Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3613/2023 09.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “hüquqi şəxsin sədrliyindən azad olunma barədə kooperativ üzvlərinin qərarının dövlət qeydiyyatından keçirilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən iddiaçının "xxxx" MTK-nın sədrliyindən səhhətinin pisləşməsi ilə əlaqədar olaraq azad olunması barədə kooperativ üzvlərinin qərarını dövlət qeydiyyatından keçirilməsi və cavabdeh tərəfindən ona 5.000 (beş min) manat məbləğində maddi və mənəvi zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" MTK 2000-ci ildə fəaliyyətə başlamış və sakinlər mənzillərə köçmüşlər. İddiaçı 10 yanvar 2022-ci il tarixdən bu günə kimi "xxxx" MTK-nın sədr vəzifəsini icra etmişdir. Hal-hazırda ağır şəkər və ürək xəstəliklərdən əziyyət çəkir, səhətinin tədricən pisləşməsi nəticəsində kooperativin sədr vəzifəsinin yerinə yetirə bilmir. 26 sentyabr 2022-ci il tarixində keçirilmiş "xxxx" MTK üzvlərinin 5 saylı iclas protokolu ilə onun "xxxx" MTK-nın sədrliyindən yaş həddi və səhhətinin pisləşməsi ilə əlaqədar olaraq azad olunması barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən X3 "xxxx" MTK-nın sədri vəzifəsinə seçilmişdir. "xxxx" MTK tərəfindən cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə müraciət edilərək, kooperativ üzvlərinin 5 saylı protokolundan çıxarış və Kooperativin qanuni təmsilçilisi kimi X2 dövlət qeydiyyatından keçirilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən "xxxx" MTK-nin ünvanına göndərilmiş 11 oktyabr 2022-ci il tarixli məktubunda qeyd edilir ki: “ərizəyə xx.xx.2022-ci il tarixli kooperativ üzvlərinin 5 saylı protokolundan çıxarış və Kooperativin qanuni təmsilçilik vəzifəsinə təyin edilən sədr X2 şəxsiyyət vəsiqəsi və sair sənədlər əlavə edilmişdir. Bildiririk ki, Ədliyyə Nazirliyi tərəfindən təhvil aldığımız qovluqlar arasında "xxxx" Mənzil- Tikinti Kooperativinin qeydiyyat qovluğu aşkar edilməmişdir.” İddiaçı hesab edir ki, cavabdeh tərəfindən onun "xxxx" MTK-nın sədrliyindən üzvlərinin Qərarını dövlət qeydiyyatından keçirilməsindən imtina edilməsi onun hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. İddiaçı qeyd edir ki, ondan əvvəl "xxxx" MTK-nın sədr vəzifəsini iki nəfər icra etmiş və onların qeydiyyatları ilə bağlı cavabdeh tərəfindən heç bir problem yaranmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu əsasında həyata keçirilir. Qanuna əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə foması Qanunun 12.12-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin sənədlərdən göründüyü kimi İdarəyə təqdim edilmiş müraciət kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” ilə deyil, “Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotuna alınması haqqında ərizə” vasitəsi ilə edilmişdir. Bu isə o deməkdir ki, iddiaçı özü rəhbəri olduğu "xxxx" Mənzil-Tikinti Kooperativinin əslində hüquqi şəxs statusunda olmadığını bilərək müraciətini qeyd edilən ərizə forması ilə aparıb. Hazırkı iş üzrə cavabdeh bildirir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarixli, 17-İQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən -Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər. Həmin Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bütün hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları öz qanuni təmsilçiləri haqqında məlumatları, əvvəllər bu məlumatlar təqdim edilməmişsə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. 1 yanvar 2001-ci il tarixindən etibarən qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən, vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. 34.6-cı maddəsində isə qeyd edilir ki, hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir. "Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının "bir pəncərə" prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılmışdır ki, altı ay müddətində 2008ci il tarixli yanvarın 1-dək dövlət qeydiyyatına alınmış kommersiya qurumlarının dövlət reyestrinin məlumatlarının və qeydiyyat sənədlərinin adını və sayını özündə əks etdirən mündəricat əsasında Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müvafiq aktla təhvil verilməsini təmin etsin. Lakin Ədliyyə Nazirliyi tərəfindən təhvil alınan qovluqlar və Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar arasında “Azərkitab" Mənzil- Tikinti Kooperativinin qeydiyyat qovluğu aşkar edilməmişdir. Odur ki, Kommersiya hüquqi şəxslərin dövlət reyestrində mövcud olmayan hər hansı hüquqi şəxs barədə Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən müvafiq reyestrə dəyişikliklərinin aparılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Hazırkı iddia predmetindən göründüyü kimi iddiaçı cavabdehin üzərinə onun səlahiyyətlərinə aid olmayan vəzifənin qoyulması tələbi ilə inzibati məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələbinə əsasən cavabdeh inzibati orqana dövlət reyestrində mövcud olmayan hüquqi şəxsin məlumatlarını dəyişdirmək səlahiyyəti verilmədiyi üçün reyestr aparan orqan tərəfindən hüquqi şəxsin dövlət reyestrində dəyişiklik edilməsi məsələsi iddianın predmeti ola bilməz. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə əlavə ərizə təqdim edərək iddia tələbinin “iddiaçının "xxxx" MTK-nın sədrliyindən səhhətinin pisləşməsi ilə əlaqədar olaraq azad olunması barədə kooperativ üzvlərinin qərarının dövlət qeydiyyatından keçirilməsi öhdəliyinin cavabdeh Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi” dəyişdirilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli Qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. xx.xx.2023-cü il tarixdə İPM-in 13-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçıya hüquqi yardım məktubu göndərilərək tələbin iddiaçıya münasibətdə dəqiqləşdirilməsi təklif edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı verdiyi izahatında iddia ərizəsini müdafiə etdiyini qeyd edərək əlavə olaraq bildirdi ki, Kooperativin direktorluğundan çıxarılması barədə reyestr məlumatlarında dəyişiklikdən xəbəri var, lakin cavabdeh Kooperativin 26 sentyabr 2022-ci il tarixli qərarına əsasən "xxxx" MTK-nın sədri seçilmiş X2 hüquqi şəxslərin dövlət reyestrində kooperativin qanuni təmsilçilisi kimi dövlət qeydiyyatına almamışdır. Hazırkı vəziyyət isə onun qane etmir. Belə ki, kooperativin möhürü ondadır ona görə də özünü məsuliyyətli və səlahiyyətli hesab edir. Qeyd olunanlara əsasən Kooperativin qərarının icra edilərək Vüqar Qasımovun sədr seçilməsi barədə ümumi yığıncağın qərarının icra olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın mümkünlük məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququ olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - "xxxx" MTK-nın üzvlərinin iclasının xx.xx.2022-ci il tarixli 5 saylı protokolundan çıxarışdan görünür ki, "xxxx" MTK-nın sədri İddiaçı MTK-nın sədrliyindən çıxması, X2 MTK-nın yeni sədr vəzifəsinə seçilməsi gündəlikdəki məsələ olaraq müzakirəyə çıxarılmış, İddiaçı "xxxx" MTK-nın sədrliyindən yaş həddi və səhhətinin pisləşməsi ilə əlaqədar olaraq öz xahişi ilə işdən azad olunması, X2 MTK-nın sədri vəzifəsinə seçilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı adı "xxxx" Mənzil- Tikinti Kooperativinin (VÖEN **********) direktoru kimi uçot baza məlumatlarından çıxarılmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçının məqsədi artıq qanuni təmsilçisi olmadığı hüquqi şəxsin təsis sənədlərində dəyişiklik edilməsi barədə Kooperativin ümumi yığıncağının qərarının icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdır. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının mövcud iddianı irəli sürməyə subyektiv hüququ yoxdur və iddiaçı arzulanan məqsədə nail olmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3). Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (1.5). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3.). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Sadalanan qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Yuxarıda istinad olunan Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni Qərarın 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Mülki Məcəllənin 111.1-ci maddəsinə əsasən, kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən, Kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 111.3.2-ci maddəsinə əsasən, Kooperativin müşahidə şurasını yaratmaq və onun üzvlərinin səlahiyyətlərinə xitam vermək, habelə kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək, bir şərtlə ki, kooperativin nizamnaməsinə görə bu hüquq onun müşahidə şurasına verilmiş olmasın; Həmin Məcəllənin 111.4-cü maddəsinə əsasən, Kooperativin ümumi yığıncağının və ya müşahidə şurasının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri onlar həll edilmək üçün kooperativin icra orqanlarına verə bilməzlər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.8-ci maddəsinə əsasən, hüquqi şəxslərin dövlət reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Göründüyü kimi, Kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətinə xitam vermək Kooperativin ali idarəetmə orqanı olan ümumi yığıncağın müstəsna səlahiyyətinə aid edilmişdir. Kooperativin sədri isə onun icra orqanı sayılır. Hazırkı halda iddiaçı ümumi yığıncağının üzvlərinin qərarı ilə Kooperativin sədri vəzifəsindən azad edilmiş və Kooperativə yeni sədr təyin edilmişdir. Eyni zamanda hüquqi şəxslərin dövlət reyestrində də iddiaçı Kooperativin direktoru kimi uçot baza məlumatlarından çıxarılmışdır. Məhkəmə göstərilənləri əsasən bu qənaətə gəlir ki, iddiaçı Kooperativin rəhbərliyindən azad edildiyindən, araşdırma dövründə isə hüquqi şəxslərin dövlət reyestrindən Kooperativin qanuni təmsilçi kimi uçot baza məlumatlarından çıxarıldığından, indiki halda hüquqi şəxsin təsis sənədlərində dəyişiklik edilməsi barədə qərarın icra edilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyil. İddia Kooperativin müvafiq səlahiyyətli şəxsi, yaxud hüquqi şəxsin öz adından verilməlidir. Ali Məhkəmənin istinad olunan Plenum Qərarının 8.3-cü bəndində göstərilir ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-3613/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3613/2023
09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver