Məhkəmə qərarları › İş №2-1(112)-3627/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3627/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3627/2024 25.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportun verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən qaraja texniki pasportun tərtib edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********79 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, sözügedən qaraj №011630 qeydiyyat vəsiqəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş fərdi yaşayış evinin köməkçi tikilisidir. Belə ki, qaraja dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il tarixli, 011630 nömrəli Qeydiyyat vəsiqəsi verilmiş ünvan 2 ünvanında olan qaraja aid ayrıca texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ona ünvan 3 ünvanına xx.xx.2002-ci il tarixli, 011630 nömrəli Qeydiyyat vəsiqəsi verilərək, ordakı daşınmaz əmlaklara onun xüsusi mülkiyyət hüququ tanınaraq texniki pasport verilmişdir. Həmin daşınmaz əmlaklardan biri də qarajdır. xx.xx.2002-ci il tarixli, 011630 nömrəli Qeydiyyat vəsiqəsində qaraj qeyd olunaraq texniki pasportda qeyd olunmuşdur. Həmin qarajı satmaq istəyir. Lakin notariat ofisindən qarajın özgəniləşkiləşdirilməsi üçün qaraja aid ayrıca texniki pasport istənilir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad etmiş, əlavə olaraq göstərmişdir ki, qeyri-yaşayış binasına (qaraj) dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci və ya 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.8 kv.m olan fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, sözügedən qeyri-yaşayış binası (qaraj) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş fərdi yaşayış evinin köməkçi tikilisidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyasının 8 nömrəli, xx.xx.2001-ci il tarixli protokolun əsasən Ermənistan Respublikasından qaçqın düşmüş İddiaçı yaşadığı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq küçəsi, 16s nömrəli özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsinə razılıq verilmiş, həmin protokol Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 800 nömrəli sərəncamı ilə təsdiq edilmişdir. M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin 08 nömrəli, xx.xx.2002-ci il tarixli arayışından görünür ki, M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq küçəsi, 16S saylı ünvandakı ev Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 800 saylı sərəncamına əsasən şəxsi mülki kimi İddiaçı məxsusdur. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma Bürosu və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən göstərilən ünvandakı ev 215.0 kv.m torpaq sahəsində tikilmişdir. Ev sahəsi 60.0 kv.m olan 5 yaşayış otağından, sahəsi 33.0 kv.m olan köməkçi sahədən, sahəsi 24.0 kv.m olan qarajdan ibarətdir. Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin FM seriyalı, 011630 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq küçəsindəki 5 otaq, 60.0 kv.m yaşayış sahəsi, 68.8 kv.m ümumi sahəsi olan 16s saylı fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ xx.xx.2002-ci il tarixdə qeydə alınmışdır. 16s saylı fərdi yaşayış evinə dair xx.xx.2002-ci il tarixdə tərtib edilmiş 30/233 saylı texniki pasportdan görünür ki, daşınmaz əmlak 81.3 kv.metr sahəsi olan fərdi yaşayış evindən, 7 kv.metr sahəsi olan sanitar qovşaqdan, 1 kv.metr sahəsi olan anbardan, 19.8 kv.metr sahəsi olan emalatxanadan və 26.6 kv.metr sahəsi olan qarajdan ibarətdir. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, Azadlıq küçəsi, 16 S ünvanında yerləşən qaraj sahəsi fərdi yaşayış evinin torpaq sahəsində yerləşir. Tp ölçülərinə əsasən tikilidə fərq mövcuddur və avtotəmir kimi istifadə olunur. İddiaçı hazırda onun mülkiyyətində olan fərdi yaşayış evinə dair 2002-ci il tarixli texniki pasportda göstərilən qaraja dair ayrıca texniki pasportun tərtib edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10.1ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.24-cü yarımbəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları"nın 13-cü bəndinə əsasən daşınmaz əmlak obyektlərinə dair texniki sənədlərin verilməsi fiziki və hüquqi şəxslərin ərizələri əsasında həyata keçirilir (bənd 13.1). Texniki sənədlər, o cümlədən texniki pasport dövlət və ya bələdiyyə orqanlarının sorğusu, daşınmaz əmlak obyektlərinin mülkiyyətçilərinin və ya onların səlahiyyətli nümayəndələrinin isə ərizəsi əsasında verilə bilər (13.2). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydalar”nın 4-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir (bənd 4.1). Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur (bənd 4.2). Beləliklə, istinad olunan normalardan görünür ki, texniki pasport inventarlaşdırma işlərinin aparılması nəticəsində tərtib edilən texniki sənəd olmaqla daşınmaz əmlaka hüquqların qeydiyyatı zamanı təqdim edilən sənədlərdən biridir və texniki pasport fiziki şəxsin ərizəsi əsasında tərtib edilir. İşdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsul-zadə qəsəbəsi, Azadlıq küçəsindəki 16s saylı fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ xx.xx.2002-ci il tarixdə qeydə alınmış və həmin daşınmaz əmalak dair xx.xx.2002-ci il tarixdə 30/233 saylı texniki pasport tərtib edilmişdir, hansı ki, həmin texniki pasportda fərdi yaşayış evinə xidmət edən yardımçı sahə kimi qaraj da öz əksini tapmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri Həmin Məcəllənin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Göründüyü kimi, qanunverici yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələri fərdi yaşayış evinin tərkib hissəsi kimi müəyyən edərək ayrıca daşınmaz əmlak kimi nəzərdə tutmamışdır. İşdən görünür ki, iddiaçının ayrıca texniki pasport verilməsini xahiş etdiyi qaraj onun mülkiyyətində olan fərdi yaşayış evinin yardımçı sahəsi olmaqla onun tərkib hissəsidir. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda həmin qaraja ayrıca texniki pasport verilməsini tələb etməklə, həmin əmlakın ayrıca daşınmaz əmlak kimi qeydə alınmasına nail olmaq istəyir. İşdə olan xx/xx-2018 nömrəli, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən də görünür ki, araşdırılmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi: 1) ünvan 1 ünvanında yerləşən qaraj faktiki olaraq mülkiyyət hüquqları qeydiyyata alınmış fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşmir. 2) Sözü gedən qarajın yan divarları qırmızı kərpic ilə, fərdi yaşayış evi isə ağ mişar daşı ilə inşa edilmişdir. Qaraj fərdi yaşayış evinin həyətyanı sahəsindən kənarda yerləşir və fərdi yaşayış evinin köməkçi sahəsi deyildir. Məhkəmə qeyd edir ki, iddiaçı təyinatına uyğun istifadə etmədiyi həmin qarajı qeyriyaşayış sahəsi kimi ayrımaq üçün hazırkı iddianı qaldırmaqla, mübahisəli qarajın müstəqil daşınmaz əmlak kimi adına qeydə alınmaqla texniki pasport tərtib edilməsini xahiş edirsə, bununla bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində, yaxud Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən birini cavabdehə təqdim etməlidir, hansı ki, hazırkı halda iddiaçı bu sənədlərdən hər hansı birini təqdim etməmişdir. Buna görə də, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar