Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3626/2022 29.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdeh və nümayəndəsi, vəkil Nümayəndə (ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı artıq ödənilmiş pensiya məbləğinin qaytarılması tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə artıq ödənilmiş 2489,80 manat pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki ki, Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda mövcud olan pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən 1 yanvar 2006-cı il tarixindən əlilliyə görə (İİİ qrup) əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Cavabdehin müraciətinə əsasən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, 28 avqust 2016-cı il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 762,50 manat, qulluq stajına görə əlavəsi 61,30 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 33,23 manat olmaqla orta aylıq əmək haqqı 857,03 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11,3cü maddəsinə əsasən 11 il 4 ay 4 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (857,03 manat) 60 faizi-514,22 manat məbləğində müəyyən edilmişdir. Lakin 28.08.2016-28.02.2018-ci il tarixləri arasındakı dövr üçün ona hər ay 554,27 manat məbləğində əmək pensiyası hesablanmışdır. Bu səbəbdən də həmin dövr üçün ona 726,07 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında" Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasının 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar cavabdehin 11 il 4 ay 4 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 37,78 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 840,75 manat, qulluq stajına görə əlavəsi 67,59 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 36,64 manat olmaqla orta aylıq əmək haqqı 944,98 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (857,03 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (944,98 manat) arasındakı fərq məbləğinin (87,95 manat) 37,78 faizi-33,23 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (514,22 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 547,45 manat müəyyən edilmişdir. Lakin 01.03.2018-31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 588,70 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində cavabdehə 742,50 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən cavabdehin vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1262,00 manat, qulluq stajına görə əlavəsi 101,48 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 55,08 manat olmaqla orta aylıq əmək haqqı 1418,56 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (944,98 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1418,56 manat) arasındakı fərq məbləğinin (473,58 manat) 37,78 faizi-178,91 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (547,45 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 726,36 manat müəyyən edilmişdir. Lakin 01.09.2019-31.05.2021-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 774,99 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində cavabdehə 1021,23 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən cavabdehə 28.08.2016- 31.05.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 2489,80 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. İddiaçı tərəfinizdən 27.07.2021-ci il tarixli məktubla həmin artıq ödənilmiş 2489,80 manat pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Lakin cavabdeh tərəfindən sözügedən razılıq Mərkəzi Filiala təqdim olunmamışdir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Cavabdeh iddiaya dair yazılı etirazı məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddia əsassız və qanunsuzdur, bu səbəbdən də rədd olunmalıdır. Belə ki, iddiaçı tərəfindən cavabdehin əmək pensiyasının yenidən hesablanması nəticəsində gəldiyi qənaət həqiqəti əks etdirmir. Cavabdeh tərəfinizdən 28 fevral 2019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə, pensiyanın yenidən hesablanmasi ilə əlaqədar müraciət edilmişdir. 08.1982-12.1993-cü ilədək (11 il 4 ay və 4 gün) cavabdehin Azərbaycan Respublikasının Ticarət Nazirliyindən aylıq əmək haqqı va premiyalara dair məlumat barədə arayış istənilmişdir. Tələb olunan arayış Azərbaycan Respublikası Arxiv İdarəsindən alınaraq iddiaçıya təqdim edlmişdir. Dövlət Sosial Müdafiə Fondu Nəsimi rayon şöbəsinin 29.04.2019 tarixli, **********0 saylı cavab məktubunda bildirilmişdir ki, 15.07.2006-ci ildə 62 yaş tamam olduğu üçün ilk dəfə dövlət qulluqçusu kimi, əlillik səbəbilə alınan 490 azn yerinə 554.27 azn məbləğində pensiya təyin edilmişdir. Ancaq nədənsə, onlar bu hesablamanı 15.07.2006 yerinə 28.02.2016 il tarixə qeyd etmişlər. Eyni zamanda, 01.03.2018-ci il tarixində 520 azn yerinə 588.70 azn məbləğində pensiya hesabladılar. Bu hesablamalar va denifıkasiyalar nəticəsində cavabdehin pensiyası 774.99 azn təşkil etmişdir və nəticə etibarı ilə pensiya artımı nəticəsində əvvəlki 3 il üçün olan artım miqdarı sayılan 2500 azn məbləğində kompensasiya verilmişdir. Eyni zamanda, şöbədə cavabdehdən kvalifıkasiya dərəcəsinə görə və əlavə tapşırıqlar nəticəsində alınan əlavə əmək haqqı barədə arayış tələb etdilər. Ticarət Nazirliyində o dövrün sənədləri ləğv edildiyinə görə, həmin ayanş əldə edilə bilinmədi. 07.05.2021-ci il tarixdə iddiaçıya müraciət edərək 2006ci ilin yanvar ayından hal-hazıra kimi olan müddətdə pensiyanın 1982-ci ildən 1993-cü ilədək Ticarət Nazirliyinin aparatında kı iş stajını asas götürərək pensiyanın yenidən hesablanması xahiş edilmişdir. Çünki nazirlikdə vaxtilə birgə işləmiş iş yoldaşlarının pensiyası ilə müqayisədə və Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi əməkdaşının dediklərinə görə pensiyanın qanunda nəzərdə tutulduğundan 300-400 azn əskik hesablandığından əmin olmuşdur. 17.06.2021-ci il tarixdə pensiya alınanda 774.99 azn əvəzinə 726.36 azn verildiyi müəyyən olundu. Pensiyanın azaldılmasına səbəb olmuş yenidən hesablanmanın qeyri-qanuni olduğuna görə pensiyanın yenidən hesablanması xahişinə dair verilmiş ərizəyə iddiaçı tərəfindən verilmiş 25.06.2021-ci il tarixli ********** saylı məktubunda iddiaçının pensiyasına dair yenidən aparılan hesablamaların yarımçıq olduğunu müşahidə etdik, digər tərəfdən də pensiyanın hansı səbəbdən 774.99 azn-dən 726.36 azn-ə endirilməsi göstərilməmiş 28.08.2016-cı il tarixdən 31.05.2021-ci il tarixədək olan dövrdə guya 2489.80 azn artıq ödənilməsi əsaslandırılmamışdır. Məlum olmuşdur ki, Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən cavabdehə ödənilən 554.27azn və 588.70 azn məbləğlər, eyni zamanda növbəti indefikasiyadan sonra ödənilən 774.99 azn məbləğlər düzgün hesablanmamış və düzgün olmayan hesablamalar ilə 514.22 azn və 547.45 azn-ə azaldılmış va son alınan hesablama məbləği 726.36 azn olaraq təyin edilirmiş. Göstərilən və cavabdehin təqsiri olmadan artıq ödənilən məbləğlərin artıq azaldılmış pensiyadan çıxılacağını bildirdilər. 2006-cı ildə əlillik pensiyaçısı statusundan dövlət qulluqçusu pensiyaçısı statusuna keçirildiyini bildirməmişdilər və 350 yerinə onlann hesabına görə 554.27azn. və ya Mərkəzi Filialın hesabına görə 514.22 azn. pensiya verilməli idi. Pensiyanın yenidən hesablanması haqqında maktubda 3 dövr ərzində 28.08.2016-28.02.2018-ci il tarixləri arasında (18 ay) 554.27 azn yerinə 514.22 azn., 01.03.2018-31.08.2019-cu il tarixləri arasında Dövlət Sosial Müdafiə X2 (18 ay) 588.70 azn. yerinə 547.45 azn. və 01.09 2019-31.05.2021 tarixləri arasında (21 ay) 774. 99 azn. yerinə 726.36 azn. ödənməli idi və bu səbəblə bu dövr ərzində artıq ödənilən 726.07azn., 742.50azn. və 1021.23 azn, toplam 2489.80 azn. artıq ödəniş edildiyi bildirilmişdir. Lakin şəxsi araşdırma nəticəsində müəyyən edilmişdir ki, 554.27 azn. məbləğində pensiya heç bir zaman alınmamışdır. 588.70 azn. məbləğ 18 ay yox yalnız 4 ay ödənilib. Bu araşdırma nəticəsində aydın oldu ki, Pensiya fondu 435.96 azn., yəni 399.30 azn. miqdarda az pul ödəmişdir və yalniz 3-cü dövrdə ödənilən 1021 Azn-dən sadəcə 185.97 azn artıq ödənilmişdir. İddiaçıya təqdim edilən 2489.80 azn məbləğindən qalan budur. Beləliklə Dövlət Sosial Müdafiə X1 təqdim etdiyi yenidan hesablamada cavabdehə artıq ödənilən 2489.80 azn. olduğu haqda məlumatda 4 səhv aşkar edilmiş və onlar Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin daha 3 səhv etdiyini bildirirdilər. Bununla yanaşı Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi strukturları tərəfindən edilən ən böyük sahv, ilk pensiya məbləğinin Nəsimi rayon şöbəsi tərəfindən 554.27azn və 514.22azn olaraq hesablanması və ilk dəfə pensiyanın hesablanması tarixinin Dövlət Sosial Müdafiə X2 tərəfindən yanlış olaraq 15.07.2006-cı il əvəzinə 28.08.2016-cı il hesablanmasıdır ki, 15.07.2006-cı il tarixdə cavabdehin 62 yaşı tamam olmuş və əlil pensiyası statusundan (350 azn. pensiya ilə) dövlət qulluqçusu pensiyası statusuna keçmişdir. Bütün bunlara diqqət yetirdikdə görünür ki, cavabdehin pensiyasnın hesablanması zamanı 8 səhvə yol verilmişdir. Buna görə Dövlət Sosial Müdafiə X1 təqdim etdiyi hesablamaların düzgünlüyünə qarşı, xüsusilə də 28 avqust 2016-ci il tarixdən cavabdehin tutduğu vəzifəyə görə 762 50 azn., iş stajına görə əlavə 61.30 azn, premiyalara və vəsaitə görə 33.23 azn, aylıq əmək haqqının düzgün göstərilməsinə inamsızlıq yaranmışdır. Eyni zamanda bu mövzuya 01.03.2018-ci il tarixindəki 840.75 azn., 67.59 azn., 36.64 azn. və 01.09.2019 tarixindən etibarən 1262 azn., 101.48 azn. və. 55.08 azn. olan aylıq əmək haqqının da düzgün göstərilməməsi də aiddir. Yəni burada sadəcə məbləğlərin toplamı göstərilir, pul hesablama araşdırmalarında mütləq bildirilməli olan konkret hesablamalar və izahlar yoxdur. Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin 29.04.2019-cu il tarixli **********0 saylı məktubunda “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi məqsədilə dövlət əmək haqqımn hesablanması qaydaları” haqqında 7 fevral 2005-ci il Azərbaycan Respublikasının Prezidentinin fərmanına uyğun olaraq, cavabdehin dövlət qulluqçusu kimi alacağı ilk pensiya məbləği 28.02.2016-cı il tarixdən 554.27 azn. olaraq və 01.03.2018-ci il tarixdən 588.70 azn. olaraq təyin edilmişdir, (bu barədə tələbimizə 14.06.2019-cu il tarixli **********0 saylı məktub ilə cavab verərək məlumat verilmişdir). 25 iyun 2021-ci il tarixdən dövlət qulluqçusu pensiyası nə səbəbə yenidən hesablanıb 726.36 azn məbləğə qədər azaldıldığı məlum deyil. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda qeyd olunanlara uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdehə 01.06.2006-cı il tarixdə əlilliyə görə pensiyası təyin edilmiş, 28.08.2016-cı il tarixdən dövlət qulluqçusu olaraq pensiya hesablanıb verilməyə başlanmışdır. İddiaçının dəlillərinə istinadən 28 avqust 2016-cı il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 762,50 manat, qulluq stajına görə əlavəsi 61,30 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 33,23 manat olmaqla orta aylıq əmək haqqı 857,03 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11,3cü maddəsinə əsasən 11 il 4 ay 4 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (857,03 manat) 60 faizi-514,22 manat məbləğində müəyyən edilmişdir. Lakin 28.08.2016-28.02.2018-ci il tarixləri arasındakı dövr üçün ona hər ay 554,27 manat məbləğində əmək pensiyası hesablanmışdır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 27 iyul 2021-ci il tarixli, **********7 №li məktubdan görünür ki, iddiaçı 28.08.2016-31.05.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 2489,80 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə cavabdehin əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın filiala təqdim edilməsi bildirilmiş, əks təqdirdə müvafiq tədbirlərin görüləcəyi, Mərkəzi Filial tərəfindən cari ilin iyun ayından etibarən cavabdehin əmək pensiyasının 726,36 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürüldüyü bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə cavabdehin əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Bu səbəbdən də iddiaçı pensiya qanunvericiliyinin tələbinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə inzibati məhkəmə mübahisəsinin əsası artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasının qanuni hesab edilib-edilməməsi ilə bağlıdır ki, məhkəmə hesab edir ki, bu zaman məhkəmə inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olaraq əmək pensiyasının təyin edilməsi barədə inzibati aktın qanuni və qanunsuzluğundan əvvəl həmin inzibati aktın əlverişsiz və ya əlverişli inzibati akt olmasını araşdırmalıdır. Başqa sözlə, hazırkı iş üzrə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə tələb, əmək pensiyasının təyin edilməsi barədə qərarın, o cümlədən inzibati orqanın faktiki xarakterli digər hərəkətlərinin əlverişli və ya əlverişsiz olmasından asılıdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmamalıdır. "İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). "İnzibati İcraat Haqqında” Qanun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, cavabdehə 01.01.2006-cı il tarixdən İİİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, 28.08.2016-cı il tarixdən cavabdehə dövlət qulluqçusu kimi pensiya ödənilməyə başlanılmışdır. Nəticədə cavabdehə ümumilikdə 2489,80 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. 2016-cı ildən artıq ödənilmiş pul vəsaiti cavabdeh tərəfindən xərclənmişdir ki, məbləğin yüksəkliyini nəzərə aldıqda məhkəmə hesab edir ki, cavabdeh onu qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qala bilər ki, bu halda cavabdeh etimadın qanunla qorunması hüququna malikdir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda sadalanan müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılmaması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh tərəfindən rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına dair hər hansı hərəkət edilməmiş və bu halların mövcud olması məhkəmə araşdırması zamanı da müəyyən olunmamışdır. İddiaçının cavabdehdən asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, cavabdehdən ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə əmək pensiyasının təyin edilməsi barədə qərarda, nə də məhkəməyə daxil olmuş müvafiq sənədlərdə iddiaçının güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində cavabdehin təqsirli olması barədə heç bir qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə cavabdeh onun pensiya məbləğinə müdaxilə etməmişdir. Məhkəmə ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən, artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq, geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Beləliklə, əmək pensiyasının təyin edilməsi barədə qərar qanunsuz hesab edilsə belə, həmin qərarın qeyd olunan halda qanunsuz və əlverişli xarakterə malik olması hazırkı iddianın təmin edilməsinə əsas vermir. Belə ki, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyil. İnzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə cavabdehdən pul məbləğinin geri tələb edilməsinin qarşısını alır. Göründüyü kimi inzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə cavabdehin hesabına düzəldilməsi yolverilməzdir. Məhkəmə vurğulayır ki, əmək pensiyasının təyin edilməsi barədə qərar şəxsin ziyanına şərh olunacağı halda belə, yəni əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv olunması, əmək pensiyasının bərpa edilməsi barədə cavabdeh tərəfindən iddia qaldırılmamaması və ya qaldırılmış iddianın uğurlu olmaması halında belə, bu həmin aktın əlverişli inzibati akt hesab edilməsini aradan qaldırmır və hazırkı faktiki hallar nəzərə alınmaqla cavabdehin etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı iddianın təmin edilməsi qanunvericiliyin tələbləri ilə uzlaşmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3626/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3626/2022
29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver