məzmundan da göründüyü kimi, dövlət qulluqçusuna ömürlük müavinət təyin edilməsinin əsas şərti, əmək pensiyası almaq hüququnu istisna edir. Həmçinin “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 936 nömrəli Fərmanı da “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinin icrasının təmin olunmasına yönəldilmişdir. Bir nüansı da qeyd etmək lazımdır ki, dövlət qulluqçularına təyin edilən ömürlük müavinətlər dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Əsassız və qanunsuz təyin edilmiş müavinətlər dövlət büdcəsində əlavə maliyyə itkilərinə gətirib çıxarır ki, bu da öz növbəsində dövlətin maliyyə resurslarından qeyri-səmərəli istifadəsinə gətirib çıxarır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə . baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ******* nömrəli xx.xx.1983-cü il tarixli Əmək kitabçasından görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 1993-cü il tarixli, 408-nömrəli Fərmanı ilə Zəngilan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 16 may 1995ci il tarixli, 328-nömrəli Fərmanı ilə Zəngilan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi Rayon Şöbəsinin **********5 nömrəli, 30 yanvar 2020-ci il tarixli imtina məktubundan görünür ki, İddiaçı DSMF-nin Nəsimi rayon şöbəsindən 224,10 (iki yüz iyirmi dörd manat on qəpik) məbləğində əmək pensiyası aldığından, o “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial müavinət almaq hüququna malik deyil. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqularını pozmur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. 13 iyun 2008-ci il tarixli 648-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 23.3-cü maddədə “və ya əlilliyinə görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə” sözləri “, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna” sözləri ilə əvəz edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.1-ci maddəsinə əsasən dövlət qulluqçularına ömürlük müavinət - "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda təyin edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə qeyd edilən dəyişikliklər edildiyi zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 12.1-ci maddələrinə diqqət yetirilməsi zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə (13 iyun 2008-ci il tarixdə qüvvədə olan redaksiyası) əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 12.1-ci maddəsinə (13 iyun 2008-ci il tarixdə qüvvədə olan redaksiyası) əsasən əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil və ya sağlamlıq imkanları məhdud olmuş sığortaolunana 1 il sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığortaolunana isə 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Göründüyü kimi, qanunverici pensiya yaşına çatmış, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış dövlət qulluqçusuna ömürlük müavinət təyin edilməsini həmin şəxsin dövlət qulluğunda minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmaması (müvafiq sığorta stajına malik olmaması) ilə şərtləndirir. Məhkəmə qeyd edir ki, iddiaçı pensiya yaşına çatdığı vaxt onun dövlət qulluğu vəzifəsində minimum qulluq stajınının (15 il) olmaması, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin vaxt qüvvədə olan normalarına əsasən əmək pensiyası almaq hüququna malik olması, yəni 62 yaşına çatması və azı 5 il sığorta stajının olması iş materialları ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı dövlət qulluğu vəzifəsində minimum qulluq stajını (15 il) olmadığından, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin vaxt qüvvədə olan normalarına əsasən əmək pensiyası almaq hüququna malik olduğundan (62 yaşına çatması və azı 5 il sığorta stajının nolması), hazırkı iddia əsassızdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddiaçının dövlət qulluqçusu kimi axırıncı əsas vəzifəsi üzrə dövlət məvacibinin 15 faizi miqdarında hər ay ödənilməklə ona ömürlük müavinət təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasına dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-3600/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3600/2020
27.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver