Məhkəmə qərarları › İş №2-1(112)-3610/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3610/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3610/2023 04.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixə qədər, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixə qədər, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixə qədər müvafiq olaraq "xxxx" X3, "xxxx" Birgə Müəssisəsində və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi iş stajının sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Ali təhsilli mühəndisdir. 1972-1977-ci illərdə Azərbaycan Mühəndis Tikinti İnstitutunda təhsil almışdır. xx.xx.1977-ci ildən etibarən 5 №-li Xüsusitikinti İdarəsinin “Xüsusi Yol Tresti”ndə əmək fəaliyyətinə başlamış və xx.xx.1982-ci ilə qədər burada müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1982-ci ildən etibarən Bakı şəhər İcra Hakimiyyəti nəzdində Kommunal Təsərrüfat İdarəsində işə qəbul olmuş və xx.xx.1988-ci ilə qədər burada çalışmışdır. xx.xx.1988-ci ildən faktiki olaraq Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsində işə qəbul olaraq xx.xx.1993-cü ilə qədər burada müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.1993-cü ildə "xxxx" Kommersiya Firmasında işə qəbul olmuş və xx.xx.1995-ci ilə qədər burada çalışmışdır. xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilə qədər Türkiyə Azərbaycan birgə müəssisəsi olan "xxxx"-da əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.1997-ci ildən xx.xx.2002-ci ilə qədər "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək pensiyasının təyin edilməsi üçün sənədlərini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına təqdim etsə də, yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişlər. Hesab edir ki, cavabdehin imtinası əsassızdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, həmin iddia tələbi üzrə iş materiallarından aydın olur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına xx.xx.2022-ci il tarixdə müraciət etmişdir, inzibati icraatın nəticəsi olaraq iddiaçıya xx.xx.2022-ci il tarixdə imtina məktubu ünvanlamışdır. İddiaçı Q.Teymuroviçin təqdim etdiyi əmək kitabçasının və təhsil haqqında diplomun surətlərinə əsasən sığorta stajının (xx.xx.1972-ci il tarixdən xx.xx.1977-ci il tarixədək əyani təhsil aldığı illər) 22 il 1 ay 19 gün təşkil etməsi səbəbindən imtina verilmişdir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq Q.Teymuroviçin adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" X2, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" Birgə müəssisəsindəki, xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək “Albaniya Konstrakşn” LTD-dəki əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yarandığı bildirilmişdir. X5 və Araşdırma Şöbəsinin müvafiq xidməti məruzəsinə əsasən xx.xx.1993cü il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" X4, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Azər-Sentra" Birgə müəssisəsinin, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Albaniya Konstarkşn" LTD-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamış və həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Bundan sonra, iddiaçı Q.Teymuroviç Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, iş üzrə iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Normanın məzmunundan aydın olduğu kimi, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 tələb ödənilməlidir: 1) Vətəndaşın yaşı bu qanunla nəzərdə tutulan yaş həddinə çatmalıdır; 2) Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir, yaxud azı 25 il sığorta stajı mövcud olmalıdır. İddiaçı Q.Teymuroviç qanunla nəzərdə tutulmuş yaş həddinə çatmışdır. Belə ki, xx.xx.1955-ci təvəllüdlü iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş yaşa görə əmək pensiyası hüququ verən yaş həddinə Qanunun 7-ci maddəsinə müvafiq olaraq 64 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdə çatmışdır. İddiaçının əmək kitabçasının surətində qeyd olunan xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" X4, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "Azər-Sentra” Birgə müəssisəsinin, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" LTD-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamış və həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Yuxarıda göstərilən müəssisədə işlədiyi dövrlər nəzərə alınmadıqda iddiaçının ümumi sosial sığorta stajı cəmi 22 il 1 ay 19 gün təşkil edir və qanunvericiliyin minumum 25 il sosial sığorta stajı tələbi ödənilmir. İddiaçının mövcud sosial sığorta stajı aşağıdakı göstərilmişdir: mübahisələndirilməyən dövrlər - xx.xx.1972xx.xx.1977 – 4 il 9 ay 21 gün; xx.xx.1977-xx.xx.1982 – 4 il 4 ay 20 gün; xx.xx.1982xx.xx.1988 – 6 il 8 ay 19 gün; xx.xx.1988 – xx.xx.1993 – 4 il 10 ay 19 gün; xx.xx.2021 – xx.xx.2022 – 1 il 6 ay. Mübahisələndirilən dövrlər – xx.xx.1993 – xx.xx.1995 – 1 il 3 ay 17 gün; xx.xx.1995 – xx.xx.1997 – 2 il 7 ay 14 gün; xx.xx.1997 – xx.xx.2002 – 4 il 5 ay 7 gün. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Belə ki, iddiaçı Q.Teymuroviçin xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrlərdə işlədiyi müəssisələrin faktiki və arxiv sənədlərinin olduğu ünvan müəyyən olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası dedikdə bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun tələblərindən də göründüyü kimi əmək pensiyası pensiya təyin olunduqdan əvvəl alınan əmək haqqı və həmin əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqları ilə bağlıdır. Əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə müvafiq qanunvericiliyə uyğun olaraq sığorta stajına daxil edilir. İddiaçının yuxarıda qeyd edilən müəssisələrdə işlədiyi dövrlərlə bağlı əmək haqqı alıbalmadığını müəyyən etmək mümkün olmadığından, həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, Q.Teymuroviçin əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər sığorta stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür.

8. iddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş 19 oktyabr 2022-ci il tarixli **********1 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” imtina məktubuna əsasən iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci Maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək pensiya yaş həddi kişilər üçün 64 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdilmiş əmək kitabçalarının, diplomun surətinə və X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən sığorta stajı (xx.xx.1972-ci il tarixindən xx.xx.1977ci il tarixinədək əyani təhsil dövr nəzərə alınmaqla) 22 il 1 ay 19 gün təşkil edir. Eyni zamanda, xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 20 il 7 ay 19 gün sığorta stajına uyğun olaraq 14909,20 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 631,92 manat olmaqla, ümumilikdə 15541,12 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 23040 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (160 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirmişlər ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilmişdir ki, ИT-İ № ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. X5 və Araşdırma Şöbəsinin müvafiq xidməti məruzəsinə əsasən xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək "xxxx" X4, xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək "xxxx" Birgə müəssisəsinin, xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək “Albaniya Konstarkşn" LTD-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün əmək haqqı alıb-almamasını müəyyənləşdirmək mümkün olmamış və həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər sığorta stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və X1 Sisteminin Sığorta altsistemi proqram təminatına əsasən xx.xx.2021-ci il tarixindən aktiv vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyatda olduğundan ona yaşa görə sosial müavinətin təyin edilməsi mümkün olmayıb. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunveriliciklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər.

9. Г-İ seriyalı № 022010 nömrəli diploma əsasən İddiaçı Temuroviç 1972-1977-ci il tarixlərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda avtomobil yolları ixtisası üzrə tam kursu bitirmişdir.

10. iddiaçının adına açılmış ИТ-İ ******* nömrəli və ИТ-İ ******* nömrəli əmək kitabçalarının surətinə əsasən iddiaçının iş stajı aşağıdakı kimi olmuşdur: 1972-1977, xx.xx.1977-xx.xx.1982, xx.xx.1982-xx.xx.1988, xx.xx.1988 – xx.xx.1993, xx.xx.1993 – xx.xx.1995, xx.xx.1995-xx.xx.1997, xx.xx.1997 – xx.xx.2002.

11. Məhkəmə sərəncamının icrası ilə əlaqədar olaraq iddiaçının müraciəti ilə əlaqədar aparılmış inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

12. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 06 dekabr 2022-ci il tarixli **********631400 nömrəli məktubla təqdim edilmiş məlumata əsasən hüquqi şəxslərin dövlət qeydiyyatı barədə müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılaraq bildirilmişdir ki, dövlət reyestrində "Paradiz-K” X4 xx.xx.1994-cü il tarixdə 8320 nömrə ilə və Azərbaycan-Türkiyə "xxxx" Birgə Müəssisəsinin xx.xx.1994-cü il tarixdə 795 nömrə ilə dövlət qeydiyyatından keçmələri barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxslər adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Reyestrdə "Albanıya Konstrakşn” LTD Şirkəti adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.

13. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 17 mart 2023-cü il tarixli **********469200 nömrəli məktubla təqdim edilmiş məlumata əsasən “Albaniya Constuction LTD” və ya “Albanya Constuction LTD" adlı Məhdud Məsuliyyətli Cəmiyyətlərin dövlət qeydiyyatı barədə müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılaraq bildirilmişdir ki, dövlət reyestrində “Albaniya Constuction LTD” və Albanya Constuction LTD” adlı Məhdud Məsuliyyətli Cəmiyyətlərin dövlət qeydiyyatından keçmələri barədə məlumat mövcud deyildir. Reyestrdə oxşar adlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.1997-ci il tarixdə M-16 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

19. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

20. Hazırki mübahisənin predmetini iddiaçının hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya hüququna malik olub-olmaması təşkil edir.

21. Həmin maddənin tələblərinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

22. Maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

23. Göründüyü kimi, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı bu Qanunda göstərilən yaş həddinə çatmalı; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, yaxud azı 25 il sığorta stajı olmalıdır.

24. İş materiallarında olan iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1955-ci il təvəllüdlüdür. Onun yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq, 64 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdə yaranmışdır. Göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmışdır. Bununla da, iddiaçıya münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddi şərti ödənilir.

25. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan digər şərt isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olmasıdır.

26. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının ümumi iş stajı 25 ildən artıq təşkil edir.

27. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçının cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixədək mübahisələndirilməyən ümumi iş stajı 20 il 9 ay 19 gün təşkil edir.

28. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən iş stajı müddəti isə onun xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" X3, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" Birgə Müəssisəsində, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindəki əmək faəliyyəti olan müddətdir.

29. Cavabdehin sözügedən dövrlərlə bağlı dəlili isə ondan ibarətdir ki, həmin müəssisələrin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamış bu səbəbdən həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməməlidir.

30. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, həmçinin mübahisəli dövrün iddiaçının xx.xx.2006-cı il tarixədək qeydə alınmış sığorta stajı ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, həmin dövr iddiaçının sığorta stajına mübahisəsiz daxil edilməlidir.

31. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

32. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Maddə 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

35. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir.

36. Həmçinin məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.

37. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

38. Bu mənada, qüvvədə olan qanunvericilik normaları iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" X3, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" Birgə Müəssisəsində, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindəki fəaliyyəti əmək kitabçası əsasında iş stajı kimi təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tutur. Ona görə də, iddiaçıya əmək haqqı ödənilməsi ilə bağlı sənədlərin arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilməməli və həmin dövrə aid iş stajı müvafiq olaraq iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir.

39. Eyni zamanda, hazırda qüvvədə olan və iddiaçının vəziyyətini yaxşılaşdıran Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 saylı qərarı ilə təsdiq olunmuş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən 2006- cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.

40. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, iddiaçının 2006-cı ilə qədər olan sığorta stajı, əmək kitabçasına, əmək kitabçası olmadıqda işəgötürənin və ya dövlət arxivinin arayışlarına əsasən hesablanır.

41. İddiaçının əmək kitabçalarında cavabdeh tərəfindən mübahisələndirilən dövrləri əhatə edən qeydlərində onun işə qəbul edilməsi, vəzifə köçürmələri, işdən azad olunma tarixləri, müvafiq əmrlər, qeydlərin kadrlar üzrə məsul şəxsin imzası, müəssisənin möhürü təsdiqi öz əksini tapmış, qeydlərdə qaralama və anlaşılmaz yazılar mövcud deyil, vərəqlərin tamlığı pozulmamışdır. Başqa sözlə, qeydlərin inandırıcılığı baxımından iddiaçının həmin müəssisələrdə çalışmasını şübhə altına ala biləcək hallar aşkar olunmamışdır. 42.“ İnzibati icraat haqqında” Qanunun 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

43. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" X3, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" Birgə Müəssisəsində, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindəki əmək fəaliyyətinin qanuniliyi işdə olan məhkəmə sorğularına əsasən müvafiq dövlət qurumları (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) tərəfindən daxil olmuş cavab məktublarına əsasən bir daha öz təsdiqini tapmışdır.

44. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çox (xx.xx.1972-xx.xx.1977 – 4 il 9 ay 21 gün; xx.xx.1977-xx.xx.1982 – 4 il 4 ay 20 gün; xx.xx.1982-xx.xx.1988 – 6 il 8 ay 19 gün; xx.xx.1988 – xx.xx.1993 – 4 il 10 ay 19 gün; xx.xx.1993 – xx.xx.1995 – 1 il 3 ay 17 gün; xx.xx.1995 – xx.xx.1997 – 2 il 7 ay 14 gün; xx.xx.1997 – xx.xx.2002 – 4 il 5 ay 7 gün) iş stajına malik olması və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması iş materialları ilə müəyyən edildiyindən iddiaçının tələbi əsaslı hesab edilərək, təmin edilməlidir.

45. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, cavabdehin məhkəməyə təqdim etdiyi inzibati icraat materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2022-ci ilin iyul ayında müraciət etmişdir.

46. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasəq əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.

47. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

48. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçıya yaşa görə xx.xx.2019-cu tarixdən əmək pensiyası təyin edilməklə, onun cavabdehə müraciət etdiyi 2022-ci ilin iyul ayından əvvəlki 3 il üçün (yəni, 2019-cu ilin iyul ayından) əmək pensiyası məbəlğini hesablayb ödəmək cavabdehin öhdəliyidir. Lakin, cavabdeh tərəfindən əmək pensiyaları haqqında və inzibati icraat haqqında hüquq normaları ilə üzərinə düşən həmin öhdəliyini yerinə yetirməmiş, bununla da, iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.

49. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

50. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

51. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

52. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 64 yaşından, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin pensiya təyinatı üçün müraciət etdiyi 2022-ci ilin iyul ayından əvvəlki 3 il üçün, yəni, 2019-cu ilin iyul ayından hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar