Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3622/2024 15.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: X3 cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət edərək, oğlu İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3/36/2-Ş-66xx-xx/2023/6078 saylı məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, 16 yaşı tamam olub Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Qeydiyyatı ünvan 1 ünvanında olduğundan övladı, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Bundan sonra iddiaçı Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.2006-cı il təvəllüdlü İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqəni vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qanuni nümayəndə daha sonra xx.xx.2023-cü il tarixdə məhkəmə dəftərxanası vasitəsi ilə ərizə təqdim edərək, hazırkı iş üzrə iddiaçının əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmiş, xx.xx.2023-cü il tarixli qərardad ilə iş üzrə əsl olmayan iddiaçı Qanuni nümayəndə əsl İddiaçı ilə əvəz edilmişdir. II. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı Bakı şəhərində anadan olmuşdur. Bakı şəhərində yerləşən 85 nömrəli orta məktəbi bitirmişdir. Hal-hazırda Naxçıvan Dövlət Universitetinin 1-ci kurs tələbəsidir. Atası Füzuli rayonunun Xatınbulaq kəndində anadan olmuşdur. 1993-cü ildə Füzuli rayonundan məcburi köçkün düşmüşdür. X5 Vəkil qızı Sumqayıt şəhərində doğulmuşdur və Sumqayıt şəhərində qeydiyyatdadır. İddiaçı məcburi köçkün statusu verən vəsiqəni almaq üçün Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə müraciət edilmişdir. Komitə tərəfindən verilən xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən İddiaçı atasının qeydiyyatı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəs, Atamoğlan Rzayev küçəsi, ev 49 olduğundan oğluna məcburi köçkün statusu verən vəsiqəni vermək mümkün olmamışdır. Halbuki onun məcburi köçkün statusu verən vəsiqəsi var və o, Bakı şəhərində yaşasa da, Füzuli rayonundan məcburi köçkündür. O illərdir ki, ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşmışdır. İddiaçı da Bakı şəhərində dünyaya gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh imtina etdikdən sonra məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - AZE seriyalı 09449484 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Qanuni nümayəndə xx.xx.1974-cü il tarixdə Füzuli şəhərində doğulmuşdur və yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatdadır. - AA seriyalı 355206 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə Füzuli rayonunu 1993-cü ildə tərk etmiş, cavabdeh tərəfindən ona xx.xx.2016-ci il tarixli qərara əsasən məcburi köçkün statusu verilmişdir. - AZ-İ seriyalı 776316 nömrəli, xx.xx.2006-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Qanuni nümayəndə, X5 Vəkil qızıdır. - AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur və yaşayış yeri üzrə ünvan 2 ünvanda qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-2142/2024 nömrəli məktubundan görünür ki: - xx.xx.1974-cü il təvəllüdlü Qanuni nümayəndə oğlu xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Füzuli rayonu, Xatınbulaq kəndində, xx.xx.2001-ci il tarixdən hazıradək ünvan 3 ünvanında; -xx.xx.1982-ci il təvəllüdlü Şirinova Nuriyyə Vəkil qızı xx.xx.2001-ci il tarixdən hazıradək ünvan 3 ünvanında; - xx.xx.2006-cı il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən hazıradək ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin xx.xx.2024cü il tarixli, 3-36-3/2-382/2024 nömrəli məktubundan görünür ki, Qanuni nümayəndə Füzuli rayonundan məcburi köçkündür. Komitənin Regional idarəetmə və status şöbəsinin 2007- 2024-cü illəri əhatə edən elektron məlumat bazasında Şirinova Nuriyyə Vəkil qızına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə qeyd aşkar edilmədi. - Füzuli Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-43/2-116/2024 nömrəli məktubundan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı, xx.xx.1974-cü il təvəllüdlü Qanuni nümayəndə oğlu və xx.xx.1982-ci il təvəllüdlü Şirinova Nuriyyə Vəkil qızı ünvan 2 daimi pasport qeydiyyatında olduqları uçün sorğunuza cavab vermək Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən mümkün deyil. - xx.xx.2001-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, X2 Bakı şəhəri, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləşən sahəsi 29,65 kv.m olan iki otaqdan ibarət 49 saylı yaşayış evini qardaşı Qanuni nümayəndə bağışlamışdır. Beləliklə, işin istinad olunan hallarından müəyyən olunur ki, iddiaçı 2006-cı ildə Bakı şəhərində doğulmuşdur, o və onun valideynləri daimi yaşayış yeri üzrə Bakı şəhərində qeydiyyatdadırlar. İddiaçı hazırda atasının məcburi köçkün statusuna malik olmasını əsas gətirərək, ona da məcburi köçkün statusunun verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Qanunun normasında görünür ki, məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bu da başa düşüləndir. Belə ki, ölkə daxilində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçən şəxs həmin andan artıq hər hansı bir tənzimləməyə ehtiyac duyulmadan birbaşa məcburi köçkün statusu qazanmış olur. Lakin bu hal yalnız hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olan şəxslərə aiddir. Həmin hadisə baş verdikdən sonra doğulmuş şəxslərə münasibətdə bu hal tətbiq edilmir. Belə ki, qanunverici rayonun işğalından sonra doğulmuş şəxslərin də məcburi köçkün sayılmasını nəzərdə tutur, lakin bunun üçün bir sıra əlavə tələb müəyyən etmişdir. Belə ki, Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a əsasən: - Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. - Şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. - Yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və himayəçilərin yaşayış yeri sayılır. - Bənd 1.1. “Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. - Bənd 1.2. Məcburi köçkünlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər. İşdən görünür ki, iddiaçı xx.xx.2006-cı ildə Bakı şəhərində doğulmuş, həmin anda onun valideynlərinin daimi yaşayış yeri işğal olunmuş rayon deyil, ünvan 2 ünvanı olmuş, buna uyğun olaraq iddiaçı da həmin ünvana qeydiyyata alınmışdır. Göründüyü kimi, əgər məcburi köçkün statusunun verilməsi şəxsin daimi yaşayış yerini tərk etməyə məcbur olub, başqa yerə köçməsi ilə əlaqədardırsa, iddiaçıda belə bir hal baş verməmişdir. Belə olan halda hazırkı işin həll edilməsi üçün müəyyən edilməli əsas məsələ daimi yaşayış yerini tərk etməyə məcbur olmayan şəxslərin hansı halda məcburi köçkün hesab edilməsinin müəyyən edilməsidir. Bu hallar “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” ilə tənzimlənir. Həmin Qaydaların 4.1.6-cı bəndindən görünür ki, “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; Həmin Qaydaların 4.2-ci bəndinə görə isə “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. İşin hallarından görünür ki, iddiaçı Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşağıdır, həmçinin onun nə valideynlərinin, nə də özünün daimi yaşayış yeri işğal olmuş (hazırda işğaldan azad olunmuş) rayondur. Belə olan halda aydındır ki, yuxarıda qeyd olunan normalara əsasən iddiaçıya “Məcburi köçkün” statusu verilməsi üçün tələb edilən hallar olmamaqla yanaşı, ona məcburi köçkün statusu verilməsindən imtina üçün əsaslar da mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırkı halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuna zidd olmamaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Buna görə də iddia tələbi təmin edilməməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-3622/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3622/2024
15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver