Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3629/2022 28.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Cavabdehnə qarşı tikintiyə icazənin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan mənzilin sökülərək yerində yenisini tikilməsinə icazə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə qeydiyyatda olduğu evin qəzalı olması səbəbi ilə sökülərək yenidən tikilməsini istəyir. İddiaçı tikintiyə icazə verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imitna etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının torpaq sahəsinə münasibətdə hüquqlarını təsdiq edən sənədlər və tikinti layihəsi mövcud olmamışdır. İddiaçı bu imtinanı əsassız sayır və hesab edir ki, onun həmin evdə qeydiyyatda olması, həmin evin onun faktiki sahibliyində olduğunu göstərir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan cavabdehin imtina məktubundan görünür ki, cavabdeh evə dair hüquqmüəyyənedici sənədin və torpaq üzərində mülkiyyətini təsdiq edən sənədin (çıxarışın) təqdim edilməmə əsası ilə tikintiyə icazə verilməsindən imtina edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 16 sentyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatın”dan bina və qurğular məsuliyyət səviyyələrinə görə 3 səviyyəyə ayrılmışdır kı, İ məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular – İİ normal məsuliyyət səviyyəli bina və qurğulara; 12 metr hündürlüyədək fərdi yaşayış evləri, parniklər, istixanalar, yay pavilyonları, kiçik anbarlar və buna oxşar tikililər İİİ normal məsuliyyət səviyyəli bina və qurğulara aid edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 5.1.4. Tikintiyə icazə verilməsi şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətlərinə aiddir 47.1.Bu Məcəllənin 79.2-ci və 80-ci maddələrinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri, habelə reklam qurğuları istisna olmaqla sifarişçi tikinti obyekti üzrə layihəçini və podratçını müəyyənləşdirir. 47.4.5. Sifarişçi müvafiq icra hakimiyyəti orqanından və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan (reklam qurğularının tikintisi zamanı isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan) tikintiyə icazə alır. 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi” Qaydasının: 3.1. Sifarişçi obyektin tikintisinə icazəni almaq məqsədilə Məcəllənin 75-ci maddəsinə uyğun olaraq “bir pəncərə” prinsipi əsasında icazə verən orqana elektron və ya yazılı qaydada müraciət edir. Müraciətdə həyata keçirilməsi nəzərdə tutulan tikinti fəaliyyətinin (tikinti obyektinin inşası, yenidən qurulması, bərpası, əsaslı təmiri və ya sökülməsi) növü və ya növləri dəqiq göstərilməlidir. Müraciət tikintiyə icazə verən orqana daxil edildiyi gün tikintiyə icazə verilməsi icraatı başlanılmış hesab olunur. 3.2. Müraciətə aşağıdakı sənədlər əlavə edilir: 3.2.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 3.2.2. tikinti layihəsi kağız (yazılı qaydada müraciət etdikdə) və elektron formada (hər biri 1 nüsxədə); 3.2.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənədin surəti; 3.2.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Şərh olunan qanunvericiliyin müddəalarından görünür ki, tikintiyə icazə verilməsi üçün icraat qaydaları, təqdim olunmalı sənədlərin əhatə dairəsi, tikintiyə icazə verilməsinin ümumi qaydaları və digər prosedurların təşkili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 14-cü fəslində geniş olaraq təsvir olunmuşdur. Nəzərə alınmalıdır ki, bu zaman qanunvericilik bir mənalı olaraq tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət etməyi və həmin ərizəyə zəruri sənədlərin əlavə edilməsini şərtləndirmişdir ki, həmin sənədlər aşağıdakilardı: -torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; -tikinti layihəsi; -sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti. Göründüyü kimi tikintiyə icazə verilməsi ilə bağlı ərizəyə əlavə olunmalı sənədlər məhz sifarişçisinin tikinti nəzərdə tutulan torpaq sahəsinə münasibətdə hüquqlarını təsdiq edən və tikintinin layihəsini əks etdirən sənədlərdir. Hazırki mübahisə üzrə iddiaçı fiziki şəxs olduğundan ona münasibətdə tələb olunan sənədlər torpaq sahəsində hüquqların olması və tikinti layihəsi ilə bağlıdır ki, hər bir halda iddiaçı bu sənədlərə malik olmamışdır. Məhkəmə torpağa münasibətdə tələb olunan sənədlər ilə bağlı bildirir ki, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Mühim olan arqumentlərdən biri odur ki, qanunvericilik fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqları əvəzsiz olaraq mülkiyyətçilərə verilməsini şərtləndirmiş, mənzil kimi xidmət edən daşınmaz əmlakın yerləşdiyi binanın altındakı torpaq sahəsinin isə ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərinə mənsubluğunu tanımışdır. Tikintiyə icazə verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tikinti layihəsi ilə bağlı sənədə münasibətdə isə Məhkəmə diqqətə çatdırır ki, tikinti layihəsi – şəhərsalma və tikinti normativ sənədləri ilə müəyyən edilmiş və konkret obyektin tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı hazırlanmış texniki sənədlər toplusudur. Yuxarıda göstərilən qanunvericiliyin və normativ hüquqi aktarın tələblərini hazırki iddiaya tətbiq etdikdə məlum olur ki, iddiaçının tikintini reallaşdırmaq istədiyi ərazi – ünvan 1 olsa da, iddiaçı tikintiyə icazə verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərə malik deyildir. Belə ki, məhkəmə icraatı zamanı ünvanlanmıış sorğuya cavab məktubundan görünür ki, mübahisə predmetini təşkil edən əmlakın qeydiyyata alınmasına dair hər hansı məlumat, o cümlədən ümumiyyətlə İddiaçı adına mülkiyyət və ya istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçı nə qeydiyyatda olduğu fərdi yaşayış evinə, nə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə, nə də ki fərdi yaşayış evinin həyatyani sahəsinə (əgər mövcuddursa) münasibətdə hüquqmüəyyənedici sənədlərə malik deyildir. Digər tərəfdən məhkəmə sorğusuna cavab olaraq təqdim olunmuş inzibati materialların təsdiq edilmiş surətlərindən (tikintiyə icazə verilməsi ilə bağlı) görünür ki, iddiaçı tikintiyə icazə verilməsi ilə bağlı müraciətinə qanunvericilikdə nəzərdə tutulmuş sənədləri əlavə etməmiş, yalnız şəxsiyyətini, hərbi xidmətini, xəstəliklərini və həmin evdə qeydiyyatda olmasını təsdiq edən sənədləri təqdim etmişdir. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, iddiaçı cavabdeh tərəfindən tikintiyə icazə verilməsi (sökülərək yenidən tikilməsi) tələb etdiyi mübahisəli ərazidə yerləşən fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğunu bildirsə də, bu halı təsdiq edən hər hansı mötəbər dəlil məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə tərəfindən bu istiqamətdə aparılmış araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı yaşadığı Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi ev Ö/T9 yaşayış sahəsinin qəzalı vəziyyətdə olub-olmaması barədə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində heç bir məlumat yoxdur.(Sorğuya cavab məktubu) Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə də rəhbər tutaraq hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş - torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədə, həmçinin, tikinti layihəsi ilə bağlı sənədə malik olmadığından, iddiaçı “tikintiyə icazə verilməsi” barədə iddiası əsaslı hesab edə bilməz. İddiaçının fərdi yaşayış evində qeydiyyatda olduğunu göstərən MKTB-nın arayışının mövcudluğu da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, həmin sənəd hüquqmüəyyənedici sənəd hesab edilməyib, iddiaçının üçün hər hansı hüquq, həmçinin tikintiyə icazə verilməsinə də əsas yaratmır. Bununla bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müdəalarının şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli Qərarının da müvafiq müddəalarının qeyd edilməsi zəruridir. Qərardan da göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi yaşayış yeri üzrə şəxsin qeydiyyatı ancaq qanunvericilikdə nəzərdə tutulmuş hallarda hüquqi nəticə yarada bilməsi nəzərdə tutulmuşdur ki, qanunvericiliklə də qeydiyyatın şəxsə hər hansı mülkiyyət hüquq verməsi nəzərdə tutulmamışdır. Beləliklə cavabdeh iddiaçının müraciətinin müsbət icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, məlumatlandırma icraatı tələb olunan tikililərə (mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evləri) münasibətdə tikintisinə icazənin alınması tələb olunmasa da, bu halda belə şəxs tikintini həyata keçirdiyi torpaq sahəsinə münasibətdə digər sənədlər ilə birgə torpaq sahəsinə mülkiyyət, icarə və ya istifadəsində olmasını təsdiq edən sənədə malik olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-3629/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3629/2022
28.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver