Məhkəmə qərarları › İş №2-1(112)-3600/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3600/2024

06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3600/2024 06.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə “əlilliyin təyin edilmə tarixinin dəyişdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 əlilliyin müəyyən olunma tarixinin dəyişdirilərək xx.xx.1985-ci il tarixdən müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 27 avqust 1963-cü ildə Bakı şəhərində anadan olmuşdur. 01 okyabr 1981-ci ildə X3 ilə ailə-nikah münasibətlərinə girmişdir. Həmin nikahdan 09 sentyabr 1982-ci il təvəllüdlü Xəlilova Kəmalə adlı qızı dünyaya gəlmişdir. Ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Bildirilmişdir ki, qızı Xəlilova Kəmalə İ qrup əlil olmaqla, fəaliyyət qabiliyyəti olmayan şəxsdir. 7 saylı Birləşmiş Şəhər Xəstəxanasında psixiatrik kabinetdə qeydiyyatdadır və idiotiya xəstəliyindən əziyyət çəkir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli, 2(008)- 1162/2018 saylı qətnaməsi ilə 09 sentyabr 1982-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 05 avqust 2019-cu il tarixli, 252 saylı sərəncamı ilə İddiaçı xx.xx.1982-ci il təvəllüdlü X1 üzərində qəyyum təyin edilmişdir. Xəstənin tibbi kartasının çıxarışından görünür ki, X4 İ qrup əlildir. xx.xx.1983-cü il tarixdə 7 aylıq olanda başdan travma, xx.xx.1985-ci il tarixdə ensefalopatiya, intellektin və hərəkətin zəifliyi, qıcolma sindromu ilə, xx.xx.2001-ci il tarixdə ensefalopatiya motorafoziya, epilektik cəngolmaları ilə, kəskin psixomotor oyanıqlıq ilə, intellektin imbisillik dərəcəsində enməsi ilə qısa anamnez qeyd edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi ilə bağlı arayışdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X4 İ qrup əlil olmaqla, diaqnozu idiotiya, əlillik və sağlamlıq imkanlarının müddətsiz məhdudluğu, habelə başqasının qulluğuna ehtiyacının olması göstərilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısnm Maştağa qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-18-5/2- 2186/2023 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1982-ci il təvəllüdlü Xəlilova Kəmaləni özü doğmuş, 8 yaşadək özü böyüdüb tərbiyə etmişdir. TSEK tərəfindən verilmiş 382244 saylı arayışdan da görünür ki, X4 İ qrup əlildir və başqasının köməyinə ehtiyacı var. Qeyd edilənlərlə bağlı yaşa görə müavinətin təyin edilməsinə görə 3 saylı Bakı DOST Mərkəzinə ərizə ilə müraciət etmişdir. Lakin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəz filialı tərəfindən “yaşa görə sosial müavinətin təyin edilməsindən imtina olunması haqqında” ona məktub göndərilmişdir. Belə ki, imtina məktubunda qeyd edilmişdir ki, X1 18 yaşına çatanadək əlilliyi müəyyən edilmədiyi üçün (ilkin əlilliyi xx.xx.2001-ci il tarixində müəyyən edilmişdir) ona əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinətin təyin olunması mümkün hesab edilmir. K.Xəlilovanm 18 yaşına çatanadək əlilliyinin müəyyən edilməsi haqqında Tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışı təqdim etdikdən sonra müracitinə yenidən baxılacaq. Odur ki, qızı X1 əlilliyin müəyyən olunma tarixinin dəyişdirilərək xx.xx.1985-ci il tarixdən müəyyən edilməsi barədə əsaslandırılmış ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubu ilə ərizənin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-X-27084/2023 saylı məktubunda qeyd edilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlərinin Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyinin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirir. Müəyyən olunmuşdur ki, K.Xəlilovaya xx.xx.2001-ci il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən şəxs Agentlik tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Bununla əlaqədar olaraq K.Xəlilovamn əlilliyə görə müvafiq ödənişi əlilliyin müəyyən edildiyi tarixdən (xx.xx.2001-ci il tarixindən) etibarən hesablanılır. Hesab edilmişdir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Yuxarıda qeyd etdiyi və ərizəsinə əlavə etdiyi Xəstənin tibbi kartasının çıxarış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi ilə bağlı arayış, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-18-5/2-2186/2023 saylı arayışı, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 05 avqust 2019-cu il tarixli, 252 saylı sərəncamı, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli, 2(008)-1162/2018 saylı qətnaməsi və s. ilə də tam şəkildə təsdiq olunur ki, qızı X4 7 aylığından etibarən idiotiya xəstəliyindən əziyyət çəkməklə, əmək qabiliyyətsizdir və uşağını hazırki vaxtadək təkbaşına baxır. Hörmətli məhkəmə, ilk öncə bildirilmişdir ki, çox ağır maddi vəziyyətdə yaşayır. Yoldaşı, X3 300 manata yaxın pensiya alır, başqa heç bir gəlir yeri yoxdur. İddiaçının işləməyə heç bir imkanı yoxdur. Belə ki, günün 24 saatı xəstə uşağa baxır. Uşağın 41 yaşı var. Lakin maddi imkanı heç onun dərmanlarını almağa da çatmır. İddiaçı sadəcə olaraq dövlətin ona verdiyi hüquqdan istifadə etmək istəyir. İddiaçı kimi analar daim dövlət dəstəyini hiss edir. Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qdaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İddiaçı konstitusion hüquqlarından istifadə edərək, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət - əlilliyi olan şəxslərin xüsusiyyətlərinə, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin inkişaf edən qabiliyyətinə və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət olunması, onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul edilməsi əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsiplərindən biridir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə uyğun olaraq hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 3.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşma çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə uyğun olaraq əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşmadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər müavinət almaq hüququ olan şəxslərdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcbur- etmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxıhr. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan: -inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; -maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ bəndində göstərilir: "Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİİ. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir". Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində müəyyən olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyanın (2 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulmuşdur) 28-ci maddəsində qeyd edilmişdir ki, İştirakçı dövlətlər əlillərin və onların ailələrinin yetərli qidalanma, geyim və yaşayış yeri daxil edilməklə qənaətbəxş həyat səviyyəsinə, həyat şəraitinin daim yaxşılaşdırılmasına olan hüququnu tanıyır və əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən bu hüququn təmin və təşviq edilməsi üçün zəruri tədbirləri görür. O cümlədən, əlillərin pensiya müavinətlərindən və proqramlarından istifadə etmək imkanının təmin edilməsi üçün zəruri tədbirləri görür.

3. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçının övladı X1 əlillik vəziyyətinə 12 saylı Şəhər Poliklinikasının xx.xx.2001-ci il tarixli göndərişi əsasında baxılmış, “Diaqnozun mətni: İdiotiya. (DSMF məlumatlarına əsasən); Meyar: 2.1. Birinci dərəcə əlillik => 2.1.14. Etiologiyasından asılı olmayaraq kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərə çarpan inbesillik.” səbəbi ilə müddətsiz əlillik təyin edilmişdir. Bildirilmişdir ki, əlillik altsistemində X1 əlillik vəziyyətinə dair məlumatlar DSMF məlumatlarına əsasən işlənilmiş, bu səbəbdən də, əlilliyin təyinat tarixinin xx.xx.1985-ci il tarixdən qeyd olunması tələbi əsassız və qanunsuzdur. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

4. xx.xx.2001-ci il tarixli TSEK Müayinəsindən görünür ki, X2 xx.xx.2001-ci il tarixində idiotiya diaqnoz mətni ilə 2.1 Birinci dərəcə əlilik (2.1.14 Etiologiyasından asılı olmayaraq kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərə çarpan inbesillik) təyin edilmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-1162/2018 nömrəli qətnaməsinə əsasən xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir.

6. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 252 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamına əsasən İddiaçı xx.xx.1982-ci il təvəllüdlü X1 üzərinə qəyyum təyin edilmişdir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli yaşa görə sosial müavinətin təyin edilməsindən imtina olunması haqqında məktubda qeyd edilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslərəlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək qadınların pensiya yaşı 62 yaş müəyyən edilib. Qanunun 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Müraciətilə əlaqədar olaraq bildirilmişdir ki, təqdim etdiyi sənədlərə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən övladı X1 18 yaşına çatanadək əlilliyi müəyyən edilmədiyi üçün (ilkin əlilliyi xx.xx.2001-ci il tarixində müəyyən edilmişdir) sizə əlilliyi İ .4 müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinətin təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, K.Xəlilovanın 18 yaşına çatanadək əlilliyinin müəyyən edilməsi haqqında Tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışı təqdim etdikdən sonra müraciətinə müvafiq qaydada yenidən baxılacaqdır.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanlanmış məktubda qeyd edilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, K.Xəlilovaya xx.xx.2001-ci il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən şəxs Agentlik tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Bununla əlaqədar olaraq K.Xəlilovanın əlilliyə görə müvafiq ödənişi əlilliyin müəyyən edildiyi tarixdən (xx.xx.2001-ci il tarixindən) etibarən hesablanır.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir.

II. İddianın mümkünlüyü

11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

12. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

14. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.2. Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

16. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının hüquqi marağı yaşa görə əmək pensiyasının və ya sosial müavinətın təyin olunmasıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2001-ci il tarixli TSEK-Müayinəsindən görünür ki, iddiaçının qızı X2 xx.xx.2001-ci il tarixində idiotiya diaqnoz mətni ilə 2.1 Birinci dərəcə əlilik (2.1.14 Etiologiyasından asılı olmayaraq kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərə çarpan inbesillik) təyin edilmişdir.

17. İddia tələbinin məzmunundan görünür ki, hazırki iddia tələbinin (iddiaçının qızı X2 əliliyin təyin edilmə tarixinin dəyişdirilməsinin) irəli sürülməsində əsas məqsəd nəticə etibarilə iddiaçının pensiya hüququnun yaranması üçün yaş həddinin 5 il azaldılmasına nail olmaqdır.

18. Məhkəmə prosessual qənaət prinsipindən irəli gələrək hesab edir ki, iddiaçının qızı X2 əlilliyin təyin edilmə tarixinin dəyişdirilməsi iddiaçının pensiya üçün yaş həddinin 5 il azaldılmaqla təyin edilməsinə birbaşa təsir etdiyi üçün yaş həddinin 5 il azaldılmaqla iddiaçıya yaşa görə pensiya təyin edilməsi barədə iddia tələbinin araşdırma predmetinin bir hissəsi kimi dəyərləndirilməlidir.

19. Odur ki, iddiaçı başqa cavabdehə (Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia (yaşa görə pensiya (müavinət) təyin edilməsi) irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla məqsədinə nail ola bilər.

20. Belə ki, iddiaçının qızı X2 2.1.birinci dərəcə əlillik xx.xx.2001-ci il tarixli TSEK-Müayinəsi əsasında xx.xx.2001-ci il tarixdən təyin edilsə də, həmin TSEK-Müayinəsi sənədində şəxsdə yaranmış əlilliyin anadangəlmə olması (əlillik meyarı: Etiologiyasından asılı olmayaraq kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərə çarpan inbesillik) aydın şəkildə qeyd olunmuşdur.

21. Odur ki, iddia tələbi lazımi qaydada qaldırılmamışdır, lakin iddia tələbinin iddiaçının hüquqi marağına uyğun olaraq dəqiqləşdirilməsi iddianın mümkünsüzlüyünü istinsa etmir, belə ki, belə olan təqdirdə həm cavabdeh, həm də iddia tələbi dəyişdirilməlidir ki, bu da yeni iddiadır. Odur ki, məhkəmə hüquqi yardım göstərilməsini prosessual qənaət prinsipindən irəli gələrək məqsədəuyğun hesab etmir.

22. Qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

23. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

24. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar