Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3605/2023 08.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış 4/3-11144 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirmişdir ki, təqdim edilmiş sənədlərdə iddiaçının 27.09-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatları aparılan dövrdə fəaliyyətinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarxli 420 nömrəli Qərarının 1.1-ci, 1.2-ci və 1.3-cü yarımbəndlərində qeyd olunan tələblərə (meyarlara) uyğun gəlmədiyinə görə xx.xx.2022-ci il tarixli iclas protokoluna əsasən komissiya ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 2-ci Qarabağ müharibəsi zamanı iştirakının mülki şəxs kimi deyil, hərbi şəxs kimi qeydiyyata alınması, bununla bağlı onun adına həmin N saylı hərbi hissənin adından müvafiq arayış verilməsi və bunun üçün müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Nəqliyyat İdarəsinin balansında olan avtobus tipli Kamaz ilə N saylı hərbi hissənin təminat bölümünə sürücü kimi yollanmışdır. xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixinə qədər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Qubadlı, Şuşa və Laçın istiqamətində gedən döyüş əməliyyatları zamanı təminat bölmələrində mülki sürücü kimi xidmət etmiş və göstərilən tarix ərzində hərbi ezamiyyətdə olmuşdur. Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut və Şuşa istiqamətində gedən ağır döyüşlər zamanı mülki sürücü kimi verilən bütün tapşırıqları layiqincə yerinə yetirmişdir. 2020-ci il noyabr ayının 3-dən 4-nə keçən gecə Daşaltı istiqamətində hərbi heyəti döyüş zonasına çatdırmış, geri qayıdan zaman yaxın kəndlərin birində idarə etdiyi avtobus tipli Kamaz ilə yaralıları və şəhid olmuş əsgərləri həmin zonadan çıxarmaq üçün yardım göstərmişdir. Bu zaman düşmən tərəfindən həmin kəndə minatan silahlardan atəş açılmış, zərbənin təsirindən dərəyə yıxılmış, başının sağ gicgah tərəfindən bərk zədə almışdır. Bu çətin vəziyyətə baxmayaraq 17 yaralı və 9 şəhid əsgəri həmin zonadan çıxarıb idarə etdiyi kamazla Xocavənd istiqamətində təcilli tibbi maşınlarına çatdırmışdır. Başından aldığı zərbə səbəbilə bir müddət Mərkəzi Hərbi Klinik Hospitalında müalicə almışdır. xx.xx.2021ci il tarixində N saylı hərbi hissədən təxris olunmuş, sonuncu olduğu yer Laçın rayonu olmuşdur. İdarə etdiyi avtobus tipli kamaz heç bir kitaba qeydiyyata alınmamış, hərbi ezamiyyətdə olduğu müddət ərzində onun xidməti hərbi biletdə qeyd olunmamışdır. Halbuki ağır döyüşlər gedən zonalarda iştirak etmiş, cəbhə xəttinə qədər hərbi heyət aparmışdır. Onun müharibə dövründə iştirakı N saylı hərbi hissənin komandiri polkovnikleytenant Faiq Əliyev tərəfindən hərbi şəxs kimi deyil mülki şəxs kimi qeydiyyata alınmışdır. Halbuki sürücü kimi atışma gedən yerlərə qədər gedib çıxmışdır. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2022-ci il tarixli imtina cavabından sonra iddia ərizəsini xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2020-ci il tarixli 423-e saylı əmrindən görünür ki, Nəqliyyat İdarəsinin xx.xx.2020-ci il tarixli SOCAR**********30290068XQ0004 nömrəli məktubuna əsasən “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli və Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında xx.xx.2020-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin həlli məqsədilə, 4 saylı Texnoloji Nəqliyyat Departamenti üzrə aşağıda qeyd olunan nəqliyyat vasitələrinə təhkim olunmuş işçilər aşağıda göstərilən tarixlərdə (Suraxanı RHK. Sabunçu RHK, Nizami RHK və Xəzər RHKna cəlb olunmaqla) hərbi əməliyyatların aparıldığı bölgələrə ezam olunmuşlar.
44. İddiaçı –KAMAZ 43114-1014 – 01-xx.xx.2020 - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2020-ci il tarixli 493-e saylı əmrindən görünür ki, Nəqliyyat İdarəsinin xx.xx.2020-ci il tarixli SOCAR**********30290068XQ0004 nömrəli məktubuna əsasən “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli və Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında xx.xx.2020-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin həlli məqsədilə, 4 saylı Texnoloji Nəqliyyat Departamenti üzrə aşağıda qeyd olunan nəqliyyat vasitələrinə təhkim olunmuş işçilər aşağıda göstərilən tarixlərdə (Suraxanı RHK, Sabunçu RHK, Nizami RHK və Xəzər RHK-na cəlb olunmaqla) hərbi əməliyyatların aparıldığı bölgələrə ezam olunmuşlar.
15. İddiaçı –KAMAZ 43114-1014-15 – 01-xx.xx.2020 - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2020-ci il tarixli 554-e saylı əmrindən görünür ki, Nəqliyyat İdarəsinin xx.xx.2020-ci il tarixli SOCAR**********30290068XQ0004 nömrəli məktubuna əsasən “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli və Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında xx.xx.2020-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin həlli məqsədilə, 4 saylı Texnoloji Nəqliyyat Departamenti üzrə aşağıda qeyd olunan nəqliyyat vasitələrinə təhkim olunmuş işçilər aşağıda göstərilən tarixlərdə (Suraxanı RHK, Sabunçu RHK, Gəncə RHK, Nizami RHK və Xəzər RHK-na cəlb olunmaqla) hərbi əməliyyatların aparıldığı bölgələrə ezam olunmuşlar.
33. İddiaçı –KAMAZ 43114-1014-15 – 01-xx.xx.2020 - 4 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən Kamaz-43114 markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla birlikdə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək və xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək Sabunçu rayon hərbi komissarlığının sərəncamına verilmişdir. - xx.xx.2020-ci il tarixli, 2298 nömrəli, xx.xx.2020-ci il tarixli 2475 nömrəli, xx.xx.2020ci il tarixli 2530 nömrəli və xx.xx.2021-ci il tarixli 78 nömrəli ezamiyyət vəsiqələrindən görünür ki, iddiaçı xüsusi döyüş əməliyyatlarında iştirak etmək, adamların daşınması məqsədilə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək Sabunçu rayon hərbi komissarlığına ezam edilmiş, vəsiqədə iddiaçının gəliş və gedişi 4 saylı Texnoloji Nəqliyyat Departamenti və N nömrəli hərbi hissə tərəfindən təsdiq edilmişdir. - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 274 saylı əmrindən çıxarışdan görünür ki, “Azərbaycan Respublikası Dövlət neft şirkəti nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamentinin” aşağıda adları qeyd olunan sürücü işçiləri Bakı şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin yerli İdarə Şöbə və Bölmələri tərəfindən Xüsusi döyüş əməliyyatlarında iştirak etmək məqsədi ilə xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissəyə ezamiyyətə gəlmiş hesab edilmişlər:
1. Mülki işçi İddiaçı Əbdül oğlu. - N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli saylı əmrindən çıxarışdan görünür ki, “Azərbaycan Respublikası Dövlət neft şirkəti nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamentinin” aşağıda adları qeyd olunan sürücü işçiləri N nömrəli hərbi hissədən ezamiyyətdən getmiş hesab edilmişlər:
1. Mülki işçi X4. - N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 8 nömrəli arayışından görünür ki, X1, Cəbrayıl, Şuşa, Xocavənd istiqamətində gedən döyüş əməliyyatları zamanı arxa cəbhə təminat bölmələrində (mülki) sürücü kimi iştirak etmişdir. -N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 1589 nömrəli arayışından görünür ki, N nömrəli hərbi hissəyə “Azərbaycan Respublikası Dövlət neft şirkəti nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamenti" tərəfindən səfərbərliklə çağırılmış mülki işçi İddiaçı Əbülfət oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüş əməliyyatlarında maddi-texniki təminat üzrə tapşırıqları sürücü kimi yerinə yetirmişdir. - xx.xx.2021-ci il tarixli Fəxri Fərmandan görünür ki, iddiaçı Vətən müharibəsində döyüş əməliyyatları zamanı arxa cəbhə təminatı bölmələrində maddi-texniki təminatın təşkilində göstərdiyi nəaliyyətlərə görə N nömrəli hərbi hissə tərəfindən təltif olunmuşdur. Beləliklə, işin istinad edilən halları ilə müəyyən edilir ki, iddiaçı Kamaz-43114 markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla birlikdə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək Sabunçu rayon hərbi komissarlığının sərəncamına verilmiş, N nömrəli hərbi hissə onun xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə həmin hərbi hissəyə ezam olunmasını rəsmiləşdirmiş, iddiaçı Füzuli, Cəbrayıl, Xocavənd rayonlarına ezam edilməklə döyüş əməliyyatlarında mülki sürücü kimi avtomobilin idarə edilməsi ilə məşğul olmuş, nailiyyətlərinə görə N nömrəli hərbi hissə tərəfindən mükafatlandırılmışdır. İddiaçı hazırda döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların maddi texniki təminatı üzrə tapşırıqların yerinə yetirilməsində iştirak etdiyinə görə ona “Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: –Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İstinad olunan normaların məzmunundan aydın olur ki, mülki şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün:
1. o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı;
2. bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. İş materiallarından görünür ki, iddiaçı mülki sürücü kimi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Füzuli, Cəbrayıl, Şuşa, Xocavənd istiqamətində gedən döyüş əməliyyatları zamanı maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirmiş, bu hal iş materiallarında olan hərbi hissənin arayışı, əmrlərdən çıxarış, ezamiyyət vəsiqələri və hərbi biletində aparılan qeydlə öz təsdiqini tapmışdır. Belə olan halda aydındır ki, iddiaçı Nazirlər Kabinetinin 216 saylı qərarı ilə ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan bütün şərtləri ödəmişdir. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməmiş, bu zaman Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarxli 420 nömrəli Qərarının 1.1ci, 1.2-ci və 1.3-cü yarımbəndlərində qeyd olunan tələblərə (meyarlara) uyğun gəlmədiyinə istinad etsə də, bu uyğunsuzluğun nədən ibarət olmasını əsaslandırmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova