Məhkəmə qərarları › İş №2-1(112)-3623/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3623/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3623/2024 27.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi ilə iddiaçı “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2” İctimai Birliyinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın və icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 274 saylı, xx.xx.2020-ci il tarixli sərəncamını və həmin sərəncam əsasında BŞİH ilə "xxxx" MMC arasında bağlanmış 1635 saylı, xx.xx.2021-ci il tarixli “X7” ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15864/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi RİH, X6 və X3 adi cəlb etmə qaydasında, "xxxx" MMC isə zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddiaçıya xx.xx.2024-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq bildirilmişdir ki, iddia tələbi 2 hissədən, iddiaçının hüquqi marağı isə Bakı Şəhər İcra Hakimiyyətini 18 dekabr 2020-ci il tarixli 274 saylı sərəncamın və həmin sərəncam əsasında Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış 19 yanvar 2021-ci il tarixli 1635 saylı “Torpaq icarə müqaviləsi”nin ləğv edilməsinə nail olmaqdan ibarətdir. İddianın mümkünlüyü ilə bağlı ilk növbədə hazırkı iddia üzrə iddiaçının subyektiv hüquqa malik olub-olmaması məsələsinin araşdırılması zəruridir. Belə ki, iddiaçının iş üzrə iddia qaldırmaq üçün subyektiv hüquqa malik olması müəyyən edilmir. Mübahisə predmeti olan sərəncamın təsir dairəsinə düşən əmlakların mülkiyyətçiləri qismində X6 və X3 çıxış etdiyi halda, iddia ərizəsi Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2 İctimai Birliyi tərəfindən verilmişdir. Tələbin “Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış 19 yanvar 2021-ci il tarixli 1635 saylı “Torpaq icarə müqaviləsi”nin ləğv edilməsi” hissəsinə gəldikdə isə qeyd olunmalıdır ki, iddia tələbinə həmin hissədə mülki qaydada baxılmalıdır. Ona görə də iddiaçının diqqətinə çatdırılır ki, müvafiq iddia tələbini müəyyən etməklə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə müqavilənin ləğvini tələb etməklə arzuladığı məqsədə nail ola bilər. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisələndirilən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 274 nömrəli sərəncamından daha əvvəlki tarixdə məlumatlı olmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərə əsasən müəyyən olunur ki, Azərbaycan Vətəndaş Cəmiyyətinin X2 İctimai Birliyinin, X1 və X4 cavabdeh "xxxx" MMC-yə qarşı “təhlükə yaradan fəaliyyətin cavabdehə qadağan edilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdehlər X3 və X5 qarşı “yeni mənzilin verilməsi və sair” tələblərinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində qaldırılmış iddia tələblərinə dair mülki iş üzrə icraatın aparılmasından daha əvvəl məlumatlı olmuş, Azərbaycan Vətəndaş Cəmiyyətinin X2 İctimai Birliyinin nümayəndəsi həmin mülki işlər üzrə aparılmış məhkəmə icraatında, həmçinin məhkəmə iclaslarında iştirak etmişdir. Göründüyü kimi hazırkı iddia tələbində mübahisələndirilən qərarlardan daha əvvəl həm iddiaçı, həm L.Süleymanova, həm də H.Süleymanova məlumatlı olduğu halda qanunla müəyyən edilmiş 30 günlük müddəti keçirməklə iddia ərizəsi verilmişdir. Digər tərəfdən nümayəndə və vəkilə verilmiş etibarnamənin sonradan ləğv edilməsi şəxsin notariat qaydada verilmiş və ya hüquqi şəxsin səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş etibarnamənin etibarsızlığını ehtiva etməməklə yanaşı, şəxsin həmin etibarnamədən və səlahiyyətlərin verilməsindən məlumatsız olmasını istisna edir. Bu səbəblə 3 gün müddətinə iddianın mümkünlüyü ilə bağlı göstərilənlərə münasibət bildirib Məhkəməyə təqdim etmək təklif olunmuşdur. Əks təqdirdə İPM-in 35-ci maddəsinə əsasən məhkəmə tərəfindən mümkünlük məsələsinə hüquqi qiymət verilə biləcəyi qeyd olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili elektron məhkəmə informasiya sistemi üzərindən xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddiadan imtina edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini icraata xitam verilməsi əsası kimi nəzərdə tutmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, iddiadan imtina edilməsi zamanı prosessual qanunvericilik iddiaçıya münasibətdə heç bir məhdudiyyət nəzərdə tutmadığı üçün (İPMnin 55.2-ci maddəsində şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilməsi barədə məhdudiyyət mövcuddur) və iddiadan imtina edilməsi hazırkı halda cavabdehin iradəsindən asılı olmadığına görə, yəni iddiaçı şifahi məhkəmə baxışına qədər imtina etdiyi üçün imtina qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə ərizəni iş materialları ilə birlikdə qanunvericiliyin tələbləri baxımından araşdırıb hesab edir ki, iddiaçı iddiadan imtina etdiyi üçün hazırkı işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2” İctimai Birliyinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın və icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə iddiaçı iddiadan imtina etdiyi üçün iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar