Məhkəmə qərarları › İş №2-1(112)-3616/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3616/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3616/2025 08.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardad ilə iddiaçının ərisəzi əsasında iddia tələbi “iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. xx.xx.1985-ci il tarixdə X3 fəhlə olaraq işə qəbul edilmişdir. xx.xx.1989-cu il tarixədək orada işləmişdir. xx.xx.1989-cu il tarixdən xx.xx.1996-ci il tarixədək "Dirçəliş kəndli fermer təsərrüfatı" işçisi (fəhlə) işləmişdir. xx.xx.2005-ci il tarixdən 1 Saylı ACVS-na mətbəx işçisi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2008-ci il tarixdən həmin müəssisədə Tibb xadiməsi, xx.xx.2015-ci il tarixdən vəzifəsi sanitar qadın adlandırılmışdır. xx.xx.2023-cü il tarixdən Bakı Baş Səhiyyə X4 Şəxs 6№-li Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasına sanitar qadın vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixdən həmin xəstəxananın 2-ci vərəm şöbəsinə köçürmə yolu ilə sanitar qadın qəbul olunmuşdur. Artıq 64 yaşı tamam olduqdan sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədə (zərərli iş) işlədiyi üçün cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş etdiyi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 3-17-1/1-14- 187217/2024 saylı xx.xx.2024-cü il tarixli məktubu ilə ərizəni təmin etməkdən imtina etdi və imtinasını onunla əsaslandırdı ki, onun işə qəbul olunma əmri olsa da işdən çıxma barədə əmrlə bağlı hər hansı məlumatın olmaması əsaslı şübhələr yaratmışdır, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Aşağıdakı əsaslara görə cavabdehin qeyd olunan imtina məktubu qanunsuz və əsassız hesab edilməli, iddia təmin edilməlidir. Belə ki. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş "Dövlət pensiyaları" haqqında SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin i) yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bilirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 1992-ci ildə qəbul edilmiş və 01 yanvar 2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Sadalanan maddi hüquq normalarının tələbindən görünür ki, ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti iş stajına daxil edilməlidir. Həmin dövrdə qüvvədə olan qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə göstəriş olduğu qanunvericiliyinə görə həmin dövr artıq onun əmək stajı hesab edilir.

4. Cavabdeh qurumun iddiaçıya ünvanladığı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyiniz 30 iyul 1981-ci il tarixli ИТ-İ №1674211 nömrəli əmək kitabçanızda xx.xx.1989-cu il tarixində işə daxil olma əmri və tarixi göstərilsə də, işdən çıxma ilə bağlı hər hansı məlumat qeyd olunmayıb. Buna görə də həmin dövrdə işləməyinizə dair əsaslı şübhələr yaranmışdır. Göstərilən səbəbdən də, sizin ümumi iş stajınız 25 ildən az (20 il 11 ay 28 gün (xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 17 il 2 ay)) təşkil edir. Bundan başqa, fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24315,44 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.”

5. Cavabdehin məhkəməyə ünvanladığı iddiaya yazılı etirazında bildirilmişdir ki, İddiaçı 30 iyul 1981-ci il tarixli ИТ-İ №1674211 nömrəli əmək kitabçasında xx.xx.1989-cu il tarixdə işə daxil olma əmri və tarixi göstərilsə də, işdən çıxma ilə bağlı hər hansı məlumat qeyd olunmamışdır. Buna görə də iddiaçının həmin dövrdə işləməyinə dair əsaslı şübhələr yaranmışdır. Göstərilən səbəbdən də, iddiaçının ümumi iş stajı 25 ildən az (20 il 11 ay 28 gün (xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 17 il 2 ay)) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24315,44 manat təşkil edir. Qeyd olunanlara əsasın iddia tələbinni rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

6. Məhkəmənin sorğusuna əsasən Abşeron Rayon Dövlət Arxivi xx.xx.2025-ci il tarixli məktubu ilə bildirmişdir ki, X2 sənədləri saxlanması və mühafizəsi üçün Abşeron Rayon Dövlət Arxivinin arxiv fonduna təhvil verilməmişdir.

7. Məhkəmənin sorğusuna əsasən “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 1 nömrəli Xüsusiləşmiş Vərəm Xəstəxanasının 09 dekabr 2024-cü il tarixli 18-1-1-69/2-194/2024 saylı məktubu ilə bildirilmişdir ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlü əmək fəaliyyətinə Şüvəlan Gülçülük sovxozundan başlamışdır. Əmək kitabçasındakı qeydlərə görə xx.xx.1985-ci ildən xx.xx.1989-cu ilədək həmin sovxozda fəhlə vəzifəsində çalışmışdır. (Əmr №17 xx.xx.1989cu ildən). xx.xx.2005-ci ildən 1 saylı X6 Sanatoriyasına mətbəx işçisi işinə qəbul edilmişdir.(Əmr №73-k. xx.xx.2005-ci ildən). xx.xx.2008-ci ildən tibb xadiməsi keçirilmişdir. (Əmr№38-k,xx.xx.2008-ci ildən). xx.xx.2015-ci ildən tutduğu vəzifənin adı dəyişdirilərək sanitar qadın adlandırılmışdır.(8 nömrəli XVX Əmr №41-k,xx.xx.2015-ci ildən). İddiaçı xx.xx.2023-cü ildən köçürmə yolu ilə 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının 2ci Vərəm Şöbəsinə sanitar qadın vəzifəsinə qəbul olunmuşdur.(Əmr№-40-k xx.xx.2023dən). İddiaçı 1 saylı X6 Sanatoriyasında, 8 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasında və 1 nömrəli Xüsusiləşmiş Vərəm Xəstəxanasında işlədiyi müddət ərzində tam iş günü zərərli əmək şəraitində çalışmış, vərəmin ən təhlükəli növü sayılan MDR (dərmanlara davamlı ) xəstələrlə kontakt halında işləmişdir. Bu peşəyə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhəri 09 yanvar 2004-cü il 2 saylı qərarının 2.2.1 bəndinə əsasən sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə vəzifə maaşına 15% artım tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115ci maddəsinə (əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri ) əsasən 6 gün əlavə məzuniyyət verilir. İddiaçı 1 saylı X6 Sanatoriyasında, 8 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasında və 1 nömrəli Xüsusiləşmiş Vərəm Xəstəxanasında işlədiyi peşə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təstiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin siyahısının 19”a” bəndi ilə (Vərəm və infeksion idarələrin, bölmələrin, kabinetlərin kiçik tibb heyəti) müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. İddiaçı əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı:16 il təşkil edir. Qeyd 1. 1 saylı X6 Sanatoriyasının adı BBSİ-nin 57 nömrəli xx.xx.2014-cü il tarixli əmrinə əsasən 8 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası adlandırılmışdır. Qeyd 2. 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının adı “TƏBİB”PHŞ-nın 1-k/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmrinə əsasən 1 nömrəli Xüsusiləşmiş Vərəm Xəstəxanası adlandırılmışdır.

8. “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 1 nömrəli Xüsusiləşmiş Vərəm Xəstəxanasının xx.xx.2024-cü il tarixli 07 saylı arayışında bildirilmişdir ki, Şəhla Məmmədəli qızı 1 nömrəli Xüsusiləşmiş Vərəm Xəstəxanasında xx.xx.2023-cü il tarixindən sanitar qadın vəzifəsində işləyir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdilər.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi güzəştli şərlətlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

11. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

12. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

13. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

14. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

16. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

17. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

III. Məhkəmənin mövqeyi

18. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).

20. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağı olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.

22. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun, 23 yanvar 2007-ci il tarixdən sonra isə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda bəndlərə uyğun nəzərə alınmalıdır. IV. Qeyd edilənlərin hazırki işə tətbiqi

23. İddiaçı 25 xx.xx.1961-ci il təvəllüdlüdür, əmək fəaliyyətinə 03 may 1985-ci ildə başlamışdır.

24. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının güzəştli iş stajı bağlı mübahisə yoxdur.

25. Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilmişdir. Belə ki, ümumi iş stajının qanunvericiliklə müəyyən olunmuş müddətdən az - 20 il 11 ay 28 gün (xx.xx.1985xx.xx.1989-cu il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 17 il 2 ay)) olduğu əsas gətirilmişdir

26. İddiaçının mübahisələndirilən xx.xx.1989-xx.xx.1996-cı işlədiyi dövrlərə münasibətdə məhkəmə qeyd edir ki: - İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı Azərbaycan SSR MJKX Şüvəlan gülçülük sovxozunda xx.xx.1985-ci il tarixdən 2-ci dərəcəli bitkiçi kimi işə qəbul edilmiş, xx.xx.1989-cu ildə “Şüvəlan” buket kooperativinə köçürülməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1989-cu ildə 2-ci dərəcəli bitkiçi kimi işə qəbul olunmuş, xx.xx.1996-cı ildə “Dirçəliş” kəndli fermer təsərrüfatının işçisi kimi işə qəbul olmuşdur.

27. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında xx.xx.1989-cu il tarixdə işə daxil olma əmri və tarixi göstərilsə də, işdən çıxma ilə bağlı hər hansı məlumat olmaması müəyyən edildiyindən həmin dövrlər onun iş stajına daxil edilməmişdir.

28. Məhkəmə cavabehin həmin dəlililərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın: 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.11-ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. 4.1-ci bəndinə əsasən əmək işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.

30. Məhkəmə əmək kitabçasını nəzərdən keçirərək müəyyən etmişdir ki, əmək kitabçası qüvvədə olan qanunvericiliyə uyğun olaraq işəgötürənin imzası və həmin müəssisənin möhürü ilə təsdiq edilmişdir və qeydlərin aparılmasına əsas olan əmrlərin nömrəsi, tarixi göstərilmişdir. Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən qeyd edilən məlumatların natamam olması iddiaçının əleyhinə təsvir edilə bilməz. Onun işdən çıxmağı ilə bağlı məlumat göstərilməsə də, vətəndaşın məsuliyyət dairəsinə düşmədiyindən həmin hal iddiaçının xeyrinə dəyişməyən haldır. Onun işlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmışdır. Odur ki, iddiaçının qeyd edilən dövrlərdə işləməsinə dair əsaslı şübhələr aşkar olunmadı.

31. Eyni zamanda xüsusilə qeyd olunmalıdır ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

32. Nəticə etibarı ilə iddiaçının, xx.xx.1989-cu il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi müddət nəzərə alındığı təqdirdə, ən azı 25 il ümumi stajı mövcuddur.

33. İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür və xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir.

34. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

35. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir (Həmin Qanun xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir).

36. Qanunun 7-ci maddəsində isə qeyd olunur ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

37. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.

38. İddiaçının azı 25 il iş stajına malik olduğu sübut olunduğundan cavabdeh fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən imtina etməklə haqlı olmamışdır.

39. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

40. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

41. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

42. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar