Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-362/2023 06.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (üçüncü şəxs "xxxx" MMC) qarşı “sərəncamın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 34 nömrəli sərəncamının ləğv edilməsini tələb etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov Rayonu, S.Vurğun küçəsi 142 saylı ev mülkiyyət hüququ ilə ona məxsusdur. Xüsusi mülkiyyət hüququ ilə ona məxsus 142 saylı (183.30 kv.m-lik) fərdi yaşayış evinin yerləşdiyi 0,0530 ha torpaq sahəsi də xüsusi mülkiyyətindədir. Buna dair DƏDRX-nin ********** qeydiyyat nömrəli müvafiq çıxarışı da var. Özünü icra hakimiyyətinin rəsmi şəxsi olduğunu və onun mülkiyyətində olan evinin plana düşdüyünü və "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən həmin ərazidə hündürmərtəbəli binanın tikiləcəyini bildirdi və əlavə etdi ki, dövlət qurumu kimi əhalinin köçürülməsi, yerləşdirilməsi və.s kimi məsələdə onlara kömək edir. Aradan bir necə gün keçdikdən sonra özünü "xxxx" MMC-nin səlahiyyətli şəxsi kimi təqdim edən şəxs zəng edərək onu Bakı şəhəri, Nərimanov rayonu, Ağaoğlu küçəsində yerləşən adı çəkilən MMCnin ofisinə dəvət etdi. Ofisdə ona bildirdilər ki, mülkiyyət hüququ ilə ona məxsus əmlak onların layihələrində plana düşüb və bunun qarşılığında, yəni fərdi yaşayış evinin qarşılığında ona mənzil verəcəklər və bu verəcəkləri mənzil fərdi yaşayış evinin sahəsindən 10% artıq olacaqdır. Daha sonra bu 10%-in ən yaxşı halda 15%- dək artıla biləcəklərini dedilər. Sonra mənə müvafiq layihə də göstərərək ən qısa zamanda tikinti işinə başlayacaqlarını bildirdilər. Bundan az müddət sonra Bakı şəhəri, Nərimanov Rayonu, S.Vurğun küçəsi 142 saylı evdə yaşayan qohumları ona zəng edərək evi uçurtmağa gəldiklərini bildirdilər. Mən dərhal həmin evimə getdikdə gördüm ki, "xxxx" MMC mənə məxsus fərdi yaşayış evi qanunsuz olaraq hasara alınır. Evimə məxsus bir sıra kommunal xətlər kəsilib və.s. Həmin ərazidə mənim və qonşumun evindən başqa evlər sökülmüş (uçurulmuş) və hündürmərtəbəli yaşayış binasının tikintisinə hazırlıq işlərinə başlamışdır. Baş vermiş qanunsuz hərəkətlərin qarşısının alınması məqsədilə bir çox qrumlara müraciət edib. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura və Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin (xx.xx.2021-ci il tarixli) aşağıdakı məzmunda cavab məktubu (cavab məktubu 01 iyul 2021-ci il tarixdə təqdim edilmişdir) alıb. Həmin cavab məktubunda bildirilir ki, "Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 614 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında yeni yaşayış binasının tikintisi üçün "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ayrılmış 0,8634 ha torpaq sahəsinin 0,40 ha hissəsi eyni məqsədlər üçün "Gold Residence " Məhdud Məhsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsini istəmiş, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 155 nömrəli sərəncamı ilə torpaq sahəsinin bir hissəsi "Gold Residence ” Məhdud Məhsuliyyətli Cəmiyyətinin adına keçmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020- ci il tarixli 34 nömrəli Sərəncamı ilə xüsusi mülkiyyət hüququ ilə mənə məxsus torpaq sahəsini Cəmiyyətin icarəsində olan həmin torpaq sahəsi kimi bir ədəd onbeşnıərtəbəliyaşayış binası və bir ədəd binnərtəbəli qeyri-yaşayış binasının şəhərsalma əsaslandırılması təsdiq edilmişdir”. Dövlət Şəhərsalma Arxitektura və Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubu ilə mənə məlum oldu ki, Bakı şəhəri, Nərimanov Rayonu, S.Vurğun küçəsi 142 saylı fərdi yaşayış evinin yerləşdiyi, xüsusi mülkiyyət hüququ ilə mənə məxsus olan 0,0530 ha torpaq sahəsi "xxxx" MMC-yə daha sonra isə xx.xx.2020-ci il tarixli 155 nömrəli sərəncamı ilə 0,8634 ha torpaq sahəsinin bir hissəsi olan 0,40 ha torpaq sahəsini "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin adına keçirilmişdir. Bu məqamda qeyd edim ki, Bakı Şəhr İcra Hakimiyyətinin yuxarıda qeyd edilən Sərəncamları əsassız və qanunsuzdur və tərəfimizdən ayrıca mübahisələndirilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə xx.xx.2020- ci il tarixli 34 nömrəli Sərəncamı bir ədəd onbeşmərtəbəli yaşayış binası və (onun xüsusi mülkiyyətində olan torpaq sahəsində hündürmərtəbəli binanın yanında) bir ədəd birmərtəbəli qeyri-yaşayış binasının şəhərsalma əsaslandırılmasının təsdiq etməklə qanunsuz Sərəncam qəbul etmişdir. Mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsinin mülkiyyət hüququ pozmaqla (ilk əvvəl BŞİH tərəfindən daha sonra) Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Sərəncamların verilməsi qanunsuzdur.
3. İddiaçı eyni zamanda Bakı şəhər İcra Hakimiyyətinə qarşı sərəncamların ləğv edilməsi tələbinə (üçüncü şəxs "xxxx" MMC) dair iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət etmişdir (iş№2-1(112)- 8871/2021; Sədrlik edən Səlma Salahova). Məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə icraatı İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamların ləğv edilməsi” tələbinə dair 2-1(112)-8871/2021 nöməli inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənək dayandırılmışdır.
4. İddiaçının vəsatəti əsasında 2-1(112)-361/2023 (işin əvvəlki nömrəsi 2-1(112)-8871/2021) saylı iş üzrə ərizə hazırlıq iclasından qaytarılmışdır. Bunun əsasında məhkəmənin 2- 1(112)-361/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə icraat təzələnmişdir.
4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında məhkəmənin vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər iştirak etmir və iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
II. İddianın geri götürülmüş sayılması
5. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
6. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
7. İddiaçı məhkəmənin 06 iyun 2023-cü il tarixli iclası barədə xx.xx.2023-cü il tarixli bildirişlə məlumatlandırılmış və məhkəmə icraatından yayınmanın hüquqi nəticələri ona göndərilən bildirişdə aydın ifadə edilmiş, qeyd edilən bildiriş iddiaçıya lazımi qaydada çatdırılmışdır.
8. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
9. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
10. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
11. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
12. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
13. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
14. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
15. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva