Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3623/2021 29.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi işə cəlb edilməklə qanunsuz tikilinin sökülməsi tələbi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi işə cəlb edilməklə qanunsuz tikilinin sökülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh qismində Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin saxlanılmasını, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov (7-ci Sverdlov) küçəsində yerləşən 13 saylı mənzilin rəsmi sənədlərinə (texniki pasporta) uyğun olmayan qanunsuz tikiliyə dair – evin qabağında zəbt olunmuş 2 kv.m ərazinin sökülməsi, mənzilin yuxarıda damında tikilmiş artırılmanın sökülməsi, küçə tərəfindən onun otağına 50 sm məsafədə yerləşən dar qapının sökülməsi, mənzilin ümumi girişində olan dəmir seyf qapının sökülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə hazırlıq iclası 29.04.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının işitrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə işin halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Sverdlov döngəsi 13 ünvanında yerləşən 1 mərtəbəli evin ümumi sahəsi 59.0 kv.m, yaşayış sahəsi 40.5 kv.m olan 3 otaqlı mənzilinin sahəsi 10.0 kvm olan bir yaşayış otağının mülkiyyətçisidir. Həmin evin sahəsi 30.5 kv.m olan 2 yaşayış otağı isə X2 mülkiyətindədir. İddiaçı ilə X3 arasında ümumi (rayon) məhkəməsində mübahisəli ünvanda yerləşən evlə bağlı məhkəmə mübahisəsi mövcud olmuşdur. İddiaçının hazırki iddia tələbini qaldırmaqda hüquqi marağı X3 tərəfindən aparılmış konstruktiv dəyişikliklərin (tikilinin) sökülməsinə nail olmaqdır. Bu səbəbdən də, hazırda Bakı şəhəri Cavabdeh1nə qarşı mövcud iddia tələbini qaldırmışdır. Məhkəmə hesab edir ki, X3 tərəfindən aparılmış konstruktiv dəyişiklilərin iddiaçının subyektiv hüquqlarına toxunduğu hissədə iddiaçı həmin konstruktiv dəyişiklilərin X2 öz hesabına aradan qaldırılması ilə bağlı ümumi məhkəmədə mülki məhkəmə icraatında iddia qaldırmalı olduğu halda, qanunvericiliyin normalarına uyğun olmayan iddia qaldıraraq X3 tərəfindən aparılmış (konstruktiv dəyişikliklərin) tikilinin Bakı şəhəri Cavabdeh1 tərəfindən sökülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”-nin 3.11.5-ci bəndinə əsasən tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etmək səlahiyyəti yerli icra hakimiyyəti orqanlarının vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nörməli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 44.1. Yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti (bundan sonra yerli səviyyədə dövlət şəhərsalma nəzarəti) mütəmadi olaraq müvafiq inzibati ərazi vahidinin sərhədləri daxilində həyata keçirilir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir. Həmin Qaydaların 4.3-cü maddəsinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 2 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. Həmin Məcəllənin 95.3-cü maddəsinə əsasən Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən, ŞTM-nin 95.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, yerli icra hakimiyyəti orqanları tərəfindən tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə tikinti işlərinin onlar tərəfindən dayandırılması yazılı qaydada tövsiyə edilir və tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məlumat verilir. Öz növbəsində Fövqəladə Hallar Nazirliyi tikilinin sökülməli olması qənaətinə gəldikdə bu barədə müvafiq qərar qəbul edərək tikilinin sökülməsi barədə məhkəməyə müraciət edir. Hazırda iddia tələblərində həmin ünvanda yerləşən mənzildə, mənzilin digər mülkiyyətçisi tərəfindən aparılmış konstruktiv dəyişikliklərin sökülməsidir ki, iddiaçı həmin konstruktiv dəyişikliklərin sökülməsi ilə bağlı ümumi (rayon) məhkəməsində mənzilin digər mülkiyyətçisinə qarşı mülki məhkəmə icraatında iddia qaldırmalıdır. Hazırki iddiada yuxarıda sadalanan qanunvericiliyin normalarında göstərilən qaydada cavabdeh tərəfindən sökülməli olan tikili olması barədə mötəbər sübutlar olmadığından, yuxarıda sadalanan işin hallarına əsasən məhkəmə qeyd edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olması, yəni hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş verməsi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “Tələbin əsaslandırlması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki halda cavabdehə qarşı iddia əsaslandırılmadığından, bununla da hazırki iddianın mümkünlük şərtləri ödənilmədiyinən iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Odur ki, iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3623/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3623/2021
29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver