Məhkəmə qərarları › İş №2-1(112)-3600/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3600/2021

09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3600/2021 09.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “sağlamlığın peşəylə bağlı itirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddiaçının Ağstafa Rayon Prokurorluğunda 2008-2012-ci illərdə işlədiyi vaxtlarda sağlamlığının peşə ilə bağlı itirilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iş üzrə növbəti hazırlıq iclası xx.xx.2021-ci il tarixə təyin edilərək bu barədə proses iştirakçılarına məlumat verilmişdir. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iş ərazi aidiyyəti baxımından Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə ki, iddia tələbindən görünür ki, hazırkı mübahisə inzibati orqanla dövlət qulluqçusu arasında mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlıdır. Həmçinin, iş materiallarından müəyyən edilmişdir ki, İddiaçı həm qeydiyyat, həm də faktiki yaşadığı ünvan ünvan 1 mənzil 9-dur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.A.Haqverdiyev hazırkı işin aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, hazırkı mübahisə inzibati orqanla dövlət qulluqçu arasında mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 2.3-cü maddəsinə əsasən prokurorluq, ədliyyə, milli təhlükəsizlik, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluq işçilərinin səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar həyata keçirdikləri dövlət qulluğunun xüsusi növüdür. Göründüyü kimi, hazırkı mübahisə inzibati orqanla dövlət qulluqçu arasında mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olduğundan və İddiaçı qeydiyyat və faktiki yaşayış ünvanı ünvan 1 mənzil 9 ünvanı olduğundan, hazırkı işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə müvafiq olaraq fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Yuxarıda göstərilənlərdən göründüyü kimi, hazırkı mübahisə inzibati orqanla dövlət qulluqçusu arasında mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlıdır və iddiaçının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən onun yaşayış yeri (qeydiyyatda olduğu ünvan) ünvan 1 mənzil 9-dur. Belə olan halda məhkəmə hesab edir ki, dövlət qulluqçusu olmuş İddiaçı inzibati orqana qarşı xidməti hüquq münasibətlərindən yaranmış hazırkı iddia tələbi üzrə mübahisəyə İPM-in 8.1.3-cü maddəsinin müddəaları tətbiq edilməklə, iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu yerin müvafiq məhkəməsində, yəni Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və İPM-in 8.1-ci, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “sağlamlığın peşəylə bağlı itirilməsi” tələbi barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 3600/2021 saylı iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar