Məhkəmə qərarları › İş №2-1(112)-3610/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3610/2024

01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3610/2024 01.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 01 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) müraciət etmiş, lakin cavabdeh tələbin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2020-ci il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya xx.xx.2020ci il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən-xx.xx.2023-cü ildən əvvəlki üç il üçün, yəni xx.xx.2020-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2006-cı il tarixədək 20 il ümumi stajı, 10 ildən artıq xüsusi stajı vardır. Xüsusi stajının 08 il, 09 ay, 11 günü “Azneft” İB-nın “Neft Daşları” Neft və Qazçıxarma İdarəsində işləmiş, işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıda öz əksini tapmışdır. Xüsusi stajın 01 il, 04 ay, 01 gününü isə "xxxx"nin Tunel qurğuları xidmətində yeraltı və xüsusilə zərərli şəraitdə, tuneldə yalnız gecə işində tunel fəhləsi peşəsində işləmişdir. Həmin peşə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıda öz əksini tapmışdır. Qeyd edilən iş stajı ilə bağlı məlumat həm əmək kitabçasında, həm də təqdim edilən güzəştli arayışlarda vardır. İddiaçı müvafiq sənədləri cavabdeh orqana təqdim edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin pensiyanın təyin edilməsi barədə ərizə 28 sentyabr 2023-cü il tarixdə cavabdeh orqana çatsa da, bu günədək ərizəyə cavab verilməmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun 1 yanvar 2006-cı il tarixədək güzəştli is stajı 10 ildən az (8 il 9 ay 11 gün (xx.xx.1992xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.2001-ci tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2016-cı il tarixli güzəştli arayışdan görünür ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində tunel fəhləsi peşəsində işlədiyi peşənin xüsusilə zərərli is şəraiti kimi nəzərə alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının müvafiq bəndinə istinad edilmişdir. Lakin iddiaçının tələbi ona Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 01 nömrəli siyahı üzrə 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsidir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının təqdim etdiyi sənədlər əsasında onun tələbi üzrə faktiki şərtlərin mövcudluğu sübut olunmur. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı qanunvericiliyin tələblərinə əsasən onun xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı tələb olunan sığorta stajından az təşkil etdiyindən iddiaçıya tələbi üzrə 52 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.1968-ci il təvəllüdlü, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində tunel fəhləsi (yeraltı və xüsusilə zərərli əmək şəraitdə, tuneldə yalnız gecə işində) peşəsində işləmişdir. Onun xüsusilə zərərli iş şəraitində çalışdığı tunel fəhləsi peşəsi üzrə əmək stajı 01 il 04 ay 01 gün təşkil edir və “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarının 23000000 XXVİİİ. Nəqliyyat bölməsinin 23002000 2. Metropolitenlər bəndinin 2300200a a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr kodu altında göstərilmişdir, bu da hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər bəndinin (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) tunel fəhlələri sətirində də əksini tapmışdır. Onun işlədiyi tunel fəhləsi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1№-li Siyahısı üzrə 10100000 İ. Dağ-mədən işləri bölməsinin 10103000 2-ci Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər maddəsinin 1010300a bəndində qeyd olunan fəhlələr peşəsi ilə də uyğunluq təşkil edir. Tunel fəhləsi peşəsinin əsas vəzifə və funksiyaları istismarda olan tunellərdə bütün növ axıntıların ləğvi, su arxların bərpası, tunel geyimlərinin arxasına məhlulvurma işləri, diafraqmaların gücləndirilməsi, tunellərin və drenajların yuyulması, tikinti materiallarının yüklənməsi və boşaldılması, pnevmatik alət vasitəsilə tübinqlərdə tikişlərin pərçimlənməsi, perferatorların və çəkiclərin işə hazırlanması, detalların dəyişdirilməsi və s. işlərdən ibarətdir. Gecə saatlarına görə (30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 23:30-dan 05:30-dək) tunel fəhləsinin əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. ... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ...

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar.

“Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının (1 nömrəli siyahı üzrə) mövcud olması. Cavabdeh tərəfindən iddiaya etirazda iddiaçının ümumi stajla bağlı şərtləri ödəməsi mübahisələndirilməmişdir. Cavabdehin yeganə mübahisə etdiyi məsələ iddiaçının xüsusi stajının yetərli olmamasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İş materiallarından görünür ki, iddiaçının işlədiyi "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli məktubu təqdim edilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1№-li Siyahısı üzrə 10100000 İ. Dağ-mədən işləri bölməsinin 10103000 2-ci Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər maddəsinin 1010300a bəndində qeyd olunan fəhlələr peşəsi ilə də uyğunluq təşkil edir. Tunel fəhləsi peşəsinin əsas vəzifə və funksiyaları istismarda olan tunellərdə bütün növ axıntıların ləğvi, su arxların bərpası, tunel geyimlərinin arxasına məhlulvurma işləri, diafraqmaların gücləndirilməsi, tunellərin və drenajların yuyulması, tikinti materiallarının yüklənməsi və boşaldılması, pnevmatik alət vasitəsilə tübinqlərdə tikişlərin pərçimlənməsi, perferatorların və çəkiclərin işə hazırlanması, detalların dəyişdirilməsi və s. işlərdən ibarətdir İşin hallarına əsasən, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 52 yaşının tamam olduğu vaxta qədər ümumilikdə 20 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 10 ildən artıq müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən-xx.xx.2023-cü ildən əvvəlki üç il üçün, yəni xx.xx.2020-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2023-cü il) əvvəlki üç il üçün, yəni xx.xx.2020-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar