Məhkəmə qərarları › İş №2-1(112)-3628/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3628/2024

29.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3628/2024 29.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbinə dair iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi; FŞGV 2021 ANALOJİ (B) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair müvafiq qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, FŞGV 2021 ANALOJİ (B) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə 6165.00 manat əlavə vergi məbləğləri hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarla razılaşmır və qərar ləğv olunmalıdır. Cavabdeh vergi orqanı tərəfindən ünvanlanmış FŞGV 2021 ANALOJİ (B) qərarında nəqliyyat vasitələri ilə bağlı müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşma yaranmasına səbəb olmuşdur. Tərəfindən bu barədə vergi orqanına müraciətlər edilməsinə baxmayaraq məhəl qoyulmamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qəbul etmişdir. Həmçini sözügedən qərar rəsmi qaydada təqdim edilməmiş və mövcud olmadığı üçün tərəfindən qərarın nömrəsi barədə məlumat təqdim etmək mümkün olmamışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət etmişdir. Lakin müraciətlər cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır. Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununun 20-ci maddəsinə əsasən inzibati orqana müraciət etmək hüququndan istifadə edərək, hüquq və qanuni maraqlarımıza bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququnun olduğunu bildirmişdir. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borclu idi. Yəni vergi orqanı tərəfindən qeyd olunan hüquqları kobud şəkildə pozulmuşdur. Həmçinin Vergi Məcəlləsinin 15-ci maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq, vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək, vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, vergi yoxlamalarının aktları və digər materialları ilə tanış olmaq, vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergilərin hesablanması və ödənilməsi, habelə keçirilən vergi yoxlamalarının aktları üzrə öz rəyini bildirmək və qanunlarla müəyyən edilmiş digər hüquqlardan istifadə etmək hüququ vardır. Vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasma yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Vergi Məcəlləsinin aşağıdakı maddələrinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergi orqanlarından qeydiyyat (uçot) yeri üzrə qüvvədə olan vergilər və onların ödənilməsi qaydasını və şərtlərini tənzimləyən normativ hüquqi aktlar, vergi ödəyicilərinin hüquq və vəzifələri, vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri haqqında əvəzsiz olaraq yazılı məlumat almaq vergi ödəyicisinin hüququdur. Vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq vergi ödəyicisinin hüququdur. Vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək vergi ödəyicisinin hüququdur. Vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi qaydası bu Məcəllə və digər qanunlarla müəyyən edilir. Vergi ödəyicisinin hüquqları və qanuni maraqları vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının təmin olunmaması və ya lazımınca təmin olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. 37-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72- ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin Qanunun 72.2-ci maddəsinə əsasən inzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2.1 -ci maddəsinə əsasən barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin elektron olaraq verilmiş xx.xx.2023-cü il tarixdə ********** saylı VÖEN-nin, 2020-ci il Gəlir vergisi üzrə xx.xx.2023-cü il tarixli **********009700 saylı, 2021-ci il üzrə xx.xx.2022-ci ildə qərarsız hesablanmış 6165 manat vergi məbləğinin, 2022-ci il Gəlir Vergisi üzrə xx.xx.2023-cü il tarixli **********014900 saylı, 2023-cü il Gəlir Vergisi üzrə xx.xx.2023-cü il tarixli **********019400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların və hesablamalarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin adının hazırkı adı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsi kimi nəzərə alınması qərara alınmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin fiziki şəxs İddiaçı xx.xx.2023-cü il tarixdə ********** saylı VÖEN-in verilməsinin qanunsuz hesab edilməsi və ləğv edilməsi, FŞGV 2021 ANALOJİ (B), 2020-ci il Gəlir vergisi üzrə xx.xx.2023-cü il tarixli **********009700 saylı, 2021-ci il Gəlir vergisi üzrə xx.xx.2022-ci il tarixli **********843500 saylı, 2022-ci il Gəlir Vergisi üzrə xx.xx.2023-cü il tarixli **********014900 saylı, 2023-cü il Gəlir Vergisi üzrə xx.xx.2023-cü il tarixli **********019400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin fiziki şəxs İddiaçı xx.xx.2022-ci il tarixdə ********** saylı VÖEN-nin verilməsinin qanunsuz hesab edilməsi və ləğv edilməsi, 2020-ci il Gəlir vergisi üzrə xx.xx.2023-cü il tarixli **********009700 saylı, 2021-ci il üzrə xx.xx.2022-ci il tarixli **********843500 saylı, 2022-ci il Gəlir Vergisi üzrə xx.xx.2023-cü il tarixli **********014900 saylı, 2023-cü il Gəlir Vergisi üzrə xx.xx.2023-cü il tarixli **********019400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, vergi orqanında mövcud olan uçot-baza məlumatlarına əsasən 2021-ci il ərzində tərtib edilmiş 8 ədəd elektron alış aktı üzrə 123300 manat dəyərində mal və ya xidmət təqdim edildiyi müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən 2021-ci ildə "xxxx" MMC-yə (VÖEN **********) xx.xx.2021-ci il tarixdə EAA serialı 353544 nömrəli alış aktı əsasında Ford Fusion markalı avtonəqliyyat vasitəsinin 17 400,0 manat, xx.xx.2021-ci il tarixdə EAA serialı 366843 nömrəli alış aktı əsasında Kia RİO markalı avtonəqliyyat vasitəsinin 9 000,0 manat, xx.xx.2021-ci il tarixdə EAA serialı 379184 nömrəli alış aktı əsasında Ford Fusion markalı avtonəqliyyat vasitəsinin 14 500,0 manat, xx.xx.2021-ci il tarixdə EAA serialı 407648 nömrəli alış aktı əsasında Ford Fusion markalı avtonəqliyyat vasitəsinin 16 000,0 manat, xx.xx.2021-ci il tarixdə EAA serialı 416394 nömrəli alış aktı əsasında Chevrolet Cruze markalı avtonəqliyyat vasitəsinin 11 900,0 manat, xx.xx.2021-ci il tarixdə EAA serialı 423251 nömrəli alış aktı əsasında Chevrolet Cruze markalı avtonəqliyyat vasitəsinin 14 000,0 manat, xx.xx.2021-ci il tarixdə EAA serialı 447432 nömrəli alış aktı əsasında Ford Fusion markalı avtonəqliyyat vasitəsinin 21 000,0 manat və "xxxx" MMC-yə (VÖEN **********) xx.xx.2021-ci il tarixdə EAA serialı 464452 nömrəli alış aktı əsasında Ford Fusion markalı avtonəqliyyat vasitəsinin 19 500,0 manat məbləğ olmaqla ümumilikdə 8 (səkkiz) sayda, 123 300,0 manat dəyərində avtomobillərin təqdim edilməsi müəyyən edilmişdir. Eyni zamanda "xxxx" MMC və "xxxx" MMC tərəfindən tərtib olunmuş elektron alış aktlarının qüvvədə olduğu, qaydalara uyğun olaraq İnternet Vergi İdarəsindən xx.xx.2023-cü il tarixə olan göstəricilərə əsasən elektron alış aktında hər hansı düzəlişin aparılmadığı müəyyən edilmişdir. Araşdırma zamanı nəqliyyat vasitələri etibarnamə əsasında fərdi sahibkara verildikdən qısa müddət ərzində fərdi sahibkar tərəfindən "xxxx" MMC və "xxxx" MMC-yə təqdim edilməsi ilə nəqliyyat vasitələrinin fərdi sahibkarın sahibliyində olmadığı qənaətinə gəlinmişdir. Araşdırma zərurəti ilə əlaqədar olaraq “Sənədlərin təqdim edilməsi barədə” "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli və "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli məktublar göndərilərək İddiaçı ilə aralarında 2021-ci il ərzində aparılmış əməliyyatlara dair müvafiq təsdiqedici sənədlərin inzibati araşdırmaya təqdim edilməsi tələb edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli nömrəli cavab məktubları ilə inzibati araşdırmaya fərdi sahibkar ilə 2021-ci il ərzində aparılmış qarşılıqlı əməliyyatlara dair təsdiqedici sənədlər (alqı-satqı müqaviləsi, bank ödəniş tapşırığı, nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi, nəqliyyat vasitələrini sərəncama verilməsi barədə etibarnamə, şəxsiyyət vəsiqəsi və s.) təqdim edilmişdir. Təqdim edilmiş təsdiqedici sənədlərə əsasən İddiaçı avtonəqliyyat vasitələrinin satışı öz təstiqini tapmış və qeyd olunan əməliyyatlar sahibkarlıq fəaliyyəti kimi qiymətləndərilmişdir. İddiaçı tərəfindən 2019-2021-ci il tarixləri aralığında ildə 2 ədəd olmaqla 6 ədəd nəqliyyat vasitəsi, o cümlədən 2022-ci və 2023-cü illərdə hər il 1 ədəd olmaqla 2 ədəd nəqliyyat vasitəsinin idxal edildiyi, Daxili İşlər Nazirliyi tərəfindən Dövlət Vergi Xidmətinə təqdim edilmiş məlumatlara əsasən xx.xx.2019-cu ildə idxal edilmiş gömrük dəyəri 21 774,64 manat, invoys dəyəri 13 784,64 manat təşkil edən Ford Fusion markalı (BAN: 3FA6P0K92ER154174) nəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixdə, xx.xx.2019-ci ildə idxal edilmiş gömrük dəyəri 21 498,34 manat, invoys dəyəri 12 148,34 manat təşkil edən Ford Fusion markalı (BAN: 3FA6P0HD7FR286764) nəqliyyat vasitəsinin xx.xx.2019-ci il tarixdə, xx.xx.2020-ci ildə idxal edilmiş gömrük dəyəri 24 833,64 manat, invoys dəyəri 18033,64 manat təşkil edən Ford Fusion markalı (BAN: 3FA6P0K9XHR137773) nəqliyyat vasitəsinin xx.xx.2020-ci il tarixdə 25 000,0 manata, xx.xx.2020-ci ildə idxal edilmiş gömrük dəyəri 21 824,64 manat, invoys dəyəri 14 174,64 manat təşkil edən Ford Fusion markalı (BAN: 3FA6P0K96FR139730) nəqliyyat vasitəsinin xx.xx.2020- ci il tarixdə 20 000,0 manata, xx.xx.2021-ci ildə idxal edilmiş gömrük dəyəri 21 949,54 manat, invoys dəyəri 16 849,54 manat təşkil edən Ford Fusion markalı (BAN: 3FA6P0HD6KR127759) nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixdə 25 000,0 manata, xx.xx.2021-ci ildə idxal edilmiş gömrük dəyəri 17 736,94 manat, invoys dəyəri 11 616,94 manat təşkil edən Ford Fusion markalı (BAN: 3FA6P0HD9GR222114) nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixdə 18 000,0 manata, xx.xx.2022-ci ildə idxal edilmiş gömrük dəyəri 12 861,74 manat, invoys dəyəri 9 376,74 manat təşkil edən Ford Fusion markalı (BAN: 3FA6P0FİD2HR218715) nəqliyyat vasitəsinin xx.xx.2022- ci il tarixdə 25 000,0 manata və xx.xx.2023-ci ildə idxal edilmiş gömrük dəyəri 12 957,07 manat, invoys dəyəri 8 780,17 manat təşkil edən Ford Fusion markalı (BAN: 1FA6P0FİD6E5357132) nəqliyyat vasitəsinin xx.xx.2023-ci il tarixdə təqdim edildiyi müəyyən edilmişdir. Malların təqdim edilməsini həyata keçirməklə vergiyə cəlb olunmalı gəlir əldə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan, lakin vergi orqanlarında uçotda olmayan fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı, təqdim edilən mallara görə digər vergi ödəyicilərinə elektron qaiməfaktura təqdim etməli və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2022-ci il tarixli **********502400 nömrəli “Vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında” bildiriş- xəbərdarlıq göndərilərək, 5 gün ərzində vergi uçotuna alınmaq üçün ərizənin təqdim olunması bildirilsə də iddiaçı tərəfindən uçota alınmaq üçün müvafiq ərizə təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 13.2.37-ci maddəsinə görə sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Həmin Məcəllənin 33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 33.4-cü maddəsinə görə vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. 9 dekabr 2022-ci il tarixli № 677- VİQD Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. Odur ki, fiziki şəxslərin vergi orqanında uçota alınmasının təmin edilməsi məqsədi ilə İddiaçı Vergi Məcəlləsinin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla vergi orqanında uçota alınmış və iddiaçıya xx.xx.2022-ci il tarixli **********714900 nömrəli bildiriş göndərilmişdir. Kameral vergi yoxlaması ilə hesablamalara münasibətdə isə bildirmək istəyirik ki, kameral vergi yoxlaması zamanı yuxarıda qeyd etdiyimiz kimi fərdi sahibkar tərəfindən 2021-ci il ərzində 123300 manat dəyərində elektron alış aktları ilə malların (iş və xidmətlərin) təqdim edilməsinə baxmayaraq, müvafiq dövr üzrə gəlir vergi bəyannaməsinin təqdim edilməməsi vergidənyayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********862000 nömrəli və xx.xx.2023-cü il tarixli **********586000 nömrəli məktublar məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin gəlir vergisi bəyannaməsi üzrə (45000-32208)*20%= 2558,40 manat, 2021-ci il gəlir vergisi bəyannaməsi üzrə 123300*20%=6165 manat, 2022ci ilin gəlir vergisi bəyannaməsi üzrə (25000- 9376)*20%=3124,80 manat və 2023-cü ilin gəlir vergisi bəyannaməsi üzrə (34731- 22564)*20%=2433,40 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablamalarla bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********009700, **********014900, **********019400 və xx.xx.2022-ci il tarixli **********843500 nömrəli "Vergilərin hesablanması barədə" Qərarlar göndərilmişdir. İddiaçı tərəfindən həmçinin, 2021 -ci il gəlir vergisi üzrə xx.xx.2022-ci il tarixli **********843500 nömrəli qərardan inzibati qaydada şikayət verilmiş, vergi orqanı tərəfindən həyata keçirilmiş inzibati icraat nəticəsində “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli **********459300 nömrəli Qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə vergi borcu qanunamüvafiq qaydada hesablanmışdır. Vergi Məcəlləsinin: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X3ni keçirmək, habelə Vergi Məcəlləsinin vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində (vergi öhdəliklərinin yaranmasına səbəb olan) göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 33-cü maddəsinin tələblərinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********843500 saylı xx.xx.2022-ci il tarixli qərara əsasən İddiaçı bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 6165,00 manat vergi (və ya sığorta haqqı) hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********014900 saylı xx.xx.2023-cü il tarixli qərara əsasən İddiaçı bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 3124,80 manat vergi (və ya sığorta haqqı) hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********019400 saylı xx.xx.2023-cü il tarixli qərara əsasən İddiaçı bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2433,40 manat vergi (və ya sığorta haqqı) hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********009700 saylı xx.xx.2023-cü il tarixli qərara əsasən İddiaçı bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2558,40 manat vergi (və ya sığorta haqqı) hesablanmışdır. İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış ML-021 saylı xx.xx.2021-ci il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən sedan tipli qara metallik rəngində 2016-cı il buraxılışlı ban nömrəsi KNADM4A30H6007010 olan Kia Rio model avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmışdır. İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış ML-010 saylı xx.xx.2021-ci il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən sedan tipli tünd boz metallik rəngində 2019-cu il buraxılışlı ban nömrəsi 3FA6P0CD2LR154501 olan Ford Fusion model avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmışdır. İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış ML-053 saylı xx.xx.2021-ci il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən sedan tipli gümüşü metallik rəngində 2013-cü il buraxılışlı ban nömrəsi 3FA6P0K92DR361310 olan Ford Fusion model avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmışdır. İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış ML-032 saylı xx.xx.2021-ci il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən sedan tipli tünd boz metallik rəngində 2018-ci il buraxılışlı ban nömrəsi 2FA6P0HD5JR281099 olan Ford Fusion model avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmışdır. İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış ML-063 saylı xx.xx.2021-ci il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən sedan tipli tünd göy metallik rəngində 2016-cı il buraxılışlı ban nömrəsi 1G1BE5SM4G7244459 olan Chevrolet Cruze model avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmışdır. İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış ML-072 saylı xx.xx.2021-ci il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən sedan tipli ağ mirvari rəngində 2013-cü il buraxılışlı ban nömrəsi 3FA6P0K93ER224068 olan Ford Fusion model avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmışdır. İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış ML-098 saylı xx.xx.2021-ci il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən sedan tipli ağ rəngində 2020-ci il buraxılışlı ban nömrəsi 3FA6P0K9XLR205823 olan Ford Fusion model avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdən məcburi qaydadada vergi orqanında uçota alınmışdır. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********609300 saylı xx.xx.2024-cü il tarixli məktub ilə İddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********586000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub, xx.xx.2023-cü il tarixli **********009700, **********014900 və **********019400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarların təsdiq edilmiş surətləri təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. Mübahisələndirilən aktlar iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. Mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********843500 saylı xx.xx.2022-ci il tarixli qərarın iddiaçıya nə zaman təqdim edildiyi müəyyən edilmir. Mübahisələndirilən digər qərarların xx.xx.2023-cü il tarixli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddəti ötürülməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisi kimi uçota alınması (qeydiyyatına) dair hərəkətləri qanunsuz hesab edilməsi və iddiaçının vergi ödəyicisi kimi uçotunun (qeydiyyatının) ləğv edilməsi hissəsində müəyyən etmə və tanında növündə iddia, qərarların ləğv edilməsi hissəsində mübahisələndirmə növündə iddiadır. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

İddia tələbi iddiaçının xx.xx.2022-ci il tarixdə ********** saylı VÖEN-nin verilməsinin qanunsuz hesab edilməsi və ləğv edilməsi, 2020-ci il Gəlir vergisi üzrə xx.xx.2023-cü il tarixli **********009700 saylı, 2021-ci il üzrə xx.xx.2022- ci il tarixli **********843500 saylı, 2022-ci il Gəlir Vergisi üzrə xx.xx.2023-cü il tarixli **********014900 saylı, 2023-cü il Gəlir Vergisi üzrə xx.xx.2023-cü il tarixli **********019400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədədir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının fərdi sahibkar statusu olmamış, vergi orqanının təşəbbüsü ilə vergi ödəyicisi kimi uçota alınmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 157.5-ci maddəsinə əsasən, ƏDVnin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir Məhkəmə qeyd edir ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisindən fərqli olaraq, vergi orqanının təşəbbüsü ilə sadələşdirilmiş verginin ödəyicisi kimi uçota (qeydiyyata alınma) alınma vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Qeyd edilən məqsədlər üçün qanunvericilik vergi ödəyicisinin ərizəsi əsasında onun uçota alınmasını müəyyən edir. İddiaçının sadələşdirilmiş verginin ödəyicisi kimi uçota alınmaya dair müvafiq ərizəsi mövcud deyildir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir... ...Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Odur ki, sadələşdirilmiş verginin ödəyicisi kimi uçota alınmaya dair vergi orqanının hərəkətlərini əsaslandıran qanuni müddəa yoxdur. Odur ki, həmin hərəkətlər qanunsuz hesab olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Hazırkı işin hallarına uyğun olaraq vergi uçotuna (məcburi) alınma inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni nizama salmaq məqsədilə iddiaçı üçün hüquqi nəticələr yaratması mübahisəsizdir. İnzibati orqan tərəfindən həmin uçot hər hansı qərar qəbul edilmədən faktiki hərəkətlərlə həyata keçirilmişdir. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 02№-li qərardadda ifadə edilən mövqeyə əsasən:

37. İnzibati aktda həlledici olan iradə ifadəsinin mövcudluğudur, çünki hüquqi aktlar mütləq iradə ifadəsini əks etdirirlər. Faktiki xarakterli hərəkətlərdə isə hərəkətin iradi və ya qeyri-iradi törədilməsindən asılı olmayaraq ona hüquqi dəyər verən hərəkətin özüdür.

50. Faktiki xarakterli hərəkətlər hər hansı konkret inzibati aktın icrasını təmin etmək üçün edilə biləcəyi kimi, həm də normativ-hüquqi aktla inzibati orqanın üzərinə qoyulmuş vəzifələrin icrasını təmin etmək üçün də edilə bilər. Normativ-hüquqi aktdan irəli gələn faktiki xarakterli hərəkətlərə münasibətdə isə diqqət edilməli olan məqam ondan ibarətdir ki, bu halda, normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən müddəasının icrasının təmin edilməsi üçün əlavə olaraq inzibati aktın qəbul edilməsi tələb olunur, yoxsa yox? Bu suala cavabın müəyyənləşdirilməsi isə normativ-hüquqi aktın vəzifə müəyyən edən normasının təhlilindən asılıdır. Belə təhlildən asılı olaraq bəzən belə bir inzibati aktın qəbul edilməsi qaçılmaz ola bilər, bəzən isə normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən norması aydın olduğundan və icrasının təmin edilməsi üçün əlavə inzibati aktın qəbul edilməsi tələb olunmadığından normaya istinadla birbaşa faktiki xarakterli hərəkətlər həyata keçirilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, şəxsin vergi ödəyicisi kimi uçotu olmadığı halda barəsində kameral vergi yoxlamasının keçirilməsi və gəlir vergisi hesablanması qanuni hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsində nəzərdə tutulmuş vergi nəzarəti tədbirləri vergi orqanı tərəfindən vergi ödəyicisinə münasibətdə tətbiq edilə bilər. Lakin məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma halını müəyyən etdikdə və həmin əməl nəticəsində dövlətə xeyli miqdarda ziyan vurulduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün cinayət qanunvericiliyində nəzərdə tutulmuş tədbirləri görə bilər (Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun olaraq İddiaçı verginin ödəyicisi kimi uçotunun (qeydiyyatının) qanunsuz hesab edilməsi, iddiaçının ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi uçotunun (qeydiyyatı) ləğv ləğv edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin İddiaçı barəsində xx.xx.2023-cü il tarixli **********009700 saylı, xx.xx.2022-ci il tarixli **********843500 saylı, xx.xx.2023-cü il tarixli **********014900 saylı, xx.xx.2023-cü il tarixli **********019400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” nömrəli qərarların ləğv edilməsi kimi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən vergi ödəyicisi kimi uçota alınmasına (qeydiyyatına) dair hərəkətləri qanunsuz hesab edilsin və iddiaçının ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi uçotu (qeydiyyatı) ləğv edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2023-cü il tarixli **********009700 saylı, xx.xx.2022-ci il tarixli **********843500 saylı, xx.xx.2023-cü il tarixli **********014900 saylı, xx.xx.2023-cü il tarixli **********019400 saylı qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar