Məhkəmə qərarları › İş №2-1(112)-3615/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3615/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3615/2021 25.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 18 saylı şəhər Poliklinikasının baş həkimi X4 və onun müavini X2 qarşı cinayət təqibinin həyata keçirilməsi ilə bağlı mübahisəyə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 18 saylı şəhər Poliklinikasının baş həkimi X4 və onun müavini X2 qarşı cinayət təqibinin həyata keçirilməsi ilə bağlı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmənin hüquqi yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya 18 yanvar 2021-ci il tarixdə məktub ünvanlanaraq, 18 saylı şəhər Poliklinikasının baş həkimi X6 və baş həkimin müavini X1 cavabdeh kimi seçilərək onlara qarşı iddia qaldırıldığı, həmçinin iddia tələbinin inzibati icraat qaydasında baxılması mümkün olan iddia növünə aid olmadığı, mülki xarakterli olmaqla, cavabdehin qeydiyyatda olduğu yer üzrə rayon məhkəməsinə müraciət edə biləcəyi bildirilsə də, iddiaçı tərəfindən hər hansı münasibət bildirilməmişdir. İddianın mümkünlüyü ilə bağlı məhkəmə iclası 25 may 2021-ci il tarixə təyin edilmiş, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan iddianın mümkünlüyü məsələsini müzakirə etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını, iddia ərizəsini və iş materiallarını araşdırıb, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddianın mümkünlük şərtlərinə cavab verib-verməməsini araşdırmaq məqsədilə məhkəmə iclasında iddia tələblərinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə aidliyi müəyyən edilmədiyindən, bununla da, iddia tələbinin təmin edilməsinə dair iddia tələbi irəli sürülsə də, bu iddia tələbləri ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia tələblərinə uyğun iddia növü olmadığından, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəmə tərəfindən verilmiş təklifi (tövsiyəni) qəbul etmədiyindən iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1. maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən inzibati prosessual qanunvericiliyin tələbinə zidd olaraq inzibati orqan olmayan fiziki şəxs 18 saylı şəhər Poliklinikasının baş həkimi X6 və onun müavini X3 cavabdeh kimi seçilərək onlara qarşı iddia qaldırılmışdır. Həmçinin iddia tələbi xarakter etibarilə inzibati mübahisəni (publik hüquq sahəsini) təşkil edən mübahisə ilə bağlı deyil. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır. Bununla bağlı ilk öncə məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbinin yönəldiyi cavabdehlər 18 saylı şəhər Poliklinikasının baş həkimi X6 və onun müavini X3 inzibati məhkəmə icraatında cavabdeh qismində çıxış edə biləcək subyekt ola bilmədiklərindən onlara qarşı tələblərlə bağlı mübahisələr də inzibati mübahisə hesab edilə bilməz. Eyni zamanda iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə araşdırması zamanı şifahi izahatından müəyyən olunur ki, idiaçının tələbi cavabdehlərin cinayət prosessual fəaliyyəti ilə bağlıdır və iddiaçı ilə cavabdeh arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisədən söhbət gedə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 212.1-ci maddəsinə görə cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə görə təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunduğu kimi sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Qərarının 15-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. «İnzibati İcraat Haqqında» Azərbaycan Respublikası Qanununun 3.2.1-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Beləliklə, bu qəbildən olan iddialara məhz cinayət mühakimə icraatı qaydasında baxılacağı müəyyən olunmuşdur. İPM-nin 2.1-ci maddəsinə görə isə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.” Beləliklə məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddiaçı tərəfindən inzibati prosessual qanunvericiliyin tələbinə müvafiq olmayan fiziki şəxs 18 saylı şəhər Poliklinikasının baş həkimi X6 və onun müavini X2 yönəldiyindən, o cümlədən mübahisənin kökündə cinayət prosessual fəaliyyətlə bağlı mübahisə durduğundan iddia mümkünlük şərtlərinə cavab vermir. Belə olan halda məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh 18 saylı şəhər Poliklinikasının baş həkimi X4 və onun müavini X2 qarşı cinayət təqibinin həyata keçirilməsi ilə bağlı mübahisə üzrə iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar