Məhkəmə qərarları › İş №2-1(112)-3611/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3611/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3611/2024 15.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ötən dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ötən dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 15 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 04 oktyabr 2006-cı il tarixdən pensiya təyin edilməsini, təminat xərclərinin 68 faiz həcmində hesablanmasının və təminat xərclərinin artım məbləğinin hər il üçün 3% əlavənin hesablanmasının və yaranacaq fərqin 04 oktyabr 2006-cı il tarixdən 04 oktyabr 2019-cu il tarixədək hesablanmasının və birdəfəlik ödənilməsi vəzifəsini cavabdehlərin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 26 il 5 ay 1 gün Azərbaycan Respublikası Daxili İşlər orqanlarında baş serjant vəzifəsində işləmişdir. 24 mart 2022-cı il tarixdən xidmət müddəti 26 il 5 ay 1 gün olmaqla pensiya təyin edilmişdir. Pensiya təyin edilərkən geriyə 3 ili, yəni 24 mart 2019-cu ildən pensiya ödənişi əlavə ödənilmişdir. Əslində ona 04 oktyabr 2006-cı ildən pensiya təyin olunmalı idi. Odur ki, ona ödənilməmiş 12 il 6 ay, yəni 04 oktyabr 2006-cı ildən 04 oktyabr 2019-cu il tarixə qədər pensiyasının ödənilməsini, təminat xərclərinin 68 faiz həcmində hesablanmasını və təminat xərclərinin artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla pensiyasının hesablanması üçün Azəbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinə müraciət etmişdir. Həmin İdarə cavab məktubunda ödənişlərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalı tərəfindən ödənildiyini bildirmişdir. Təyin olunmuş pensiyanın düzgün hesablanması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına 20 iyul 2023-cü il tarixdə müraciət etmişdir. Həmin şöbə 3-17- 1/2-T-176340/23 saylı, 04 avqust 2023-cü il tarixli cavab məktubu ilə pensiyasının müəyyən vaxtlarda hesablanmasını göstərsə də, hesab edir ki, onun iş fəaliyyəti ilə bağlı pensiyası düzgün hesablanmayıb. Hesab edir ki, sosial təminat hüququ pozulur. Əslində onun kifayət qədər sığorta stajı olduğu halda, (26 il 5 ay 1 gün) ona 4 oktyabr 2006-cı il tarixdən pensiya təyin olunmalı idi və pensiyası 01 iyul 2017-ci ilədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1 maddəsinə əsasən hesablanmalı idi. Yəni təminat xərcləri 68 faiz həcmində hesablanmalı və təminat xərclərinin artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla hesablanmalı idi. 01 iyul 2017-ci ilədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1 maddəsinə əsasən hərbi xidmətidən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) təminat xərclərinin 68 faiz həcmində hesablanmalı və təminat xərclərinin artım məbləğinin hər il üçün 3 faizi miqdarında əlavə olunmaqla hesablanmalı idi. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək həqiqi hərbi xidmətdə olmuş, 2002-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmiş, xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilədək və xx.xx.1990-cı ildən xx.xx.2006-cı il tarixədək daxili işlər orqanlarında xidmət etmiş, Yasamal Rayon Polis idarəsinin ƏPB-nin polis nəfəri vəzifəsində xidmət edərkən Yasamal RPl-nin xx.xx.2006-cı il tarixli əmri ilə «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndlərinə əsasən (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) daxili işlər orqanlarından xaric edilmişdir. İddiaçı xaric olunduğu vaxt ona təqvimi hesablama ilə - 19 il, 03 ay, 07 gün, imtiyazlı hesablama ilə - 26 il, 04 ay, 29 gün xidmət müddəti hesablanmışdır. Azərbaycan Respublikasının 07 fevral 2006-cı il tarixli «Əmək pensiyaları haqqında» Qanununun 9.5.1-ci maddəsində hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası alması üçün ən azı 20 təqvim ili tələb olunduğundan iddiaçıya pensiya təyin olunmamışdır. 2021 -ci ilin iyul ayında iddiaçının müraciətinə əsasən ona pensiya təyin olunma məsələsinə yenidən baxılmış və onun xidmət müddəti təqvimi hesablama ilə - 21 il, 04 ay, 01 gün, imtiyazlı hesablama ilə - 26 il, 05 ay, 01 gün olduğu müəyyən edilmişdir. Bununla əlaqədar onun barəsində “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında məlumat vərəqi” tərtib edilərək Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmiş və «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1 -ci maddəsinə əsasən ona son üç il nəzərə alınmaqla pensiya təyin edilmişdir. İddiaçı iddia ərizəsində pensiyasının 04 oktyabr 2006-cı il tarixdən təyin edilməsini, təminat xərclərinin 68 faiz həcmində hesablanmasını və sair tələblər irəli sürmüşdür. Onun pensiya təyin olunması ilə əlaqədar ilk müraciətini 2021 -ci ilin iyul ayında etdiyini nəzərə alaraq «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinə (Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.) əsasən hesab edilir ki, İddiaçı iddiası əsassızdır. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-T-176340/2023 nömrəli “pensiya məbləğinin hesablanması haqqında” məktubunda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 25 fevral 2022-ci il tarixli 45 nömrəli məlumat vərəqəsində iddiaçının xidmət müddətinin 26 il 5 ay 1 gün, ehtiyata buraxılma tarixinin “4 oktyabr 2006-cı il”, vəzifə maaşının 485,00 manat, rütbə maaşının 117,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavənin 150,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavənin 121,25 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının 64,00 manat olmaqla cəmi təminat xərcliyinin 937,75 manat olması qeyd olunmuşdur. İddiaçı 4 oktyabr 2006-cı il tarixdən ehtiyata buraxıldığı üçün əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 20.14.1-ci maddəsinin 2017-ci il 1 iyul tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq təminat xərcliyinin 68 faizi miqdarında müəyyən edilmiş, 1 iyul 2017-ci il tarixdən sonrakı müvafiq artımlar (iddiaçıya münasibətdə 1 mart 2018-ci il və 1 sentyabr 2019-cu il tarixdən) isə 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 62,83 faiz miqdarında hesablanmaqla həmin tarixdən əvvəlki təminat xərcliyinin 68 faizi həcmində müəyyən edilmiş əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürüldüyü qeyd olunmuşdur. İddiaçının əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 62,83 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçının 1 mart 2018-ci il tarixədək olan təminat xərcliyi (722,50 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı təminat xərcliyi (937,75 manat) arasındakı fərq məbləğinin (215,25 manat) 62,83 faizi-135,25 manat 1 mart 2018-ci il tarixədək olan pensiyasının (491,30 manat) üzərinə əlavə olunmaqla 626,55 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Eyni zamanda iddiaçının əmək pensiyası müraciət etdiyi tarixdən (9 mart 2022-ci il) keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq iddiaçının əmək pensiyası üzrə keçmiş üç il müddət müddət üçün hesablanmış 22518,42 manat fərq məbləği xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. Eyni zamanda bildirilir ki, Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası iddiaçıya həmin tarixdən 689,21 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 790,52 manata artırılaraq ödənilir. Əlavə olaraq, “Əmək pensiyaları haqqında” Qanununun 20.14-cü maddəsinə əsasən bu qanunun 20.1.11 -ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir. 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin- 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə- 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin- 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə-3 faizi) miqdarında əlavə olunmaqla. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyasının təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; -20 ildən artıq xidmət müddətinin (3 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (3x2) təminat xərcliyinin 6 faizi; -natamam ildəki iş stajı aylarının sayına (10 ay) mütənasib olaraq təminat xərcliyinin 1,66 faizi. Sözügedən Fərman Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli 1903 nömrəli Fərmanı ilə ləğv edilmiş və bu fərman 2023-cü il 1 yanvardan qüvvəyə minmişdir. Yəni, “Əmək pensiyaları haqqında” qanununun 20.1.11-ci maddəsində nəzərdə tutulan şəxslərə 20.14.1-ci maddədə qeyd olunan əlavələr həmin şəxslərə pensiya təyinatı aparılarkən nəzərə alınaraq hesablanır. Həmçinin, 20.1.11-ci maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyasına sonrakı artımların əlavə olunmaqla yenidən hesablanması qaydası nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli 1903 nömrəli Fərmanı ilə ləğv edilmişdir. Əlavə olaraq. 2023-cü il 1 yanvar tarixədək bu qanunun 20.14.1-ci maddəsində qeyd olunan şərtlərlə pensiya təyin olunan şəxslərə münasibətdə sonrakı artımlar hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən illik nominal əməkhaqqına münasibətdə müəyyən olunan faiz nisbətində onların əmək pensiyasına əlavə olunaraq yenidən hesablanır. Bakı İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli qərardadı ilə, iddia cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə münasibətdə mümkün sayılmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixli qərarla təminat xərcliyinin 68 faizi həcmində əmək pensiyası təyin olunmuş, təminat xərcliyinin artım hissəsinə isə 62,83 faiz tətbiq edilmişdir. Eyni zamanda iddiaçıya əmək pensiyası müraciət etdiyi tarixdən (9 mart 2022) keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İş materiallarından göründüyü kimi, iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin 2017-ci il 1 iyul tarixinədək qüvvədə olan redaksiyasına uyğun təminat xərcliyinin 68%-i miqdarında müəyyən edilmiş, xx.xx.2017-ci il tarixdən sonrakı müvafiq artımlar isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada hesablanmaqla (62,83%) həmin tarixdən əvvəlki təminat xərcliyinin 68% həcmində müəyyən edilmiş əmək pensiyasının üzərinə əlavə edilməklə iddiaçının müvafiq kart hesabına köçürülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli, 142 nömrəli fərmanı ilə təsdiq olunmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” qaydasının 2.5-ci bəndində nəzərdə tutulmuşdu ki, 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütanasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 % miqdarında əlavə olunmaqla hesablanır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının ötən dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ötən dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar