Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3611/2022 14.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2, üçüncü şəxs "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri LGBİ-nin üzərinə onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının ləğv olunması öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinin cavabdeh Bakı şəhəri LGBİ-yə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri LGBİ maraqlı şəxs İddiaçı qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə Bakı Komersiya Məhkəməsinə müraciət edərək, vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) 384.747,14 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün İddiaçı (həmin dövrdə şirkətin direktoru olmuşdu) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 19.08.2020-ci il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) 384747,14 manat məbləğində (o cümlədən, vergilər üzrə 250519,13 manat, faizlər üzrə 134228,01 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcu vardır. Bakı Kommersiya Məhkəməsinin 09.09.2020-ci il tarixli, 2-2(113)-2249/2020 saylı qətnaməsi ilə Bakı şəhəri LGBİ-nin ərizəsi təmin edilmiş, İddiaçı barəsində ölkədən getmək hüququ, "xxxx" MMC-nin (VÖEN: **********) 384747,14 manat məbləğində vergi borcunun tam ödənilərək məhdudlaşdırılması qət edilmişdir. O, "xxxx" MMC-nin direktoru olarkən barəsində məhkəmə qərarına əsasən ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Sonradan işdən azad olunmuş və "xxxx" MMC-nin direktoru 13.01.2021-ci il tarixdə X6 təyin olunmuşdur. Bundan sonra Bakı şəhəri LGBİ-yə eyni qaydada X4 qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22.07.2021-ci il tarixli, 2-2(113)-3666/2021 saylı qətnaməsi ilə Bakı şəhəri LGBİ-nin ərizəsinin təmin edilməsi, X6 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, 07.07.2021-ci il tarixə "xxxx" MMC-nin vergi üzrə 40.519,12 manat, faiz üzrə 168 210,14 manat borcu olduğu müəyyən edilmişdir. Bakı Komersiya Məhkəmələrinin iki qətnaməsindən görünür ki, onun direktoru olduğu dövrdə olan vergi üzrə 250.519,13 manatdan hazırda 40.519,12 manat borc qalmışdır, yəni 80% ödənilmişdir. İndi isə bir borca görə əvvəlki və hazırki direktorun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Yaşlı bir insandır, xəstədir, müalicə almaq üçün Türkiyə Respublikasına getmək istəyir, lakin ölkədən getmək hüququ məhdudlaşdırıldığından gedə bilmir. Sözügedən məsələ ilə bağlı Bakı şəhəri LGBİ-yə elektron ərizə ilə müraciət etmişdir. Cavabdeh (elektron qaydada) 18.10.2021-ci il tarixə "xxxx" MMC-nin 168.106,25 manat borcu və 100 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 168.206,25 manat faiz borcu olmasını istinad etməklə ərizəsini təmin etməmişdir. Hesab edir ki, onun ölkədən getmək hüququnun məhdudlaşdırılması hazırki vaxtadək üzərindən götürülməməsi tamamilə əsassızdır. İPM-45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış məhkəmənin 02.02.2022-ci il tarixli 2-1(112)-3611/22 saylı qərardadı ilə "xxxx" MMC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilmişdir. Üçüncü şəxs "xxxx" MMC tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Cavabdeh inzibati orqan 06.12.2021-ci il tarixli **********265400 saylı vəsatət təqdim edərək göstərmişdir ki, Bakı şəhəri LGBİ maraqlı şəxs İddiaçı qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN **********) 384.747,14 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün İddiaçı barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09.09.2020-ci il tarixli e-2-2(113)- 2249/2020 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, "xxxx" MMC-nin (VÖEN **********) vergi borcu tam ödənilənədək İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər, iddiaçı tərəfindən 2-2(113)-2249/2020 saylı iş üzrə Bakı Kommersiya Məhkəməsinin 09.09.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Bakı şəhəri LGBİ aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçı Bakı şəhəri LGBİ-yə qarşı Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 09.09.2020-ci il tarixli e-2- 2(113)- 2249/2020 saylı qətnaməsi üzrə qət edilmiş “ölkədən getmək hüququnun məhdudlaşdırılmasının ləğv olunması öhdəliyinin qoyulmasına dair” qərar qəbul edilməsi barədə iddiası inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia növlərinə aid edilmədiyindən, cavabdehin həmin iddiaya cavab verməli olmadığından iddia mümkün sayılmamalıdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri LGBİ-nin nümayəndəsi X7 məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək, mübahisənin məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus Xətai rayon Polis İdarəsi tərəfindən 23.01.2019-cu il tarixdə verilmiş AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1957-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda doğulmuş İddiaçı Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı ünvanlanmış müraciətlərə baxılması haqqında məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Bununla əlaqədar, sabiq rəhbəri olduğu "xxxx" MMC-nin (VÖEN: **********) 19.08.2020-ci il tarixə dövlət büdcəsinə yaranmış ümumilikdə 384.747,14 manat məbləğində vergi borcu ilə bağlı vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə 19.08.2020-ci il tarixli ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 09.09.2020-ci il tarixli e-2-2(113)-2249/2020 nömrəli qətnaməsi ilə vergi orqanının ərizəsi təmin edilərək ölkdən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Kommersiya Məhkəməsinin 09.09.2020-ci il tarixli e-2-2(113)-2249/2020 nömrəli qətnaməsinin çıxarılmasına əsas olmuş borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Dövlət büdcəsinə olan sözügedən qətnamə üzrə borc məbləği tam şəkildə ödənildikdən sonra vergi orqanı tərəfindən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə dərhal qərar qəbul ediləcəkdir. 18.01.2021-ci il tarixə MMC-nin dövlət büdcəsinə168.106,25 manat faiz borcu və 100 manat vergi borcu mövcuddur. Bakı Komersiya Məhkəməsinin 09.09.2020-ci il tarixli e-2-2(113)-2249/2020 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri LGBİ maraqlı şəxs İddiaçı qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN **********) 384.747,14 manat məbəğləğində vergi borcunun ödənilməsini təmin etmək üçün İddiaçı barəsində ölkədən getmək hüququnun müəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Komersiya Məhkəməsinin 09.09.2020-ci il tarixli e-2-2(113)-2249/2020 saylı qətnaməsi ilə Bakı şəhəri LGBİ-nin ərizəsinin təmin edilməsi, İddiaçı barəsində (Doğulduğu tarix-xx xxxxx 1957-ci il, Doğulduğu yer- Azərbaycan, Naxçıvan MR, Şərr, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ, "xxxx" MMC-nin (VÖEN: **********) 384.747,14 manat məbləğində (o cümlədən, vergilər üzrə 250519,13 manat, faizlər üzrə 134228,01 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcu tam ödənilənədək məhdudlaşdırılması qət edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 11.01.2021-ci il tarixli **********547900 saylı çıxarışdan müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN: **********) qanuni təmsilçisi X5r. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən müəyyən olunur ki, X6 13.01.2021-ci il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsini icra edir. Bakı Kommersiya Məhkəməsinin 22.07.2021-ci il tarixli e-2-2(113)3666/2021 saylı Qətnaməsinin surətindən müəyən olunur ki, Bakı şəhəri LGBİ ərizə ilə məhkəməyə müraciət edərək, fiziki şəxs tərəfindən dövlət büdcəsinə ümumilikdə 208729,26 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün X6 barəsində ölkədən getmək hüquqnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22.07.2021-ci il tarixli e-2-2(113)3666/2021 saylı Qətnaməsi ilə ərizə təmin olunaraq, 10.05.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan X1 (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-4ZRSXP, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA0636971) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Hazırkı tələblə bağlı iddiaçının ərizəsinə Bakı şəhəri LGBİ tərəfindən verilmiş 24.12.2021-ci il tarixli müraciətə baxılması barədə cavab məktubunda qeyd olunmuşdur ki, borc barədə müraciətə Bakı şəhəri LGBİ-də baxılmışdır. Şəxsi hesab vərəqəsinə əsasən vergi ödəyicisinin 28.12.2021-ci il tarixə ödənişləri nəzərə alınmaqla əsas vergi üzrə 0,00 manat, maliyyə sanksiyası üzrə 100,00 manat, əsas vergi borcuna hesablanmış faizlər üzrə 168106,25 manat olmaqla, ümumilkdə vergilər üzrə 168206,25 manat ödənilməmiş verg borcu vardır. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır; 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstiutsiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Həmin Məcəllənin 9.3.6-cı maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ yalnız vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək müvəqqəti məhdudlaşdırıla bilər. "İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafıəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Vintervert Niderlanda qarşı” işində göstərmişdir ki, Konvensiyanın “qanunla müəyyən edilmiş qaydada (şərtlərlə)” (o cümlədən "qanunla nəzərdə tutulmuş") ifadəsi bir başa daxili hüquqa yönəldən normadır. Onun mənasına görə şəxsin hər hansı hüquqdan məhrum edilməsi yalnız dövlət daxili qanunlarla əsaslanmalı və bu qanunlar Konvensiyaya zidd olmamalıdırlar. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.15-3-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması üçün vergi ödəyicisinin dövlət büdcəsinə borcu olmalıdır, həmin borcun ödənilmə müddəti keçməlidir, hüquqi şəxsə münasibətdə ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulacaq şəxs həmin hüquqi şəxsin icra orqanının rəhbəri olmalıdır. Vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas kimi nə yaranmış borcun hansı qanuni təmsilçinin dövründə yaranması, nə də ki, icra orqanının rəhbərinin həmçinin hüquqi şəxsin təsisçisi olması halı müəyyən edilməmişdir. Mülki Məcəllənin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Yəni hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün təsisçi olaraq məsuliyyət daşımadığı üçün iddiaçının hüquqi şəxsin qanuni təmsilçiliyindən çıxması mövcud qanunvericiliyə əsasən cavabdeh tərəfindən onun ölkədən çıxmaq hüququnun məhdudlaşdırılmasına əsas olmuş halın aradan qalxdığına dəlalət edir ki, belə halda cavabdeh Vergi Məcəlləsinə əsasən bu məhdudlaşdırmanı götürməyə borcludur. Vergi Məcəlləsinin yuxarıda istinad edilən 23.1.15-3-cü maddəsinin məzmunundan göründüyü kimi, qanunverici həmin normada təsbit olunan məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə və ya hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiqini nəzərdə tutur. Belə ki, iddiaçı barəsində məhdudiyyətin tətbiqi istinad edilən normanın digər dispozisiya şərtləri ilə yanaşı, iddiaçının vergi öhdəliyi olan hüquqi şəxsin icra orqanının rəhbəri olması şərtindən irəli gəlmişdir. İş materiallarından göründüyü kimi, həmin şərt sonradan aradan qalxmışdır. Lakin cavabdeh inzibati orqan Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsindən irəli gələn (vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək) vəzifəsini icra etməkdən imtina etmiş, imtinanın əsası kimi, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan halın aradan qalxmadığına - "xxxx" MMC tərəfindən vergi borcunun ödənilmədiyinə əsaslanmışdır. Yuxarıda istinad edilən normanın məzmununa görə, məhdudiyyətin tətbiqi üçün 1) vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu olmalıdır; 2) vergi borcu vaxtında ödənilməməlidir; 3) hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri olmalıdır. Normada nəzərdə tutulan əsaslardan vergi orqanının imtina məktubunda istinad etdiyi şərt - vergi borcunun olması şərti tam aradan qalxmasa da, məhdudiyyətin tətbiq edilməli olduğu şəxs (hüquqi şəxsin icra orqanının rəhbəri) barədə şərt aradan qalxmışdır. Bundan əlavə "xxxx" MMC-nin qanuni təmsilçisi 11.01.2021-ci il tarixdən dəyişərək X6 olduqdan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, PİLOT HOLDİNG” MMC dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün icra orqanının rəhbəri olan X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmiş, məhkəmənin 22.07.2021-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Yəni vergi orqanı bir müəssisənin vergi borcu üçün həm əvvəlki qanuni təmsilçiyə tətbiq edilən məhdudiyyəti saxlayır, həm də yeni qanuni təmsilçiyə məhdudiyyət qoyulması üçün məhkəməyə müraciət edir və iddiası təmin edilir. "İnzibati İcraat haqqında” qanunun 12-ci maddəsinə əsasən: Hamı qanun və inzibati orqan qarşısında bərabərdir (maddə 12.1.) İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (maddə 12.2) İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. (maddə 12.4.) Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi vəzifəsi Bakı şəhəri LGBİ-yə həvalə olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1957-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda doğulmuş İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3611/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3611/2022
14.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver