Məhkəmə qərarları › İş №2-1(112)-3602/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3602/2024

08.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3602/2024 08.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və müvafiq şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetini qiyabi formada təhsil alaraq əldə etdiyi 14 iyul 2014-ci il tarixli 107724 ******* saylı diplom üzrə aldığı ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadına əsasən cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi iş üzrə əsl cavabdeh Təhsildə Keyfiyyət X2 Hüquqi Şəxsi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2008-2014 illər ərzində Rusiya Federasiyasının Moskva şəhərində yerləşən Rusiya Dövlət Sosial Universiteti ali peşə təhsili X4 təhsil müəssisəsində təhsil alaraq “Hüquqşünaslıq” ixtisasına yiyələnmişdir. Təhsil müəssisəsində tədris olunmuş bütün fənlərdən müvafiq olaraq “əla”, “yaxşı”, “məqbul” qiymətləri alaraq universiteti bitirmişdir. Universitet tərəfindən tərtib olunan qrafik əsasında təşkil olunmuş əlavə dərslərdə iştirak edərək bütün sessiyaları uğurla başa vurmuş və 144516 qeydiyyat nömrəli 107724 ******* saylı diplomu əldə etmişdir. Diplom ona diploma əlavə ilə birgə 14 iyul 2014-cü il tarixində universitet rəhbərliyi tərəfindən təqdim olunmuşdur. Diplomun Azərbaycan Respublikasında tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş, lakin həmin Agentlik xx.xx.2023-cü il tarixli NA00014449 nömrəli qərarı ilə diplomunun tanınmasından imtina etmişdir. Təhsildə Keyfiyyət Təminat Agentliyi tərəfindən məsələ tam araşdırılmadan qəbul edilmiş qərara görə lazımi qaydada təhsil aldığı “Hüquqşünas” peşəsi üzrə hal-hazırda işləyə bilmir. Həmin qərardan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə şikayət etmiş, lakin Təhsildə Keyfiyyət Təminat Agentliyinin qəbul etdiyi qərar qüvvədə saxlanılmışdır. Belə ki, qərarda imtinanın səbəbi sərhəd xidmətinin məlumatı göstərilib. Təhsil aldığı müddətdə təhsil davamiyyətində zaman çatışmazlığı əsas gətirilmişdir. Qərarda təhsil səviyyəsi olaraq “bakalavriat (qiyabi)” qeyd edilib. İddiaçı isə əyani təhsil formasında təhsil almış və bu diplomda öz əksini tapmışdır. Həmçinin, o, hər bir fənn üzrə müəyyən olunmuş miqdarda akademik dərs saatlarında iştirak etmiş və universitet tərəfindən ona bunu təsdiq edən diplom əlavəsi təqdim olunmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı yazılı münasibət (etiraz) təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkədə olmadığına görə iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Təhsildə Keyfiyyət X2 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli, NA00014449 saylı qərarından görünür ki, iddiaçının müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edildiyi üçün xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilmişdir. -Ali İxtisas Təhsilinin X4 Təhsil Müəssisəsi "xxxx"nin xx.xx.2014-cü il tarixli, 107724 ******* qeydiyyat nömrəli mütəxəssis diplomunun surətindən görünür ki, İddiaçı “Hüquqşünaslıq” ixtisası üzrə mütəxəssis proqramını mənimsəyib və dövlət yekun attestasiyasını uğurla keçib. -Ali İxtisas Təhsilinin X4 Təhsil Müəssisəsi "xxxx" tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 144516 №-li diploma əlavənin tərcümə edilmiş surətindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı "xxxx" Ali İxtisas Təhsilinin X4 Təhsil Müəssisəsinin “Hüquqşünaslıq” ixtisasının “Hüquqşünas” ixtisaslaşması üzrə, əyani formada təhsil almışdır. -Ali İxtisas Təhsilinin X4 Təhsil Müəssisəsi "xxxx" tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın tərcümə və təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həqiqətən FDB ATM “Rusiya dövlət sosial universitetinin” məsafədən təhsil fakültəsinin qiyabi təhsil formasında “Hüquqşünaslıq”-Q30501.65 ixtisası üzrə ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən tələbəsi olmuşdur. xx.xx.2008-cİ il tarixindən RDSU İ kursuna qəbul haqqında xx.xx.2008-ci il tarixli 3139-O/C01 saylı əmr. Təhsil alması (təhsili bitirməsi) ilə əlaqədar xx.xx.2014-cü il tarixindən xaric edilməsi haqqında 10.07,2014-cü il tarixli 2029-J1C saylı əmr. İddiaçı A. o. “Hüquqşünaslıq” ixtisası üzrə “Hüquqşünas” ixtisası verilmişdir və xx.xx.2014-cü il tarixli 107724 ******* saylı diplom verilmişdir, qeyd № 1445. RDSU-də məsafədən təhsil texnologiyalarından istifadə etməklə təhsil fəaliyyəti: -“Rusiya Federasiyasında təhsil haqqında” xx.xx.2012-ci il tarixli 273-03 saylı Federal qanuna müvafiq olaraq; - Rusiya Federasiyası təhsil və elm Nazirliyinin xx.xx.2014-cü il tarixli 2 saylı əmri ilə təsdiq edilmiş təhsil fəaliyyətini həyata keçirən təşkilatlar tərəfindən təhsil proqramlarının həyata keçirilməsi zamanı elektron təlim, məsafədən təhsil texnologiyalarının tətbiqi Qaydasına müvafiq olaraq, -Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin xx.xx.2013-cü il tarixli 1367 saylı əmri ilə təsdiq edilmiş ali təhsil proqramları üzrə - bakalavr proqramları, mütəxəssis proqramları, magistratura proqramları üzrə təhsil fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydasına müvafiq olaraq, - Federal dövlət ali təhsil standartlarına müvatıq olaraq; - RDSU lokal normativ aktlarına müvafiq olaraq aparılır. Rusiya Federasiyası təhsil və elm Nazirliyinin 29 oktyabr 2015-ci il tarixli sayii əmri ilə FDB APTM “Rusiya dövlət sosial universitetinin” adı dəyişdirilərək FDB ATM “Rusiya dövlət sosial universiteti” olmuşdur. -Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı 2008-2014-cü illər ərzində dövlət sərhəd hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2012 – Çıxış-Gürcüstan, xx.xx.2012- Giriş- Gürcüstan, xx.xx.2013 -Çıxış- Ukrayna, xx.xx.2013- Giriş- Gürcüstan, xx.xx.2014- Çıxış- Gürcüstan, xx.xx.2014- Giriş- Gürcüstan, xx.xx.2014- Çıxış- Rusiya, xx.xx.2014- Giriş- Rusiya. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil hüququ vardır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan: -13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən). 13.1.4. sərbəst (eksternat). -27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. -29. Təhsil sahəsində dövlətin vəzifələri: 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək. -44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 1.5.9-cu bəndinə əsasən, tanınma dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən, tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən, tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, bu Qaydalar, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydalardan: -3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə aid kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə aid kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə aid kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə aid kvalifikasiyanın tanınmasından imtina edilməsi. -3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. -4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”ndan: -1.6. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. -2.8. Qiyabi təhsil forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir; 2.9-cu bəndinə əsasən, qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180- 240 saat nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”ndan: -5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. -8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü bəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Beləliklə, işin mübahisələndirilməyən hallarına görə, iddiaçı 2008-2014-cü illərdə "xxxx" Ali İxtisas Təhsilinin X4 Təhsil Müəssisəsində “hüquqşünas” ixtisası üzrə, məsafədən təhsil texnologiyalarından istifadə edilməklə, qiyabi formada təhsil almış və ona Universitet tərəfindən xx.xx.2014-cü il tarixli diplom verilmişdir. Qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərindən göründüyü kimi diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı işdə də qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də, tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri, təhsil alınan ölkədə faktiki olunan müddətləri də özündə ehtiva edir. İş materiallarında olan iddiaçının sərhədkeçmə məlumatlarından görünür ki, o, İ, İİ, İİİ və İV tədris ili üzrə təhsil aldığı ölkəyə - Rusiya Federasiyasına ümumiyyətlə getməmiş, yalnız V tədris ili üzrə, 2014-cü ildə 5 gün müddətində həmin ölkədə olmuşdur. Bu hal isə onun müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsini şübhə altına alır. Məhkəmə iddiaçı tərəfin təhsil aldığı müddət ərzində distant təhsil alması, mənimsəmə üzrə imtahanları məsafədən yerinə yetirməsi beləliklə də, mütəmadi olaraq Rusiya Federasiyasına gedib-gəlməyə zərurətinin olmaması əsasına münasibətdə qeyd edir ki, iddiaçının aldığı bakalavr təhsilinin Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğu müəyyən edilmir. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdır. Qiyabi təhsilalma zamanı zəruri hallarda distant texnologiyalardan istifadə olunması yolverlən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını özündə ehtiva etmir. Ona görə də, iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalıdır. Belə olan halda, məhkəmə vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçı isə İ, İİ, İİİ və İV tədris ili üzrə təhsil aldığı ölkəyə ümumiyyətlə getməmiş, İ-İV kurslarda tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak etməmişdir. Habelə, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübut da təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul etdiyi bir sıra qərarınlarda analoji hüquqi mövqedən çıxış edilmişdir (2-1(102)-2762/2023, xx.xx.2023 tarixli, 2-(102)-959/2024 saylı, xx.xx.2024-cü il tarixli). Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanunazidd hesab edilməməli, iddia əsassız olduğundan təmin olunmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar