Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3631/2022 18.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İ Qarabağ müharibəsi veteranı İddiaçı xx.xx.1964-cü ildə Zəngilan rayonunda anadan olmuşdur. xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilədək Sumqayıt şəhər 49 №-li Texniki Peşə məktəbində “elektrik qaz qaynaqçısı” ixtisası üzrə təhsil almışdır. xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək Sumqayıt şəhər “Azərkimyatəmir” trestinin 1 №-li təmir-tikinti quraşdırma idarəsində qaynaqçı işləmişdir. xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək Sovet Ordusu sıralarında xidmət keçmişdir. xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək yenə də Sumqayıt şəhər “Azərkimyatəmir” trestinin 1 saylı təmir-tikinti quraşdırma idarəsində el.qaynaqçısı işləmişdir. xx.xx.1985-ci ildə adına açılmış AT-İ ******* №-li əmək kitabçasına əsasən xx.xx.1985-xx.xx.1986-cı illərdə Rusiya Federasiyası Tomsk vilayəti Kojevnikova rayonu Çilino sovxozunda inşaatçı işləmişdir. xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilədək Rusiya Federasiyası Kemerova vilayəti Yaşkinski rayonu ticarət idarəsində el.qaynaqçısı, xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək Kemerova vilayəti yaşkin ət kombinatında el.qaynaqçısı, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək isə xırdavat satıcısı işləmişdir. xx.xx.1989-cu ildən xx.xx.1994-cü ilədək Zəngilan rayonu Bartaz çınqıl zavodunda el.qaynaqçısı işləmişdir. Rayonun işğalından sonra xx.xx.1994-cü ildən xx.xx.2005-ci ilədək Bakı şəhər “Tikinti-hissələri” zavodunun armatur sexində el.qaynaqçısı işləmişdir. Ümumi əmək stajı 25 ildən çoxdur və bunun da 12 il 6 aydan çoxu (18 ilə yaxın) zərərli iş rejimində işlədiyi üçün güzəştli şərtlərlə peşələrin siyahısındadır. Bütün bunları nəzərə alaraq, sənədləri toplayaraq ona yaşa görə əmək pensiyası təyin olunması üçün (57 yaşdan) DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etmişdir. Həmin Filialdan xx.xx.2021-ci il tarixdə **********9 saylı məktubla ona pensiya təyin edilməsindən imtina edilmişdir. İmtina əsassızdır, onun pensiya hüququ pozulmuşdur. Birincisi imtina məktubunda göstərilmiş ümumi əmək stajı düzgün hesablanmayıb. Belə ki, hesablama zamanı arxiv arayışlarındakı stajı nəzərə alınmayıb. xx.xx.1982-xx.xx.1982-ci illər və xx.xx.1985-xx.xx.1985-ci illərdə Sumqayıt şəhər 1 saylı təmir-tikinti quraşdırma idarəsindəki iş stajı nəzərə alınmayıb. Əmək kitabçasında və "xxxx" QSC infrastruktur depatamentinin 2 №-li X4 05 №-li xx.xx.2021-ci il tarixli arayışında Bartaz çınqıl zavodundakı iş stajı xx.xx.1989-cu ildən xx.xx.1994-cü ilədək olduğu halda məktubda xx.xx.1989-xx.xx.1994-cü il hesablanmış 7 ay 27 gün nəzərə alınmamışdır. “Tikintihissələri” zavodundakı iş stajı isə xx.xx.1994-cü ildən xx.xx.2005-ci ilədək olduğu halda xx.xx.1994-cü ildən xx.xx.2002-ci ilədək hesablanmış 3 il 6 aya qədər müddət isə nəzərə alınmayıb. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının müraciətə cavab olaraq ərizəçiyə ünvanladığı xx.xx.2021-ci il tarixli **********9 nömrəli imtina məktubunda bildirilmişdir ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az və güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi xx.xx.1964-cü il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququ qanuvericilikdə nəzərdə tutulmuş digər tələblər ödənildiyi halda 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə yaranacaqdı. İddiaçıya xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərt ödənilməlidir: 1) 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 il olması; 2) 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajının 12 il 6 ay olması. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtləri ödəmir. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən və güzəştli iş stajı 12 il 6 aydan azdır. İddiaçının ümumi iş stajı xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək təhsil aldığı 02 il 10 ay 20 gün, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmət keçdiyi 02 il 01 ay 04 gün, əmək kitabçasına əsasən xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək işlədiyi 09 ay 14 gün, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək işlədiyi 02 il 05 ay 15 gün, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək işlədiyi 04 ay 04 gün, xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi 04 il 10 ay 18 gün, xx.xx.1994-cü il tarixdən xx.xx.2002ci il tarixədək işlədiyi 07 il 02 ay 29 gün müddətdir ki, ümumilikdə 20 il 07 ay 27 gün təşkil edir. İddiaçının güzəştli iş stajı xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək işlədiyi 02 il 05 ay 15 gün, xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi 07 il 02 ay 29 gün müddətdir ki, bu da ümumilikdə 9 il 8 ay 5 gün təşkil edir. İddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sumqayıt şəhər “Azərkimyatəmir” trestinin 1 №li təmirtikinti quraşdırma idarəsində qaynaqçı işlədiyini iddia etdiyi dövrlər onun əmək kitabçasında qeyd olunmadığına görə sözügedən dövrlərin onun sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin şmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2017-ci tarixli, 17 nömrəli Qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın bundan sonra - “Qaydalar”) 3-cü hissəsində Sosial sığorta stajının hesablanması proseduru tənzimlənmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilir. Göründüyü kimi sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 №-li Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, yuxarıda göstərilən əsaslara uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Beləliklə, iddia tələbi əsassızdır və cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Posessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1964-cü il təvəllüdlü İddiaçı Zəngilan rayonu, Bartaz kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA seriyalı 109401 nömrəli, xx.xx.2005-ci il tarixli məcburi köçkün vəsiqəsinin surətinə əsasən İddiaçı 1993-cü il tarixdən Zəngilan rayonundan məcburi köçkündür, hazırda məskunlaşdığı ünvan Binəqədi rayonudur. İş materiallarına əlavə edilmiş Г 603913 nömrəli, xx.xx.1982-ci il tarixli diplomun surətinə əsasən İddiaçı xx.xx.1979-cu ildə Sumqayıt şəhər 49 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1982-ci ildə əl ilə elektrik qaynaqçısı, yarımavtomat maşınlarında elektrik qaynaqçısı, qaz qaynaqçısı, qaynaq işləri üzrə nəzarətçi peşəsi üzrə tam kursu bitirmişdir. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1982-ci il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1984-cü il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus AТ-İ ******* nömrəli, xx.xx.1985-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1985-ci ildə SSKP 22-ci qurultayı adına sovxoza inşaatçı qismində qəbul olunmuş, xx.xx.1986-cı ildə azad edilmişdir. xx.xx.1986-cı ildə Yaşkino İstehlak Cəmiyyəti İnşaat üzrə elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı ildə işdən azad edilmişdir. xx.xx.1986-cı ildə X8 İnşaat üzrə eletrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə işdən azad edilmişdir. xx.xx.1988-ci ildə Yaşkino İstehlak Cəmiyyətinə pərakəndə satış üzrə satıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə işdən azad edilmişdir. xx.xx.1989-cu ildə Bartaz Çınqıl zavoduna İV dərəcəli qaynaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildə V dərəcəli qaynaqçı dərəcəsi verilmiş, xx.xx.1993-cü ildə Vİ dərəcəli qaynaqçı dərəcəsi verilmiş, xx.xx.1994-cü ildə işdən azad edilmişdir. xx.xx.1994-cü ildə "xxxx" Dövlət Şirkətinin Tikinti Hissələri zavodunun armatur sexinə İV dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.1995-ci ildə V dərəcə elektrik qaynaqçısı verilmiş, xx.xx.1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 851 nömrəli sərəncamı ilə Dövlət Şirkəti Səhmdar Cəmiyyətinə çevrilmiş, xx.xx.2005-ci ildə işdən azad edilmişdir. xx.xx.2019-cu ildə X5 adına liseyə kiçik xidmət işçisi vəzifəsinə qəbul edilmiş və ocaqçı vəzifəsinin 0,5 ştat vahidi ona həvalə edilmiş, xx.xx.2019-cu ildə işdən azad edilmişdir. xx.xx.2019-cu ildə 0,5 ştat vahidi ocaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci ildə 0,5 ştat vahidi olan ocaqçı vəzifəsi üzərindən götürülmüş, xx.xx.2020-ci il tarixdə ocaqçı vəzifəsi həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" ASC “Tikinti- Hissələri” Zavodunun xx.xx.2006-cı il tarixli, 02 nömrəli arayışında göstərilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, həqiqətən o, xx.xx.1994-cü il tarixdə 145 №-li əmrlə “Tikinti-hissələri” zavodunun armatur sexinə elektrik qaynaqçısı qəbul edilmiş və xx.xx.2005-ci ildə 12/k saylı əmrlə işdən azad edilmişdir. Elektrik qaynaqçısı peşəsi AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarına əsasən (siyahı İİ. XXXİİİ Fəsil. Ümumi peşələr. kod: 232 00000-19906. əl ilə qaynaq aparan el.qaynaqçıları) “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin, peşələrin, istehsalatların və göstəricilərin Siyahısı”na daxildir. Güzəştli stajı: 10 il 8 ay 23 gün. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 851 saylı Sərəncamı ilə "xxxx" Dövlət Şirkəti "xxxx" Səhmdar Cəmiyyətinə çevrilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 330/1 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1982-ci il tarixli 108-k nömrəli əmrlə Sumqayıt şəhər “Azərkimyatəmir” trestinin 1 №-li təmir-tikinti quraşdırma idarəsində elektrik qaynaqçısı vəzifəsinə təyin olunmuş, xx.xx.1982-ci il tarixli 129-k nömrəli əmrlə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" QSC İnfrastruktur Departamenti 2 nömrəli X4 xx.xx.2021-ci il tarixli, 05 nömrəli arayışında göstərilmişdir ki, verilir İddiaçı ondan ötəri ki, həqiqətən o, xx.xx.1989-cu il tarixdə 08 №li əmrlə Azərbaycan Dəmir Yolları Bartaz Çınqıl zavoduna elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü il tarixdə 13 №li əmrlə həmin vəzifədən azad edilmişdir. Elektrik qaynaqçısı peşəsi AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarına əsasən (siyahı İİ. XXXİİİ fəsil, Ümumi peşələr kod: 2320000-19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları) “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin, istehsalatların və göstəricilərin siyahısı”na daxildir. Güzəştli əmək stajı: 5 il 4 ay 11 gün. Azərbaycan Dövlət Dəmir Yolu rəisinin xx.xx.2008-ci il tarixli 34/N saylı əmrinə əsasən Bartaz Çınqıl zavodunun adı dəyişdirilərək 2 nömrəli X7 adlandırılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən xx.xx.2022-ci il tarixli, 46/1 nömrəli məktubla İddiaçı “Azərkimyatəmir” trestinin nəzdində olan 1 saylı TTQİ-də işləməsi barədə 1985-ci il tarixli T-2 şəxsi vərəqəsi və 1985-ci ilə dair əmrlər kitabından məlumatlar təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş “Azərkimyatəmir” trestinin nəzdində olan 1 saylı TTQİ-nin xx.xx.1985-ci il tarixli 25-k nömrəli əmrinə əsasən İddiaçı 3-cü dərəcə elektrik qaynaqçısı vəzifəsinə qəbul olunmuş, xx.xx.1985-ci il tarixli 49-k nömrəli əmrlə işdən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC İnfrastruktur Departamenti Bartaz Çınqıl zavodunun xx.xx.2022-ci il tarixli, 03 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Dövlət Dəmir Yolu rəisinin 34/N saylı xx.xx.2008-ci il tarixli əmri ilə Bartaz çınqıl zavodunun adı dəyişdirilərək 2 nömrəli X7 adlandırılmışdır. Bartaz çınqıl zavodu Zəngilan rayonu Bartaz stansiyası ərazisində yerləşirdi. Zəngilan rayonu 2020-ci il oktyabr ayında erməni qəsbkarlarından azad edildikdən sonra "xxxx" QSC sədrinin xx.xx.2021-ci il tarixli sənəd № 35184 əmri ilə 2 nömrəli X4 adı dəyişdirilərək “Bartaz çınqıl zavodu” adlandırılmışdır. Hal-hazırda müəssisə Bartaz çınqıl zavodu adı ilə Bakı şəhərində öz fəaliyyətini davam etdirir. İddiaçı xx.xx.1989-cu il tarixdə 08 №li əmrlə Bartaz çınqıl zavoduna elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü il tarixli 13 №li əmrlə həmin vəzifədən azad edilmişdir. Elektrik qaynaqçısı peşəsi AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarına əsasən (siyahı İİ. XXXİİİ fəsil, ümumi peşələr kod: 2320000-19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları) “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin istehsalatların və göstəricilərin siyahısı”na daxildir. Güzəşli əmək stajı: 5 il 4 ay 11 gün təşkil edir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Dövlət Dəmir Yolu rəisinin xx.xx.2008-ci il tarixli 34/N nömrəli əmrinə əsasən Azərbaycan Dövlət Dəmir Yolunun «Yol təsərrüfatı» İstehsalat Birliyinin tabeliyində fəaliyyət göstərən Bartaz çınqıl zavodu Zəngilan rayonunun Bartaz stansiyasında yerləşməklə çınqıl istehsalını həyata keçirirdi. 1993-cü ildə Zəngilan rayonunun işğalından sonra zavodun kollektivi Bakı şəhərində fəaliyyət göstərməyə başlamış və hal-hazırda onun əsas fəaliyyəti dəmir yollarının torpaq yatağının qorunması və sahilbərkitmə işləri üçün iri həcmli daşların yığılıb göndərilməsindən ibarətdir. Bundan əlavə "xxxx" MMC-nin tabeliyində olan 24 nömrəli X3 fəaliyyətinin məqsədi uzun müddətdir ki, hazır relslərin yalnız qaynaq edilməsini həyata keçirməkdən ibarətdir. Hər iki müəssisənin uzun müddət müstəqil olaraq heç bir məhsul istehsal etmədiyini və yalnız dəmir yolunun fəaliyyətinin həyata keçirilməsi üçün köməkçi müəssisələr kimi fəaliyyət göstərdiyini nəzərə alaraq, habelə müəssisənin adının göstərdiyi fəaliyyətə uyğunlaşdırılması məqsədilə, Bartaz çınqıl zavodunun adı dəyişdirilmiş və 2 nömrəli X7 adlandırılmışdır. Həmin məktuba əlavə edilmiş "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli 35184 nömrəli əmrinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) İnfrastruktur Departamentinin tabeliyində olan 2 nömrəli X7 1993-cü ildə Zəngilan rayonu işğal olunana qədər həmin rayonda yerləşən Bartaz stansiyasında Bartaz çınqıl zavodu adı altında fəaliyyət göstərərək çınqıl istehsalını həyata keçirirdi. Zəngilan rayonunun işğalından sonrakı dövrdə həmin zavodun adı dəyişdirilərək 2 nömrəli X7 adlandırılmış və fəaliyyətini Bakı şəhərinin ərazisində dəmir yollarının torpaq yatağının qorunması və sahilbərkitmə işləri üçün iri həcmli daşların yığılıb göndərilməsi sahəsində davam etdirmişdir. Göstərilənlər nəzərə alınaraq Cəmiyyətin İnfrastruktur Departamentinin tabeliyində olan “2 nömrəli X7”nin adı dəyişdirilərək “Bartaz çınqıl zavodu” adlandırılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 150957 nömrəli məktubunda bildirilmişdir ki, ADY-nin İnfrastruktur Departamentinin tabeliyində olan “2 nömrəli X7”nin adı ADY-nin xx.xx.2021-ci il tarixli 35184 nömrəli əmri ilə dəyişdirilərək “Bartaz çınqıl zavodu” adlandırılmışdır. Nəzərinizə çatdırılır ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.1989-cu il tarixində 08 nömrəli əmrlə ADY-nin Bartaz çınqıl zavoduna elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü il tarixində 13 nömrəli əmrlə həmin vəzifədən azad edilmişdir (əmək stajı: 5 il 5 ay 14 gün). Həmin peşə üzrə işçi əl ilə dəmir məmulatlarının elektrik qaynaq edilməsi işlərini yerinə yetirir. Qeyd edilir ki, elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən (siyahı İİ, XXXİİİ fəsil, ümumi peşələr kod: 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçısı) “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin, istehsalatların və göstəricilərin siyahısı”na daxildir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********995000 nömrəli məktubunda bildirilmişdir ki, İdarədə olan reyestrə əsasən xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" ATSC-nin hüquqi ünvanı AZ1025, ünvan 3 əsasən "xxxx" ATSC ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin 9 müəssisəsinin bazasında yaradılmışdır və onların hüquq və öhdəliklərinin varisidir. Bu müəssisələr barədə məlumatlar qoşmada təqdim olunur. Həmçinin bildirilir ki, reyestrdə "xxxx" ATSC-nin Tikinti Hissələri Zavodu adlı kommersiya qurumu aşkar edilmədiyindən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi xahiş edilir. Bundan başqa hüquqi şəxsin fəaliyyətinə dair məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlara aid deyildir. Həmin məktuba əlavə edilmiş "xxxx" ASC-nin tərkibinə daxil edilən müəssisə və təşkilatların siyahısında Tikinti Hissələri Zavodu (Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 4) göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********9 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim edilən 20 aprel 1985-ci il tarixli AT-İ ******* nömrəli əmək kitabçanızda qeyd olunan məlumatlardan göründüyü kimi sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (20 il 7 ay 27 gün (xx.xx.1979-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1994-cü il və xx.xx.1994-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajınız isə 12 il 6 aydan az (9 il 8 ay 5 gün (xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1994-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə hazırda 46200,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı bugünə cəmi 18366,07 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan ümumi, güzəştli iş stajının və yetərli pensiya kapitalının olmadığını əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2021-ci il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçı yuxarıda qeyd olunan təhsil barədə sənəd, hərbi bilet və əmək kitabçasına əsasən xx.xx.1979-xx.xx.1982-ci ilədək təhsil dövrü 02 il 10 ay 21 gün, xx.xx.1982-xx.xx.1984-cü il hərbi xidmət dövrü 02 il 01 ay 05 gün əmək fəaliyyəti dövrü xx.xx.1985-xx.xx.1986-cı ilədək 09 ay 08 gün, xx.xx.1986-xx.xx.1986-cı ilədək 10 ay 23 gün, xx.xx.1986-xx.xx.1988-ci ilədək 01 il 06 ay 16 gün, xx.xx.1988-xx.xx.1988-ci ilədək 04 ay 05 gün, xx.xx.1989-xx.xx.1994-cü ilədək 05 il 05 ay 14 gün, xx.xx.1994-xx.xx.2005-ci ilədək 10 il 08 ay 24 gün olmaqla, ümumilikdə 24 il 08 ay 26 gün təşkil edir. Cavabdeh öz imtinasında iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1989xx.xx.1994-cü ilədək olan dövrdən xx.xx.1994-cü ilədək olan dövrü, xx.xx.1994xx.xx.2005-ci ilədək olan əmək fəaliyyəti dövründən xx.xx.2002-ci il tarixədək olan dövrü qəbul etsə də qalan dövrün qəbul edilməməsini əsaslandıra bilməmişdir. Ümumən əmək qanunvericiliyinə əsasən iş stajının işə qəbul, işdən çıxma barədə tarixlər arasındakı fərqlə müəyyən edildiyini, xx.xx.2006-cı il tarixədək olan iş stajı hesablanarkən qanunla məcburi dövlət sosial sığota haqlarının ödənilməsinin məcburi şərt olmadığını, iddiaçının əmək kitabçasının, əmək kitabçasındakı həmin dövr üzrə qeydlərin səlahiyyətli şəxslər tərəfindən imzalanmaqla möhürlə təsdiq edildiyini əsas götürərək, qeydlərin mötəbərliyini şübhə altına alacaq hər hansı halın müəyyən edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1989-xx.xx.1994 və xx.xx.1994xx.xx.2005-ci il tarixlərarası müddət iddiaçının ümumi iş stajına daxil edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, iddiaçının xx.xx.1989xx.xx.1994-cü illərdə işlədiyi Bartaz çınqıl zavodu Azərbaycan Dövlət Dəmir Yolunun «Yol təsərrüfatı» İstehsalat Birliyinin tabeliyində Zəngilan rayonunun Bartaz stansiyasında fəaliyyət göstərmiş, 1993-cü ildə Zəngilan rayonunun işğalından sonra zavodun kollektivi Bakı şəhərində fəaliyyət göstərməyə başlamış, Azərbaycan Dövlət Dəmir Yolu rəisinin xx.xx.2008-ci il tarixli, 34/N nömrəli əmrinə əsasən Bartaz çınqıl zavodunun adı dəyişdirilərək 2 nömrəli X7 adlandırılmış, Zəngilan azad edildikdən sonra xx.xx.2021-ci il tarixdən yenidən 2 nömrəli X4 adı dəyişdirilərək Bartaz Çınqıl zavodu adlandırılmışdır. Hazırkı halda Azərbaycan Dövlət Dəmir Yolları QSC və Azərbaycan Dövlət Dəmir Yolları QSC İnfrastuktur Departamenti Bartaz Çınqıl zavodu iddiaçının həmin zavodda işlədiyini məhkəmənin sorğusuna cavab olaraq təqdim etdikləri arayışlarla təsdiq edirlər. Eyni zamanda iddiaçının xx.xx.1994-xx.xx.2005-ci il tarixlərarası müddətdə işlədiyi müəssisə ilə bağlı qeyd edilməlidir ki, əmək kitabçası qeydlərindən, vergi xidmətindən əldə edilmiş sorğuya cavab məktubundan müəyyən olunur ki, iddiaçı "xxxx" Dövlət Şirkətinin Tikinti Hissələri zavodunda işləmiş, 1998-ci ildə özəlləşmə nəticəsində "xxxx" Dövlət Şirkətinin 9 müəssisəsinin bazasında (müəssisələrdən biri Tikinti Hissələri zavodu olmaqla) "xxxx" ATSC yaradılmışdır. Məhkəmə icraatı gedişində "xxxx" ATSC-nin hüquqi ünvanına İddiaçı əmək fəaliyyəti ilə bağlı sorğu ünvanlasa da qeyd edilən sorğu məktubu poçt xidməti tərəfindən “köçüb” qeydi ilə geri qaytarılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının işləmiş olduğu "xxxx" ATSC-dən müvafiq arayışın əldə edilməsinin mümkün olmaması iddiaçının ziyanına şərh olunmamalıdır. Belə ki, iddiaçının işlədiyi dövr "xxxx" ATSC-nin möhürü ilə təsdiq edilmiş əmək kitabçasındakı qeydlər, eləcə də həmin müəssisənin möhürü ilə təsdiq edilmiş xx.xx.2006-cı il tarixli arayışla da öz təsdiqini tapmışdır. Cavabdeh orqan həmin dövrün iş stajına daxil edilməsini istina edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, qeyd edilən xx.xx.1989-xx.xx.1994 və xx.xx.1994-xx.xx.2005-ci il tarixlərarası dövrün iddiaçının ümumi iş stajına daxil edilməsini istisna edəcək sübutlar hazırkı iş üzrə müəyyən olunmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının “Azərkimyatəmir” trestinin 1 №-li təmir-tikinti quraşdırma idarəsində işlədiyi dövrləri onun əmək kitabçasında qeyd edilmədiyini əsas götürərək həmin dövrü pensiya təyini üçün tələb olunan ümumi iş stajına hesablamamışdır. Məhkəmə cavabdehin qeyd edilən mövqeyi ilə razılaşmır. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin q bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən çıxış etməklə hesab edir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən təqdim edilmiş arxiv arayışı, həmin arayışa əlavə edilmiş əmrlər, T-2 vərəqələrində iddiaçının xx.xx.1982-xx.xx.1982-ci il və xx.xx.1985xx.xx.1985-ci illərdə elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. Dövlət arxivindən verilmiş əmrlər, T-2 vərəqələrinin mötəbərliliyini şübhə altına alacaq hər hansı hala rast gəlinməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan normalara əsasən iddiaçının “Azərkimyatəmir” trestinin 1 №-li təmir-tikinti quraşdırma idarəsində işlədiyi müddət onun iş stajına hesablanmalıdır. Məhkəmə iddiaçının arxiv arayışına əsasən xx.xx.1982-xx.xx.1982-ci ilədək 01 ay 19 gün, xx.xx.1985-xx.xx.1985-ci ilədək 01 ay 29 gün olmaqla, iş stajı 03 ay 18 gün təşkil edir. Beləliklə, məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixədək ümumilikdə 25 il 14 gün (təhsil sənədi, hərbi bilet, əmək kitabçası üzrə 24 il 08 ay 26 gün + arxiv arayışı üzrə əmək fəaliyyəti dövrü 03 ay 18 gün) ümumi iş stajına malik olduğu nəticəsinə gəlir. Belə olan halda iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il ümumi iş stajı mövcuddur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23200000 XXXİİİ. Ümumi peşələr 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları zərərli peşə kimi nəzərdə tutulmuşdur. İddiaçının əmək kitabçası qeydləri, eləcə də iş yerindən verilmiş arayışlara əsasən xx.xx.1989-xx.xx.1994-cü illərdə ADY-nin Bartaz çınqıl zavodunda işlədiyi elektrik qaynaqçısı peşəsi, eləcə də "xxxx" ASC “Tikinti-Hissələri” zavodunda xx.xx.1994xx.xx.2005-ci ilədək elektrik qaynaqçısı peşəsi 23200000 XXXİİİ. Ümumi peşələr 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğundur. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 150957 nömrəli məktubunda iddiaçının xx.xx.1989-xx.xx.1994-cü illərdə ADY-nin Bartaz çınqıl zavodunda əl ilə dəmir məmulatlarının elektrik qaynaq edilməsi işlərini yerinə yetirdiyi bildirilmişdir. Əksi sübut olunmadığı (hər hansı avtomat və yarımavtomat maşınlarla elektrik qaynağı aparıldığı) sürəcə məhkəmə hesab edir ki, iddiaçının işlədiyi elektrik qaynaqçısı peşəsi məhz əl ilə elektrik qaynaqçısı peşəsini ehtiva edir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh özü iddiaçının xx.xx.1994-xx.xx.2002ci ilədək "xxxx" ASC “Tikinti-Hissələri” zavodunda elektrik qaynaqçısı peşəsini zərərli peşə hesab edərək güzəştli iş stajına daxil etmişdir. Başqa sözlə, "xxxx" ASC “Tikinti-Hissələri” zavodunda iddiaçının işlədiyi vəzifənin əl ilə elektrik qaynaqçısı olmaqla güzəştli iş stajına əsas verməsi işin mübahisələndirilməyən halıdır. Beləliklə, iddiaçının güzəştli iş stajı 16 il 02 ay 08 gün təşkil edir. İddiaçı xx.xx.2006cı il tarixədək tələb olunan 12 il 06 aydan çox güzəştli iş stajını toplamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdehin pensiya kapitalı ilə bağlı dəlili iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş və hazırkı tələbin hüquqi əsasını təşkil edən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun şərti olmadığından məhkəmə kapital ilə bağlı dəlilə qiymət verməyi zəruri hesab etmir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 57 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-3631/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3631/2022
18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver