Məhkəmə qərarları › İş №2-1(112)-3600/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3600/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3600/2022 12.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Cəfəorva Yasəmən Fətman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Bakı şəhəri Xətai rayon Xidmət Nümayəndəliyinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Bakı şəhəri Xətai rayon Xidmət Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 25.11.1975-ci ildən 27.12.1977-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olduğu və 12.01.1978ci ildən Füzuli rayonu işğal edilən tarixə qədər, yəni 23.08.1993-cü ilə qədər “Qırmızı Oktyabr” sovxozunda traktorçu vəzifəsində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanması və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Füzuli rayonunun Dədəli kəndində doğulmuşdur. O, 09.03.1973-cü ildən 29.10.1975-ci ilə qədər “Qırmızı Oktyabr” sovxozunda traktorçu vəzifəsində işləmişdir. 25.11.1975-ci ildən 27.12.1977-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdından sonra 12.01.1978-ci ildən Füzuli rayonu işğal edilən tarixə qədər, yəni 23.08.1993-cü ilə qədər yenidən “Qırmızı Oktyabr” sovxozunda traktorçu vəzifəsində işləmişdir. Məcburi köçkün statusunu əldə etdikdən sonra 05.11.1993-cü ildən 01.09.1997-ci ilə qədər "Azərbaycannəqliyyatyoltikinti” Dövlət Şirkətində traktorçu, 01.09.1997-ci ildən 04.03.1999-cu ilə qədər "Azərnəqliyyattikinti" SC-nin 518 nömrəli Təmir Tikinti İdarəsində traktorçu, 01.09.2000-ci ildən 03.07.2006-cı ilə qədər Bakı SOS Uşaq Kəndində bağban, 03.07.2006-cı ildən 09.01.2015-ci ilə qədər “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının Xətai fılialında kənd ustası vəzifəsində işləmişdir. 18.02.2015-ci ildən hazırki vaxta qədər isə “SOS Uşaq Kəndləri- Azərbaycan” Assosiasiyasının Xətai fılialında usta vəzifəsində işləyir. Cavabdeh inzibati orqan tərəfindən ona 08.03.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmiş və pensiyasının aylıq məbləği 268,41 manat müəyyən edilmişdir. Hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfındən ona pensiya təyin olunan zaman əmək fəaliyyətini tam şəkildə nəzərə alınmamışdır. Belə ki, onun 25.11.1975-ci ildən 27.12.1977-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olduğu və 12.01.1978-ci ildən Füzuli rayonu işğal edilən tarixə qədər, yəni 23.08.1993-cü ilə qədər “Qırmızı Oktyabr” sovxozunda traktorçu vəzifəsində işlədiyi dövrlər pensiya təyin olunan zaman nəzərə alınmamışdır. Bununla bağlı olaraq cavabdeh inzibati orqana müraciət etsə də 26.10.2021-ci il tarixli, **********0 №-li məktubla müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi hərbi xidmət dövrünü təsdiq edən sənədin olmaması və sovxozdan işdən çıxma əmrinin mövcud olmaması göstərilmişdir. Hərbi xidmətlə bağlı ona məxsus H3 ******* №-li hərbi bilet mövcud olsa da cavabdeh inzibati orqan həmin sənədi nəzərə almamışdır. Göründüyü kimi Sovet ordu sıralarında hərbi xidmət keçdiyi dövr pensiya hesablanan zaman nəzərə alınmalı idi. Sovxozundan işdən çıxma barədə əmrinin mövcud olmaması ilə bağlı qeyd olunmalıdır ki, Füzuli rayonu 23.08.1993-cii il larixdə Ermənistanın təcavüzü nəticəsində işğal edilmiş və buna görə də digər şəxslər kimi o da məcburi köçkün düşmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməzə və onların sübuta ehtiyacı yoxdur. Ona məxsus əmək kitabçasında sovxozdan işdən çıxma barədə əmrinin mövcud olmaması göründüyü kimi obyektiv səbəblərdən yaranmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Fondun Xətai rayon xidmət nümayəndəliyinə müraciət etmiş, lakin müraciətin müsbət həlli mümkün olmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydalarırı 3.2-ci bəndinə görə 2006-cı il yarıvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəvvən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdiq edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Azərbavcan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nzəərə alınması ücün is stajının yalnız əmək kitabcasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mündiyi günədək sığortaolunanların qazanılmıs əmək pensiyası hüquqlarının nəzərə alınması ücün iş stajının əmək kitabcası ilə yanaşı əmək hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanası is yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.2-ci maddəsinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. İş materiallarındandakı əmək kitabçasından da göründüyü kimi, əmək kitabçasının doldurulma tarixində sadəcə il qeyd edilmiş, gün və ay göstərilməmişdir. Həmçinin iddiaçının Füzuli rayonu “Qırmızı Oktyabr sovxozu”nda işdən azad olunma əmri qeyd edilməmişdir. İddiaçı 12.01.1978-ci il tarixdən 23.08.1993-ci il tarixədək Füzuli rayonu “Qırmızı Oktyabr sovxozu”nda işlədiyi illərdə işdən azad olunma əmri qeyd edilmədiyindən sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Məlumat üçün bildirilir ki, iddiaçıya 08.03.2021-ci il tarixdə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçıya təyinat zamanı pensiya hesablanarkən 01.01.2006-cı il tarixədək əmək kitabçasında qeyd olunan illər 25 il (faktiki sığorta stajı 13 il 3 ay 19 gün) və 01.01.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində toplanmış 19769,63 manat məbləğində pensiya kapitalı nəzərə alınmaqla pensiya məbləği yenidən hesablanmış və 08.03.2021-ci il tarixdən 268,41 manat hesablanmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı lazımi qaydada xəbərdarlıq edilmiş, iddiaçı məhkəməyə məktub ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə Füzuli rayonu, Dədəli kəndində doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin surətindən görünür ki, iddiaçı 25.11.1975-ci ildən 22.12.1977-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçıya məxsus əmək kitabçasının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, o, 09.03.1973-cü ildən 29.10.1975-ci il tarixədək “Qırmızı Oktyabr” Sovxozunda traktorçu, 12.01.1978-ci ildən “Qırmızı Oktyabr” Sovxozunda traktorçu, 05.11.1993-cü ildən 01.09.1997-ci ildən Azərbaycan Nəqliyyat Dövlət Şirkətinin Yardımçı Təsərrüfatında traktorçu, 01.09.1997-ci ildən 04.03.1999-cu il tarixədək 518 №-li TTT-də traktorçu, 01.09.2000-ci ildən 09.01.2015-ci il tarixədək Bakı Sos Uşaq Kəndinə bağban və kənd ustası, 18.02.2015-ci ildən hal-hazıradək “SOS Uşaq Kəndlərində” usta vəzifəsində işləyir. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında 23.06.2021-ci il tarixli, **********0 №-li qərarın surətindən görünür ki, İddiaçı 08.03.2021-ci il tarixdə yaşa görə ömürlük 260,70 manat əmək pensiyası təyin edilmiş, yenidən hesablama aparılaraq yenidən hesablanmış pensiya məbləği 268,41 manat müəyyən edilmişdir. 12.01.1978-ci ildə “Qırmızı Oktyabr” sovxozuna işə daxil olduqdan sonra işdən azad olma əmri qeyd edilmədiyi üçün 1978-1993-cü illəri və hərbi xidmət haqqında sənəd təqdim etmədiyi üçün 1975-1977-ci illəri sığorta stajına daxil etmək mümkün olmamışdır. - Füzuli rayon İcra Hakimiyyəti Başçısının müavini tərəfindən məhkəməyə ünvanlanmış 01/483 №-li, 17.11.2021-ci il tarixli məktubdan görünür ki, Füzuli rayon ərazisində “Qırmızı Oktyabr” adlanan sovxoz fəaliyyət göstərmişdir. Lakin erməni işğalı zamanı bütün arxiv sənədləri yandırılıb tamamı ilə məhv edildiyi üçün sovxozun fəaliyyəti barədə Füzuli rayon İcra hakimiyyətində hər hansı bir məlumat mövcud deyildir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Füzuli filialı tərəfindən məhkəməyə ünvanlanmış 60 №-li, 18.11.2021-ci il və 63 №-li, 25.11.2021-ci il tarixli məktublardan görünür ki, İddiaçı işlədiyi Füzuli rayon “Qırmızı Oktyabr” adına sovxozunun 1986-cı ilə qədər olan sənədlər 23.10.1993-cü il tarixdə erməni işğalı zamanı Horadiz qəsəbəsində tamamilə yandırılaraq məhv edilmişdir. 1987-1993-cü illərə aid sənədlər isə arxivə təhvil verilməmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanladığı **********0 №-li, 26.10.2021-ci il tarixli məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq 08.03.2021-ci il tarixində ona manat avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Təqdim etdiyi əmək kitabçasının surətinə əsasən 01.01.2006-cı il tarixinədək 25 il (faktiki sığorta stajı 13 il 3 ay 19 gün təşkil edir) sığorta stajı və 01.01.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 19769,63 manat pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının məbləği yenidən hesablanmış və 08.03.2021-ci il tarixindən 268,41 manata çatdırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, əmək kitabçasının surətində qeyd edilmiş “Qırmızı Oktyabr” sovxozundan işdən azad olunma əmri qeyd edilmədiyindən 12.01.1978ci il tarixindən 05.11.1993-cü il tarixinədək olan dövrün, eyni zamanda hərbi xidmət haqqında sənəd təqdim edilmədiyi üçün hərbi xidmət dövrünün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi 25.11.1975-ci ildən 27.12.1977-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olduğu və 12.01.1978-ci ildən Füzuli rayonu işğal edilən tarixə qədər, yəni 23.08.1993-cü ilə qədər “Qırmızı Oktyabr” sovxozunda traktorçu vəzifəsində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməsindən ibarətdir. İddiaçının hərbi xidmət dövrünün sosial sığorta stajına daxil edilməsinə dair tələbi ilə əlaqədar qeyd olunmalıdır ki, həm qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 7-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət müddəti ümumi iş stajına daxil edilir. Həmçinin qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığorta stajına daxil edilir. İnzibati orqan iddiaçının hərbi xidmət dövrünün sığorta stajına daxil etməməsini iddiaçının bu barədə sənəd təqdim etməməsi ilə əsaslandırmışdır. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hərbi biletin surəti ilə müəyyən edilir ki, iddiaçı 25.11.1975-ci ildən 22.12.1977-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının Sovet ordu sıralarında hərbi xidmət keçdiyi müddət onun sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının: - 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. - 3.2-ci bəndinə əsasən əmək kitabçasının “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. - 3.4-cü bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiq üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq edilməlidir. Əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməməklə aparılan hallarda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus əmək kitabçasında onun 12.01.1978-ci il tarixli, 08 №-li əmrə əsasən 12.01.1978-ci ildən “Qırmızı Oktyabr” Sovxozunda 2 №-li traktor briqadası üzrə traktorist qəbul edilməsi barədə işəgötürən tərəfindən qeyd olsa da onun həmin sovxozdan işdən azad edilməsi barədə qeyd aparılmamışdır. Cavabdeh inzibati orqan da məhz iddiaçının əmək kitabçasında onun sovxozdan azad olunması barədə əmrin qeyd olunmamasını əsas gətirərək müraciətini təmin etməmişdir. Bu halla bağlı məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi “Qırmızı Oktyabr” sovxozu Fizuli rayonunun 23.08.1993-cü ildə ermənilər tərəfindən işğal edilmiş inzibati ərazisində yerləşmiş və həmin sovxozun 1986-cı ilə qədər olan sənədlər 23.10.1993-cü il tarixdə erməni işğalı zamanı Horadiz qəsəbəsində tamamilə yandırılaraq məhv edilmiş, 1987- 1993-cü illərə aid sənədlər isə arxivə təhvil verilməmişdir. Belə olan halda iddiaçının əmək kitabçasında onun “Qırmızı Oktyabr” sovxozundan işdən azad olunması barədə qeydin aparılmaması iddiaçının iradəsindən asılı olan hal deyildir və bu iddiaçının pensiya hüququnu məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası İnzibati Prosessial Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, İddiaçı 25.11.1975-ci ildən 27.12.1977-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olduğu və 12.01.1978-ci ildən Füzuli rayonu işğal edilən tarixə qədər, yəni 23.08.1993-cü ilə qədər “Qırmızı Oktyabr” sovxozunda traktorçu vəzifəsində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanması və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 25.11.1975-ci ildən 27.12.1977-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olduğu və 12.01.1978-ci ildən Füzuli rayonu işğal edilən tarixə qədər, yəni 23.08.1993-cü ilə qədər “Qırmızı Oktyabr” sovxozunda traktorçu vəzifəsində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanması və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Bakı şəhəri Xətai rayon Xidmət Nümayəndəliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar