Məhkəmə qərarları › İş №2-1(112)-3630/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3630/2021

18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3630/2021 18.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «iddiaçıya işlədiyi müddətlərin dövlət qulluğunda olduğu illər qismində nəzərə alınaraq dövlət qulluğu pensiyasının təyin edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «Naxçıvan Muxtar Respublikası Hidrometeorologiya İdarəsində okeonoloq, hidroloq vəzifəsində və X3 İdarəsində işlədiyi müddətlərin dövlət qulluğunda olduğu illər qismində nəzərə alınaraq ona dövlət qulluğu pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sumqayıt İnzibati Məhkəməsinin 4 noyabr 2020-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 1976-cı ildən Hidrometrologiya sahəsində müxtəlif vəzifələrdə işləmişdir. Həmin vəzifələrdən bəziləri Azərbaycan Respublikası X4 verdiyi arayışa əsasən dövlət qulluğu sayılır. Lakin bu halı DSMF dövlət qulluğu hesab etmir. Bunlar Okeanoloq və Naxçıvan MR Hidrometereologiya İdarəsinin rəisi vəzifələridir ki, həmin vəzifələr də Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli Fərmanının 1.16 və 2.10-cu bəndlərində göstərilir. Azərbaycan Respublikası (Naxçıvan MR) tabeliyində olan müstəqil idarə, baş idarənin müdirləri, müavinləri və s. dövlət qulluğu hesab edilir. Qeyd olunmalıdır ki, onun okeanoloq, hidroloq və X2 Mərkəzi və İdarəsində işlədiyi müddət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometereologiya Departamentinin tərkibində olmayıb. Göstərilənlərə və müvafiq qanunvericilik normalarına əsaslanaraq, Naxçıvan Muxtar Respublikası Hidrometeorologiya İdarəsində okeonoloq, hidroloq vəzifəsində və X3 İdarəsində işlədiyi müddətlərin dövlət qulluğunda olduğu illər qismində nəzərə alınaraq ona (iddiaçıya) dövlət qulluğu pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətində (etirazında) aşağıdakılar bildirilir: - Hesab edilir ki, İddiaçı iddiası tam əsassızdır və rədd edilməlidir. İddiaçı 29 avqust 2019-cu il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya pensiya yaşına çatanadək İ qrup əlil olmuş, bundan başqa həmin Qanunun 7-ci maddəsinin tələbləri nəzərə alınmaqla (yəni qanunla müəyyən edilmiş pensiya yaşına (hazırda kişilər üçün 64,5 yaş) çatmaqla) «Dövlət qulluğu haqqında» AR Qanununun 23.2ci maddəsinin və «Əmək pensiyaları haqqında» AR Qanununun 20.11.1-ci maddələrinin tələblərinə uyğun olaraq dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxslərin dövlət qulluqçusu kimi əmək pensiyası almaq hüququ vardır. «Dövlət qulluğu haqqında» AR Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan MR büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən isə, dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya «Dövlət qulluğu haqqında» AR Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “«Əmək pensiyaları haqqında» AR Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda iddiaçının xidmət etdiyi SSRİ Dövlət Hidrometeorologiya və X8 Komitəsinin AR Hidrometeorologiya və X8 idarəsinin “X10” X1 və Naxçıvan Hidrometeorologiya Bürosunun adları qeyd olunmamışdır. 9 sentyabr 1976-cı il tarixdən 10 yanvar 1994-cü il tarixədək olan dövr ərzində iddiaçının (hərbi xidmətdə olduğu müddət istisna olmaqla) işlədiyi SSRİ Dövlət Hidrometeorologiya və X8 Komitəsinin AR Hidrometeorologiya və X8 İdarəsinin “X10" X1 və Naxçıvan Hidrometeorologiya Bürosunun dövlət orqanı olub-olmamasını İdarəyə təqdim edilən sənədlərdən müəyyən etmək mümkün deyil. Eyni zamanda bildirilir ki, «Dövlət qulluğu haqqında» AR Qanunun 11.4-cü maddəsinin ikinci abzasına uyğun olaraq dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları AR Nazirlər Kabineti tərəfindən müəyyən edilir. AR Nazirlər Kabinetinin 19 dekabr 2008-ci il tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarında Milli Hidrometeorologiya Departamentinin (Milli Hidrometeorologiya Xidmətinin) regional bölmələri nəzərdə tutulmadığından X3 Müəssisəsinin əməkdaşları dövlət qulluqçuları hesab edilmir. Sadalanan səbəblərə görə, İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik baxımından mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasının təmin olunmaması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsinin məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirilməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iddia tələbinin dəqiqləşdirərək «1994 – 1996-cı illərdə Hidrometeorologiya İdarəsinin baş idarəsində qrup rəhbəri, 1997 – 2001-ci illərdə Quba ərazi Hidrometeorologiya İdarəsinin rəisi, 2006 – 2007-ci illərdə 5 saylı Ekologiya İdarəsində məsləhətçi, 1985 – 1994-cü illərdə Naxçıvan Muxtar Respublikası Hidrometeorologiya İdarəsinin müdiri vəzifəsində işlədiyi müddətlərin dövlət qulluğunda olduğu illər qismində nəzərə alınaraq ona dövlət qulluğu pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 20.1 və 20.1.7-ci maddələrinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» AR Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18dən «Dövlət qulluğu haqqında» AR Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 7-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək və həmin tarixdən sonrakı dövrdə qüvvədə olan tələbləri aşağıdakı kimidir: - (1 iyul 2017-ci il tarixədək qüvvədə olan) 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 21 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədəık yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır; - (1 iyul 2017-ci il tarixdən sonra qüvvədə olan) 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Dövlət qulluğu haqqında» AR Qanununun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır: - (8.1.3) əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti orqanları, Milli Televiziya və X7 (2-ci kateqoriya dövlət orqanları), Həmin Qanunun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» AR Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə “«Əmək pensiyaları haqqında» AR Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Siyahının 1.16-cı bəndində 1991-ci il oktyabrın 18-dək “Azərbaycan SSR (Naxçıvan MSSR) Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında”kı müəyyən vəzifələrin «İnzibati və yardımçı vəzifələrin Toplusu»nda “Azərbaycan Respublikası (Naxçıvan MR) Nazirlər Kabineti yanında və yaradılan orqanların aparatında” müvafiq vəzifələrə, eləcə də 2.10-cu bəndində “Azərbaycan Respublikası (Naxçıvan MR) Nazirlər Kabineti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında”kı müvafiq vəzifələrin «İnzibati və yardımçı vəzifələrin Toplusu»nda “Azərbaycan Respublikası (Naxçıvan MR) Nazirlər Kabineti yanında və orqanların aparatında”kı müvafiq vəzifələrə uyğunlaşdırılması nəzərdə tutulmuşdur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.13-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh inzibati orqan DSMF tərəfindən iddiaçının müvafiq müraciətlərinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Binəqədi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək qeyd edir ki, xx xxxxx 1955-ci il tarixdə doğulmuş hazırkı İddiaçı 1 iyul 2017-ci il tarixədək «Əmək pensiyaları haqqında» AR Qanunun 7-ci maddəsinin qüvvədə olan tələbləri ilə nəzərdə tutulmuş 63 yaşı (62 yaş + 1 il) tamam olmadığından, yaşa görə əmək pensiyası üçün yaş həddi həmin maddənin 1 iyul 2017-ci il tarixdən sonrakı dövrdə qüvvədə olan tələblərinə əsasən 63 yaş yarımdır. Həmin yaşda, yəni 2018-ci ilin 30 aprel tarixdə dövlət qulluğunda stajı olan şəxs kimi yaşa görə əmək pensiyası təyin olunması üçün isə, 15 il dövlət qulluğu stajı tələb olunur. Nəzərə alınmalıdır ki, iddiaçının əmək kitabçasında göstərilən 1985 – 1994, 1994 – 1996, 1997 – 2001, 2006 – 2007-ci illərdə işlədiyi vəzifələrin hamısı dövlət qulluğu vəzifəsi kimi müəyyən edilmiş, eləcə də Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı uyğunlaşdırılmış (müvafiq Siyahının 1.16 və 2.10-cu bəndlərində göstərilən) vəzifələrə aid deyil. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının 15 il dövlət qulluğu vəzifəsində stajı toplanmadığından, cavabdeh orqan tərəfindən ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilməsi qanuna zidd olmamışdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «iddiaçıya işlədiyi müddətlərin dövlət qulluğunda olduğu illər qismində nəzərə alınaraq dövlət qulluğu pensiyasının təyin edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «iddiaçıya işlədiyi müddətlərin dövlət qulluğunda olduğu illər qismində nəzərə alınaraq dövlət qulluğu pensiyasının təyin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar