Məhkəmə qərarları › İş №2-1(112)-3630/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3630/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3630/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 30 yanvar avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) vergi orqanlarında fərdi sahibkar kimi ********** “VÖEN”lə qeydiyyatdan keçərək fəaliyət göstərən vergi ödəyicisidir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilmişdir. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 164131/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 2023-cü il üçün 2784,36 manat əlavə gəlir vergisi hesablanmışdır. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 181670/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 2022-ci il üçün 6673,02 manat əlavə gəlir vergisi hesablanmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 2023-cü il gəlir vergisi üzrə 3-1-2-3/2-164131/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2022-ci il gəlir vergisi üzrə 3-21-2-3/2- 181670/2024 saylı, xx.xx.2024-cü il tarixli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarda qeyd edilənlər tamamilə əsassızdır. Belə ki, iddiaçı tərəfindən təsərrüfat obyekti qeydiyyata qoyulan zaman əvvəlki sahibkar tərəfndən qeyd edilən mallar təhvil-təslim edilmişdir. Həmin təhviltəslim edilən mallar tərəflərindən elektron qaimələrə əsasən satılmışdır. Riskli vergi ödəyicisi barədə hesab edilməsi barədə qərarda qeyd edilən bir digər hal isə təsərrüfat subyektinin (obyekt) qeydə alınmaması olmuşdur. Halbuki tərəfindən təsərrüfat obyekti qeydiyyata alınmışdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023cü il tarixlərində cəmi 60248,80 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “Vilka, İzolent, Antenna kabeli, Qoruyucu rele və.s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənlər nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci,3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən tərəfinizdən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanınyaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla bağlı bildirilir ki, “Riskli vergi ödəyiciləri” siyahısından çıxarıldıqdan və baza məlumatlarında müvafiq düzəlişlər aparıldıqdan müraciətə yenidən baxıla bilər. Eyni zamanda 2022-ci il üzrə vergi ödəyicisi tərəfindən 47543,25 manat dəyərində elektron qaimə fakturaların təqdim olunmasına baxmayaraq 2022-ci il üzrə Gəlir (Mənfəət) vergisi bəyannaməsinin təqdim edilməməsi (və ya göstəricilərin azaldılmaqla təqdim edilməsi) kənarlaşmanın yaranmasına səbəb olmuş və xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-181670/2024 saylı qərar qəbul edilmişdir. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən iddiaçı tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. 2023-cü il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş gəlir vergisi bəyənnaməsinin 1226.1 Əmək haqqı və ona bərabər tutulan ödəmələr sətrində 4140.00 manat məbləğ qeyd edilməsinə baxmayaraq, müvafiq dövr üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (hesabatları) təqvim ili üzrə (4 rübün cəmi) 902.Gəlirlər sətirlərinin "Rüb üzrə cəmi" sütunlarındakı məbləğindən (0,00 manat) artıq olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixli **********966400 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə Qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Yaranmış kənarlaşmalar ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarxili **********072300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” uyğunsuzluq məktubu göndərilmişdir. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisi tərəfindən cari (dəqiqləşdirilmiş) gəlir vergisi bəyannaməsi, əsaslandırılmış izahat və araşdırmaya zəruri hesab olunan müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67ci, 83-cü maddələrinə əsasən, kameral vergi yoxlaması ilə 2023-cü il üçün gəlir vergisi bəyannaməsi üzrə 2784,36 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********567900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndələri iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qərarların mübahisələndirilməsi üçün xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Hazırkı iş üzrə iddiaçının tələbi 2023-cü il gəlir vergisi üzrə xx.xx.2024-cü il tarixli və 2022-ci il gəlir vergisi üzrə xx.xx.2024-cü il tarixli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlarının ləğv edilməsi barədədir. İşin hallarına görə, cavabdeh mübahisələndirilən qərarlarla iddiaçıya kameral vergi yoxlaması tətbiq etmiş və 2022-ci il üzrə 6673,02 manat, 2023-cü il üzrə 2784,36 manat əlavə gəlir vergisi hesablamışdır. İddiaçı hazırda həmin qərarları mübahisələndirir və hesab edir ki, qərarlar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. İddiaçı vergi orqanına təqdim etdiyi bəyannamədə 2022-ci il üzrə 2.259,23 manat, 2023-cü il üzrə 648,49 manat gəlir vergisi hesablamışdır. İddiaçı vergini hesablayarkən mirko sahibkar kimi 75% güzəşt tədbiq etmişdir. Cavabdeh isə iddiaçının riskli vergi ödəyicisi hesab edilməsinə əsaslanaraq mikro sahibkar kimi 75% güzəşti tətbiq etmədən gəlir vergisi hesablamış, nəticədə 2022-ci il üzrə 6.673,02 manat, 2023-cü il üzrə 2.784,36 manat əlavə gəlir vergisi məbləği hesablanmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Həmin Meyarlar”ın: Bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. Bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; Bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. Baxılan işdə cavabdeh iddiaçının riskli vergi ödəyicisi hesab edərkən qaydaların yuxarıda istinad edilən bəndlərinə istinad edərək hesab etmişdir ki, iddiaçı tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində cəmi 60248,80 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Vilka, İzolent, Antenna kabeli, Qoruyucu rele və.s.” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh bu qənaətə gələrkən qaydaların normalarını səhv tətbiq etmişdir. Belə ki, qaydaların 3.1.1-ci bəndinə riskli əməliyyat kimi, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsinin aşkar edilməsi qeyd edilmişdir. Hazırkı işdə qaydaların istinad edilən normasında qeyd edilən hallar müəyyən edilmir. Qeyd edilən hal o zaman mövcud ola bilərdi ki, iddiaçının təqdim etdiyi elektron qaimə-fakturalarda satışında “Vilka, İzolent, Antenna kabeli, Qoruyucu rele və.s.” göstərilməsinə baxmayaraq, aldığı və ya idxal etdiyi mallar həmin mallar deyil, başqa mal olsun. Hazırkı işdə mövcud vəziyyətin yaranmasına səbəb, iddiaçının alışında (idxalında) ümumiyyətlə hər hansı malın göstərilməməsi olmuşdur. İddiaçı isə bunu, həmin məhsulları hazırlamaq üçün istifadə etdiyi malları aldığı satıcıların elektron qaimə ilə mal satmadıqlarını əsas gətirirərək izah edir. Vergi Məcəlləsinin: Maddə 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: - 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi; Normadan göründüyü kimi gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti 75 faiz gəlir vergisindən azaddır. Məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi hal, iddiaçının mikrosahibkar kimi güzəştdən istifadə etməkı hüququndan məhrum edilməsinə əsas vermir. Belə ki, iddiaçı gəlirini və xərclərini cavabdeh vergi orqanına təqdim etmişdir. Satdığı malların iddiaçının alışında idxalında olmaması iddiaçının həmin güzəşt hüququndan məhrum edilməsinə əsas vermir. İddiaçının 2022-ci il üzrə təqdim etdiyi gəlir vergisi bəynannaməsində mallarından təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir kimi – 47984,05 manat, 2023-cü il üzrə təqdim etdiyi gəlir vergisi bəynannaməsində mallarından təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir kimi – 25,696.80 manat göstərilmişdir (1200 sətir). Digər tərəfdən işdən görünür ki, cavabdeh iddiaçının alışında (idxalında) mal qeyd etmədiyini əsas gətirərək onun gəlirlərinə münasibətdə xərclərini ümumiyyətlə nəzərə almayaraq gəlir vergisi dərəcəsi 20% tətbiq edilməklə hesablanmışdır. Göründüyü kimi, hesablamanın əsası kimi yalnız 75% güzəşt hüququnun tətbiq edilməməsi olmamış, həmçinin cavabdeh vergi hesablayarkən iddiaçının xərclərini tam şəkildə nəzərə almamışdır. Lakin iddiaçı alınmış malların alış sənədlərini təqdim edə bilməsə də, faktiki olaraq həmin malların alınması üçün xərc çəkilmişdir. Cavabdeh iddiaçının təqdim etdiyi gəlirini nəzərə alır, lakin həmin gəlirin çəkilməsinə xərci nəzərə almır. İddiaçı tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsinin iddiaçının gəlirləri və xərcləri aşağıdakı kimi olmuşdur: 2022-ci üzrə: 1200.2 mallarından təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir kimi – 47,984,05; 1226. malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclər – 2,799.40 manat; 2023-cü il üzrə: 1200.2 mallarından təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir kimi –25,696.80 manat; 1226. malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclər – 12,734.16 manat. Göründüyü kimi, cavabdehin 2022-ci il üzrə ümumi gəliri 47,984,05 manat, ümumi xərcləri 2,799.40 manat olmuş, xərcləri çıxıldıqdan sonra vergiyə cəlb olunan gəlirə (45.184,65 manat) mikrosahibkarlar üçün nəzərdə tutulmuş 75% güzəşt (33 888,45 manat) tədbiq edərək qalan məbləğə (11 296,15 manat) 20% vergi hesablayaraq 2259,23 manat gəlir vergisi, 2023-cü il üzrə ümumi gəliri 25,696.80 manat, ümumi xərcləri 12,734.16 manat olmuş, xərcləri çıxıldıqdan sonra vergiyə cəlb olunan gəlirə (12 962,64 manat) mikrosahibkarlar üçün nəzərdə tutulmuş 75% güzəşt (9 720,18 manat) tətbiq edərək qalan məbləğə ( 242,46 manat) 20% vergi hesablayaraq 648,49 manat gəlir vergisi bəyan etmişdir. Cavabdeh isə iddiaçıya vergi hesablayarakən iddiaçının riskli vergi ödəyicisi olmasına əsaslanaraq həm mikrosahibkarlar üçün nəzərdə tutulmuş 75% güzəşt tədbiq etməmiş, həmçinin iddiaçının aldığı mallar üçün çəkdiyi xərci nəzərə almamışdır. Göründüyü kimi, cavabdeh həm iddiaçıya mikro sahibkar kimi güzəşti nəzərdə tutan 75 % tədbiq etmir. Həmçinin iddiaçının malların satılmasında ibarət gəlirini qəbul edərək gəlirin nəzərə aldığı halda, həmin malların alınması üçün çəkilmiş xərclərini nəzərə almayaraq düzgün olmayan qərar qəbul etmişdir. Məhkəmə qeyd edir ki, hesabat dövrü 2022 və 2023-cü illər olduğundan Vergi Məcəlləsinin həmin vaxt qüvvədə olan normaları hazırkı mübahisəyə tədbiq edilməlidir. Bu hüquqi yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(112)-943/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında ifadə edilmişdir. Belə ki, həmin qərarda məhkəmə kollegiyası qeyd etmişdir ki, “...hazırkı mübahisəyə münasibətdə həmçinin Vergi Məcəlləsinin 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli vergi məbləğinin hesablanması qaydasının tətbiqini istisna edən və şərti rentabellik institutunun birbaşa tətbiqini zəruri edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır. Məhkəmə kollegiyasının bu hüquqi mövqeyi şərti rentabellik normasının tətbiqi qaydasında vergilərin hesablanmasını nəzərdə tutan Vergi Məcəlləsinin 67.14-cü maddəsinin 2024-cü il tarixdən ləğv edilməsi ilə də təsdiq olunur.Bu qərarın 32-42-ci bəndlərində ifadə olunan hüquqi mövqedən çıxış edən məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin analoji iş üzrə, 2-1(102)-2258/2023 nömrəli qərarında ifadə olunmuş yanaşmaya (40-43-cü bəndlər) görə, Vergi Məcəlləsinin 67-ci maddəsi prosessual (prosedur) hüquq norması olduğundan, həmin normanın inzibati aktın qəbul edildiyi zaman qüvvədə olan redaksiyası tətbiq edilməlidir. Yəni həmin yanaşmaya əsasən vergi öhdəliyi barədə 2022-ci il tarixindən sonra qəbul olunan qərarlar vergi ödəyicisinin həmin tarixdən əvvəlki fəaliyyətinə aid olsa belə, Məcəllənin 67.17-ci maddəsi 2022-ci ildən qüvvəyə mindiyindən və qərarın qəbulu zamanı həmin norma artıq qüvvədə olduğundan, şərti rentabellik norması birbaşa tətbiq edilə bilər. Bununla bağlı nəzərə almaq lazımdır ki, maddi hüquq normaları hüquq münasibəti subyektlərinin hüquq və vəzifələrinin məzmununu müəyyən edir, prosessual hüquq normaları isə maddi hüquq normalarının realizasiyası prosedurunu və qaydasını tənzimləyir. Beləliklə, maddi və prosessual hüquq hüquqi tənzimləmənin forma və məzmununun dialektik vəhdətini əks etdirən hüquqi kateqoriyalar kimi nəzərdən keçirilməli və fərqləndirmə bunun üzərindən aparılmalıdır. Fərqləndirmə zamanı həmçinin prosessual normaların qərarın (hazırkı mübahisəyə münasibətdə vergi öhdəliyi barədə qərarın) məzmununa deyil, onun qəbulu kontekstinə təsir etdiyi də nəzərə alınmalıdır. Bu baxımdan Vergi Məcəlləsinin 67-ci maddəsinin vergi öhdəliyinin müəyyən olunması barədə qərarın qəbulu prosedurunu tənzimləyən norma qismində deyil, həmin öhdəliyin müəyyən olunmasına dair qərarın maddi hüquqi əsası qismində, yəni vergi ödəyicisinə münasibətdə vəzifə yaradan norma qismində çıxış etdiyi nəzərə alınmalı və ona görə də birmənalı olaraq maddi hüquq norması kimi qiymətləndirilməlidir. Vergi orqanı tərəfindən vergitutma obyektinin (o cümlədən gəlirin/mənfəətin) müəyyən olunmasının əsas qismində isə Vergi Məcəlləsinin 67-ci maddəsi çıxış edir. Başqa sözlə, qeyd olunan norma şəxsə münasibətdə vergi öhdəliyinin müəyyənləşdirilməsi ilə bağlı dispozisiya şərtlərini təsbit edir. Bu qənaətə gəlmək üçün həmin normanın adına nəzər yetirmək kifayətdir: Vergitutma obyektinin ayrıayrı hallarda müəyyən edilməsi qaydaları. Burada istifadə olunan “qaydalar” ifadəsi vergi öhdəliyinin müəyyənləşdirilməsinin prosedur qaydalarını deyil, şəxsin vergi öhdəliyini, yəni vergi hüquq münasibəti subyektinin vəzifəsinin məzmununu müəyyən edən hüquqi tənzimləməni nəzərdə tutur. Bu səbəbdən həmin normanın prosessual norma kimi təfsir edilməsi yolverilməzdir. Xüsusilə nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin şərti rentabellik normasının tətbiqini tənzimləyən 67.14-cü və 83.9-cu maddələrinin 2024-cü il tarixdən qüvvədən düşməsinə (Məcəllədən çıxarılmasına) rəğmən, vergi orqanları tərəfindən 2020- 2023-cü illər üzrə vergi yoxlamaları keçirilərkən qeyd olunan normalar vergi öhdəliyinin müəyyən olunmasının maddi hüquqi əsası qismində tətbiq edilir. Yəni analoji işlər üzrə praktikadan görünür ki, vergi orqanları da Məcəllənin 67-ci maddəsini maddi hüquq norması kimi qiymətləndirir və vergi münasibətlərinin yarandığı dövrə həmin dövrdə qüvvədə olmuş müvafiq normanı tətbiq edir. Bu hal da məhkəmə kollegiyasının bu qərarda ifadə olunmuş hüquqi mövqeyində haqlı olduğunu bir daha təsdiq edir. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən (hesabat dövrü qüvvədə olan norma) bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Məcəllənin Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən ((hesabat dövrü qüvvədə olan norma) vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının” 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: 6.1.2. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 6.1.4. Vergi ödəyicisinin mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir. Baxılan işdə cavabdeh iddiaçının gəlirlərini müəyyən etmək üçün qanunvericiliyin istinad edilən normalarının tələblərinə əməl etməmiş, nəticədə əsassız olaraq iddiaçını iddiaçıya mikro sahibkar kimi 75% güzəşt tətbiq etməmiş, həmçinin xərcini nəzərə almayaraq əlavə vergi məbləği hesablamışdır. Bundan başqa cavabdeh xx.xx.2024-cü il tarixli qərarın qəbul edilməsini onunıa əsaslandırmışdır ki, 2022-ci il üzrə iddiaçı tərəfindən 47543,25 manat dəyərində elektron qaimə fakturaların təqdim olunmasına baxmayaraq 2022-ci il üzrə Gəlir (Mənfəət) vergisi bəyannaməsinin təqdim edilməməsi (və ya göstəricilərin azaldılmaqla təqdim edilməsi) kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Cvabdehin qeyd etdiyi hal iş materiallarına əsasən öz təsdini tapmır. Belə ki, iddiaçı tərəfindən 2022-ci il üzrə gəlir vergisi bəynannaməsi təqdim edilmiş, həmin bəyannamədən müəyyən edilir ki, həmin dövr üzrə mallarından təqdim edilməsinə görə 47984,05 manat gəlir bəyna etmişdir (440.80 pərakəndə satışdan, 47543,25 manat topdan satışdan). Oxşar iş üzrə Azərbaycn Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2337/2024 nömrəli iş üzrə və 2-1(102)-2759/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadları ilə məhkəmə kollegiyası cavabdeh vergi orqanının kassasiya şikayətini mümkünsüz hesab edərək qeyd etmişdir ki, “...kassasiya instnsiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının alışında həmin malların rəsmi şəkildə görünməməsi əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli əsas qismində çıxış edə bilməz. Bununla bağlı faktiki olaraq mal (iş, xidmət) təqdim olunmadan əməliyyat aparıldığını cavabdeh müvafiq nəzarət tədbirləri vasitəsi ilə sübuta yetirməlidir. Həmçinin, cavabdeh əməliyyatı əmtəəsiz hesab edirsə, onda həmin şəxsin gəlirlərini də nəzərə almamalı idi. Lakin cavabdeh əməliyyatı əmtəəsiz hesab etməsinə rəğmən, iddiaçının gəlirini qəbul etmişdir və onun bu davranışı əməliyyatın əmtəəsiz hesab olunması ilə bağlı yanaşmaya uyğun deyildir. Başqa sözlə, gəlir qəbul olunursa, onun əldə olunmasında iştirak edən xərcin mövcudluğu da qəbul edilməlidir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2208/2023 nömrəli, 2-1(102)-10/2024 nömrəli, 2-1(102)-480/2024 nömrəli, 2-1(102)- 92/2024 nömrəli, 2-1(102)-943/2024 nömrəli qərarları). 11. Həmçinin kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi xx.xx.2022-cü il tarixli, 2-1(102)-1903/2022 nömrəli qərarında mövqeyi ondan ibarət olmuşdur ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir və mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır (Vergi Məcəlləsinin 96.1 və 102.1.30-cu maddələri). Vergi ödəyicisi xərclərinin uçotunu aparmalı olsa da, vergi qanunvericiliyi uçotun aparılmadığı hallarda vergi orqanının hərəkətləri ilə bağlı məsələni də tənzimləmiş və Vergi Məcəlləsinin 67-ci maddəsində bu qaydanı təsbit etmişdir. Belə ki, Məcəllənin 67.1-ci maddəsinə əsasən, kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə ... mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda ... həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Məhkəmə kollegiyası razılaşır ki, Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan imkanlardan istifadə etmək vergi orqanının hüququdur. Vergi ödəyicisinin vəzifəsi isə, gəlir və xərclərin düzgün uçotunun aparılmasıdır. Bununla belə qeyd edilməlidir ki, iddiaçı hazırda mübahisələndirmə haqqında iddia qaldırmışdır. Mübahisələndirmə haqqında iddia növündə olan işlərdə isə, inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh, inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Odur ki, hazırkı halda qiymət verilməli olan, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsidir. Qeyd edildiyi kimi, iddiaçının gəlir vergisi hesablanarkən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri nəzərə alınmadığından mübahisələndirilən qərar qanunsuzdur və ləğv edilməlidir”. Vergi Məcəlləsinin: Maddə 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Maddə 24.0.1-ci və 24.0.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd edilənlərə əsasən, cavabdehin inzibati aktları qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən, iddia tələbi təmin olunmalı, cavabdehin mübahisələndirilən qərarları ləğv edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2023-cü il gəlir vergisi üzrə 3-21-2-3/2-164131/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2022-ci il gəlir vergisi üzrə 3-21-2-3/2- 181670/2024 saylı, xx.xx.2024-cü il tarixli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar