Məhkəmə qərarları › İş №2-1(112)-3620/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3620/2023

13.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3620/2023 13.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüququn iddiaçının mərhum atasına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçının mərhum atası X5 Bakı şəhəri XDS İK-nın 30 yanvar 1991-ci il tarixli 1/16 saylı qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 612 saylı, sahəsi 0,12 ha bağ sahəsi ayrılmışdır. Həmin sahə ilə bağlı iddiaçının mərhum atasının adına order verilmişdir. İddiaçının atası vəfat etmişdir. Atasının vəfatından sonra iddiaçı notariat orqanına müraciət etmişdir. Abşeron rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu (Günay Mənsimova) tərəfindən həmin torpaq sahəsi üzərində mərhum Xanlar Baxşiyevin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestirnə qeydə alınması barədə məktub verilmişdir. Həmin məktub və digər hüquqmüəyyənedici sənədlərlə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Cavabdeh isə müraciətin təmin edilməsindən imtina etmiş, imtina üçün aşağıdakı əsasları göstərmişdir: 1) Elektron kadastr məlumatına əsasən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən torpaq sahəsi qonşu sahələrin nömrələrinin ardıcıllığına və sxematik xəritəyə əsasən 611 saylı torpaq sahəsinin yerinə uyğundur. Bundan sonra iddiaçı Hüquq və Torpaq Məsələləri və Ekspertiza Mərkəzi MMC-yə müraciət edərək atası mərhum X6 7 nömrəli orderə əsasən məxsus olan Ləhiş baş massivində 213 nömrəli kooperativin ərzasinində yerləşən, 612 saylı, 012 ha torpaq sahəsinin yerinin dəqiq müəyyən edilərək ona mütəxəssis rəyi və sxem verilməsini xahiş etmişdir. Hüquq və Torpaq Məsələləri və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş mütəxəssis rəyinə görə X1 mərhum atası X6 7 nömrəli orderə əsasən məxsus olmuş, Ləhiş bağ massivində 213 nömrəli kooperativin ərazisində yerləşən, 612 saylı 0,12 ha bağ sahəsinin yeri naturaya uyğundur, koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilir. Koordinatları göstərən sxem rəyə əlavə edilmişdir. Bundan sonra iddiaçı həmin rəy və sxemlə əvvəlki müraciətə verilmiş imtina səbəbinin araşdırılması barədə müraciət etmiş, müraciətə cavab olaraq ona bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Lakin cavabdeh orqan uyğunsuzluğun nədən ibarət olmasını qeyd etməmişdir. Torpaq sahəsi üzərində mərhum Xanlar Baxşıyevin mülkiyyət hüququnu müəyyən edən (order, qərar) və torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən (rəy, rəyə əlavə edilmiş koordinatlar göstərilən sxem, bağ sahəsinin nömrəsi) kifayət qədər sənəd təqdim edilməsinə baxmayaraq cavabdeh idarə əsassız olaraq müraciətimizi təmin etməkdən imtina etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 2-ci maddəsinə, İPM-in 2, 8, 34, 35, 68, 73-cü maddələrinə, Mülki Məcəllənin 139-cu maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2, 8, 11, 12, 15, 23-cü maddələrinə əsaslanaraq, X4 7 nömrəli orderə əsasən məxsus olmuş, Ləhiş bağ massivində 213 nömrəli kooperativin ərazisində yerləşən, 612 saylı 0,12 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə uyğun plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən torpaq sahəsi qonşu sahələrin nömrələrinin ardıcılığına və sxematik xəritəyə əsasən 611 saylı torpaq sahəsinin yerinə uyğundur. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********61 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Əlavə olaraq bildirilir ki, ümumi ərazidə hasarlanma işləri sxematik xəritəyə uyğun aparılmamışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7, 11.1, 22.2, 23-cü maddələrinə, «Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «X6 7 nömrəli orderə əsasən Ləhiş bağ massivində 213 nömrəli kooperativin ərazisində yerləşən 612 saylı 0,12 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin (Keçid müddəaları) dördüncü hissəsinə görə bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.7) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir, 3.1.16-cı və 3.1.20-ci bəndlərinə görə isə, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq qurumun vəzifələrinə daşınmaz əmlaka, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv, kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək də daxildir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən orderləri bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Hazırkı işin hallarına görə Bakı ŞİH X3 və X8 bağlar sahəsindəki 213 saylı BTK tərəfindən verilmiş 07 saylı orderlə iddiaçının atası X4 istifadəsinə Ləhiş bağlar sahəsində 612 saylı bağ sahəsi ayrılmışdır. X9 28 dekabr 1998-ci il tarixdə vəfat etmiş və müvafiq notariat qurumunda açılmış vərəsəlik işində hazırkı İddiaçı onun vərəsəsi kimi müəyyən edilmişdir. İddiaçı bağ sahəsinə hüquqla bağlı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin inzibati orqan məsələnin həllindən 8 iyun 2022-ci il tarixli məktubla imtina etmişdir. İdarə imtinasını onunla əsaslandırmışdır ki, 1) torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, 2) göstərilən torpaq sahəsi qonşu sahələrinin nömrələrinin ardıcıllığına və sxematik xəritəyə əsasən 611 saylı torpaq sahəsinin yerinə uyğundur. İddiaçı hazırda inzibati orqanın imtinasını mübahisələndirir. Məhkəmə inzibati mübahisə üzrə tərəflərin dəlillərinə münasibətdə aşağıdakıları diqqətə çəkir: - Bakı şəhəri, Ləhiş bağlar sahəsind yerləşən 612 salı bağ sahəsinin (213 saylı BTK) hazırkı İddiaçı mərhum atası X4 istifadəsinə verilməsi barədə Bakı Şəhər XDS İK X3 və İstismarı Birliyinin 213 saylı BTK tərəfindən verilmiş 07 saylı order həmin bağ sahəsinin adıçəkilən şəxsin qanuni istifadəsində olmasını təsdiqləyən əqddir. Sözügedən bağ sahəsinə dair həmin order ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə həmin sənəddə göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, mötəbər sübut kimi qiymətləndirilir. Odur ki, hazırkı iddiaçının mərhum atası X9 həmin bağın qanuni istifadəçisi olmuşdur və «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən bağın yerləşdiyi torpaq sahəsi onun mülkiyyətinə keçmişdir. - cavabdehin imtinada göstərilən dəlilərlə bağlı qeyd olunmalıdır ki, bağ sahəsinin bağların bölgüsü ilə bağlı sxematik xəritə ilə uyğunsuzluq, yəni bağ sahəsinin başqa bağ sahəsinin ərazisinə uyğun gəlməsi iddiaçının iradəsindən asılı olan hal deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nə və Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3cü bəndinə görə birbaşa inzibati orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətlərindədir. Bu uyğunsuzluğa istinadən cavabdeh inzibati orqan iddiaçının atasına məxsus olmasını iddia etdiyi torpaq sahəsinin sxematik xəritəyə əsasən 611 saylı torpaq sahəsinin yerinə uyğun olduğunu bildirsə də, 611 saylı bağ sahəsinin hər hansı fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməsi ilə bağlı məlumat təqdim etməmişdir. - Digər tərəfdən də nəzərə alınmalıdır ki, “X12 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən İddiaçı mərhum atası X6 07 nömrəli orderə əsasən məxsus olmuş Ləhiş bağ massivində 213 nömrəli kooperativinin ərazisində yerləşən, 612 saylı 0,12 ha torpaq sahəsinin yeri naturaya uyğundur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd qiymətləndirilməməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Bakı şəhəri, Ləhiş bağlar massivi, 213 saylı BTK, 612 saylı bağ sahəsinə mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Ləhiş bağlar massivi, 213 saylı BTK, 612 saylı bağ sahəsinə mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar