Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3605/2022 08.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X12, X9, X10, X11) «mənzildən qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Qaradağ rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 1 saylı evin 48 saylı mənzilindən X12, X9, X10, X6 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, X9, X12, X10 və X11 İddiaçı xüsusi mülkiyyətində olan mənzildə formal qeydiyyatdadırlar və onların hansı ünvanda yaşaması iddiaçıya məlum deyil. İddiaçı hesab edir ki, onların həmin mənzildə qeydiyyatda qalması bir mülkiyyətçi olaraq iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. 1 fevral 2020-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli “Daşınmaz əmlkm alqı-satqısı müqaviləsi”nin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 1 saylı evin 48 saylı mənzilini iddiaçı alqı-satqı yolu ilə X1 almışdır. İddiaçı ailə üzvlər ilə birlikdə həmin mənzildə qeydiyyatdadır və yaşayır. **********72-05101-093008 reyestr nömrəli, 10 aprel 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. ASAN-3 tərəfindən verilmiş ******* nömrəli, 31 may 2021-ci il tarixli "Yaşayış yeri üzrə qeydiyyat haqqında" arayışdan göründüyü kimi, X9, X12, X10 və X11 iddiaçının mülkiyyətində olan məmzildə onun alqı-satqısından sonra da, qanunsuz və formal olaraq, hazırkı vaxtadək qeydiyyatda qalmışlar. İddiaçı mülkiyyətində olan mənzildən həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis idarəsinə müraciət etmişdir. Lakin iki aya qədər vaxt keçsə də, cavab məktubu ünvanaa daxil olmamışdır. Şifahi müraciətlərdən sonra ona ünvanlanan cavab məktubunun "Əsli ilə düzdür" qeydlər və möhürlə təsdiq olunmuş dublikatını ala bilmişdir. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 24 avqust 2021-ci il tarixli 13669N-3221 nömrəli imtina məktubunun təsdiq olunmuş dublikatında qeyd olunur ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması barədə ərizəyə baxılmış və müraciətdə göstərilən məsələ ilə bağlı aidiyyati üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunur. Göründüyü kimi, mövcud məsələnin məhkəmədən kənar həlli qaydası mümkün olmamışdır. Göstərilənlərə və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1, 3.1-ci maddələrinə, İPM-in 2, 8, 33, 35.1, 45-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın müddəalarına əsaslanaraq, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 1 saylı evin 48 saylı mənzilindən X12, X9, X10, X6 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyuması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X12, X9, X10, X11 inzibati məhkəmə icraatına üçüncü şəxs qimsində cəlb olunmuşdur. Məhkəmənin sərəncamı ilə İPM-in 47-ci maddəsinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə təqdim olunmuşdur. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf və üçüncü şəxslər gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizısində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarından görünür ki, satıcı X7 ilə alıcı İddiaçı arasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 1 saylı evin 48 mənzilinin satıcı tərəfindən alıcıya satılması barədə 01 fevral 2020-ci il tarixdə notarial qaydada AN-İ ******* nömrəli müqavilə bağlanmışdır. İş materiallarında olan DƏDRX tərəfindən verilmiş 10 aprel 2020-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlər qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 1 İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan “ASAN 3” tərəfindən verilmiş 31 may 2021-ci il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, X12, X9, X10, X11 B ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Qaradağ RPİ tərəfindən İddiaçı ünvanlanmış 24 avqust 2021-ci il tarixli məktubda aşağıdakılar bildirilmişdir: - Qaradağ RPİ-yə ünvanlanmış müraciətə X3 baxılmışdır. Qəbul zamanı «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbləri ilə nəzərdə tutulmuş şəxsin qeydiyyatdan çıxarılmasına əsas olan hallar İddiaçı (iddiaçıya) izah edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən müraciətdə göstərilən məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixdə qərara almışdır ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; - «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyat çıxarılması üçün halları müəyyən etmiş və “şəxsin yaşayış yerini dəyişməsi” və “şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” belə hallara aiddir. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının qanunvericiliklə müəyyən edilmiş digər əsasları hazırkı mübahisə ilə uzlaşmır və belə əsasların iş üzrə müəyyən edilməsinin yoxlanılmasına zərurət yaranmır. Lakin hazırkı işin hallarından məlum olur ki, üçüncü şəxslər X12, X9, X10, X11 hazırkı İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə hüquqlarının olmasına dair nə cavabdeh, nə də üçüncü şəxslər tərəfindən hər hansı sübut, dəlil təqdim edilmədiyindən, onların belə hüququnun mövcudluğu müəyyən edilmir. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində üçüncü şəxslər X12, X9, X10, X11 hazırda yaşamadıqlarından, habelə müvafiq alqı-satqı müqavilə bağölandıqdan sonra onların mənzilə istifadəı hüququ qalmadığından (bu hal cavabdeh tərəfindən təkzib olunmur), mənzilin mülkiyyətçisi kimi hazırkı iddiaçının müraciəti əsasında adıçəkilən şəxslərin sözügedən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtina olunması qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 1 saylı evin 48 saylı mənzilindən üçüncü şəxslər X8, X4, X5, X6 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Qaradağ RPİ-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 1 saylı evin 48 saylı mənzilindən üçüncü şəxslər X8, X4, X5, X6 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Qaradağ RPİ-nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3605/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3605/2022
08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver