Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3615/2023 27.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “inzibati aktın qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, o, 10 ildən çox xidmət etdiyindən, onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində əsasən öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmaq hüququ yaranır. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə yuxarı komandalıq qarşısında vəsatət qaldırılması ilə bağlı xidməti vəzifə tutduğu komandirinə raport ilə müraciət etsə də, onun müraciəti üzrə hər hansı tədbir görülməmişdir. İddiaçı hesab edir ki, bu hal onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh iddiaya yazılı münasibət təqdim edərək qeyd etmişdir ki, iddiaçı polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin tərkibində 20 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət edir və buna görə də kifayət qədər təcrübəli zabitdir. Eyni zamanda polkovnik-leytenant İddiaçı peşəkar və təcrübəli zabit olduğunu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində ixtisasına uyğun hazırlanmış savadlı kadr olduğunu nəzərə alaraq, onun barəsində ehtiyata buraxılmağa dair qərar qəbul edilməmişdir. Bundan başqa, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə görə dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi kiçik zabitlər (o cümlədən mayor, polkovnikleytenant hərbi rütbəsində olanlar) üçün 48 yaş həddi müəyyən edilmişdir. Göründüyü kimi həqiqi hərbi xidməti davam etdirməsini istisna edən əsaslar olmadığı hald, mayor hərbi rütbəsində olan hərbi qulluqçular 48 yaşa həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatana kimi hərbi xidmətdə qala bilərlər. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunun: 41.0.9-cu maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçulardan yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun:
18. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. 22-ci maddəsinin 2-ci bəndində əsasən müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 156-cı maddəsinin «j» bəndinə əsasən yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi: Bənd 6. Hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. Normativ hüquqi aktın tələblərinin şərhinə keçməzdən əvvəl, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə söhbət xüsusi kateqoriya şəxs olan hərbi qulluqçudan gedir. Onların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olmalı olduğu hərbi intizam onların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Normaların məzmununa gəldikdə isə nəzərə alınmalıdır ki, azı 10 il xidmət etmiş zabit öz arzusu ilə Silahlı Qüvvələrindən ehtiyata buraxılmasına dair müvafiq müraciəti mövcud olduğu təqdirdə ehtiyata buraxılmalıdır. Yəni, konkret halda 10 ildən çox hərbi xidməti olan polkovnik-leytenant rütbəli iddiaçının öz arzusu ilə ehtiyata buraxılmaq hüququ, cavabdeh orqanın onun bu hüququnu yerinə yetirmək kimi öhdəliyi ilə qarşılanmalıdır. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılması barədə öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsindən ibarətdir. Məhkəmə icraatı zamanı müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan iddiaçının ehtiyata buraxılması barədə N nömrəli hərbi hissənin komandirinə raport ilə müraciət etməsini və onun xidməti dövrünün 10 ildən çox təşkil etməsini təkzib etməmiş, əksinə bu halları qəbul etmiş, iddiaçının ixtisasına uyğun hazırlanmış savadlı kadr olduğunu bildirmişdir. Göründüyü kimi iddiaçının 10 ildən çox xidmət etməsi təkzib olunmaz bir haldır. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələbləri baxımından zabit heyəti vəzifələrində kadr zabitlər öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaları üçün azı 10 ildən çox xidmət illərinə malik olmalıdır. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı polkovnik-leytenant rütbəsinə malik olduğundan, həmçinin onun xidməti dövrü 10 ildən çox təşkil etdiyindən, iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmasını zəruri edən faktiki şərtlər mövcuddur. Bu baxımdan, məhkəmə hesab edir ki, cavabdehin 10 ildən çox xidmət etməsi və polkovnik-leytenant rütbəsini daşıyan peşəkar və təcrübəli zabit olması, cavabdehin gətirdiyi dəlillər (zabit kadrlarının çatışmazlığı) baxımından onun ehtiyata buraxılmasından imtina üçün əsas ola bilməz. Əks təqdirdə, onun qanunla qorunan hüquqları pozulmuş olur. Məhkəmə oxşar mübahisəyə baxılmasının nəticəsi kimi Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2319/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarını əsas gətirir. Belə ki, həmin qərarda apellyasiya instansiya məhkəməsinin formalaşdırdığı mövqeyi o istiqamətdə olmuşdur ki, zabit heyəti vəzifələrində kadr zabitlər 10 ildən çox xidmət illərinə malik olsalar, bu zaman onlar öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını tələb etmək hüququna malikdirlər. İPM-in 73.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci, 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia tələbi təmin edilsin. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndini rəhbər tutaraq İddiaçı ehtiyata buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov