Məhkəmə qərarları › İş №2-1(112)-3603/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3603/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3603/2024 25.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “qərarın ləğv edilməsi və piket keçirilməsinə şərait yaradılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç., 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsi və iddiaçının piket keçirilməsinə şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhərində fəaliyyət göstərən, eyni zamanda, aktiv ictimai fəaliyyətlə məşğul olan hüquqşünasdır. İddiaçı 04 oktyabr 2023-cü il tarixdə cavabdehə müraciət edərək, Azərbaycan Respublikası Vəkillər Kollegiyasında mövcud olan qanunsuzluqlara etiraz olaraq bu qürumun inzibati binasının qarşısında etiraz keçirilməsinə şərait yaradılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən müraciətdən imtina olunmuşdur. Cavabdehin imtinası qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh inzibati orqan isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli, 3-52/2-11-449/6-0xx/xx/2023 №-li məktubunda qeyd olunmuşdur ki, müraciətçinin qeyd etdiyi ərazidə nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur. Həmin ərazidə toplantının keçirilməsi tıxacların yaranmasına və vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına gətirib çıxaracaq. Qeyd olunanları nəzərə alaraq, aidiyyəti üzrə müraciət etmələri diqqətlərinə çatdırırıq. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinə əsasən 16 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının binası qarşısında planlaşdırdıqları piketin keçirilməsi məqsədəuyğun hesab edilməmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, hazırkı iddia növ etibarı ilə İPM-nin 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddia (müəyyən etmə və ya tanınma haqqında iddia) hesab edilir. Məhkəmə iddianın bu hissədə aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimləndiyini bildirir. Belə ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu: -Maddə 1. Sərbəst toplaşmaq azadlığı. İ. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. İİ. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. -Maddə 6. Toplantının təşkilatçısı İ. Yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. İİ. 18 yaşına çatmamış şəxslər valideynlərinin və ya digər qanuni nümayəndələrinin yazılı razılığı olmadan və fəaliyyət qabiliyyəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məhdudlaşdırılmış şəxslər himayəçilərinin yazılı razılığı olmadan dinc toplantının təşkilatçısı ola bilməzlər. -Maddə 7. Sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər İ. Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: -Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: -36. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. -36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Əvvəla məhkəmə diqqətə çatdırır ki, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı var. Bu azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin etməli və qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görməlidir. Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 5-ci maddəsi toplantının keçirilməsi barədə aidiyyəti dövlət orqanına xəbərdarlıq edilməsi tələbini və qaydasını nəzərdə tutur. Həmin qaydaya əsasən, Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Qanunvericilikdə toplantının keçirilməsi barədə aidiyyəti dövlət orqanına xəbərdarlıq edilməsi institutunun nəzərdə tutulması legitim məqsədlərə bağlıdır. Xəbərdarlıq, nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi, o cümlədən, bir tərəfdən içtimai maraqların, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədlərinə, digər tərəfdən isə, həm də toplantı iştirakçılarının təhlükəsizliyinin, həyat və sağlamlığının kənar müdaxilələrdən qorunmasının təmin olunması məqsədlərinə xidmət edir. Belə ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 23-ci maddəsinə görə toplantının təhlükəsizliyini təmin etmək dövlətin vəzifəsidir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin etməyə və qanunauyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görməyə borcludur. Bununla belə, nəzərə almaq lazımdır ki, dövlət eyni zamanda və həm də ictimai qaydanı qorumağa, ictimai təhlükəsizliyi təmin etməyə, əhalinin həyat və sağlamlığının müdafiəsi üçün tədbirlər görməyə də borcludur. Həmin vəzifə fövqəladə vəziyyətlərdə, o cümlədən bəlli pandemiya şəraitində ictimai sağlamlığın qorunması məqsədləri üçün dövlət tərəfindən müvafiq və geniş əhatəli məhdudlaşdırma tədbirlərinin tətbiqini də zəruri edə bilər. Tətbiq edilən həmin məhdudlaşdırma tədbirləri “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsinin təsir dairəsinə düşür. Belə ki, həmin maddəyə görə, sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Məhkəmə bildirir ki, hazırki iddia mahiyyəti etibari ilə müəyyən etmə və tanınma haqqında iddia növünə aid olduğundan, həmin iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı cavabdehin hərəkəti nəticəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı cavabdehin hərəkəti nəticəsində hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını əsaslandıra bilməmişdir. Həmçinin, hazırkı halda iddiaçının məhkəməyə müraciət edən zaman cavabdeh tərəfindən artıq icra edilmiş inzibati aktın qəbul edilməsi müəyyən edilmədiyindən (İPM-nin 36.2 maddəsi) iddia tələbinin mümkünlük cəhətədən şərtləri ödəməmiş olur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1236/2022 saylı,xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Müəyyən etmə və tanınma haqqında iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı cavabdehin hərəkəti nəticəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin”. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 19-23-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

19. İPM-in 35.1-ci maddəsinin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

20. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər, o cümlədən iddiaçının hüquqi müdafiə marağının mövcud olması, mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər ödənilmiş olmalıdır.

21. Bundan əlavə, həm də nəzərə almaq lazımdır ki, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.

22. Hazırkı qərarın 13-cü bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Yalnız mümkün sayılmış iddiaların əsaslılığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

23. Qeyd olunmalıdır ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə pozduğunu sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-nin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “qərarın ləğv edilməsi və piket keçirilməsinə şərait yaradılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar