Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3602/2022 12.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, işləmir), cavabdehin nümayəndəsi X2 (Naxçıvan şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, Məhkəmə mübahisələri üzrə iş şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dördüncü ixtisas dərəcəsinə görə Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləğinin iki misli məbləğində əlavə haqqın pensiyasına hesablanmaqla pensiyanın yenidən hesablanıb, məbləğin müəyyən edilməsi və keçən müddət üçün pensiya hüququ yarandığı vaxtdan, yəni 12 aprel 2007-ci ildən hazıra kimi olan müddət ərzində yaranmış fərqin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı dördüncü ixtisas dərəcəsinə görə Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləğinin iki misli məbləğində əlavə haqqın pensiyasına hesablanmaqla pensiyanın yenidən hesablanıb, məbləğin müəyyən edilməsi və keçən müddət üçün pensiya hüququ yarandığı vaxtdan, yəni 12 aprel 2007-ci ildən hazıra kimi olan müddət ərzində yaranmış fərqin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, 22.06.1987-ci ildən 29.08.1990-cı ilə kimi Kəlbəcər Rayon Məhkəməsinin sədri və hakimi, 29.08.1990-cı ildən 02.09.2000-ci ilə kimi isə Quba Rayon Məhkəməsinin hakimi vəzifələrində işləmişdir. 02.09.2000-ci ildən səlahiyyət müddətinin başa çatması ilə əlaqədar səlahiyyətlərinə xitam verilmişdir. Həmçinin, o, X1 veteranı olmaqla Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatarında fəal iştirak etmiş, Kəlbəcər Rayon Müdafiə Qərargahının üzvü olmuşdur. Sabiq hakim kimi ona 12.04.2007-ci ildən əlilliyə görə əmək pensiyası təyin edilmişdir və hazıra kimi də təyin olunan pensiyanı alsa da, ona pensiya təyin edilərkən ixtisas dərəcəsinə görə əlavə haqq pensiyasına hesablanmamışdır. Bu hal isə ona sonradan məlum olmuşdur. 29.07.1992-ci il tarixdə qəbul edilmiş 30.11.2001-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanunla hakimlər üçün ixtisas dərəcələri müəyyən edilmiş və “Azərbaycan Respublikası hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamənin 7-8ci bəndlərinə əsasən, ixtisas dərəcələri ömürlük verilməklə onlar üçün əlavə haqq müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin 01.06.2021-ci il tarixli 8/696 nömrəli məktubundan göründüyü kimi iddiaçıya 06.04.1990-cı il tarixli 1766- X1 nömrəli keçmiş Azərbaycan SSR X5 Heyətinin Fərmanı ilə hakim kimi 5-ci ixtisas dərəcəsi, 24.05.1996-cı il tarixli 85-İQR nömrəli Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə isə 4-cü ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 04 noyabr 1992-ci il tarixli 364 nömrəli “Azərbaycan Respublikası Məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqqın verilməsi haqqında” qərarı ilə ona əmək haqqı verilərkən 01.01.1993-cü ildən 24.05.1996-cı ilə kimi minimum əmək haqqının bir misli məbləğində, 24.05.1996-cı ildən 31.08.2000-ci ilədək minimum əmək haqqının iki misli məbləğində əlavə haqq ödənilmişdir. İddiaçı hesab edir ki, qanunvericiliyin tələbinə görə, Milli Məclisi tərəfindən qəbul edilmiş 29.07.1992-ci il və 04.11.1992-ci il tarixli Qərarlarının tələblərinə əsasən, ona 4-cü ixtisas dərəcəsi ömürlük verildiyinə görə Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləğinin iki misli məbləğində əlavə haqq pensiyasına əlavə edilməlidir. Belə ki, Kontitusiya Məhkəməsi Plenumunun 18.07.2008-ci il tarixli Qərarına müvafiq olaraq, hakimlər barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Bu səbəbdən hesab edir ki, 4-cü ixtisas dərəcəsinə görə Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləğinin iki misli məbləğində əlavə haqq Kontitusiyamızın 149-cu maddəsinin 7-ci hissəsinə müvafiq olaraq, pensiyaya hesablanıb əlavə edilməli və ona ödənilməlidir. İxtisas dərəcəsinə görə əlavənin pensiyasına hesablanması barədə cavabdehə 10.06.2021-ci ildə ərizə ilə müraciət edilmiş, lakin cavabdeh həmin əlavənin pensiyaya hesablanmasından imtina etmişdir. İmtina məktubunda Kontitusiya Məhkəməsi Plenumunun 15 may 2021-ci il tarixli Qərarına istinad edilərək məlum əlavənin pensiyaya hesablanmasından əsassız və qanunsuz olaraq imtina edilmişdir. Belə ki, Plenumun məlum qərarından göründüyü kimi, bu qərar Nazirlər Kabinetinin sorğusu əsasında qəbul edilmiş və həmin qərarın “müəyyən etdi” hissəsində sadalanan təşkilatların xüsusi və hərbi rütbə nəzərdə tutan şəxslərinə şamil olunması üçün verilmişdir. Bu qərarın məhkəmə hakimlərinə heç bir aidiyyəti yoxdur, çünki “Dövlət qulluğu haqqında” Qanunun 2.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə hakimləri dövlət qulluqçusu sayılmırlar, onlar “Məhkəmələr və hakimlər haqqında” Qanunun 92-ci maddəsinin tələbinə əsasən, ədalət mühakiməsini həyata keçirmək üçün qanunla müəyyən edilmiş səlahiyyətlərə malik şəxslərdir. Ona görə də iddiaçı hesab edir ki, qanunvericiliyin tələbinə görə, cavabdehin ixtisas dərəcəsinə görə əlavənin pensiyasına hesablanmasından imtina edilməsi barədəki qərarı əsassızdır və qanunun tələblərinə ziddir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin birinci abzasında göstərilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin iddiaçının işlədiyi dövrdə ona ödənildiyinə dair hər hansı məlumatın mövcud olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Eyni zamanda bildirilir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən 12 aprel 2007-ci il tarixində İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Hazırda ona əmək pensiyası yaşa görə təyin olunmaqla 3163,29 manat məbləğində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən müvafiq kart hesabına köçürülür. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddiaya dair etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə alaraq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddia tələbi qismən əsaslıdır. İş materiallarına əlavə edilmiş: AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı xx.xx.1951-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. 070475 nömrəli müharibə veteranı vəsiqəsinə əsasən, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanladığı 10 iyun 2021-ci il tarixli ərizəsinə əsasən, o, ixtisas dərəcələrinə görə əlavə haqqın pensiyasına hesablanması və keçən müddət üçün yaranmış fərqin ona ödənilməsi üçün qərar verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin iddiaçıya ünvanladığı 01.06.2021-ci il tarixli 8/696 nömrəli məktubuna əsasən, iddiaçıya 06.04.1990-cı il tarixli 1766-Xİ nömrəli keçmiş Azərbaycan SSR X5 Heyətinin Fərmanı ilə hakim kimi 5-ci ixtisas dərəcəsi, Azərbaycan Respublikası Milli Məclisinin 24.05.1996-cı il tarixli 85 nömrəli Qərarı ilə isə 4cü ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 04 noyabr 1992-ci il tarixli 364 nömrəli “Azərbaycan Respublikası Məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqqın verilməsi haqqında” qərarı ilə ona əmək haqqı verilərkən 01.01.1993-cü ildən 24.05.1996-cı ilə kimi minimum əmək haqqının bir misli məbləğində, 24.05.1996-cı ildən 31.08.2000-ci ilədək minimum əmək haqqının iki misli məbləğində əlavə haqq ödənilmişdir. Həmin Qərar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanun ilə qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan SSR X5 Heyətinin 06.04.1990-cı il tarixli 1766-Xİ nömrəli Fərmanına əsasən, iddiaçıya hakim kimi 5-ci ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 12.02.2021-ci il tarixli 06/24-124 nömrəli arayışına əsasən, iddiaçı həqiqətən 1987-1990-cı illərdə Kəlbəcər, 1990-2000-ci illərdə Quba rayon məhkəmələrinin hakimi olmuş, ona 24.05.1996-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə məhkəmə hakiminin 4-cü ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Normativ hüquqi aktların vahid internet elektron bazasında əks olunan məlumatlara əsasən, “Azərbaycan Respublikasının rayon (şəhər) məhkəmələrinin və hərbi tribunallarının hakimlərinə ixtisas dərəcələri verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 85 nömrəli Qərarı qüvvədədir. Həmin qərara əsasən iddiaçıya hakim kimi 4-cü ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 12.08.2014-cü il tarixli 6/19-672 nömrəli arayışına əsasən, iddiaçı həqiqətən 22.06.1987-ci il tarixdən 29.08.1990-cı il tarixədək Kəlbəcər rayon məhkəməsinin, 29.08.1990-cı il tarixdən 02.09.2000-ci il tarixədək Quba rayon məhkəməsinin hakimi vəzifəsində işləmiş və müvafiq təsdiqedici sənədlərə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna müvafiq olaraq onun Kəlbəcər rayon məhkəməsinin hakimi vəzifəsində işlədiyi müddət əmək pensiyası hüququ verən sığorta stajına ikiqat ölçüdə güzəştli şərtlərlə daxil edilərək ümumilikdə hakimlik stajı 16 il, 4 ay, 19 gün təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 28.10.2021-ci il tarixli **********3 nömrəli arayışına əsasən, iddiaçı həqiqətən Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən 12 aprel 2007-ci il tarixində 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyası yaşa görə təyin olunmaqla 3163,29 manat məbləğində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən müvafiq kart hesabına köçürülür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 01.10.2021-ci il tarixli **********7 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Həmin ixtisas dərəcəsinə görə əlavə vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının hesablanması zamanı əsas götürülən dövr ərzində (02.06.1987-02.06.1992-ci il tarixləri arasındakı dövrlər) iddiaçıya ödənilmədiyindən həmin pul təminatının əmək pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbi baxımında mümkün deyildir. İddiaçı əlavə olaraq sübut qismində 70 saylı Mənzil-Kommunal İstismar sahəsinin 382 nömrəli 01 noyabr 2021-ci il tarixli arayışı, əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim etmişdir. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 04.03.2022-ci il tarixli 8/231 nömrəli məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin 04 noyabr 1992-ci il tarixli 364 nömrəli “Azərbaycan Respublikası Məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqqın verilməsi haqqında” qərarı ilə İddiaçı əmək haqqı verilərkən 01.01.1993-cü ildən 24.05.1996-cı ilə kimi minimum əmək haqqının bir misli məbləğində, 24.05.1996-cı ildən 31.08.2000-ci ilədək minimum əmək haqqının iki misli məbləğində əlavə haqq ödənilmişdir, həmçinin bu ödəmələrdən məcburi dövlət sosial sığorta haqları tutulmuşdur. Həmin Qərar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanun ilə qüvvədən düşmüş hesab edilmişdir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən müəyyən edilir, əmək haqqındakı sonrakı artımlar nəzərə alınır. 29.2-ci madəsinə əsasən əmək pensiyası yaşına çatmış sabiq hakimlərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar nəzərə alınır. Əmək pensiyası yaşına çatmış sabiq hakimlərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. 20.7.1-ci maddəsinə görə, 15 il hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında əlavə təyin edilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 5-ci hissəsinə əsasən pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu Qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. 27 dekabr 2013-cü il tarixli Azərbaycan Respublikası Qanununu ilə dəyişiklik edilmiş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin birinci hissəsinin beşinci abzasının əsasən digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində; birinci hissəsinin səkkizinci abzasına əsasən bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Həmçinin, 16 fevral 2001-ci il tarixli dəyişiklik ilə həmin maddənin 9-cu hissəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Kəlbəcər Rayon Məhkəməsinin sabiq sədri və Quba Rayon Məhkəməsinin sabiq hakimi İddiaçı 2007-cu ildə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Hazırda isə əmək pensiyası yaşa görə 3163,29 manat məbləğində təyin olunaraq ödənilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7 maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarına əsasən "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və "Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə — həmin günədək qüvvədə olmuş "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə — həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin 24.05.1996-cı il tarixli 85 nömrəli “Azərbaycan Respublikasının rayon (şəhər) məhkəmələrinin və hərbi tribunallarının hakimlərinə ixtisas dərəcələri verilməsi haqqında” Qərarı ilə İddiaçı dördüncü ixtisas dərəcəsi verilmişdir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçıya ixtisas dərəcəsinə görə əlavənin əmək haqqının hesablanmasında, 02.06.1987- 02.06.1992-ci il tarixləri arasındakı dövr ərzində ödənilmədiyini müəyyən edərək, həmin pul təminatını iddiaçının əmək pensiyasında tətbiq etməmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 04 noyabr 1992-ci il tarixli 364 nömrəli qərarı ilə ona əmək haqqı verilərkən 01.01.1993-cü ildən 24.05.1996-cı ilə kimi minimum əmək haqqının bir misli məbləğində, 24.05.1996-cı ildən 31.08.2000-ci ilədək minimum əmək haqqının iki misli məbləğində əlavə haqq ödənilmiş, 4-cü ixtisas dərəcəsi ömürlük verilmiş, lakin əlavə haqq pensiyasına əlavə edilməmişdir. Halbuku iddiaçı tərəfindən vaxtilə hakim kimi ixtisas dərəcəsinə görə əmək haqqına əlavələri alınmış, həmin əlavələrdən məcburi dövlət sosial sığorta ödənişləri edilmişdir. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının müvafiq artırımların nəzərə alınmaqla yenidən hesablanmasından (artırımasından) imtina edilməsi “Əmək pensiyaları haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunların müddəalarına ziddir Belə ki, “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Məhkəmə iddiaçını hakim kimi ixtisas dərəcəsinn nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması tələbində haqlı hesab etsə də, yaranmış fərqin birdəfəlik ödənilməsi hissəsində haqlı hesab etmir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.1-ci maddəsinə görə, əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, iddiaçıya dördüncü ixtisas dərəcəsinə görə Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləğinin iki misli məbləğində əlavə haqqın pensiyasına hesablanmaqla pensiyanın yenidən hesablanması və 16 iyun 2018-ci il tarixdən ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli, iddia tələbi qalan hissədə (fərqin birdəfəlik ödənilməsi) rədd edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı dördüncü ixtisas dərəcəsinə görə Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləğinin iki misli məbləğində əlavə haqqın pensiyasına hesablanmaqla pensiyanın yenidən hesablanması və 16 iyun 2018-ci il tarixdən ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3602/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3602/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver