Məhkəmə qərarları › İş №2-1(112)-3603/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3603/2022

07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3603/2022 07.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat birdəfəlik ödəmənin veriıməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 190 manat birdəfəlik ödənişlərin, zəruri sənədlərin, məktub və arayışların toplanmasına çəkdiyi bütün maddi xərclərin, habelə ona dəymiş maddi və mənəvi zərərin əvəzinin cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək aylıq 190 manat ödənişin 5 aylıq ümumilikdə 950 manat ödənişin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı cavabdeh tərəfindən verilmiş olan imtina məktubunu əsassız sayır və bu halı onunla əsaslandırır ki, o, rəsmi olaraq heç bir yerdə işləmədiyi və mülkiyyətində hər hansı bir torpaq sahəsinin olmadığı təqdirdə, onun müraciətindən imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarına əsasən nazirliklərin, habelə digər dövlət orqan və təşkilatların, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılan zamanı onun torpaq payı mülkiyyətçisi olması səbəbindən iddiaçıya birdəfəlik ödəmənin verilməsindən haqlı olaraq qanuni əsaslar çərçivəsində imtina olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. E-SOSİAL.AZ tərəfindən İddiaçı göndərilmiş SMS-in surətindən görünür ki, İddiaçı torpaq mülkiyyətçisi olduğu üçün, ona 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarını rəhbər tutaraq, işsiz olduğu üçün, qanunvericiliklə nəzərdə tutulmuş 190 manat məbləğində birdəfəlik ödəmənin karantin müddəti ərzində hər ay üçün ödənilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İşin mübahisələndirilən halı odur ki, iddiaçı cavabdeh tərəfindən imtina məktubunu mübahisələndirərək (hazırki halda elektron SMS-i), iddiaçının mülkiyyətində hər hansı bir torpaq sahəsinin olmadığı halda, onun torpaq mülkiyyətçisi olması səbəbi ilə imtina edilməsidir. Məhkəmə bildirir ki, hazırki iddia tələbinin qanuni əsasının “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası təşkil edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərlə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin Qaydaların 1-ci bəndinin müddəalarına əsasən: -1.1. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra – pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemində (bundan sonra – MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; -1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; -1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; -1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydalara əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərlə yanaşı, eyni zamanda pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir. (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri). Həmin Qərarın 2.3-cü bəndinə əsasən Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara (2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə (2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə(2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in "Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara(2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1 -ci -2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10). Sonradan "Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 saylı 25 aprel 2020-ci il tarixli Qərarın 2.3-cü bəndinə 2.3.11 -2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara (2.3.13); yaşı 18-dən aşağı olanlara(2.3.14); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmçinin, 2.3.10-cu bəndində, bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11 -ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı kimi qeyd olunması qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il 216 №-li, 7 avqust 2020-ci il 283 №-li və 23 dekabr 2020-ci il 50 №-li Qərarlarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilməsinə qərar verilmişdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.6-cı yarımbəndinə görə işsiz şəxs dedikdə işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs başa düşülür. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejimi tətbiq olunduğu zaman, işsiz kimi qeydiyyatda olan şəxslərə aprel, may, iyun, avqust və dekabr ayları üzrə birdəfəlik ödəmənin verilməsi həyata keçirilirdi. Nəzərə alınmalıdır ki, işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi üçün onlar müvafiq meyarlara uyğun olmalıdırlar. Bundan başqa xüsusi qeyd olunmalı məqamlardan biri də odur ki, şəxsin həmin meyarlara uyğunluğu yoxlanılan zaman, həmçinin onun MAS-da qeydiyyatdan keçdiyi tarix də müəyyən edilməlidir. Əvvəla Məhkəmə qeyd edir ki, iddiaçı birdəfəlik ödəmə üçün müraciət edən zaman artıq MAS-da (07.04.2020-ci il tarixdə qeydiyyyat keçmiş, 13.04.2020-ci il tarixdə işsizlik statusu almış) qeydiyyatdan keçmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının 01.04.2020-ci il tarixdən MAS-dan keçməsi ona birdəfəlik müavinətinin münasibətdə əks göstərici kimi qiymətləndirilməməlidir. Belə ki, yuxarıda adıçəkilən Qaydalardan göründüyü kimi, birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq iki halda ödənilə bilər: 1) 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2) pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə.Təkzib olunmaz haldır ki, iddiaçının birinci göstərilən əsasın təsiri altına düşmür, çünki onun qeydiyyatı 01.04.2020-ci il tarixdən sonraya aiddir. Lakin, nəzərə alınmalıdır ki, iddiaçının MAS-da qeydiyyatdan keçdiyi tarixdə Azərbaycan Respublikasının ərazisində artıq xüsusi karantin rejimi tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında X1 əsasən dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilmişdir. (https://nk.gov.az/az/article/761/ - 23.03.2020-ci il tarix, saat 20:04) “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli, 120 saylı Qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının ərazisində ilk xüsusi karantin rejimi 24 mart 2020-ci il tarixdən 20 aprel 2020-ci il tarixədək elan edildiyindən və iddiaçı həmin tarixlər arasındaki dövrdə MAS-da işsiz kimi qeydiyyata alınması ilə bağlı müraciət etdiyindən, o, pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MASda işsiz kimi qeydiyyata alınmış şəxs hesab olunur. Bu hal isə onun “Koronavirus (COVİD- 19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.2.2-ci yarımbəndinin təsiri altına düşdüyünü və birdəfəlik ödəmənin verilməsi üçün şərtlərdən birinin ödənilməsini göstərir. İddianın mahiyyəti üzrə əsaslı olub-olmamasına münasibətdə isə məhkəmə bildirir ki, iddiaçıya 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina olunarkən, onun torpaq mülkiyyətçisi olduğu əsas gətirilmişdir ki, bu hal aşağda göstərilən hallar ilə təkzib olunur Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində torpaq sahəsi aşkar olunmamışdır. Bu hal Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məktubu ilə yanaşı, həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin məktubda da əks olunmuşdur. Belə ki, hər iki məktubda qeyd olunmuşdur ki, İddiaçı adına qeydiyyata alınmış torpaq sahəsi aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçının müvafiq müraciəti edərkən mülkiyyətində torpaq sahəsi olması halı iş materiallarında olan məlumatlarla təkzib olunur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxarkən onun mülkiyyətində torpaq sahəsinin olması barədə məlumatların ona hansı qaydada verildiyini, bununla da iddiaçıya müavinətin təyin olunmasından imtina edərkən təqsirli olmadığını təsdiq edən halları sübuta yetirə bilmədiyi üçün iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, məhkəmə icraatı zamanı cavabdehin nümayəndəsinə iddiaçının “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na görə birdəfəlik müavinətin ödənilməməsi üçün hər hansı digər əsasın olub-olmamasına dair mötəbər sübut təqdim edilməsi təklif edilmişdir. Məhkəmə araşdırılması zamanı digər əsasın olması ilə bağlı sübut təqdim edilməmiş, imtinanın yalnız torpaq sahəsinin olması ilə bağlı olduğu müəyyən edilmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş və sonradan müəyyən dəyişikliklər edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na görə iddiaçının birdəfəlik yardım almaq hüququ olmuş, iddiaçının birdəfəlik yardım almayan şəxslərin kateqoriyasına aid olmasına dair işdə hər hansı sübut olmamışdır. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, iddiaçının hazırda mülkiyyətində mənzilin (paylı mülkiyyətdə) olması, onun ziyanına şərh edilməməlidir. Belə ki, yuxarıda adıçəkilən Qaydalara görə əgər şəxsin mülkiyyətində müxtəlif ünvanlarda iki və daha çox daşınmaz əmlak olarsa və ya o, əmlakı özünüməşğulluğun təşkili proqramı çərçivəsində əldə edərsə, bu zaman şəxs birdəfəlik yardım almayan şəxslərin kateqoriyasına aid olunur. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə iddiaçının paylı mülkiyyətində olan mənzilin özünüməşğulluğun təşkili proqramı çərçivəsində əldə edilməsi müəyyən olunmamış, həmçinin onun mülkiyyətində hər hansi digər əmlakların mövcudluğu müəyyən olunmamışdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində paylı əmlakın olması, ona birdəfəlik müavinətin təyin edilməsindən imtina olunması üçün əsas deyildir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1364/2021 saylı, 11.08.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “iddiaçı “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunduğu müddət üçün birdəfəlik ödəmənin verilməsini xahiş etdiyindən, məhkəmə mübahisəsi, yəni ödəmənin verilməsi həmin dövrlə bağlı olduğundan, birdəfəlik ödəmənin verilməsi müddətinin başa çatması, ona birdəfəlik ödəmənin verilməməsi üçün imtinanın əsası kimi çıxış edə bilməz.” Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh aylıq 190 manat birdəfəlik ödəmənin verilməsindən iddiaçıya verilmiş imtina ilə ona qarşı qanunsuz hərəkətə yol vermişdir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə (2020-ci ilin beş ayı üzrə) aylıq 190 manat, ümumilikdə 950 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar